Məqalələr

Dinimizə necə dəvət etməli?

Dəvətdə mühüm səbəblərdən biri səbirli olmaqdır!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bizi doğru yola yönəldib və bizə hidayət verən Allaha həmd və şükürlər olsun. Hər bir müsəlman ətrafında olan yaxınlarının zülmətdən nura çıxmasını, Allahın dinini qəbul etməsini istər. Bunun üçün isə hər bir müsəlman Allahın dininə dəvətə səy göstərməlidir. Bu dəvəti isə xətalara yol vermədən etmək lazımdır. Əks halda Allahın dininə dəvət etmək əvəzinə, fəsad edər və dindən çəkindirə bilərik.

İslam dini hər bir şeyi tənzimlədiyi kimi Allahın yoluna dəvət etməyi də tənzimləmişdir. Bunun üçün qaydalar müəyyən etmişdir ki, özünə müsəlman deyən hər bir kəsin bunları bilməsi və dəvət edərkən bunlardan kənara çıxmaması gərəkdir. Bu qaydalardan:

Birincisi: Elmdir
Allahın dininə çağıran müsəlmanın mütləq şəriətdən elmi olmalıdır. İslam elmi olmayan insanın dinə dəvət etməsi düzgün deyildir. Belə olan halda o kəsin xəta etməsi qaçılmazdır.
Ona görə Uca Allah Qurani-Kərimdə birinci elmi qeyd edərək buyurur: «Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur”. (Muhəmməd, 19)
Ona görə İmam Buxari öz “Səhih» kitabında belə bir fəsil qeyd edir, «Elm söz və əməldən əvvəldir».

Elmin fəzilətinə aid dəlillər çoxdur. Uca Allah elmli insanlar elimsizin fərqləndirərək buyurur:
De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?’‘ (Zumər, 9).

Bəli, bilənlərlə bilməyənlər eyni ola bilməz. Heç onların etidkləri dəvət də eyni ola bilməz. Məhz buna görə də kim yaxınlarının halına yanırsa, onların zəlalətdə olmasını istəmirsə ilk olaraq özü elm almalı, lazımı şəkildə dini çatdırmalıdır.

İkincisi: İxlasdır
Bildiyimiz kimi hər bir ibadətin başında ixlas durur. İbadətdə ixlas itdikdə o sahibinə fayda vermir. Uca Allah buyurur: ‘‘De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur» (Zumər, 11).

Digər bir ayədə buyurur: «Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar». (Hud, 15-16).

Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, döyüşə çıxdıqda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Mədinədə elə kişilər vardır ki, getdiyiniz elə bir yer, keçdiyiniz elə bir vadi olmadı ki, onlar da sizinlə birlikdə olmasınlar. (Yəni onlar da sizin qədər savab qazanmasınlar). Onların gəlməsinə mane olan səbəb xəstələnmələridir».

Yəni onlar öz ixlas və niyyətlərinə görə bu savabı qazandılar.
Bir kəs Allahın dininə, haqq yola dəvət edərsə niyyətini xalis etməlidir. Filankəsi mən dəvət etmişəm, mən dəvət etdiyim insanlar daha çoxdur və ya mənim ardımca gələnlərin sayı daha çoxdur deyə düşünməməlidir.

Üçüncüsü: Mutabaadır
Yəni Peyğəmbər (Allahın ona salavat və salamı olsun) necə dəvət edibsə elə dəvət etmək. Bu dövrdə bəzi insanlar vardır ki, Allahın yoluna dəvət edərkən yeni metodlar fikirləşirlər. Məsələn, Ərəb ölkələrinin birində aşkarlanmış mərkəzlərin birində bir qrup musəlman kompyüter vasitəsi ilə müxtəlif şeylər düzəldib (Quranı cıran kəsin meymuna dönməsi, Kəbənin üstünə mələk qonması və s. kimi) insanlara yaymaqla Allahın dininə dəvət edirlər. Əslində isə belə vasitələrə ehtiyac yoxdur. Çünki möcüzə axtarmağa ehtiyac yoxdur. Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) verilən Qurandan böyük möcüzə yoxdur.

Uca Allah buyurur: ‘‘Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” (Kəhf, 110)

Saleh əməl deyildikdə isə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsinə muvafiq olan əməllərə deyilir. İstər dəvətdə istər Peyğəmbərdə (Allahın ona salavat və salamı olsun) bizlər üçün örnəklər vardır. Necə ki, Allah-Təala buyurur: «Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir». (Əhzab, 21)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ilk dəvətini tovhidlə başladığı halda bir kəsi dinə dəvət edərkən haramlardan çəkindirməklə başlamağımız düzgün deyildir. Belə ki, Allaha şərik qoşan birini siqaretin haramlığından danışaraq dinə dəvət etmək sünnəyə müxalifdir.

Dördüncü: Hikmətli olmaq
Dəvətin faydalı olması üçün mühüm səbəblərdən biri də hikmətdir. Allah Təala bizə dəvət etdikdə hikmətli olmağımızı əmr etmişdir.

«(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır». (Nəhl, 125).

Allahın dininə dəvət edən kəs haqqı desə belə hikmətli olmadığı halda insanlar ondan haqqı qəbul etməyəcəklər, əks halda isə dəvət hökmən öz bəhrəsini verəcəkdir. Necə ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatında buna çox rast gəlirik.

Muaviyə ibn əl-Həkəm (Allahın ona salavat və salamı olsun) belə rəvayət edir: «Bir dəfə mən Peyğəmbərlə namaz qılarkən camatdan bir kişi asqırdı. Mən ona: “Yarhəmuk Allah (Allah sənə rəhm etsin)» dedim. Camaat gözlərini mənə zillədi. Mən: «Vay olsun mənə, sizə nə olub ki, mənə belə baxırsınız?» dedikdə, onlar əllərini budlarına vurdular. Mən onların məni susdurmaq istəmələrinə qəzəbləndim, lakin susdum. Peyğəmbər, atam, anam ona fəda olsun, ondan yaxşı öyrədən bir müəllim görmədim, mənə nə əziyyət verdi, nə döydü, nə də söydü. Namazı bitirdikdən sonra belə buyurdu: «Bu namazdır, onun içində insan danışan sözlərdən heç nə caiz deyildir. Onda yalnız təsbih (Sübhanallah), təkbir (Allahu Əkbər) və Quran oxumaq caizdir». Muslim

Ənəs ibn Malik (Allah ondan razı olsun) belə rəvayət edir: “Bir dəfə biz Peyğəmbərlə məsciddə ikən bir bədəvi (çöldə yaşayan) ərəb gəlib məscidin içində bövl etməyə başladı. Peyğəmbərin səhabələri ona: “Hey, hey!” dedikdə, Peyğəmbər onlara: “Onu dayandırmayın, qoyun davam etsin” deyə buyurdu. Onu, işini bitirənədək tərk etdilər. Sonra Peyğəmbər onu çağırıb belə dedi: “Bura məsciddir, bura pislik və bövl etmək yaraşmaz. Burada yalnız Allahı zikr etmək, namaz qılmaq və Quran oxumaq olar.” Yaxud peygəmbərin dediyi kimi. Sonra Peyğəmbər bir kişiyə o yerə bir qab su tökməsini əmr etdi və o suyu həmin yerə tökdu”. Muslim

Beşincisi: Mülayim olmaq
Mülayimlik gözəl əxlaqın təcəssümüdür. Mülayim olan kəsin ətrafında çox sayda insanın olduğunu görmək mümkndür. Əksinə, sərt xasiyyətli kəsdən isə həmişə insanlar uzaqlaşarlar. Uca Allah , hətta gözəl əxlaq nümunəsi olan Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) barədə belə buyurur: «Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar.» (Ali İmran, 159)

Dəvət edərkən mülayim olmaq tələb edilən xüsusiyətlərdəndir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Məkkədən Taifə dəvət üçün getdikdə insanlar Onu daşqalaq edərək qovdular. Mələk gəlib Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) deyəndə ki, istəyirsənsə dağı götürüm onların başına qoyum? O dua edərək dedi: «Allahım onları bağışla, onlar bilmirlər».

Allah Təala Musa peyğəmbəri (Allahın ona salamı olsun) Allahı inkar edən Firona göndərdikdə buyurur: «Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha 43-44).

İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən buyurur: «Bu ayədə bir çox ibrətlər vardır. Firon təkəbbürlüyün ən yüksək həddinə çatmasına baxmayaraq, Allah Təala Musaya onunla mülayim danışmağı əmr edir».

Altıncısı: Səbr
Dəvətdə mühüm səbəblərdən biri də səbirli olmaqdır. Ona görə Allah Təala Qurani-Kərimdə səbirli olmağı tövsiyyə edərək buyurur: «Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir». (Loğman, 17)

Allahın dininə dəvət edən kəsin qarşısına müxtəlif xüsusiyyətlərə malik insan çıxa bilər. Dəvət zamanı müxtəlif hadisələrlə qarşılaşa bilər ki, bu zaman səbirli olmazsa, dəvətinin faydası olmaz.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: Ramil Soltanov