Əqidə

✅ Ərəbin dini, yoxsa bütün dünyanın dini? ✅

✅ Ərəbin dini, yoxsa bütün dünyanın dini? ✅

Dəyərli oxucular! Son zamanlar ateist, deist və bəzilərinin dilinə düşmüş «ərəbin dini» ifadəsinə münasibət bildirmək istədik. Bəziləri «Ərəbin dini üçün bunları edirsiniz», bəziləri isə «İslam ərəbin dinidir, bizim yox» və s. kimi ifadələr işlədirlər. Bu yazımızı belə sözlər işlədənlərə həsr etmişik ki, onlara həqiqətin heç də elə olmadığını izah edək. Müvəffəq edən Allahdır!

 

Birinci məsələ: Din yalnız ərəblər üçünmü gəlib?

Bəzi insanlar İslama qarşı danışmaq istədikdə İslamı «ərəbin dini» kimi vəsf edir, İslamın bütün bəşəriyyətə (insanlara və cinlərə) göndərilən sonuncu səmavi din olduğunu inkar edir, Məhəmməd Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) də ərəb olduğu üçün başqa xalqların qəbul edə biləcəyi bir peyğəmbər olduğunu inkar edirlər. Onlar unudurlar ki, bütün bəşəriyyətə göndərilmiş peyğəmbər insan olduğundan dolayı onun da başqa insanlar kimi doğulduğu, böyüyüb boya başa çatdığı yer mütləq olmalı idi. Belə halda insanı doğulduğu yerə nisbət edərək — o yalnız o yerin Peyğəmbəridir demək haqsızlıqdır. O baxımdan ki, Uca Allah Məhəmməd Peyğəmbərin Quranda bütün bəşər övladına göndərildiyini deyir. «De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm.» (əl-Əraf, 158)

Ayədə keçən «sizin hamınız üçün» sözü açıq-aydın Muhəmməd Peyğəmbərin ərəb və qeyri ərəb bütün insanlara göndərildiyinə dəlildir. Çünki, ayənin başlanğıcı «ey ərəblər» olaraq deyil, «ey insanlar» xitabı ilə başlayır. Bu xitab isə bütün insanlara şamildir. Belə bir xitab heç bir şəkk yeri qoymur. Çünki, ayənin növbətli hissəsi «sizin hamınız üçün Allahın Elçisiyəm» cümləsiylə tamamlanır!

Həmçinin, Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin, insanların çoxu bunu bilmir.» (Səba, 28)

Bu ayə də bundan öncəki ayə kimi Muhəmməd peyğəmbərin bütün insanlığa göndərildiyinə dəlalət edir. Elə ona görə də ateistlər və bu şübhəni gətirən insanların çoxusu bunu bilmirlər. Sonuncu peyğəmbərin bütün insanlara deyil, yalnız ərəblərə gəldiyini deyənlər də bu ayədəki «Lakin, insanların çoxu bunu bilmir» cümləsinin mənasına daxildirlər. Deməli, Allah bir daha təkidlə vurğulayır ki, belə düşünən insanlar çoxdur. Lakin, bu Onu bütün insanlara göndərilən peyğəmbər olmaqdan çıxarmır. O yalnız ərəblərə deyil, bütün insanlığa göndərilmişdir. İnsanların çoxu isə bunu bilmirlər.

Başqa bir ayədə isə belə buyurmuşdur: «De: Allah mənimlə sizin aranızda şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim.» (əl-Ənam, 19)

Bu son ayədə də «onun çatacağı hər kəsi xəbərdar edim» cümləsi hər şeyi izah edir.

Bu ayələr ona dəlalət edir ki, Muhəmməd Peyğəmbər bütün insanlara Peyğəmbər olaraq göndərilmişdir. O yalnız ərəblərin peyğəmbəri deyildir. Əgər onun peyğəmbərliyini Allah təsdiqləyirsə və onu bütün bəşəriyyətə son peyğəmbər olaraq göndərmişdirsə, bizim bunu başa düşmək istəməməyimiz yalnız öz əleyhimizədir. Əgər ateist oxucu bunu bir dindar fikri kimi qəbul edirsə, yazımızı sona kimi oxuyarsa, görə bilər ki, bu dinə «ərəbin dini» demək nə elmi, nə də məntiqi cəhətdən doğru deyildir. Üstəlik də ədalətdən deyildir. Ateistləri bilmirik, amma, Quran müsəlmanlara bu əxlaqı öyrədir: «Danışdığınız zaman ədalətli söz danışın.» (əl-Ənam, 152)

Elə isə bu yazını sona kimi oxuyub qərarı özünüz verin.

 

İkinci məsələ: Nəyə görə İslam sonuncu dindir?

Hər şeyin bir sonu olduğu kimi inkişaf edən, dəyişən bəşər övladına dünyanın sonuna kimi təhrifdən qorunmuş, özündən əvvəlki dinlərin təhriflərini göstərən, bütün peyğəmbərlərin təbliğ etdiyi təkAllahlıq inancından uzaq düşən, batil inancları dinlərinə salıb dinlərini təhrif edənlərə və bütün insanlığa doğru yol göstərəcək olan bir dinə zəruri ehtiyac vardı. Məhz ateistlərin və qeyrilərinin başqa dinlərlə İslamı müqayisə etmələri doğru deyildir. Daha aydın bir ifadə ilə desək, yəni, təməlindən təhrif olunmuş dinləri İslam kimi təməli sabit bir dinlə müqayisə etmək doğru deyildir. İslamın sonuncu din olmasının məqsədlərindən biri də məhz insanlığı dinlərin təhriflərindən uzaqlaşdırıb Allahla bəndə arasındakı həqiqi olması gərəkən rabitəni öyrətməkdir. Biz insan düşüncəsinin dəyişdiyini, inkişaf səviyyəsinin, adi kompyuterin belə dəyişdiyini bilə-bilə deyə bilmərik ki, xristianlıq və ya yəhudilik dini var idisə İslama nə ehtiyac var idi? Bu təməlindən yanlış bir fikirdir. Əksinə, İslamın dinlərdəki təhriflərə qarşı olmasını ilk öncə cəmiyyətlərin elmi və hərtərəfli (xeyirə doğru) tərəqqisini istəyən kimsələr dəstəkləməlidirlər. İslamdan öncəki peyğəmbərlər də insanların dinə etdikləri təhrifləri aradan qaldırmaq işini görürdülər. İslamın son və tamamlayıcı din olmasını elə əvvəlki peyğəmbərlərin təsdiqlənməsi də göstərir. Əvvəlki peyğəmbərlər isə yalnız ərəb olmamışlar.

Amma İslamın sonuncu din olmasının bir çox hikmətləri var. Bu hikmətlərdən:

a) Bu dinin peyğəmbəri sonuncu peyğəmbərdir. Allah Quranda bu barədə buyurmuşdur: «Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir.» (əl-Əhzab, 40)

b) İslam bütün peyğəmbərlərin dini olmuşdur; Hər bir Peyğəmbər tək Allaha ibadət etməyə, Ona heç bir şeyi şərik qoşmamağa, Allaha təslim olmağa dəvət etmişlər. Qurani-Kərim bu həqiqəti belə bəyan edir:

«İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi» (əl-Bəqərə, 213)

c) Bütün peyğəmbərlər İslama (tək Allaha təslimiyyətə, ibadətə) dəvət etmişlər:

«Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi.» (Ali İmran, 33)

«İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi.» (Ali İmran, 67)

Hətta, İsa peyğəmbər də İbrahim və başqa peyğəmbərlər kimi İslam üzərə olmasını, müsəlman olmasını etiraf etmiş, həvariləri də İsa peyğəmbərə fəxrlə müsəlman olduqlarını bildirmişlər:

«İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!» (Ali İmran, 52)

Xülasə, bütün Peyğəmbərlərin dini İslam olmuşdur, Allaha tam təslimiyyət anlamında olan İslam sözü heç də bəşəriyyət üçün yeni bir şey olmamışdır. Ona görə də peyğəmbərlər İslam ilə üstünlük və fəzilətlilik qazanmışdılar. Allah buyurur:
«İsmaili, Əlyəsəni, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik.» (əl-Ənam, 86)

d) İslam dini özündən əvvəl göndərilmiş səmavi dinlərin təhrif olunmamış halını təsdiqləyir. Necə ki, Tövrat və İncilin təhrif olunmamış halını təsdiqləyir:
«Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar.» (Ali İmran, 199) diqqət yetirsək, bu ayə də dini təhrif edib onu ucuz tutanlara işarə edir.

e) Allah qatında din yalnız İslamdır. Allah buyurmuşdur: «Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir.» (Ali İmran, 19)

Ayədən də göründüyü kimi xristianlıq və yəhudilik dinləri təhrif olunduğu üçün Allah İslamı son din olaraq göndərdi, Qiyamətə kimi əmr və qadağalarını bu dinlə tamamladı və bu dindən razı qaldı. Bu barədə Allah buyurmuşdur: «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.» (əl-Maidə, 2)

Başqa ayədə Allah buyurmuşdur: «İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.» (Ali İmran, 85)

İslamdan başqa din ona görə qəbul olunmayacaq ki, kitab və Peyğəmbər göndərilmiş dinlərin (xristian və yəhudilər kimi) din xadimləri dinlərini təhrif etdilər, kitablarını dünya malı üçün təhrif edib dəyişdilər.

Allah bu barədə buyurur: «Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!» (əl-Bəqərə, 79)

Qurani-Kərim isə təhrifdən uzaqdır. Allah bu barədə buyurmuşdur: «Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.» (əl-Hicr, 9)

f) İslam politeizm (təkAllahlılıq, tövhid) dinidir. Bunu «İslam» sözünün mənasından da (yəni, Allaha tam təslim olmaq) anlamaq mümkündür. Başqa dinlərə baxsaq, təkAllahlılıq anlayışı onlarda əvvəl olsa da sonradan təhrif olunmuşdur (Xristianlıq və yəhudilik kimi). Xristianlar Məryəm oğlu İsanı ilahiləşdirdilər, Yəhudilər isə Uzeyr Allahın oğludur dedilər, mələklər də qızlarıdır dedilər. Yalnız İslam dini dünyada təkAllahlılıq inancını bu gün də saf, təmiz şəkildə öz məsdərlərində qorumuşdur. İslamda ən böyük günah Allaha ibadətdə Ona şərik, ortaq qoşmaqdır.

g) Qurani-Kərimdə ixtilaf yoxdur və bu barədə olan bütün şübhələrin bir-bir cavabı verilmişdir. Allah buyurur: «Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.» (ən-Nisa, 82)

h) İslam orta dindir. Nə ifratçılıq, nə də təfritçilik yandaşı deyildir. Uca Allah Quranda buyurmuşdur:

«Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun.» (əl-Bəqərə, 143)

i) İslam dini fitrət dinidir və insanın fitrətindən olan hiss və duyğularıyla ahəngdarlıq əks etdirir. Allah Quranda buyurmuşdur: «Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir.» (ər-Rum, 30)

j) Sonuncu din Qiyamətə qədər bəs edir. (əl-Maidə, 2) ayəsi də (yuxarıda qeyd etdiyimiz ayə) buna dəlalət edir.

 

Üçüncü məsələ: İslamdakı iman qardaşlığı ərəblə əcəmi eyniləşdirir.

Allah Quranda bütün möminləri qardaş adlandıraraq buyurmuşdur:

«Möminlər, həqiqətən də qardaşdırlar.» (Hucurat, 10)

Ərəbin əcəmə (ərəb olmayana) heç bir üstünlüyü yoxdur. İslama görə üstünlük təqvadadır. Yəni, Allahdan daha çox qorxmaqdadır ki, belə insan özünü və ətrafını daha çox islah etməklə məşğul olur. Ona görə də Allah Quranda buyurmuşdur:

«Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır.» (əl-Hucurat, 13)

Ona görə də İslam dini insanları qardaş edir, qəlbləri birləşdirir.

 

Dördüncü məsələ: İslam dini insanlar arasında millət ayrıseçkiliyini, qəbiləpərəstliyi, qövmiyyətçiliyi təbliğ etməyi və bu barədə ifrat təəssübkeşlik etməyi qadağan etmişdir.

Bununla yanaşı orta din olan İslam dini müsəlmana düşmənini tanımağı və daim düşməndən ehtiyatını gözləməyi öyrədir.

Allah Qurani-Kərimdə xalqları nə üçün yaratdığını bəyan etmişdir:

«Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.» (əl-Hucurat, 13)

Bu həqiqəti unudan bəzi insanlar isə Allahın haqq dininə «Ərəbin dini» deməkdən həya etmirlər. Allah belə insanları hidayət etsin! Bu qəbilə təəssübkeşliyini çəkməyin qadağan olması həqiqətini bilmək isə insanın öz xalqını, millətini normal şəkildə sevməsinə, torpaqlarını qorumasına zidd deyil. Vətən sevgisi təbii bir sevgidir və İslam dini fitrətdən olan təbii sevgiləri təsdiqləyir. İslam bu qədər orta dindir. Lakin, 14 əsrdir ki, ağdəriliylə qaradərili zəncinin arasında insanlıq fərqi qoymayan, ümumbəşəri insanlıq dəyərlərini qoruyan İslam dininə bəziləri «ərəbin dini» deyir, lakin, hələ yalnız yaxın onilliklərdə bu fərqi (ağdərili ilə qaradərili fərqini) aradan qaldıran ingilis, fransız və s. qərblilərə “ideal insan» kimi baxanlara təəccüblənməmək olmur. Yetmiş il bundan əvvələ kimi qaradərililəri vəhşicəsinə qətl edən qərblilərin «yüksək mədəniyyətli» Allahsız dininə nə ad vermək olar? Onlar bu gün də Afrikadakı kasıb xalqların torpağının ağası, onları soyub talamaq və ucuz işçi qüvvəsi kimi işlətməklə müstəmləkəçilik siyasətini davam etdirən, dinlərinə heyran olduğunuz «yüksək mədəniyyət» sahibləridirlər.

 

Beşinci məsələ: Din yalnız ərəblər üçün gəlmişdisə, onda nə üçün Quranda ərəbləri tənqid edən ayələr mövcuddur?
Heç İslam dinini dar çərçivəyə məhdudlaşdırmaq istəyənlər, İslamın bütün bəşər övladına xitab etdiyini həzm etməyənlər İslam dininə «Ərəbin dini» deyərkən bu sual barədə düşündülərmi? Əgər Quran ərəbi təmizə çıxartmaq, ərəbi hegomon etmək istəyirdisə, onda nə üçün onlar barədə şiddətli tənqidlər edərək bəzi ərəblərin pis halından bəhs edirdi? Məgər bu tənqid Quranın ilahi vəhy olmasına dəlalət etmirmi? Heç bir məqamda millətçiliyi, qövmiyyətçiliyi önə çəkməyən İslam dini görəsən niyə daim Allaha qulluğu, təkAllahlığı önə çəkirdi? Bu barədə heç düşündünüzmü? İndi qeyd edəcəyimiz ayə bütün ərəblərə aid deyil, bədəvi ərəblərə aiddir. Bununla yanaşı onlardan iman gətirənləri dində çox böyük sadiqlik nümayiş etdirirdilər. Uca Allah Qurani-Kərimdə buyurur:

«Bədəvilər kafirlik və münafiqlik baxımından daha betər, Allahın Öz Elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyllidirlər. Allah Biləndir, Müdrikdir. Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədiyini itki sayır və sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcək. Allah Eşidəndir, Biləndir. Bədəvilərdən eləsi də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allah yanında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.» (ət-Tövbə, 97-99)

Gördüyünüz kimi Allah bədəvi ərəbləri barədə üç ayənin ikisini şiddətli tənqid şəklində nazil etmişdir. Əgər Qurani-Kərim Ərəb milliyyətçiliyinə xidmət etsəydi, Quranda belə ayələr əsla yer almazdı.

Ona görə də Allah qatında üstünlük ərəb olmaqda deyil, Allah qorxusundadır. Ona görə də Uca Allah buyurmuşdur: «Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır.» (əl-Hucurat, 13)

Lakin, bu qeydlə yanaşı, mühüm bir qeyd də lazımdır ki, məhz İslamın həmin dövrdə ərəblərə gəlməsi onların həmin dövrdə fitrətlərinin, mənəviyyatlarının salamat qalması və dəyişməməsi ilə də əlaqəli idi. Onlar bir şeyə inandıqları zaman da tam ayrı bir səmimiyyətlə inanırdılar. Çünki, fitrətləri salamat qalmışdı. Həmin dövrün xalqlarında isə demək olar ki, fitrət pozulmuş və müxtəlif mədəniyyətlərlə tanış olmuş, dəyişilmiş və insanın saflığını dəyişəcək məlumatlara yiyələnmişdilər. İslamın fitrət dini olması da mütləq fitrətlərə uyğun olmasıyla gerçəkləşməli idi. Ona görə də Allah buyurmuşdu:

«Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur.» (ər-Rum, 30)

Həmçinin, İbrahim Peyğəmbərin də duası var idi ki, onun soyundan olanlar, Məkkə əhli namaz qılan, ibadət əhli olsun. İbrahim peyğəmbərin duası da qəbul olmuş, ondan sonra əmələ gələn bütpərəstlik yenidən aradan qalxmışdı.

«Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!» (əl-Bəqərə, 128)

Növbətli ayədə isə İbrahim peyəmbərin bu istəyi açıq şəkildə ifadə olunur:

«Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi (peyğəmbər) göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”» (əl-Bəqərə, 129)

Allah da onun duasını qəbul etmiş və Muhəmməd peyğəmbəri ərəb soyundan son peyğəmbər etmişdi.

Başqa bir duasında isə İbrahim peyğəmbər belə dua etmişdi:

«Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı (Məkkəni) təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!” Allah dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izin verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”» (əl-Bəqərə, 126)

 

Altıncı məsələ: İslam nəyə görə ərəblərə gəldi? Quran başqa dildə olsaydı nə olardı?

Sonuncu din olan İslamın müqəddəs kitabının Ərəb dilində olması və sonuncu Peyğəmbərin ərəblərin içindən çıxmasının bəzi hikmətləri vardır.

a) Əvvəla, bilməliyik ki, ən çox peyğəmbərlər yəhudilərə gəlmişdi. Lakin, elə ki, son peyğəmbər ərəblərə gəldi, yəhudilər onu öz aralarından gözlədikləri üçün qəbul etmədilər. Həqiqətən də yəhudilər bir peyğəmbər gözləyirdilər, lakin, o tövrat və incildə vəsf edilən peyğəmbərin əlamətləri özündə ehtiva edən Muhəmməd peyğəmbəri (Allahın Ona salavatı və salamaı oçsun) yəhudi olmadığı üçün qəbul etmədilər. Məhəmməd və Əhməd sözləri hər ikisi eyni köklü sözlərdir ki, «təriflənmiş» anlamını verir. Allah Quranda hər iki ism olan ayələri nazil etmişdir. Allah yəhudilərin Məhəmməd peyğəmbərə etdikləri paxıllıq barədə belə buyurur:

«Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyən bir elçisiyəm!” Allahın elçisi (Muhəmməd) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.
İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yönəltməz.» (əs-Saf, 6-7)

Yəhudilər son peyğəmbərin əlamətlərini bilsələr də Onu qəbul etmədilər və inadkarlıq etdilər: Quranda bu belə vəsf edilir:

«Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.» (əl-Bəqərə, 146)

Beləcə, son peyğəmbərin ərəb olması yəhudilər üçün də bir imtahan oldu. Onlar isə bu imtahandan üzüağ çıxmadılar və paxıllıqdan dolayı haqqı qəbul etmədilər. Allah Quranda bu barədə buyurur: «Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər.» (əl-Bəqərə, 89)

Sizi inandırım ki, əgər son peyğəmbər yəhudilərə gəlsəydi, onda Allahı inkar edənlər bunu da bir bəhanə edərdilər. Allah isə hər şeydən Xəbərdardır və qullarına nəyin daha uyğun olduğunu daha yaxşı Bilir!

b) Həmçinin, Ərəb dili çox zəngin bir dildir. İlahi kəlamın ərəbcə nazil edilməsinin hikmətlərindən biri də bu dildə incə məqamların və incə ifadələrin daha dəqiq ifadə edilməsinin mümkünlüyüdür. Həm də Quran dili ərəb şairlərinə də meydan oxuyur və onları heyran edirdi. Uca Allah Qurani-Kərimdə buyurmuşdur:
«Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz.» (Yusuf, 2)

Sizi inandırım ki, əgər Quran kitabı başqa dildə olsaydı və sonuncu Peyğəmbər ərəb olmasaydı, yenə də imansız ateistlər olacaq, yenə də din inkar olunacaqdı. Allah Qurani-Kərimdə buyurur:
«Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar.» (Fussilət, 44)

Həmçinin, ərəb dili o qədər zəngin dildir ki, bu dildə on iki milyon söz olduğu bilinməkdədir. Başqa dillərdən nə rus, ingilis, nə fransız, nə alman dili, nə də qeyrisində bu qədər söz ehtiyatı olan ikinci bir dil yoxdur. Həmçinin, başqa dillərdə yüz ildən bir, bir çox sözlər təzələnir və bir çox sözlər itib gedirsə də, ərəb dilindəki sözlər əsrlərdir ki, qədim lüğətlərdə saxlanılır və ədəbi dildə də istifadə olunur. Həmçinin, ərəb dilində çox incə məqamları və incə hisləri ifadə etmək də mümkündür. Təbii ki, sonuncu ilahi kitab yalnız belə bir əsrarəngiz dildə nazil ola bilərdi. Bu halda Quran ən anlaşılan və insan fitrətinə ən uyğun bir dildə insanlara çatdırılacaqdı.

Ona görə də Allah Quranda buyurmuşdu:
«Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz.» (Yusuf, 2)

c) Yuxarıda İslamın fitrət dini olmasından bəhs etmiş və Ərəblərin də fitrətinin saf qalmasından danışmışdıq. Mərd, cəsur, dözümlü və qonaqpərvər insanlar həmin dövrdə İslamın dünyaya yayılması üçün ən münasib insanlar idilər. Onlar köçəri həyat şəraitində yaşamağa uyğunlaşmış, uzun səfərlərə öyrəşmiş insanlar idilər ki, məhz belə insanlar dini uzaq məsafələr qət edərək İslamı dünyaya yaymağı bacaracaqdılar. Qurani-Kərimin xitabı da məhz fitrətə uyğun bir xitab idi. Həmçinin, bu xitab ən aşağı bir qövmə xitab edirdi ki, insanlara dinlərindən heç bir qaranlıq məsələ qalmasın. Ona görə də heç qəribə deyil ki, bu gün bizim din barədə düşündüyümüz bir çox sualları bədəvi ərəblər gəlib peyğəmbərdən soruşmuşlar.

d) Həmçinin, İslamın gəldiyi bölgə olan yaxın Şərq bəşər tarixinin ən qaynar bölgəsi idi ki, bu məntəqə vasitəsilə İslam bütün dünyaya yayılacaqdı.

e) İslam dini insanı kamilləşdirən bir dindir. Ona görə də həmin dövrdə çox pis vəziyyətdə olan ərəbləri İslam dini qat-qat yaxşı dəyərlərə malik edərək islah edəcək və ümumbəşəri bir dinin xidmətçilərinə çevirəcəkdi.

f) Hər bir peyğəmbər öz qövmündə olan möcüzəylə gəldiyi kimi Muhəmməd peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) də öz qövmünün inkişaf etdiyi sahəyə uyğun möcüzəylə gəlmişdi. Onun möcüzəsi Quran idi. İsa peyğəmbərin tibb elminin inkişaf etdiyi bir cəmiyyətdə ölüləri diriltməsi, Musa peyğəmbərin sehrbazlığın yayıldığı bir cəmiyyətdə qeyri adi və müxtəlif möcüzələr göstərərək sehrbazları aciz qoyması və s. kimi Muhəmməd peyğəmbərin qövmündə də şeir, ədəbiyyat, bəlağətli danışıq inkişaf etmişdi və Quran onları aciz qoyaraq ən inkişaf etdikləri sahədə olanlara böyük bir mesaj verdi ki, bu həqiqətən də Allahın kəlamıdır. Həmin dövrdə ərəb dilinin incəliklərinə bələd olan şairlər heyrətdə qaldılar ki, bu kitab nə bəşər sözünə bənzəyir, nə şeirə, nə sehrə və s. bu da Quranın seçildiyi ecazkarlıq idi. Amma, Muhəmməd peyğəmbərin digər möcüzələrinə gəldikdə bu barədə sərbəst bir yazıda danışmaq daha məqsədəuyğundur.

 

Yeddinci məsələ: Ərəb olmaq hələ müsəlman olmaq demək deyil. Günümüzün ərəbləri çox dəyişiblər. Üstəlik də dindən çox uzaqlaşıblar. Bu həqiqəti məncə dindar olmayanlar da bilirlər. Çox gözəl… Onda görəsən onların ərəb deyəndə «müsəlman belə etdi, müsəlman elə etdi» demələri insafdandırmı? Bir məfhuma qiymət vermək üçün o məfhumun əsaslarına baxmaq lazımdır. Sonradan həmin məfhuma nisbət olunanlarla o məfhumun əsasları (əgər o məfhumun əsasları sabit və dəyişilməzdirsə) dəyişilmir. Başqa bir amil isə bizim xalqın əksərinin dünyada on altıdan çox Ərəb ölkəsinin olduğunu bilməmələridir ki, onlar ölkəmizə gələn ərəb turistlərin hamısının ərəbistandan gəldiyini zənn edirlər. Bu korkoranə və cahilanə yanaşma tərzi bəzi ateistlərdə də müşahidə olunur. Bunu isə ölkələrinə getdiyin zaman dindən olduqca uzaq, ərəbcə danışmağa adam tapa bilmədiyin, ingiliscə danışmağın dəb olduğu dubay turistlərini bizə misal çəkib «bu da müsəlmanlar» deyən ağzıgöyçəklərin danışığından sezə bilərsiniz. Ərəblərin təmizliyi də dinə əməl etmələri kimi hansı ölkədən gəlmələrinə görə dəyişir. Bu barədə başqa bir yazıda daha geniş danışmaq mümkündür. Xülasə, dinimiz təmizliyi əmr etdiyi halda kimsə ona əməl etmirsə, şəxslər dinə xələl gətirmir. Çünki, müsəlmanlar bu dinə əməl etdikcə inkişaf etmiş, əməl etmədikcə isə geri qalmışlar. Lakin, bəzi insanların dinin özünə, əsaslarına baxmadan vaxtilə o dinə dəvət etmiş, indi isə özü dinə əməl etməkdə zəifləyən (ərəb) insanlar barədə həddən artıq «nümunəvilik gözləntisi» etmələri bir yana, üstəlik, onların hərəkətləriylə dinə qiymət vermələri bir növ savadsızlıq və cahillikdir. Çünki, bir insan əgər dinə müxalif əməllər edirsə, birincisi, bilməliyik ki, o insan dini təmsil edə bilməz. Əgər o dini təmsil edə bilməzsə, deməli «nümunə» də ola bilməz. Elə bu məsələnin ikinci qəribə tərəfi də odur ki, bəziləri «dindən uzaqlaşmış insanları dinə qiymət vermək meyarı etməkdə» həddi aşmışlar. Bir misal verək; məktəb və universitetlərdə bir çox fizika müəllimləri var. Onlar bir növ fizika elmini təmsil edən insanlardırlar. Lakin, biz onlardan hansınınsa və ya bəzilərinin savadsız, elmi əsası olmayan danışıqlarını və bəzi hərəkətlərini əsas gətirərək deyə bilmərik ki, «fizika elmi pis elmdir». Əksinə biz əsaslarına baxdıqda fizika elminin necə faydalı bir elm olduğunu biləcəyik. Onda nə üçün bunu dünyəvi elmin mənsublarına tətbiq etmir, amma, dinin mənsublarına tətbiq edirik. İslam və ərəblərin əməllərini müqayisə etmək də bunun kimidir. Bunu birdəfəlik beynimizə həkk etməliyik ki, ərəb demək İslam demək deyil. Onda gərək misirdəki və başqa yerlərdəki 17 milyon Qibti ərəb xristianlarını da gərək İslama nisbət edək. Axı onlar da ərəbdirlər. Axı onlar da sabah ölkəmizə istirahətə gələ bilərlər. Hələ biz qərbliləşmiş və dindən tamamilə uzaqlaşmış ərəblərdən və onların sayından danışmırıq. Sonda belə nəticə çıxır ki, ərəb olmaq hələ müsəlman olmaq deyil. Belə olduqda bu insanlara baxıb İslam dininə qiymət vermək doğru deyil. Əksinə, bir şeyə qiymət vermək üçün o şeyin əsaslarına baxmaq lazımdır.

 

🔹 Bir şübhəyə cavab:

Əz-Zuxruf surəsi 44-cü ayəni gətirənlər iddia edirlər ki, bu ayə «Ərəbin dini» sözünə dəlildir və onu göstərir ki, bu Quran İslam dini yalnız ərəblərə aiddir. Ayə belədir: «Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız.» (əz-Zuxruf, 44)

Cavab: Ayədən də göründüyü kimi burada Quranın ərəblərə bir şərəf olduğuna işarə edilir. Zatən, Quran hansı dildə göndərilsəydi, o dilə mənsub olan xalq bunu sevinclə xatırlayardı.

Əksinə, Qurani-Kərimdən bir çox dəlillər bu dinin və bu dinin elçisinin bütün bəşəriyyətə göndərildiyinə dəlalət edir. Ona görə də Allah buyurmuşdur:

1) «Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.» (əl-Ənbiya, 107)

2) başqa ayədə buyurur: «De: Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın Elçisiyəm.» (əl-Əraf, 158)

3) Başqa ayədə də bu həqiqət təsdiqlənir: «Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim.» (əl-Ənam, 19)

Qeyd olunan üç ayə bir-birini, yəni eyni mənanı təsdiqlədiyi kimi şübhə kimi gətirilən ayə də bu ayələrə zidd deyildir. Bu ayəni şübhə kimi gətirənlər təlbis (haqqa batil donu geyindirmək) edirlər. Bu ayə nə Quranın sırf ərəblərə aid olduğunu deyir, nə də qeyd etdiyimiz ayələrə zidd deyil. Bir kitabın öz əhlinə şərəf olmaqla yanaşı başqalarına da öyüd-nəsihət olması məntiqi cəhətdən də qəbulolunandır. Onda görəsən Quranda səhf tutmaq istəyənlər özlərinin Qurana səhf baxışlarını düzəltsələr yaxşı olmazdımı?

 

🔹 Daha bir şübhənin cavabı:

Bəziləri deyir ki, bu ayə də Peyğəmbərlərin ancaq öz qövmünə gəldiyinə dəlildir: «Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, haqqı onlara bəyan etsin.» (İbrahim, 4)

Cavab: Allah bir çox peyğəmbərləri yalnız öz qövmünə göndərmişdir. Lakin, o peyğəmbərlərə kitab verməmişdir. Həmçinin, bu ayədə qəsd olunan peyğəmbərlər yalnız öz qövmlərinə göndərilmişdilər. Peyğəmbərlərdən az bir qisminə isə kitab və şəriət verilmişdir. Şəriət verilməyən Peyğəmbərlər özündən əvvəl şəriət və kitab verilən peyğəmbərin şəriəti ilə əməl etməli idilər. Bu da əsasən öz qövmünə göndərilən peyğəmbərlərin tabe olduqları yol idi. Amma, Musa və İsa kimi yeni şəriət və kitabla göndərilən iki ayrı peyğəmbər eyni millətdən olsalar da şəriətləri, kitabları və zamanları fərqli idi. Ona görə də şəriət hökmləri də fərqli idi. Muhəmməd Peyğəmbərin də şəriəti, kitabı, milliyyəti və göndərildiyi zamanı fərqli idi. Həm də ondan sonra peyğəmbər gəlməyəcəkdi. Ona görə də Muhəmməd peyğəmbərin peyğəmbərliyi Allah tərəfindən daha fərqli edildi. Bu peyğəmbərliyin bütün peyğəmbərlərdən fərqli cəhətləri var: bunlardan:

1) Məhəmməd peyğəmbər sonuncu peyğəmbərdir. Bunu da bu Quran ayəsi təsdiqləyir:

«Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur.» (əl-Əhzab, 40)

2) Muhəmməd peyğəmbər təkcə öz qövmünə deyil, bütün insanlara göndərilmişdir. Buna da dəlil Quranın bu ayəsidir:

«Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir.» (Səba, 28)

Başqa ayədə Allah buyurur:

«Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!» (Furqan, 1)

Bir az sonra qeyd edəcəyimiz ayə isə açıq aydın dəlildir ki, bu şübhəni gətirənlər Quranın əsil muradını başa düşməyiblər, halbuki, peyğəmbərlərin çoxunun öz qövmünə göndərilməsilə, sonuncu peyğəmbərin bütün insanlara göndərilməsi əqli cəhətdən zidd olmadığı kimi, şəri baxımdan da zidd deyildir. Əksinə, ağıl onu gərəkdirir ki, əgər bir peyğəmbər sonuncu olacaqsa, bu peyğəmbərlik bütün insanlığa uyğun orta xitab etməli, üstəlik də onun şəriəti Qiyamətə kimi insanlara kifayət etməlidir. Diqqətlə yanaşsaq, görərik ki, həqiqətən də Muhəmməd peyğəmbərin peyğəmbərliyi bu xüsusiyyəti özündə daşıyır. Dediyimiz açıq-aydın ayə isə budur: «De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm.» (əl-Əraf, 158)

Bu barədə hədisdə peyğəmbər buyurur: «Bir peyğəmbər göndərildikdə o xüsusi olaraq öz qövmünə göndərilirdi. Mən isə bütün insanlara (elçi) göndərilmişəm.» (Buxari, kitəbut-təyəmmum, 328)

Müslimdəki ləfzdə isə bu əlavə vardır: «Mən bütün qırmızı və qaralara (qırmızıdərililər və qaradərililər daxil olmaqla bütün insanlara) göndərildim.» (Muslim, kitəbus-Saləh, 521)

Bu barədə olan hədislərdən biri də budur:

Əbu Hureyrədən rəvayət olunur ki, Allah Elçisi buyurdu: «Muhəmmədin canı əlində olana and olsun ki, yəhudi və xristian ümmətindən hər kim ki, mənim barəmdə eşidib mənim göndərildiyimə iman gətirmədən ölərsə, o kimsə cəhənnəm sakinlərindən olar.» (Muslim, 153) Bu hədis də Muhəmməd peyğəmbərin bütün insanlara göndərilməsinin dəlillərindəndir.

Allah başqa bir ayədə buyurmuşdur:

«Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən gələn haqqı çatdırdı. Elə isə iman gətirin! Bu sizin üçün xeyirli olar.» (ən-Nisa, 170) Bu ayə də sırf ərəblərə deyil, bütün insanlara xitab edir.

İslam dini bütün insanları bir, vahid ümmət hesab edir. Allah Quranda buyurur: «Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm! Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun.» (əl-Muminun, 51-52)

Peyğəmbərlər arasında vahid bir din də yalnız bu dinin İslami əsaslara söykəndiyi zaman təsəvvür oluna bilər. Çünki, Allah qatında din yalnız İslamdır. O, İslam ki, təkAllahlılığa dəvət edir, bütün peyğəmbərlər müxtəlif millətlərdən olsalar da onlardan hər biri «Allaha təslim olmaq» olan İslama dəvət etmişlər. Belə olduqda bu əzəmətli din necə ümumbəşəri bir din olmasın?

Bu ayəyə əsasən ərəblər cahiliyyə dönəmində ümmət deyildilər. Əksinə, dağınıq qəbilələr halında idilər. Onları birləşdirən İslam olmuşdu. Bütün bəşəriyyətin dini olan İslam artıq bir çox millətləri öz ətrafında birləşdirmiş və ilk dövrlərdən ümumbəşəri mövqedən çıxış etmişdir.

3) Muhəmməd peyğəmbər insanlara və hətta cinlərə belə peyğəmbər göndərilmişdir. Qurani-Kərimdəki «əl-Cinn» surəsi də buna dəlildir.

4) Muhəmməd Peyğəmbərin dövründəki ölkə və imperiya rəhbərlərinə göndərdiyi İslama dəvət məktubları, başqa millətləri də İslama dəvət etməsi İslamın ümumbəşər bir din olduğuna, Muhəmməd peyğəmbərin də yalnız ərəblərə deyil, bütün insanlara göndərildiyinə dəlalət edir.

Sonda belə bir nəticəyə gəlmək olur ki, İslama «ərəbin dini» deyənlərin Allahın dinindən xəbərləri yoxdur. Uca Allah buyurur:

«Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi iman gətirməyə çağırır» (İbrahim, 10)

Sonda həmd olsun aləmlərin Rəbbi Olan Allaha!

Məqalənin müəllifi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi
Sahib Əsədov