Aktual Əxlaq Məqalələr

DİNİN ADINDAN ELMSİZ DANIŞMA!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Möhtərəm müsəlmanlar! Haqqında danışacağımız bu mövzu çox mühümdür. O da insanın bilmədiyi məsələlərdən danışmaması, elmsiz Allahın, dinin, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adından fətva verməməsidir. İlk öncə Rəbbimiz elmsiz danışmamağı əmr etmiş, sonra da Onun Elçisi (Allahın ona salavat və salamı olsun) buna göstəriş vermiş, sonra da ümmətin ən təqvalı kimsələri olan səhabələr, tabeinlər və onlardan sonra gələn ümmətin rəbbani alimləri bunu söyləmişlər. Dinin adından, Allahın və Onun Elçisinin (Allahın ona salavat və salamı olsun) adından elmsiz danışıb fətva verən, özündən başqa özünə tabe olanları da azdıranlar hər bir dövrdə olmuşdur. Ona görə də müsəlman elmi öz əhlindən götürməlidir. Allahu btəala buyurmuşdur: «Haqqında məlumatın olmadığı bir işin ardınca getmə. Çünki, qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır.» (əl-İsra: 36)

Bir insan bir şeyə «bu halaldır, bu haramdır» dedikdə gərək fikir versin və Allahdan qorxsun, görsün ki, nə danışır?! Bu axı Allahın dinidir! Beləcə, din adından danışan insan sanki, demək istəyir ki, Allah göyün yeddi qatından o yana belə buyurur. Çünki, bu insan Allahın və Onun Elçisinin adından danışdığını iddia edir. Diqqətli olaq qardaşlar! Çünki, Allahu təala belə buyurmuşdur: «Dilinizin uydurduğu yalana əsasən «bu halaldır, bu haramdır» deməyin. Çünki, Allaha qarşı yalan uydurmuş olursunuz.. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.» (ən-Nəhl: 116)

Elmin elə bir böyük şərəfi, məsuliyyəti və yeri vardır ki, buna yalnız Allahın asanlaşdırdığı, müvəffəq etdiyi, elmi qulları içərisindən özlərinə xas etdiyi və bunda özlərinə yardım etdiyi kimsələr çatarlar ki, onlar alimlərdir. Allah alimləri peyğəmbərlərin varisləri etmişdir. Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) bu barədə buyurmuşdur: «Alimlər peyğəmbərlərin varisləridirlər. Həqiqətən də peyğəmbərlər özlərindən sonra nə dinar, nə də dirhəm miras qoymazlar. Onlar yalnız elmi miras qoyarlar. Kim bu mirasdan pay götürərsə, o, bol bir pay götürmüşdür.» (Əbu Davud) Ona görə də alimlərin qədir-qiymətini bilmək lazımdır.

Həmçinin, bilməliyik ki, alimlərin əti zəhərlidir. Yəni onların dalınca danışmaq sanki, insanı zəhərləyir. Bu barədə olan məşhur sözü Hafiz ibn Əsakir (Allah ona rəhmət etsin) söyləmişdir. O belə demişdir: «Alimlərin ətləri (qeybətini etmək) zəhərli olur (insanı zəhərləyir). Alimlərin dəyərini aşağı salanların əsil üzlərinin ortaya çaxarılması barəsində olan Allahın sünnəsi hər kəsə məlumdur. Uca Allah, alimlərə insafsızcasına tənə edərək dil uzadanın qəlbini, özü ölməmişdən öncə öldürər.» (Luhumul-Uləmə məsmumə kitabı, prof. Dr. Nasir əl-Ömər, Müqəddimə)

Müasir dövrdə ən çox yayılmış məsələlərdən biri də insanların savadsız şəkildə Allahın dinindən danışmaları, dinin adından fətva verməyə rəğbətli olmalarıdır. Bu isə çox təhlükəli bir məsələdir.

Müasir sələfi şeyxlərimizdən olan şeyx Abdur-Razzaq ibn AbdulMuhsin əl-Əbbəd «Alimlərin əxlaqı» kitabının şərhində demişdir: «Övzai (Allah ona rəhmət etsin) demişdir: Bu elmi kişilər daşıdığı müddətcə o dəyərli olaraq qaldı. O zaman ki, kitablar çoxaldı elmə elmin əhli olmayan kimsələr daxil oldu». Sonra isə şeyx Abdur-Razzaq sözünə davam edərək deyir: İnternet yayqınlaşmış və kitablar çoxalmışdır. Hər kim nəyi istəyirsə, onu götürüb kitabdan nəql edir və elə bilir ki, bununla məsələni bilmiş oldu. Lakin o, əslində elmin əhlindən deyil. O kəs ancaq qasas (rəvayət) yoluyla nəql etməkdədir. Belələri bəzən alimlərə dil uzadırlar və böyük məsələlərdən danışırlar.» (Əxləqul-Uləmə lil-Əcurri- kitabın şərhi, Sifətuhu izə Urifə bil-ilmi-mövzusunun şərhi)

Yenə həmin kitabın şərhində şeyx başqa bir yerdə belə buyurur: «Alimlərin məclislərindən uzaq olaraq elm əldə edən kimsənin xətaları çox olur. Çünki, ona yol göstərəcək və mənaları izah edəcək bir elm əhli olmamışdır. Elm yalnız kitaba baxmaqla və ya kitablardan götürülmür. Mütləq elm üçün əhlinin (alimlərin) yanında dinləmək və elm üçün oturmaq lazımdır.» (Şərhu kitəbi əxləqul-uləmə, mövzu: Sifətu mucələsətuhu lil-uləmə)

İnsan Allahın dini adından elmsiz danışmamalı və ya danışmaq üçün tələsməməlidir. Çünki, bu din, şəriət əmanətdir. Bu əmanət isə dağlara ərz olundu dağlar onu götürmədi, lakin onu insan götürdü. Allahu təala buyurmuşdur: «Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan qorxub imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğurdan da o, zalım və cahildir.» (Əhzab: 72) Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) elmsizcəsinə fətva verən, bilmədiyi şeylərdən danışan və həm özünü, həm də başqalarını azdıran kimsələr haqqında nə gözəl buyurmuşdur: «Allah insanların arasından elmi birdəfəlik götürməz. Lakin O, elmi alimlərin getməsiylə aradan qaldırar. Hətta ki, alim qalmaz. Beləcə, insanlar özlərinə cahil başçılar seçərlər və onlardan soruşarlar. Onlar da elmsizcəsinə fətva verər, həm özlərini, həm də başqalarını azdırarlar.» (Hədisi Buxari və Muslim rəvayət edib)

Elə bir dövrdə yaşayırıq ki, elmə nail olmaq üçün vasitələr çoxdur. Lakin dini cahillik, savadsızlıq geniş yayılmışdır. Yuxarıdakı hədisdə də alimlərin getməsilə elmin getməsi təsfir olunmuşdur. Baxmayaraq ki, kitablar olacaq, lakin elmin əhli getdikdə kitablar olmasına baxmayaraq elm getmiş sayılır. Ona görə də elm öz əhlindən götürülməli, danışan da ən azından Allahdan qorxub öz dəqiq bildiyini danışmalıdır. Az öncə qeyd olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) rəbbani alimlərə işarə edir. əsil alimlərlə cahillərin böyük fərqini qeyd edir. Ona görə də hər bir müsəlman Allahın dini adından danışdıqda, fətva verdikdə bu hədisdəki cahil başçılardan olmaqdan ehtiyatlanmalıdır. Çünki, o cahillər Allaha yox, öz nəfslərinə dəvət edirlər.

İbn Abdil-Bərr ibn Sirinə olan isnadla deyir ki, ibn Sirin belə dedi: Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sonra bilmədiyi haqda danışmaqdan Ömərdən (Allah ondan razı olsun) daha çox qorxan yox idi. Əbu Bəkr (Allah ondan razı olsun) bir məsələ haqqında soruşulsaydı, Allahın kitabından ona bir əsas tapmazdısa, öz rəyilə ictihad edər, sonra belə deyərdi: «Bu mənim rəyimdir. Əgər doğrudursa, bu Allahdandır. Əgər xəta etmişəmsə, bu məndəndir və buna görə Allahdan bağışlanma diləyirəm. « (Cəmiu bəyənul-ilmi va fadlihi)

Dariminin «Sünən» əsərində Əlidən (Allah ondan razı olsun) rəvayət olunur ki, o dedi: «Bilmədiyim bir şey haqqında soruşulsam və «daha düzünü Allah bilir» deməsəm, vay olsun mənim halıma!» Baxın ey müsəlman qardaş və bacılar! Ümmətin ən xeyirlilərinin halı belə idi. Onlar din adından elmsiz danışmaqdan qorxardılar.

Buxari və Muslim ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edirlər ki, o belə demişdir: «Ey insanlar! Kim bildiyi bir şey haqqında soruşularsa, qoy bildiyinə cavab versin. Kimin də bilmədiyi bir şey olarsa, qoy desin: «Allah bilir». Çünki, bir insanın bilmədiyi bir şeyə «Allah bilir» deməsi elmdən sayılır. Çünki, Allahu təala öz peyğəmbərinə buyurmuşdur: «Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram.» (Sad: 86)

İbn Muflih «Ədəbuş-Şəriət» kitabında Osman ibn Asimin sözünü edirək qeyd edir ki, o belə demişdir: «Bunların hər biri bir məsələ olduqda dərhal fətva verirlər, amma, əgər Ömər (Allah ondan razı olsun) olsaydı, bir məsələdə fətva vermək üçün Bədr əhlini başına toplayardı.» Yəni, onlarla məsləhətləşərdi.

İbn Muflif görün nə deyir: «Fətva verən bir kimsə əgər bilirsə ki, öz özlüyündə fətvanın əhli deyil, bu da ondan fətva əhli olmağın şərtlərindən birinin getməsi və ya bir maneənin olmasıyladır və ya insanlar onu bunun əhli olaraq tanımırlarsa, belə bir halda şübhəsiz ki, o şəxsin insanlara fətva verməsi haramdır. Belə bir iş tutan insan özünə haram olan bir əmələ tələsmiş sayılır. Xüsusilə də əgər o insanı bu işə sövq edən dünyəvi maraqlardırsa…» (Ədəbuş-şəriət, 2-ci cild, səh, 66)

İmam Malikin şeyxlərindən olan Rabiatur-Ray`ın yanına bir nəfər gəlir və onun ağladığını görür. Ondan soruşur ki, səni ağladan nədir? Niyə ağlayırsan? Yoxsa, sənin başına bir müsibətmi gəlib? O dedi: Xeyir. Lakin elmi olmayan insanlar fətva verirlər. Bununla da İslama böyük zərər dəymiş olur.» Sonra isə belə deyir: «Burada fətva verən bəzi insanlar oğrulardan daha çox həbs olunmağa layiqdirlər.« (Cəmiu bəyənul-ilmi va fadlihi)

Şabi (Allah ona rəhmət etsin) demişdir: «Bilmirəm demək elmin yarısıdır.» Ona görə də «bilmirəm» deməyi bacaran, Allahdan qorxan, bu elmin məsuliyyətini dərk edən elm əhlinə yüksək qiymət verilməli, «bilmirəm» deyib savadsız danışmaq istəməyən elmə nisbət olunan kimsəyə qəribə baxılmamalıdır. Məgər sələflərimiz deməyiblərmi ki: «Əgər bilməyənlər danışmasaydılar, fitnə olmazdı.» İbn Abbas (Allah ondan razı olsun) deyib ki, əgər alim «bilmirəm» sözünü tərk edərsə, dilinin bəlasına düşər.

Qadi İyad Həmmad ibn Zeydin (Allah ona rəhmət etsin) belə dediyini nəql edir: Mədinəyə daxil olduqda bir carçının belə səsləndiyini eşitdim: «Qoy peyğəmbər məscidində İmam Malik ibn Ənəsdən başqası insanlara fətva verməsin və ondan başqası moizə etməsin.»

Qasim ibn Məhəmməd (Allah ona rəhmət etsin) — Mədinənin yeddi fəqihindən biri idi — O demişdir: «Bir insanın Allahın ona fərz etdiyindən xəbərsiz, cahil olaraq yaşaması, onun Allah və Elçisi adından bilmədiyini danışmasından daha xeyirlidir.»

O, həmçinin demişdir: «Mənim dilimin kəsilməyi mənim üçün bilmədiyimi danışmağımdan daha xeyirlidir.» Əslində bu mövzu çox geniş mövzudur. Biz bu qədəriylə kifayətlənirik. Allahdan istəyirəm ki, bizi eşidib sözlərin ən gözəlinə tabe olanlardan etsin. Allah bizi elmin məsuliyyətini dərk edənlərdən və elmi alimlərə qaytarıb, alimlərin qədir-qiymətini bilənlərdən etsin. Allah bizə elmlə, bəsirətlə gözümüzdən cahillik pərdəsini qaldırmağı nəsib etsin və bizə faydalı elm nəsib etsin!

Və sallallahummə alə nəbiyyinə Muhəmməd və alə əlihi və sahbihi əcməin.

QEYD: Əsas mənbə Abdullah ət-Tuveycirinin «Va lə təqfu mə leysə ləkə bihi ilmun» kitabıdır.

Hazırladı: Mədinə Beynəlxalq Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment