Əqidə

Əqidə haqqında 50 sual və cavab — 4 HİSSƏ (15 sual — 15 cavab)

Bu həm böyüklər, həm də azyaşlı övladlarımız üçün dəyərli məlumat mənbəyidir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

15 sual — 15 cavab

 
Dəyərli oxucu sizə təqdim etdiyimiz bu məqalədə hər bir müsəlmanın dünya və axirət həyatını tənzimləyən gərəkli etiqad məsələləri sual-cavab üslubunda hazırlanmışdır. Bu həm böyüklər, həm də azyaşlı övladlarımız üçün dəyərli məlumat mənbəyidir.
Ümid edirik ki, hər bir müsəlman ailə bu məqalədən bəhrələnəcəkdir.

36. Sual: İslam dininin üçüncü mərtəbəsi hansıdır?

Cavab: Üçüncü mərtəbə İhsandır. Onun bir əsası vardır ki, o da Allaha Onu görürmüş kimi ibadət etməkdir. Sən Onu görməsən də, O, səni görür.

37. Sual: Ölüb dirildikdən sonra insanlar əməllərinə görə mükafat alacaqlarmı?

Cavab: Bəli. Onlar əməllərinə görə hesaba çəkilib mükafat alacaqlar. Uca Allah buyurur: O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!(ən-Nəcm: 31).

38. Sual: Ölümdən sonra dirilməyi inkar edən kimdir?

Cavab: Öldükdən sonra dirilməyi inkar edən kafir olur. Uca Allah buyurur: Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!(ət-Təğabun: 7).

39. Sual: Elə bir qövm varmı ki, Allah onlara tək olan Allaha ibadət etməyi və tağutu tərk etməyi əmr edən Peyğəmbər göndərməsin?

Cavab: Allah hər bir qövmə peyğəmbər göndərmişdir. Uca Allah buyurur: Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik…(ən-Nəhl: 36).

40. Sual: Tövhidin növləri hansılardır?

Cavab:

  1. Rububiyyət tövhidi: Bu növ tövhidi bütün kafirlər təsdiq edirlər. Uca Allah buyrur: (Ya Rəsulum!) De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?(Yunus: 31).
  2. Uluhiyyət tövhidi: Bu növ tövhid, ibadəti yalnız uca Allaha aid etməkdir. Uluhiyyət sözü, ilah sözündən götürülüb. Ərəb dilində ilah kəlməsi, ibadət olunan deməkdir. Ona görə islamdan əvvəlki ərəblər Allaha, ilahların ilahı deyirdilər. Amma onlar özləri mələkləri, əməlisaleh insanları və digər ibadət etdiklərini Allaha şərik qoşur, belə iddia edirdilər ki, Allahın bu növ ibadətdən xoşu gəlir və bu ibadət etdiklərimiz Allah yanında bizim üçün şəfaətçi olurlar.
  3. Ad və sifətlər tövhidi: İnsan ad və sifətlər tövhidini təsdiq etmədikcə, rububiyyət və uluhiyyət tövhidi də doğru olmaz. Ad və sifətlər dedikdə, Quranda və səhih hədislərdə Allahın deyilən adları və sifətlərini təsdiq etmək, mənasına iman gətirməkdir.

41. Sual: Allah mənə bir əmr edibsə, mən nə etməliyəm?

Cavab: Allahın əmri qarşısında sən bu yeddi amili etməlisən:

Birinci: əmri bilmək;

İkinci: onu sevmək;

Üçüncü: əmri etməyə əzmkar olmaq;

Dördüncü: əməl etmək;

Beşinci: əmrin düzgün icra edilməsi;

Altıncı: əmri pozan işlərdən uzaq durmaq;

Yeddinci: bu işdə sabitqədəm olmaq.

42. Sual: İnsan biləndə ki, Allah tövhidi əmr, şirki isə qadağan edib, bu halda Allahın əmri haqqında deyilən yeddi məqam bu insana necə aid olur?

Cavab:

Birinci: Əksər insanlar tövhidin haqq, şirkin isə batil olduğunu bilir, lakin bundan üz döndərir və heç bu haqda soruşub öyrənmir. Yaxud bilir ki, Allah sələmi haram edib, amma heç soruşub öyrənmədən alıb-satır. Yaxud bilir ki, yetimin malını mənimsəyib yemək haram, ehtiyacı olduqda insafla xərcləmək isə icazəlidir. Amma buna məhəl qoymadan yetim malına sahib çıxır, heç bu haqda öyrənmir.

İkinci: Allahın nazil etdiyini sevmək, ona nifrət edənin isə küfr etməsini bilmək. Əksər insanlar dinin Allah tərəfindən göndərildiyini bildikləri halda Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) sevməyib, əksinə ona və gətirdiyi dinə nifrət ediblər.

Üçüncü: Əmrlərə əməl etməyə əzmkar olmaq. Çox insanlar əmri bilir və sevir, amma dünya mənfəətini itirəcəyindən qorxub əməl etməyə əzmkarlıq göstərməyib.

Dördüncü: Əməl etmək. Əksər insanlar əmrə əməl etməyə əzmkar olduqda, yaxud ona əməl etmək istədikdə, onun təzim etidiyi şeyxinin və ya digər adamın sözünə görə əmrə əməl etməyi tərk edir.

Beşinci: Əmrlərə əməl edənlərin çoxu əməlini səmimi etmir. Səmimi etdikdə isə düzgün etmir.

Altıncı: Əməlisaleh insanlar əməllərinin puç olmasına görə narahat olurlar. Uca Allah buyurur: …Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar. (əl-Hucurat: 2). Bu gün ən az rastladığımız hal budur.

Yeddinci: Haqq üzərində sabitqədəm olmaq və pis sonluqla üzləşməkdən qorxmaq. Əməlisalehlərin ən çox qorxduqları hal budur.

43. Sual: Küfrün mənası nədir və növləri hansılardır?

Cavab: Küfr iki növdür;

  1. İnsanı dindən çıxaran küfr. Bu növ küfr beş qismdir:

Birinci: Yalanlama küfrü: Uca Allah buyurur: Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar! (əl-Ənam: 21).

İkinci: Təsdiqləməklə yanaşı təkəbbür və inadkarlıq küfrü etmək: Uca Allah buyurur: Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu. (əl-Bəqərə: 34).

Üçüncü: Şəkk etmək küfrü: Bu növ küfr, zənn etmək küfrüdür. Uca Allah buyurur: 35 — O (küfrə düşdüyü üçün) özünə zülm edərək bağına girib dedi: “(Bu bağın) nə vaxtsa yox (məhv) olacağını güman etmirəm. 36 — Qiyamətin də qopacağını zənn etmirəm. Əgər (dediyim kimi, dirilib) Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən (qayıdış yeri) taparam!” 37 — Onunla söhbət edən (mömin) yoldaşı isə belə dedi: “Əvvəlcə səni (baban Adəmi) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə (insan qiyafəsinə) salmış Allahı inkarmı edirsən? (əl-Kəhf: 35-37).

Dördüncü: Üz döndərmək küfrü: Uca Allah buyurur: Kafirlərin qorxudulduqları şeylərdən (qiyamətdən, imana dəvət edən öyüd-nəsihətdən) üz döndərdilər. (əl-Əhqaf: 3).

Beşinci: Nifaq küfrü: Uca Allah buyurur: Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar. (əl-Munafiqun: 3).

  1. Dindən çıxarmayan kiçik küfr. Bu növə nemətə nankorluq etmək aiddir. Uca Allah buyurur: Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı. (ən-Nəhl: 112). Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (İbrahim: 34).

44. Sual: Şirk nədir və növləri hansılardır?

Cavab: Bİlmək lazımdır ki, tövhid şirkin əksidir.

Şirk üç növdür: böyük, kiçik və gizli şirk.

Birinci: Böyük şirk. Bu növ şirk öz-özlüyündə dörd qismdir:

  1. Duada şirk; uca Allah buyurur:(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.(əl-Ənkəbut: 65).
  2. Niyyətdə, istəkdə və məqsəddə şirk; uca Allah buyurur: 15 — Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayış) elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. (Dünyada yaxşı işlər görüb etiqadı olmayan şəxsə axirətdə dünyəvi əməlləri heç bir fayda verməz. Çünki Allah ona dünyadakı yaxşı əməllərinin əvəzini elə dünyanın özündə verər). 16 — Belələrini axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!(Hud: 15, 16).
  3. İtaətdə şirk; uca Allah buyurur:Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!)(Tövbə: 31).
  4. Məhəbbətdə şirk; uca Allah buyurur:İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xabərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şıddətli olacağını bilərdilər.(əl-Bəqərə: 165).

İkinci: Kiçik şirk. Bu növə riyakarlıq daxildir. Uca Allah buyurur: Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”(əl-Kəhf: 110).

Üçüncü: Gizli şirk. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Bu ümmət üçün şirk, qarışqanın qara daşın üzərində, zülmət gecədə atdığı addım izlərindən də gizlidir.”

 45. Sual: Qəza və qədər arasında fərq nədir?

Cavab: Qədər sözünün mənası təfsilat və açıqlama deməkdir. Bu söz termin olaraq Allahın hər şeyi əvvəlcədən bilməsinə aid edilmişdir.

Qəza isə kainatda baş vermiş qədər hadisələri barədə işlədilmişdir. Bəzən qədərə qəza, qəzaya isə qədər də deyilir.

46. Sual: Qədərin xeyir və şərri ümumilikdə Allahdandır, yoxsa yox?

Cavab: Qədərin xeyir və şərrinin Allahdan olması haqqında belə rəvayət vardır. Əli bin Əbu Talib (Allah ondan razı olsun) deyir ki, bir dəfə Bəqi qəbiristanlığında cənazəni müşayiət edirdik. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gəlib oturdu, biz də onun ətrafında əyləşdik. Onun əlində əsa var idi. O, əsasını yerə vura-vura dedi: “Sizin hər birinizin, ümumiyyətlə hər bir insanın, cənnət və ya cəhənnəmlik, yaxud xoşbəxt və ya bədbəxt olmasını Allah yazmışdır.” Bir nəfər dedi: “Elə isə yazılana arxayın olub, əməl etməyi tərk etməyək?!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Kim xoşbəxtlərdəndirsə, xoşbəxtlərin əməlini etməyə müvəffəq olacaqdır. Kim də bədbəxtlərdəndirsə, bədbəxtlərin əməlinə müvəffəq olacaqdır.” Sonra bu ayələri oxudu:5 — Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, 6 — Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, 7 — Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik! 8 — Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, 9 — Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, 10 — Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)(əl-Leyl: 5-10).

47. Sual: Lə iləhə illəllah kəlməsinin mənası nədir?

Cavab: Bu kəlmənin mənası, Allahdan başqa ibadətə layiq haqq məbudun olmaması deməkdir. Uca Allah buyurur: Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. (əl-İsra: 23).

48. Sual: Allahın namaz və orucdan əvvəl bəndələrinə vacib etdiyi tövhid nədir?

Cavab: Allahın vacib buyurduğu tövhid, ibadət tövhididir. Duanı yalnız heç bir şəriki olmayan Allaha etmək lazımdır. Nə Peyğəmbərə, nə də başqasında dua edib istəmək olmaz. Uca Allah buyurur: Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!” (əl-Cinn: 18).

49: Sual: Hansı daha üstündür; səbirli kasıb, yoxsa şükr edən varlı? Səbr və şükr nədir?

Cavab: Varlı və ya kasıb olmaq məsələsinə gəldikdə, həm səbirli, həm də şükürlü insan ən yaxşı möminlərdən sayılır. Üstünlük isə daha çox təqvalı olana aiddir. Uca Allah buyurur: Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır.(əl-Hucurat: 13).

Səbr və şükün nə olmasına gəlincə, elm adamları deyirlər ki, səbr təlaşlanmamaq, həyəcanlanmamaqdır. Şükr isə Allahın sənə verdiyi nemət ilə Allaha itaət etməkdir.

50: Sual: Mənə tövsiyən nədir?

Cavab: Mənim sənə tövsiyəm budur ki, sən hər şeydən öncə tövhidi dərk elə, tövhid kitablarını oxu. Bu, sənə Allahın elçiləri ilə göndərdiyi tövhidi öyrənməyinə, Allahın və rəsulunun haram etdiyi şirkin nə olduğunu bilməyinə səbəb olacaqdır. Çünki uca Allah bizə deyib ki, O, şirki əsla bağışlayan deyil, cənnət isə şərik qoşana haram edilmiş, beləsinin əməli puça çıxmışdır.

Ona görə də mütləq və mütləq Allahın elçilərinə göndərdiyi tövhidin həqiqi mənasını öyrənin. Çünki bu tövhidlə insan şirkdən və şirk edənlərdən təmizlənmiş əsl müsəlman olur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti