Hədislər toplusu

Dinimiz bizi nə qədər yükləyir?

Hər insan gücü çatan qədər mükəlləfdir

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Hər insan gücü çatan qədər mükəlləfdir

Əbu Hüreyrə (künyəli) Abdurrahman ibn Saxr (Allah ondan razı olsun) demişdir: Mən eşitdim ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Mən sizə nəyi qadağan edirəmsə, ondan çəkinin. Nəyi sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin. Həqiqətən də sizdən əvvəlkiləri çox sual vermələri və peyğəmbərləri ilə mübahisə etmələri həlak etdi.”[1] əl-Buxari və Müslim rəvayət etmişdir.

Şərh

Bir çox insanlar Əbu Hüreyrənin (Allah ondan razı olsun) adını bilmirlər. Buna görə də hədisin rəvayətçisinin adı barədə ixtilaf edirlər. Müəllifin qeyd etdiyi yəni, Abdurrahman ibn Saxr adı, daha düzgün və doğruya daha yaxın rəylərdən sayılır. O, pişik saxladığına görə ona Əbu Hüreyrə (yəni, pişik atası) künyəsi verilmişdir.

“Mən sizə nəyi qadağan edirəmsə, ondan çəkinin.” Qadağa (ərəbcə: nəhy) yuxarıdan verilən çəkinmək tələbidir. Yəni, səndən yuxarıda olan sənin çəkinməni tələb edir. Buna qadağan deyilir.

Məlumdur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) həqiqətən də bizdən üstündür.

“ondan çəkinin” yəni, ondan uzaqlaşın.

“Nəyi sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin” Yəni, onu gücünüz çatan qədər edin.

Qadağan olunanlarla əmr edilənlər arasında fərq budur ki, qadağalara: “bacardığınız qədər” – deyil, “ondan çəkinin” – deyildi. Buna səbəb hər bir insanın qadağadan çəkinə bilməsidir. Lakin əmr edilənləri bəzi adamlar yerinə yetirə bilir, bəziləri isə bacarmırlar. Bu səbəbdən də əmrdə: “onu bacardığınız qədər yerinə yetirin” dedi.

“Həqiqətən də, sizdən əvvəlkiləri” bura, yəhudilər, xaçpərəstlər və başqaları daxildir. Lakin ilk olaraq fikrə gələn yəhudi və xaçpərəstlərdir. Necə ki, Allah təalə buyurur: “…həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları…” (əl-Maidə, 5). Ümumi şəkildə nəzər yetirsək “sizdən əvvəlkiləri” ifadəsinin bütün ümmətləri şamil etdiyini görərik. Lakin vəziyyətin müqayisə edildiyini nəzərə alsaq deyərik: “onlar yəhudi və xaçpərəstlərdir.”

“çox sual vermələri” yəni, boş-boşuna çox şey soruşmaqları.

“və peyğəmbərləri ilə mübahisələri” yəni, onları ixtilafları həlak etdi. (Ərəb dilində) qrammatik təhlilə əsasən, bu cümləni “onları çoxsaylı ixtilafları həlak etdi” kimi də başa düşmək olar. Birinci mənaya görə onlar ixtilaf səbəbindən, ikinci mənaya görə çoxsaylı ixtilaf səbəbindən həlak olmuşdular.

“peyğəmbərləri ilə” yəni, ona qarşı olmaqla. Bu, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) (namaza başçılıq edən) imam barədə sözündə də belə deyilir: “İmam təyin olunub ki, ona tabe olasınız. Onunla mübahisə etməyin…”[2]

Hədisdən çıxan faydalar:

1 – Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qadağan etdiklərindən çəkinməyin vacibliyi. Çünki O buyurmuşdur: “Mən sizə nəyi qadağan edirəmsə, ondan çəkinin.”

2 – Qadağan edilənin azı da, çoxu da şamil edilir. Çünki yalnız bu yolla “çəkinmə” sözü həqiqi məna kəsb edir. Məsələn, bizə sələmi qadağan etmişdir. Bu onun azını da, çoxunu da şamil edir.

3 – Çəkinmək bir işi etməkdən daha asandır. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qadağan etdiklərinin hamısından çəkinməyi əmr etmişdir. Çəkinmək isə daha rahatdır.

İnsan sual verə bilər ki, zəruri halda leş və donuz ətinin yeyilməsi icazəli sayılırsa, nə üçün məcburiyyət qarşısında qalana çəkinmək vacib deyil?

Cavab: Zəruri hallarda haram hökmü qüvvədən düşür. Buna görə də fiqh üsulu[3] qaydalarında deyilir: “Zəruri halda haram, acizlik halında isə vacib yoxdur.”

Sual: Zəruri halda harama yol vermək olar?

Cavab: Olar. Çünki Allah təalə buyurur: “…Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!” (əl-Ənam, 119).

Sual: Məcburiyyət qarşısında harama əl atan insan zəruri həddi aşa bilərmi? Yəni, leş yemək məcburiyyəti qarşısında qalan ondan doyunca yeyə bilərmi? Yoxsa deməliyik: «O, həyatda qalması üçün kifayət edəcək qədər yeməlidir.»

Cavab: Bəzi alimlər bu vəziyyətdə olan insanın yalnız həyatda qalmasına kifayət edəcək qədər yeməsini vacib sayaraq “doyunca yeməsini” demişlər. Lakin məsələyə ətraflı yanaşmaq daha düzgündür. Belə ki, əgər insan yaxın müddətdə icazəli bir şey tapacağını güman edirsə və ya əti sonraya saxlaması üçün bir əşyası varsa, doyunca yeməməlidir. Bu belə olmazsa, doyunca yeyə bilər.

Haramı etməyə məcbur qalmaq nə deməkdir?

Harama məcbur olmaq: “Ondan başqa bir şey tapmamaq və zəruri halı yalnız onunla dəf etmək” – deməkdir. Əgər haram olmayan bir şey tapılarsa, məcburiyyət götürülər və belə edilməsi düzgün sayılmaz.

4 – Əmr edilən işin bacardığın qədərini yerinə yetirmək vacibdir. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Nəyi sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin.”

5 – İnsanın bacarığı və qüvvəsi var. Çünki hədisdə buyurulur: “bacardığınız qədər”. Bu isə cəbərilər[4] təriqətinə rədd sayılır. Onlar deyirlər: “İnsan əməl etməyə məcbur edildiyi üçün onun qüvvəsi yoxdur. Hətta danışıq zamanı kiminsə əlinin hərəkəti, həmin şəxsin öz gücü ilə deyil, məcburi şəkildə edilmişdir.” Şübhəsiz ki, bütün bu deyilənlər çoxlu fəsadlara yol açan puç və əsassız sözlərdir.

6 – Əgər insan vacib bir əmələ tam riayət edə bilmirsə, onu bacardığı qədər yerinə yetirir. Məsələn, fərz namazın ayaq üstə qılınması vacibdir. Lakin bunu bacarmasa oturaraq qılır.

Sual: Əgər insan ayaq üstə qıla bilirsə, lakin o, rükuya qədər dayana bilmirsə, tutaq ki, bir iki dəqiqə dayandıqdan sonra (ağrıyıb və ya) yorulub oturursa, ona: “(Əvvəldən) otur, rükuya az qalmış qalx”, yoxsa: “Namazı ayaq üstə qıl, (nə vaxt) yorulsan otur” deməliyik?

Cavab: Mən bu məsələdə tərəddüd edirəm. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) yaşa dolduqda gecə namazını oturaraq qılırdı. Bir neçə ayə qalmış qalxar və oxuyar sonra rüku edərdi.[5] Bu, oturuşun əvvəldə olmasına, rükuya çatdıqda isə qalxmağa dəlalət edir.

Lakin buna rədd edilərək deyilə bilər: «Nafilə namazında oturaraq qılmaq, rükuya çatdıqda isə ayağa qalxmaq icazəlidir.»

Fərz namazı isə ayaq üstə qılınır. Buna görə də deyirik: «Ayaq üstə başla, sonra yorulsan oturarsan. Çünki sən elə güman edə bilərsən ki, ayaq üstə tam dayana bilməyəcəksən. Amma sonda buna gücün çatacaq. Bu, (düzgün rəyə) daha yaxındır.»

Mən bəzi insanların yəni, qoca və xəstə olanların məsciddə oturaraq namaz qıldıqlarını görürəm. Onlar rükuya az qalmış ayağa qalxırlar. Lakin mən onlara öz etirazımı bildirmirəm. Çünki məndə tutarlı dəlil yoxdur ki, əvvəlcə ayaq üstə başlamalı sonra əgər yorularsa oturmalıdır. Baxmayaraq ki, qaydalara əsasən, o, namaza ayaq üstə başlamalı, yorulduqda isə oturmalıdır.

7 – İnsan Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bir əmrini eşidərkən: “Bu vacibdir, yoxsa müstəhəbdir?” deyə soruşmamalıdır. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: “onu bacardığınız qədər yerinə yetirin.”

8 – Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əmr etdikləri və qadağa qoyduqları, Quranda varid olub-olmadığına baxmayaraq şəriət sayılır. Onlara Qurandakı əmr və qadağaların davamı kimi əməl edilir.

9 – Çoxsaylı, xüsusən də nəticə əldə edilə bilinməyən, misal üçün qeyb məsələlərindən sayılan Allahın ad və sifətləri, Qiyamət gününün necəliyi ilə bağlı məsələlər həlak olmağa səbəbdir. Bunlar haqda çox sual vermək insanı həlak edir. İnsanı boşboğaz və çərənçiyə çevirir.

Lakin insanların ehtiyac duyduqları fiqhi məsələlər barədə, bunun edilməsi zəruri olduqda sual vermək olar. Heç bir zəruri hal olmadıqda isə, tələbədirsə, bunu edə bilər. Yox əgər tələbə deyilsə, artıq sual verməsinə ehtiyac yoxdur.

10 – Əvvəlki ümmətlər çoxsaylı məsələlər və peyğəmbərlərinə qarşı çoxlu etirazlar səbəbi ilə həlak olmuşdur.

11 – Peyğəmbərlərə qarşı çıxmaqdan çəkinmək.

Şeyx Muhəmməd bin Saleh əl-Useymin
Feqih.com heyəti


[1] əl-Buxari: “Kitab və Sünnədən yapışmaq” kitabı, “Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnələri ilə getmək” bölümü, № 6777; Müslim: “Fəzilətlər” kitabı, “Peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun) uca tutmaq” bölümü, № 1337.

[2] əl-Buxari, “Namaz” kitabı, “Dam, minbər və taxta üzərində namaz qılmaq” bölümü, 378-ci hədisdə, Müslim, “Namaz” kitabı, “İmama tabe olanın ona uyması” bölümü, 411-ci hədisdə rəvayət etmişlər.

[3] Şəriət əhkamlarının dəlillərdən götürülmə qaydalarını öyrədən elm.

[4] Qəza-qədər məsələsində İnsanın heç bir ixtiyarının olmadığını, insanın məcbur hərəkət etdiyini iddia edən haqq yoldan azmış təriqət.

[5] əl-Buxari: “Namazı qısa qılmaq” kitabı, “Oturaraq namaz qılmaq” bölümü, № 1068; Müslim: “Müsafirin namazı” kitabı, “Nafilə namazın ayaq üstə və oturaraq qılmağın icazəli olması” bölümü, № 731.