Məqalələr Ramazan ayı

Etikafın bəzi ədəbləri

Bu kiçik yazıda etikafa aid bəzi ədəb və qaydaları qeyd edəcəyik ki, son on gündə məsciddə etikafa girənlərin bunlara diqqət yetirməsi yaxşı olardı:

1. Saleh niyyəti xatırlayıb, ixlaslı olmağa çalışmaq və Allahdan əcr ummaq;

2. Etikafından olan hikməti hiss etməyə çalışmaq ki, o da özünü ibadətə həsr etməkdir. Qəlbini, fikrini Allaha yönəltməyə çalışmaq; Etikaf zamanı mübahisələrdən çəkinmək, hətta elmi mübahisələrdən belə çəkinmək. Baxmayaraq ki, elmi mübahisə icazəlidir. Lakin etikafdan qəlbin qazandığı hüzuru və sükunəti aradan qaldıra bilər.

3. Etikafda olanın etikaf yerindən yalnız zəruri ehtiyacları üçün çıxması;

4. Səhər və axşam edilən sünnə və zikrləri qorumaq;
Vaxtını ancaq faydalı keçirib ibadətdən başqa şeylərə sərf etməmək; vaxtını namaz, zikr, dua, istiğfar, Quran oxumaq və s. həsr etmək.

5. (İstər gecə namazı olsun, istər də fərz namazlar) Namazdan öncə kifayət edən vaxt müddətində tez yuxudan oyanmaq ki, etikaf yerində camaatla namaz qılmağa vaxtında çata bilsin və namaza huşu və rahatlıqla qoşula bilsin.

6. Ümumilikdə nafilə ibadətləri çoxaltmaq və bir ibadət növündən digərinə keçmək ki, yorğunluq və bezginlik halı baş verməsin.

7. Bəzi dini kitabları oxumaq; Xüsusən də təfsir oxumaq ki, bununla Quranın daha yaxşı tədəbbürünə nail olmaq; Həmçinin, hədis şərhi olan kitablar və ya Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) sirasına (həyatlna) aid kitabları da gün ərzində oxumaq olar. Amma kitablardan əsas Quran oxumağa diqqət yönəldilməlidir.

8. Yeməyi, yatmağı, danışmağı azaltmaq; Çünki, bu qəlb incəliyinə, nəfsin huşulu olmasına, vaxtın qorunmasına və günahdan uzaqlaşmağa aparan vasitələrdəndir;
Özünə aid olmayan bütün fel (hərəkət) və sözlərdən uzaq olmalı, çox danışmaqdan çəkinməlidir, nəfsdə yaranan sıxıntını azaltmaq üçün isə mübah söhbətlər etməkdə bir problem yoxdur.

9. Bütün etikaf müddəti boyunca təmizliyə riayət etmək; Məsciddə özü kimi etikafda olan insanlara və namaz qılanlara əziyyət verməmək, yolu kəsməmək, xülasə, əziyyətə səbəb olan hər şeydən çəkinmək;

10.  Etikafda olanların bir-birinə haqqı, səbri, nəsihəti tövsiyə edib bir-birinə xatırlatma etmələri, yaxşılıq və təqva üzərində yardımlaşmaları, bir-birini yuxudan oyatmaları, bir-birindən söz və əməli qəbul etmələri;
Bir sözlə, etikafda olanın sünnəni tətbiq etməyə həris olması, Allaha yaxınlaşdıran hər bir əmələ can atması, etikafına zərər verən və ya savabını azaldan hər əməldən uzaq olması gərəkir.

Hazırladı: Sahib Əsədov