Fiqh Nigah və boşanma

Ev əhli ilə zarafatlaşmaq

Dinimiz müsəlmanın könlünü almaq, onun qəlbinə sevinc salmaq, həmçinin müsəlmanlar arasında birliyi, sevgini yaradan hər bir əmələ rəğbətləndirmişdir, bunun əksini isə qınamış və ondan çəkindirmişdir.
Bu əməllərdən biri də məhz ailə başçısının öz ev əhli ilə zarafatlaşmasıdır.

Təəssüf ki, bəzi hallarda ailə başçısı bayırda olan xoş münasibətləri, zarafatları öz evində tətbiq edə bilmir. Ev daxilində özünü heybətli, ciddi, bayırda isə zarafatçıl birisi kimi göstərir. Lakin, ev daxilində ailə başçısı daha çox zarafatçıl olmalıdır, onların könlünü alan zarafatlar etməlidir. Çünki, sərtlik ailə daxilində soyuqluq yaradır, zarafat isə o soyuqluğu aradan qaldırır. Özümüzə örnək götürdüyümüz Allah Rəsulu ﷺ bizim üçün nümunədir ki, o, öz zövcələri ilə arabir zarafatlaşar, onların üzlərində təbəssüm yaradardı.

Təbii ki, hər bir məsələdə olduğu kimi, bu məsələdə də müsəlman orta mövqe tutmalı, həddən artıq zarafata da yol verməməlidir, çünki, bu, kişinin heybətinin getməsinə səbəb ola bilər. Zarafat yeməkdə olan duz kimidir ki, yeməkdə onun miqdarı çox olarsa, yeməyin dadını aparar, az olarsa yeməyi dadsız edər. Bəzən yeri gələndə, xüsusən ciddi məsələlərdə sərt, bəzən isə yumşaq, zarafatçıl olmalıdır ki, müsəlman ailə başçısından da tələb olunan budur.

Hazırladı: Nail Paşayev