Əqidə

Əqidə haqqında 50 sual və cavab — 2 HİSSƏ (15 sual — 15 cavab)

Bu həm böyüklər, həm də azyaşlı övladlarımız üçün dəyərli məlumat mənbəyidir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

15 sual — 15 cavab

 
Dəyərli oxucu sizə təqdim etdiyimiz bu məqalədə hər bir müsəlmanın dünya və axirət həyatını tənzimləyən gərəkli etiqad məsələləri sual-cavab üslubunda hazırlanmışdır. Bu həm böyüklər, həm də azyaşlı övladlarımız üçün dəyərli məlumat mənbəyidir.
Ümid edirik ki, hər bir müsəlman ailə bu məqalədən bəhrələnəcəkdir.

11. Sual: Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) möcüzəsi nədir?

Cavab: Onun möcüzəsi Qurandır. Bütün məxluqat belə bir kitabı yazmaqda acizdir. Güclü bəlağəti və iti zəkası olub Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) və onun yolu ilə gedənlərə düşmən kəsilmiş adamlar heç vaxt belə bir kitab yaza bilməzlər. Uca Allah buyurur: “Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!” (əl-Bəqərə: 23). “De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”. (əl-İsra: 88).

12. Sual: Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) Allahın elçisi olmasının sübutu nədir?

Cavab: Uca Allah buyurur: “Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.” (Ali İmran: 144). “Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən.” (əl-Fəth: 29).

13. Sual: Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) Peyğəmbərliyinin sübutu nədir?

Cavab: Onun peyğəmbərliyinin sübutu bu ayədədir: “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (əl-Əhzab: 40). Bu ayələr göstərir ki, o peyğəmbərdir və peyğəmbərlərin sonuncusudur.

14. Sual: Allah Muhəmmədi (ona Allahın salavatı və salamı olsun) nə ilə göndərmişdir?

Cavab: Allah Muhəmmədi (ona Allahın salavatı və salamı olsun) göndərmişdir ki, məxluqat heç bir şəriki olmayan tək Allaha ibadət etsinlər, Onunla yanaşı heç bir ilaha ibadət etməsinlər. O həmçinin onlara mələklərə, peyğəmbərlərə, əməlisalehlərə, daşlara, ağaclara və digər məxluqlara ibadət etməyi qadağan etmişdir. Uca Allah buyurur: “Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək.” (əl-Ənbiya: 25). “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik…” (ən-Nəhl: 36). “Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən (onların ümmətlərinin alimlərindən və müxlis möminlərindən) soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!” (əz-Zuxruf: 45). “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat: 56).

Beləliklə məlum olur ki, Allah məxluqatı yalnız Ona ibadət etmək, ibadətdə Onu tək tutmaq üçün yaratmışdır. Peyğəmbərlərini də göndərmişdir ki, bəndələrə bunu əmr etsinlər.

15. Sual: Uluhiyyət və rububiyyət tövhidinin fərqi nədir?

Cavab: Rububiyyət tövhidi Allahın: ruzi vermək, yaratmaq, diriltmək, öldürmək, yağış yağdırmaq, bitkiləri bitirmək və kainatı ram etmək kimi əməlləridir.

Uluhiyyət tövhidi isə bəndənin: dua, qorxu, ümid, təvəkkül, sığınmaq, rəğbət, qorxu, nəzir, yardım diləmək və digər bu kimi ibadətlərlə etdiyi əməlləridir.

16. Sual:  Hansı ibadətlər yalnız Allaha aid edilməlidir?

Cavab: Bu növə aid ibadətlər bunlardır:  dua, yağış istəmək, yardım diləmək, qurban kəsmək, nəzir etmək, qorxu, ümid, təvəkkül, etimad, sevgi, rəğbət, rüku, səcdə, xüşu və təzim etmək.

17. Sual: Allahın ən gözəl əmri və ən əzəmətli qadağası hansıdır?

Cavab: Allahın ən gözəl əmri, ibadəti yalnız Allaha aid etmək əmridir. Ən əzəmətli qadağası isə Ona şərik qoşmaqdır. Şirk, duanı və ya hər-hansı ibadəti Allahla yanaşı başqasına yönəltməkdir.  Kim hansısa ibadəti Allahdan başqasına yönəldərsə, həmin kimsəni özünə ilah etmiş, başqasını Allaha şərik qoşmuşdur.

18. Sual: Dinimizdə öyrəniləsi və əməl ediləsi əsas qaydalar hansılardır?

Cavab: Birinci: Bilmək lazımdır ki, Allah bizi yaradıb, ruzi verib, bizi başlı-başına buraxmayıb – peyğəmbərl göndərib. Kim ona itaət edərsə cənnətə, asi olarsa cəhənnəmə daxil olar.

İkinci: Allah heç kəsi: nə ən yaxın mələyi, nə də ən hörmətli peyğəmbəri Ona ibadətdə şərik qoşmağa əsla razı olmur.

Üçüncü: Kim Peyğəmbərə itaət edər, ibadətdə Allahı tək tutarsa, Allaha və rəsuluna qarşı düşmən kəsilənləri kimliyindən asılı olmayaraq özünə dost tutmamalıdır.

19. Sual: Allah kəlməsinin mənası nədir?

Cavab: Allah kəlməsinin mənası, bütün məxluqatı üzərində ilahlıq və ibadət olunmaq haqqı olan deməkdir.

20. Sual: Allah bizi nə üçün yaratmışdır?

Cavab: O bizi Ona ibadət etmək üçün yaratmışdır.

21. Sual: Allaha ibadət nədir?

Cavab: Onu tək tutmaq və itaət göstərmək.

22. Sual: Bunun əsası nədir?

Cavab: uca Allah buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat: 56).

23. Sual: Allahın bizə vacib etdiyi ilk əməl hansıdır?

Cavab: Tağutu inkar etmək və Allaha iman gətirmək. Uca Allah buyurur: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!” (əl-Bəqərə: 256).

24. Sual: Ən möhkəm ip nədir?

Cavab: Möhkəm ip “Lə iləhə illəllah” kəlməsidir. “Lə iləhə” inkar, “İlləllah” isbat etməkdir.

25. Sual: İnkar və isbat nə məna verir?

Cavab: “Lə iləhə” kəlməsinin mənası, bütün ilahları inkar etmək, “İlləllah” heç bir şəriki olmayan Allahın ilahlığını isbat etməkdir. Yəni, Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına şahidlik etməkdir.

Davamı var…

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti