Əxlaq Məqalələr

Elm tələb etməyin ədəbləri (1`-ci hissə)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allahın bu dünyada şərəfləndirdiyi bəzi şeylər vardır ki, onları yalnız asi olmayan qullarına nəsib edir. Bu şərəfləndirilmiş nemətlərdən biri faydalı elmdir. Hər bir insan üçün vacib buyurulmuş ibadəti yerinə yetirmək üçün elmin olması vacibdir. Belə ki, hər bir müsəlman öz üzərindən cahilliyi götürməli, elm ilə Allaha ibadət etməlidir. Uca Allah buyurur: «Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?» (əz-Zumər 9)

Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Elm öyrənmək hər bir müsəlmana fərzdir. Həqiqətən, hər şey, hətta dənizdəki balinalar belə elm tələbəsi üçün bağışlanma diləyirlər». (İbn Abdul-Bərr “Cəmiu Bəyənul-İlm və Fədlihi” 10; İbn Məcə 223. əl-Albani hədisin səhih olduğunu bildirmişdir.)

Səd ibn Əbu Vaqqas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Mənim üçün elm öyrənmək əlavə (nafilə) ibadət etməkdən daha sevimlidir. Sizin ən xeyirli əməliniz isə şübhəli şeylərdən çəkinməyinizdir». (əl-Həkim 314. əl-Albani hədisin səhih olduğunu bildirmişdir.)

Bu şərəfli yolu tutan insanlar bir sıra ədəblərə malik olmalıdırlar.

Ədəblər

1. İxlaslı olmaq. Hər bir ibadətin ilk şərti ixlas olduğu kimi, fayda verəcək elmin birinci şərti də ixlasdır. Uca Allah buyurur: «Allahdan qorxun, Allah da sizə öyrətsin». (əl-Bəqara 282)

Allah üçün deyil, başqa niyyətlərlə elmə yiyələnmək istəyən şəxsə Uca Allah bu elmi öyrənməyi nəsib etməz və ya nəsib etsə belə, Qiyamət günü həmin şəxs ondan bəhrələnməz, əksinə, bu əməlinə görə cəzalandırılar. Elmdə ixlas itdikdə, ən böyük ibadətdən ən təhlükəli asiliyə çevirilir. Xüsusilə elm tələb etmək mövzusunda insanın ixlasının zəif olması çox təhlükəli bir haldır. Necə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Allahın rizasına görə tələb olunan bir elmi ancaq dünya nemətlərindən birini əldə etmək məqsədilə öyrənən kimsə Qiyamət günü Cənnətin iyini hiss etməz». (Əbu Davud 3666, İbn Məca 252, İbn Hibban 78. əl-Albani hədisin səhih olduğunu bildirmişdir.)

Hədisdə keçən “Cənnətin iyini belə hiss etməz” ifadəsi insanın Cənnətdən heç bir payının olmayacağına dair bir mübaliğə mənasındadır. Çünki, bir şeyin iyini almayan, hiss etməyən insan o şeyin özünü heç əldə edə bilməz. Bu da həmin insanın Cənnətə girməyəcəyinə dair bir dəlildir.

2. Vaxtdan səmərəli istifadə etmək. Uca Allah elm öyrənməyə həvəs göstərməyi və buna nail olmağı hər quluna nəsib etmir. Elm almağı qarşısına məqsəd qoyan kəs vaxtının dəyərini bilməlidir. Vaxtını düzgün nizamlamalıdır ki, qarşısına qoyduğu məqsədə çatmaq yolunda davamlı və iri addımlarla irəliləyə bilsin.

Əbu-əd-Dərdə Salman əl-Farisiyə (Allahın onlara rəhməti olsun) yazaraq demişdir: «Əziz qardaşım! Heç bir insanın dəf edə bilməyəcəyi bəla sənə gəlməmişdən öncə sağlamlığından və boş vaxtlarından istifadə et». (Xatib əl Bağdadi «İqtida əl-elmu və-l-əməl»,104)

3. Faydalı elm öyrənməyə can atmaq və dua etmək. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) özü hər zaman Allahdan yalnız faydalı elm diləyər, fayda verməyən elmdən isə Ona sığınardı. Zeyd ibn Arqam (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu cür dua edərdi:

اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لاَ يَنْفَعُ وَمِنْ قَلْبٍ لاَ يَخْشَعُ وَمِنْ نَفْسٍ لاَ تَشْبَعُ وَمِنْ دَعْوَةٍ لاَ يُسْتَجَابُ لَهَا

“Allahım! Faydasız elmdən, qorxmayan qəlbdən, doymayan nəfsdən və qəbul olunmayan duadan Sənə sığınıram”. (Muslim. Transkripsiyası: ”Allahummə inni əuzu bikə min ilmin lə tənfəu, va min qalbin lə yəxşəu, va min nəfsin lə təşbəu, va min aməlin lə yuqbəlu, va min duain lə yustəcəbu ləhə.”)

3. Günahlardan uzaq olmaq. Allaha itaətin insana müsbət təsiri olduğu kimi, günahların da hər sahədə insana mənfi təsiri vardır. Günahlar insanın həm qəlbinə, həm şüuruna, həm də ağlına mənfi təsir göstərir. Hətta insanın qazandığı ruziyə belə təsir edir. Soubən (Allahın ona rəhməti olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Ömrü yalnız yaxşılıq artırar, Qəzavuqədərin qarşısını isə yalnız dua alar. İnsan etdiyi hər hansı bir günah səbəbindən ruzisindən məhrum ola bilər». (İbn Məca, 90, 4022. əl-Albani hədisin həsən olduğunu bildirmişdir.)

Faydalı elmə yiyələnməyə aparan yollardan biri də günahlardan uzaq olmaqdır. Çünki, bu elm nurdur və Uca Allah bu nurunu asi qullarına muvəffəq etmir. İmam Şafi (Allahın ona rəhməti olsun) öz şeirində bu haqda belə deyir:

«Şikayət etdim Vakiyə hifzimin zəifliyindən,
Tövsiyəsi bu oldu: “Əl çək asiliyindən”
Söylədi: bil ki, Allahın bu elmi nurdur
Allahın asi qulu bu nurdan məhrumdur».
(«Məalimu fi tariqi taləbi-l-ilm» 31)

Bişr ibn Həris (Allahın ona rəhməti olsun) buyurmuşdur: «Əgər elmi gözəl bilmək istəyirsənsə, Allaha asi olma». (Zeyl Tabaqat əl-Hənəbilə, 2/98)

4. Elm öyrədərkən tələbələrə minnət etməmək. İstər insanların yemək-içməyi, geyimi, istərsə də elm və mədəniyyətlərinə xidmət edərkən, hansı yolla olursa olsun, edilən yaxşılıqların heç birinə işarə dərəcəsində də olsa, minnət qoymaq doğru deyildir.

«Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!» (əl-Bəqərə surəsi, 264)

Elm öyrətmək də sədəqədir. Elmin də mal kimi üsyanı vardır. Mal sahibi malı artdıqca təkəbbür göstərdiyi, malından xərclədikcə lovğalanıb ətrafa yaydığı kimi, elmə malik olub, onu digərlərinə öyrədən kəs də bu əməli ilə üsyan edib, əməlini zay edə bilər.

Kəb ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edir: «Elm adamlarına qarşı mübarizə aparmaq (elmilə öyünmək) və ya səfeh kimsələrlə mücadilə etmək ya da xalqın diqqətini özünə cəlb etmək üçün elm öyrənən kimsəni Allah Təala cəhənnəmə atacaqdır». (ət-Tirmizi 2792)

Bir kəsə yaxşılıq etdikdən sonra minnət edib, üzünə vuran kəs, qazandığı savabı itirməklə yanaşı, günah etmiş olur. Çünki müsəlmanı istər əməllə, istərsə də dillə incitmək günahdır. Kömək göstərib yaxşılıq edilən insan rişxəndli eyhamları, ətrafa car çəkilən elanları görərkən, özünü narahat hiss edər və qəlbi sınar. Beləliklə yaxşılıq edən insanın öyrətdiyi elm, verdiyi pul, ehsan etdiyi yemək onun üçün zəhərə çevrilər.

5. Təvazökar olmaq və təkəbbürlükdən uzaq olmaq.

Uca Allah buyurur: «Rəhmanın qulları o kəslərdir ki, yer üzündə təvazökarlıqla gəzdikləri zaman, cahillərin müraciətinə: “Salam!” – deyərlər». (əl-Furqan surəsi, 63)

Başqa bir ayədə Uca Allah buyurur: «İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir». (Loğman surəsi, 18)

Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun)belə buyurduğunu rəvayət etmişdir: «Sədəqə maldan heç bir şey əksiltməz. Əfv səbəbi ilə Allah bir qulun ancaq şərəfini artırar. Allah üçün təvazökarlıq göstərəni, Allah yüksəldər». (Loğman surəsi, 18)

Uca Allah Qurani-Kərimdə Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) belə əmr etmişdir: «Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)! Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!» (əş-Şüəra surəsi, 215-216)

Digər bir ayədə isə Muhamməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) öz Rəbbinin bu hökmünü yerinə yetirdiyini görmək mümkündür: «Allahın mərhəməti sayəsində sən onlarla yumşaq davranırdın. Əgər sən kobud və daşürəkli olsaydın, onlar səni mütləq tərk edərdilər. Sən onların günahından keç, onlar üçün bağışlanma dilə və işlər barədə onlarla məsləhətləş». (Ali İmran surəsi 159)

Məgər Allaha iman gətirən və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sədaqətli davamçısı olduğunu bildirən bir insan digər müsəlmanlara narahatçılıq törədə, ətrafdakılara kin-küdurət bəsləyə, özünü lovğa və təkəbbürlə apara, daşürəklilik və hətta kobudluq göstərə bilərmi?

İnsanlar Allah rizası üçün elmin sirlərinə yiyələndikdə, onu əməli olaraq həyata keçirməklə yanaşı, təkəbbür hissinin onlara nüfuz etməsinə yol verməməlidirlər.

Allah üçün öyrənilən elmin böyük fəziləti olduğu kimi lovğalanmaq, təkəbbürlük etmək üçün öyrənilən elmin də bir o qədər təhlükəsi var və bu, Allahın qəzəbinə düçar olmağa səbəbdir.

Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəm­bər (Allahın ona salavat və salam olsun) dedi: “Kim alimlərin yanında lovğalanmaq, savadsızlarla mübahisə etmək və ya insanları öz tərəfinə çəkmək niyyətilə elm tələb edərsə, oda girər”. (İbn Məca 263. əl-Albani hədisin səhih olduğunu bildirmişdir.)

Özündən razılıq insanın əxlaqına xələl gətirən xüsusiyyətdir. Malı olan kəs malı ilə lovğalandığı kimi elmi olan kəsin də elminə görə özündən razı olması, onun nemətin şükrünü layiqincə verməməsindən irəli gəlir.

Mucahid (Allahın ona rəhməti olsun) demişdir: “İki qrup insan elmə yiyələnə bilməz. Bunlar: utanan, və təkəbbürlü olan şəxslərdir”. («Məcmu ən-Nəvəvi» 1/29)

Elm öyrənməklə özünü mükəlləf etmiş kəs sadəlik və müla­yimlik tərzi göstərərək insanlara yaxın olmalıdır. Təkəbbürlük insanı ətrafdakılardan uzaqlaş­dıran xüsusiyyətdir. Bu xüsusiyyətə malik olan insanın cəzası ilə bağlı varid olan hədislərdən birində Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim özü­nü dartarsa, yaxud lovğa-lovğa gəzərsə, qüdrətli və əzəmətli Alla­hın hüzuruna (Allahın) ona qəzəbi tut­duğu halda gələr”. (əl-Buxari «Ədəbul-Mufrad» kitabı 549)

Həmçinin, özündən razı alimin cəzası barədə Fudeyl ibn İyad (Allahın ona rəhməti olsun) demişdir: “Uca Allah təvazökarlıq edən alimi sevər, özündən razı olan alimə isə nifrət edər.  Kim  təva­zökar olarsa, Uca Allah ona hikmət nəsib edər”. («Əl-Fiqhu vəl-mutafaqqih, lilattabi» (2-113))

İnsan daim kamala çatmaq arzusunda olan bir varlıq olduğu üçün əldə etdiyi hər bir şeydən, o cümlədən elm və təhsildən xüsusi zövq alır və əldə etdiyindən mümkün qədər daha artığına nail olmaq istəyir. Elm, insanın qüdrət və bacarığını artırır və ona varlıq aləminə hakim olan həqiqətdən agah olmağa köməklik edir, onu öz ixtiyarına keçirməyə imkan verərək, mənəvi təkamüldə hər bir şeydən təsirli olur. Bu səbəbdən də, elmə yiyələnən şəxslər, hətta ilk addımlarda elmin dərinliklərinə yol tapdıqlarını güman edərək özlərində qürur hissi keçirirlər. Lakin, diqqət yetirmək lazımdır ki, bütün bunlar həqiqi kamala çatmaq üçün sözün əsl mənasında bir vasitədir. Həqiqi kamala çatmaq isə Allaha yaxınlaşmaq deməkdir. Bunun üçün də, elm və təhsil, əxlaqi və mənəvi dəyərlərə yiyələnmək Allah rizası üçün olmalıdır. Lakin, bu hiss bəzən elm tələb edən şəxsi böyük təhlükə ilə üzləşdirir. Yəni, kamala çatmaq hissi onu o qədər özünə cəlb edir ki, üzəri­nə düşən vəzifəni kənara qoyub, tədricən qarşısına qoyduğu məqsəddən uzaq düşür.

Diqqət yetirilməsi zəruri olan digər məsələlərdən biri də bundan ibarətdir ki, bütün elmlərə yiyələnməkdə ən başlıca məqsəd insanın özünü, yaradılış aləmini, bir sözlə Allahı tanımaq olmalıdır. Yalnız bundan sonra insan öz nəfsini paklaşdırıb hədəfə nail ola bilər. Belə ki, elm və təhsildə məqsəd qürur və təkəbbür olarsa və yiyələndiyi elmlə Allahın qarşısında təvazökarlıq etməzsə, bu, nəinki onu kamal və səadətə çatdıracaq, əksinə, bütün insani dəyərlərdən məhrum edəcəkdir. Bunun üçün də elm sahəsində fəaliyyət göstərən şəxslər yiyələndikləri elmdən kamal və səadətə çatmaq üçün bir vasitə kimi istifadə etməlidirlər.

 Ardı var inşəAllah…

Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Ramil Soltanov`un
«İslam ədəbi» kitabının, «Elmin ədəbləri» babından ixtisarla alıntı

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment