Əqidə

Əqidə haqqında 50 sual və cavab — 1 HİSSƏ (10 sual — 10 cavab)

Bu həm böyüklər, həm də azyaşlı övladlarımız üçün dəyərli məlumat mənbəyidir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

10 sual — 10 cavab

 
Dəyərli oxucu sizə təqdim etdiyimiz bu məqalədə hər bir müsəlmanın dünya və axirət həyatını tənzimləyən gərəkli etiqad məsələləri sual-cavab üslubunda hazırlanmışdır. Bu həm böyüklər, həm də azyaşlı övladlarımız üçün dəyərli məlumat mənbəyidir.
Ümid edirik ki, hər bir müsəlman ailə bu məqalədən bəhrələnəcəkdir.

1. Sual: İnsanın bilməli olduğu üç sual nədir?

Cavab: Bəndənin öz rəbbini, dinini və Peyğəmbəri Muhəmmədi (Ona Allahın salavatı və salamı olsun) tanıması.

2. Sual: Rəbbin kimdir?

Cavab: Mənim Rəbbim, məni və bütün məxluqatı Öz nemətləri ilə bəsləyəndir. O mənim ibadət etdiyim yeganə məbudumdur. Mənim ondan başqa məbudum yoxdur. “Aləmlərin rəbbi Allaha həmd olsun!” (əl-Fatihə: 1) – ayəsi, buna açıq sübutdur. Allahdan başqa nə varsa hamısı aləm sayılır və mən də o aləmlərdən biriyəm.

3. Sual: Rəbb sözünün mənası nədir?

Cavab: Kainatın sahibi, ibadət olunan və istədiyini edən. İbadətdə haqqı olan yalnız Odur.

4. Sual: Sən Rəbbini nə ilə tanımısan?

Cavab: Rəbbimi ayələri və məxluqatı ilə tanıyıram. Rəbbimin ayələri: gecə, gündüz, günəş, ay və sairədir. Məxluqatları isə yeddi qat göy və orada olanlar, yeddi qat yer və orada olanlar, göy və yer arasında olanlar və digər məxluqlardır.

Uca Allah buyurur: “Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)!” (Fussilət: 37).

“Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!” (əl-Əraf: 54).

5. Sual: Sənin dinin nədir?

Cavab: Dinim İslamdır. İslam, tək olan Allaha təslim olub, əmrlərini yerinə yetirməkdir. “Allah yanında (haqq olan) din, əlbəttə, islamdır…” (Ali imran: 19) – ayəsi, bunun sübutudur.

Aşağıdakı ayələr də buna dəlalət edir: “Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali İmran: 85).

“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.” (əl-Maidə: 3).

6. Sual: Bu din hansı əsaslar üzərində qurulmuşdur?

Cavab: İslam beş əsas üzərində qurulmuşdur: Lə iləhə illəllah, Muhəmmədən abduhu və rəsuluhu kəlməsinə (Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına, Muhəmmədin Allahın qulu və elçisi olduğuna) şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazan ayını oruc tutmaq, imkanın olarsa kəbə evinə həcc etmək.

7. Sual: İman nədir?

Cavab: İman, Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, axirət gününə, qədərin xeyir və şərinə iman gətirməkdir. Uca Allah buyurur: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətiriblər.” (əl-Bəqərə: 285).

8. Sual: İhsan nədir?

Cavab: İhsan, Allaha Onu görürmüş kimi ibadət etməkdir. Sən onu görmədiyin halda, Onun səni gördüyünü bilirsən. Uca Allah buyurur: “Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!” (ən-Nəhl: 128).

9. Sual: Peyğəmbərin kimdir?

Cavab: Peyğəmbərim Abdullahın oğlu Muhəmməddir (ona Allahın salavatı və salamı olsun). Tam nəsil şəcərəsi belədir: Muhəmməd Abdullahın oğlu, o da Əbdülmüttalibin oğlu, o da Haşimin oğlu. Haşim isə qureyşdən, Qureyş Kinanədən, Kinanə isə ərəblərdən, ərəblər isə İbrahimin oğlu İsmailin nəslindəndir. İsmail də İbrahimin nəslindəndir. İbrahim isə Nuhun zürriyyətindəndir — Onlara Allahın salavatı və salamı olsun.

10. Sual: Hansı ayə ilə onun peyğəmbərliyinə eyham edilmiş, hansı ayə ilə elçilik verilmişdir?

Cavab: İqra (əl-Ələq) surəsi ilə peyğəmbərliyinə eyham edilmiş, Muddəssir surəsi ilə elçilik verilmişdir.

Davamı var…

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti