Ailə və Uşaq tərbiyəsi Məqalələr Qadınlar üçün

Əgər qadın bunları bilsəydi…

«Qadın ərinin haqqını vermədikcə, Allahın haqqını vermiş sayılmaz…» (Tabərani 5/5084, əl-Albani “səhih” deyib.)

Rəhmli və Mərhəmətli Allahin adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

1. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Əgər kiməsə Allahdan başqasına səcdə etməyi əmr etsəydim, qadına əmr edərdim ki, ərinə səcdə etsin. Qadının əri onu miniyin üzərində belə tələb etsə və o da özünü təslim etsə, yenə də ərinin haqqını verə bilməz..» (Tabərani 5/5116. əl-Albani “səhih” deyib)

2. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Qadın ərinin haqqını vermədikcə imanın şirinliyini tapmaz..» (Hakim (4/7325) rəvayət edib və əl-Albani “səhih” deyib.)

3. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Qadın ərinin haqqını vermədikcə, Allahın haqqını vermiş sayılmaz…» (Tabərani 5/5084, əl-Albani “səhih” deyib.)

4. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Bəşərin bəşərə səcdə etməsi caiz olsaydı, ərin haqqının böyüklüyünə görə qadına əmr edərdim ki, ərinə səcdə etsin…» (Əhməd 3/158, əl-Albani “səhih” deyib.)

5. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Əgər qadın ərinin haqqını bilsəydi, əri yemək yeyib qurtarana qədər ayaq üstə onun xidmətində durardı…» (Tabərani 20/333.)

6. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol –deyilər…» (Əhməd 1661, əl-Albani “həsən” deyib.)

7. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Qiyamət günü ən çox əzab olunan insanlar iki sinifdir: ərinə asi olan qadın və insanların istəmədiyi halda onlara imamlıq edən imam…» (Tirmizi 359, əl-Albani “səhih” demişdir.)

8. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Ərinə ehtiyacı olduğu halda ona təşəkkür etməyən qadının Allah üzünə baxmaz…» (Nəsai “Sunənul Kubra” 5/9135, əl-Albani “səhih” demişdir.)

9. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Cəhənnəm əhlinin çoxunun qadınlar olduğunu gördüm..» Soruşurlar: — Niyə görə ya Rasulullah? «Küfr etdiklərinə görə» deyə cavab verir. Allaha küfr etdiklərinə görəmi? – soruşulduqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Yaşayışa küfr edirlər, yaxşılığa küfr edirlər.. Onlardan birinə ömrü boyu yaxşılıq etsən, sonra səndən bir şey görərsə, deyər ki: — səndən heç bir yaxşılıq görmədim…» (Buxari 1052, Muslim 907.)

10. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Sizin qadınlarınız Cənnət əhlidir. O qadınlar ki ərini sevər, ondan çoxlu övlad  dünyayay gətirər və ərinə əziyyət verəndə tez onunla barışar…»

Başqa bir rəvayətdə «Ərini qəzəbləndirərsə, onun yanına gələr, əlini ərinin ovucuna qoyaraq deyər: — Vallahi, sən məndən razı qalmadıqca yemək yemərəm!..» (Nəsai “Sunənul-Kubra” 5/9139.)

11. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Üç nəfər var ki, onların namazı qəbul olunmaz: ağasından qaçan qul, əri ona qəzəbli halda gecələyən qadın və insanların istəmədiyi halda onlara imam duran imam…» (Tirmizi 360, əl-Albani “həsən” demişdir.)

12. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Əgər qadın ərinə bu dünyada əziyət verərsə onun (Cənnətdəki) hurilərdən olan zövcəsi həmin qadına xitab edərək deyər: — Allah səni öldürsün, ona əziyyət vermə! O sənin yanında müvəqqətidir, bizim yanımıza gəlməsinə az qalıbdır…» (Tirmizi 1174, əl-Albani “səhih” demişdir.)

13. Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) ən xeyirli qadın haqqında soruşulduqda belə cavab verir: «O qadın ki əri ona əmr etdikdə ona itaət edər, əri ona baxdıqda onu sevindirər, onun namusunu və malını qoruyar…» (Nəsai 3231, əl-Albani «həsən” demişdir.)

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Emin Hacıyev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment