Əxlaq Məqalələr

ӘDӘB-ӘXLAQ — çalışmaqla әldә edilә bilәrmi?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allahın elçisi (ona Allahın salavat vә salamı olsun) buyurmuşdur: «Hər kim səbir etmək istərsə, Allah ona səbri bəxş edər.» Hәqiqәtәn dә, kim ismətli olmağa çalışarsa, ismət onun üçün bir xüsusiyyət olar. Digər əxlaqlarda da belədir.

«Әxlaq çalışmaqla qazanılır, yoxsa çalışmağa ehtiyac yoxdur»— sualına görə alimlər ixtilaf etmişlər. Bəziləri dedilər ki, əxlaq çalışmaqla əsla qazanılmaz. Necə ki, bir şair demişdir: «Qəlbdən sizi unutmağı istənildi, lakin qəlblər dəyişikliyi qəbul etməz».

Digər şair isə demişdir: «Ey öz xüsusiyyətində olmayan şeylə süslənmək istəyən kimsə, qazanılması istənilən əxlaqın önünə yaradılışdakı əxlaq çıxar». Yəni sonradan əxlaq qazanılmaz. Çünki Allah-Tәala məxluqatı, əxlaqı, əcəl və ruzini əzəldən təqdir etmişdir.

Bəziləri isә dedilər ki, ağlın, yumşaqlığın, cömərdliyin, şəhvətin və qəhrəmanlığın qazanıldığı kimi, әxlaqın da qazanılması mümkündür. Belə ki, bunlar hərəkət və əməllərdə görünür.

Onlar deyir ki, çalışmaq və məşğul olmaq — məharətlə nəticələnir. Yəni kimsə bir şeylə məşğul olursa, o işində davam edərək buna adət edərsə, o şey onun üçün məharət, xasiyyət və xüsusiyyət olar. İnsan əvvəlcə çətinliklə səbir etməyə çalışır, amma sonda səbir onun üçün bir xasiyyət olur. Belə ki, hər kəs həlim, təmkinli, vüqarlı, intizamlı və mətin olmaq üçün cəhd göstərirsə, nəticədə bunlar onun üçün yaradılışındakı təbii əxlaqi keyfiyyətləri kimi olur.

O alimlәr deyirlәr ki, Allah-Tәala insanda qəbul etmə və öyrənmə bacarığı və istedadı yaratmışdır. O halda xasiyyətləri dəyişmək mümkündür. Ola bilər ki, bəzən bu dəyişiklik zəif olduqda kiçik bir təsirlə insan öz təbii halına qayıdır, bəzən də qayıtmır, amma təsir güclü olduqda qayıdır. Bu dəyişiklik bəzən o qədər sağlam olur ki, insan köhnə xasiyyətinə dönmür.

Buna görә dә, әn azından «әxlaq çalışmaqla әldә edilә bilәr» rәyinә әsasәn, öz әxlaqını hәlә dә gözәllәşdirmәyә çalışmayan müsәlman, ibrәt almalı, nәbәvi әxlaqla tәrbiyәlәnmәyә çalışmalıdır.

(Böyük alim İbn әl-Qayyim’in «Uddәt’us-Sabirin» adlı kitabından geniş şәkildә istifadә olunmuşdur.)

Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment