Səhabələr

Əshabələr haqqında bunları bilirsənmi?!

“Ümmətimin ən xeyirliləri mənim əsrimdə yaşayanlar və onlardan sonra yaşayacaq əsrin adamlarıdır.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Aləmlərin rəbbi Allaha həmd-səna, sonuncu Peyğəmbəri Muhəmmədə, onun ailəsi və əshabələrinə Allahın salavatı və salamı olsun.

Uca Allah buyurur: “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!” (ət-Tövbə: 100).

“(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı.” (əl-Fəth: 18)

“Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!” (əl-Fəth: 29)

“(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir!
Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!
Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”
” (əl-Həşr: 8-10)

İmran bin Hüseyn (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ümmətimin ən xeyirliləri mənim əsrimdə yaşayanlar və onlardan sonra yaşayacaq əsrin adamlarıdır.” (İmran adlı səbahə deyir ki, bilmirəm öz əsrindən sonra iki əsr dedi, yoxsa üç əsr.)

Cabir bin Abdullah (Allah ondan razı olsun) deyir ki, Ummu Bişr (Allah ondan razı olsun) mənə deyib ki, o, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Hafsanın yanında belə dediyini eşidib: “İnşəAllah, ağac altında beyət edənlərdən heç kəs cəhənnəmə girən deyil.”

Hafsa dedi: “Eləmi ya Rəsuləllah?!” Bəs ayədə axı deyilir ki, “Sizin hamınız onu görəcəksiniz.”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: Uca Allah belə demişdir: “Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!” (Məryəm: 72).

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Mənim əshabələrimi söyməyin. Mənim əshabələrimi söyməyin. Nəfsim əlində olan Allaha and olsun ki, əgər biriniz Uhud dağı qədər qızıl sədəqə etsə, onların nəyinki bir ovuc, heç yarım ovuc xərclədiyinə də çatmaz.”

Nəsir bin Zəluq deyir ki, İbn Ömər (Allah ondan razı olsun) belə deyərdi: “Muhəmmədin əshabələrini söyməyin. Onların bir saatlıq dayanması, sizin ömürlük elminizdən daha xeyirlidir.”

Abdullah bin Məsud (Allah ondan razı olsun) demişdir: “Allah bəndələrinin qəlblərinə baxmış və onların arasında ən xeyirli qəlb sahibi Muhəmmədin olduğunu görmüş, onu Özünə elçi götürmüş və onunla dinini göndərmişdir. Muhəmməddən savayı digər bəndələrinin qəlblərinə baxmış və əshabələrinin qəlbinin ən xeyirli qəlb olduğunu görmüş, onları Peyğəmbərinin köməkçiləri etmişdir. Onlar da onun dini uğrunda döyüşmüşlər. Müsəlmanlar nəyi gözəl hesab edirlərsə, o da Allah qatında gözəl hesab olunur. Müsəlmanlar nəyi qəbahətli sayırlarsa, o da Allah qatında qəbahətli sayılır.”

Ənəs bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “İmanın əlaməti ənsarları sevmək, münafiqliyin əlaməti isə ənsarlara nifrət etməkdir.”

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Allaha və axirət gününə iman gətirən kimsə ənsarlara nifrət etməz.”

Hatib adlı səhabə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Məkkəyə hücum edəcəyi haqqında Məkkə camaatına gizli məktub yazır və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Allahın vəhyi ilə bu işdən xəbər tutur. Bunu görən Ömər (Allah ondan razı olsun) Peyğəmbərə  (ona Allahın salavatı və salamı olsun) deyir: Ey Allahın elçisi, bu adam Allaha, Peyğəmbərinə və möminlərə xəyanət etmişdir. İzn ver onun boynunu vurum. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Məgər o Bədr döyüşündə iştirak etməyib?! Deyəsən Allah Bədr əhlinin nə edəcəklərini bildiyi halda belə demişdir: “Bundan sonra nə istəsəniz edin, artıq cənnət sizə vacib edilmişdir, yaxud artıq sizi bağışlamışam.” Bunu eşidəndə Ömərin (Allah ondan razı olsun) gözləri yaşla doldu və dedi: “Allah və rəsulu daha yaxşı bilir.”

Bəra bin Azib (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin Bədr döyüşünün iştirakçısı olan əshabələri mənə danışıblar ki, onların sayı, Talutun çayı keçən əshabının sayı ilə bərabər idi. Onların sayı üç yüz on neçə nəfər idi. Bəra (Allah ondan razı olsun) dedi: “Allaha and olsun, onunla çayı keçənlər yalnız möminlər idi.”

Əbu Bərdə atasından rəvayət edir ki, biz Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun) birlikdə məğrib namazını qıldıq və öz-özümüzə: “Oturaq gözləyək, işa namazını da onun birlikdə qılaq.” – dedik. Bir müddət sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizi görüb dedi: “Siz hələ burdasınız?” Biz dedik: “Ey Allahın rəsulu, səninlə birlikdə məğrib namazını qıldıq, sonra dedik ki, oturub gözləyək və işa namazını da səninlə birlikdə qılaq.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Gözəl iş tutmusunuz, doğru etmisiniz.” Sonra o başını göyə qaldırıb dedi: “Ulduzlar səmanın əminamanlıq əlamətidir. Ulduzlar yox olduqda, səmaya vəd olunan olacaqdır (qiyamət qopacaq). Mən də əshabələrimin əminamanlığıyam. Mən getdikdən sonra əshabələrimə vəd olunan (fikir ayrılığı, daxili çəkişmələr və s.) gələcəkdir. Əshabələrim isə ümmətimin əminamanlığıdır. Əshabələrim getdikdən sonra, ümmətimə vəd olunan (bidətlər, ixtilaflar, parçalanmalar və s.) gələcəkdir.”

Son duamız Peyğəmbərimizə, ailəsinə və əshabələrinə Allahdan salavat və salam diləməkdir.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti