Məqalələr

Dinimiz bidətlərə “YOX” deyir

“Kim bizim etmədiyimiz bir əməli edərsə, o rədd olunar.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Möminlərin anası ummu Abdulla (künyəli) Aişə (Allah ondan razı olsun) demişdir: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun)  buyurmuşdu: “Kim bizim bu işimizə ondan olmayan bir yenilik gətirərsə, o rədd olunar.”[1] əl-Buxari və Müslim rəvayət etmişdir. Müslimin rəvayətində deyilir: “Kim bizim etmədiyimiz bir əməli edərsə, o rədd olunar.”[2]

Şərh

Aişə (Allah ondan razı olsun), möminlərin anası (ərəbcə: ummul-muminin) künyəsi ilə çağırılırdı. Çünki o, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) zövcələrindən biri idi. Allah təalə buyurur: “Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz)...” (əl-Əhzəb, 6). Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun)  zövcələrindən hər biri möminlərin anasıdır.

“Ummu Abdulla” künyədir. Sual edilir ki, Aişənin (Allah ondan razı olsun) övladı olmuşdur ya yox?

Cavab: Bəzi alimlər onun vaxtından əvvəl anadan olmuş lakin yaşamamış övladının olduğunu demişlər. Digər alimlər isə onun nə vaxtından əvvəl, nə də sonra uşağının olmadığını söyləmişlər. Buna baxmayaraq o bu künyə ilə çağırılırdı. Çünki Allaha ən sevimli adlar Abdulla və Əbdürrəhmandır.[3]

Aişə (Allah ondan razı olsun), möminlərin anasının adıdır. O, Əbu Bəkr siddiqin (Allah ondan razı olsun) qızıdır. Aişə (Allah ondan razı olsun), ümmətə çoxlu elm və fiqh rəvayət etmiş hədisçi və fəqih qadınlardan sayılır.

“Kim bizim bu işimizə ondan olmayan bir yenilik gətirərsə, o rədd olunar.” “Kim” sözü (ərəb mətnində) şərt qoyulmasını, “bir yenilik gətirərsə” şərtin felini, “o rədd olunar” ifadəsi isə şərtin cavabını bildirir.

“işimizə” yəni, dinimizə, şəriətimizə.

“ondan olmayan” yəni, Allahın və Onun Peyğəmbərinin şəriətə aid etmədiyi.

o rədd olunar” yəni, o, ixlasla edilsə belə məqbul sayılmaz. Çünki Allah təalə buyurur: “Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (İslama) dönərək – ibadət etsinlər…” (əl-Beyyinə, 5). Həmçinin Allah buyurur: “Kim İslamdan başqa bir din ardınca gedərsə,(o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali İmran, 85)

Müslimin rəvayətində deyilir: “Kim bizim etmədiyimiz bir əməli edərsə, o rədd olunar.” Bu rəvayət, “Kim bizim bu işimizə ondan olmayan bir yenilik gətirərsə” rəvayətindən daha ümumi məna daşıyır. Onun açıqlaması belədir: “Kim hər hansı bir əməl: istər ibadət, istər adi davranış və ya başqa iş edərsə və buna Allahın və Peyğəmbərinin əmri olmazsa, o rədd edilər.”

Bu hədis İslamın əsaslarından biri sayılır. Buna dəlil Allahın ayəsidir: “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın)yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” (əl-Ənam, 153). İrəlidə qeyd etdiyimiz ayələr də bu əzəmətli əsasa dəlalət edir.

Alimlər hamılıqla bildiriblər ki, ibadət yalnız iki məsələnin cəm olması ilə düzgün sayılır.

Birinci: ixlas;

İkinci: Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun)  tabeçilikdir. Tabeçilik məsələsi bu hədisdən və irəlidə qeyd etdiyimiz ayələrdən götürülmüşdür.

Hədisdən çıxan faydalar:

1 – Allahın dininə yaxşı niyyətlə olsa da yenilik gətirməyin haram olması. Hətta qəlbin xoşuna gəlsə və onu məqbul saysa belə olmaz. Çünki bu şeytan əməlidir.

2 – Bilməlisən ki, tabeçilik əməlin şəriətə altı məsələdə müvafiqliyi ilə gerçəkləşir. Onlar aşağıdakılardır: Əməlin səbəbi, növü, miqdarı, keyfiyyəti, zamanı və məkanı.

Əgər bu altı məsələdə şəriətə müvafiq deyilsə, o, batildir və rədd edilməlidir. Çünki Allahın dininə ondan olmayan bir yenilik gətirməkdir.

Birinci, əməlin şəriətə səbəb baxımından müvafiq olması. Yəni, insan müəyyən səbəbdən bir ibadət etsin, amma Allah bunu heç bir səbəbə görə buyurmasın. Məsələn, hər evinə girəndə iki rükət namaz qılsın və bunu sünnə qəbul etsin. Bu, rədd edilməlidir. Baxmayaraq ki, namaz əslən icazəlidir. Lakin onu şəriətdən olmayan bir səbəbə bağladığına görə rədd edildi.

İkinci, əməl şəriətə növdə uyğun olmalıdır. Əgər şəriətdən olmayan bir növ üzrə Allaha ibadət edilsə, bu məqbul sayılmaz. Məsələn, kimsə atı qurban kəssə, bu ondan qəbul edilməz. Çünki növ baxımından şəriətə ziddir. Belə ki, qurban dəvə, inək və qoyun kimi mal-qara növündən olur.

Üçüncü, əməl şəriətə miqdar cəhətdən müvafiq olsun. Əgər şəxs Allaha şəriətin bildirdiyindən artıq ibadət edərsə, bu məqbul sayılmaz. Məsələn, kimsə dəstəmaz əzalarını dörd dəfə yusa, dördüncüsü qəbul olunmaz. Çünki şəriətdə varid olana əlavə etmişdir. Hətta Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun)  rəvayət edilən hədisdə O, dəstəmaz əzalarını üç dəfə yumuş və demişdir: “Kim buna əlavə edərsə, pis bir iş tutmuş, həddini aşmış və zülm etmişdir.”[4]

Dördüncü, əməl keyfiyyətdə şəriətə müvafiq olsun. Əgər insan Allaha ibadət adı ilə hər hansı bir əməl edərək, onu şəriətə zidd keyfiyyətdə yerinə yetirirsə, onun bu əməli qəbul olunmayıb özünə qayıdar. Məsələn, insan namaz qılarkən rüku etməmiş səcdəyə getdi. Onun namazı batildir və məqbul deyildir. Çünki o, keyfiyyətdə şəriətə müvafiq olmadı.

Beşinci, əməl zaman baxımından şəriətə uyğun olmalıdır. Məsələn, kimsə namazın vaxtı çatmamışdan öncə onu qılarsa, bu qəbul olunmaz. Çünki həmin vaxt şəriətin təyin etdiyi zamana müvafiq deyil.

Əgər kimsə bayram namazını qılmazdan öncə qurban kəsərsə, bu da qəbul olunmaz. Çünki zamanı şəriətə uyğun seçməmişdir.

Altıncı, əməl məkan cəhətdən şəriətə uyğun olsun. Məsələn, kimsə məscidlərdə deyil, mədrəsədə və ya evdə etikaf[5] edərsə, onun etikafı şəriətə müvafiq yerdə yerinə yetirilmədiyi üçün düzgün sayılmaz. Belə ki, etikafın yeri məscidlərdir.

Bu altı əsasa diqqət yetir və etdiyin hər bir əməldə onları tətbiq et.

Müslimin rəvayətində deyilir: “Kim bizim etmədiyimiz bir əməli edərsə, o rədd olunar.” Hədisin mənasına görə Allahın və Onun Peyğəmbərinin əmri olmasa o əməl rədd ediləcək. Şübhəsiz ki, bu, ibadətlərdədir. Çünki ibadətlərdə əsas qayda budur ki, onların şəriətdən sayılması üçün dəlil olmalıdır, əks halda (kiminsə Qurana və hədisə əsaslanmadan özündən ibadət icad etməsi) qadağandır.

Əgər Allah üçün hər hansı bir ibadəti edən şəxsə, digəri etirazını bildirsə, o deyəcək: “Bunun qadağan olunduğuna dəlil nədir?” Etiraz edən deyəcək: “Dəlil, ibadətlərdə əsas qayda şəriətdən sübut bildirilənə qədər onların qadağan olmasıdır.”

İbadət olmayan işlərdə isə əsas qayda onların icazəli olmasıdır. İstər bu iş xüsusi və ya ümumi xarakter daşısın.

Xüsusiyə misal, bir nəfərin yemək üçün quş ov etməsidir. Ona etiraz edildikdə, o deyəcək: «Bunun haram olmasına dəlil nədir? Axı (ibadət olmayan işlərdə) əsas qayda onların icazəli olmasıdır.» Necə ki, Allah təalə buyurur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan…” (əl-Bəqərə, 29).

Ümumiyə misal, insanın evi, maşını, paltarı və digər dünyəvi işlərində etdiyi əməlləridir. Kimsə ona bu işlərini etiraz etsə, o deyəcək: “Bunun qadağan olunmasına dəlilin nədir?” Təbii ki, o haqlıdır. Çünki (ibadət olmayan işlərdə) əsas qayda icazə üzərində qurulubdur.

Bu iki qayda çox böyük əhəmiyyət daşıyır.

Buna görə ibadətlərin üç qismi vardır:

Birinci, şəriətin izn verdiyini bildiyimiz ibadətlər icazəli sayılır.

İkinci, şəriətin qadağan etdiyini bildiyimiz ibadətlər yolverilməz hesab olunur.

Üçüncü, (dəlilini) bilmədiyimiz ibadət formalarıdır ki, onlar da etmək olmaz.

Davranışlar və xüsusi xarakter daşıyan işlər də həmçinin üç yerə ayrılırlar:

Birinci, şəriətin icazə verdiyini bildiyimiz işlər mübah (yolverilən) sayılır. Məsələn, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun)  vəhşi eşşək (yəni, zebr) ətini yeməsi.[6]

İkinci, şəriətin qadağan etdiyini bildiyimiz işlər yolverilməz sayılır. Məsələn, yırtıcı dişləri olan vəhşi heyvanlar.[7]

Üçüncü, bizim haqqında heç nə bilmədiyimiz işlər isə mübah (yəni, icazəli) sayılır. Çünki ibadət olmayan işlərdə əsas qayda onlara icazə verilməsidir.

 

Şeyx Muhəmməd bin Saleh əl-Useymin

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti üçün


[1] əl-Buxari: “əs-Sulh” kitabı, “İzə istalahu…” bölümü, № 2697; Müslim: “əl-Əqdiyə” kitabı, “Nəqd əl-əhkəm əl-bətilə” bölümü, №№ 1718.

[2] Mənbəyi irəlidə göstərildi.

[3] Müslim: “Ədəblər” kitabı, “Əbul-qasim künyəsini götürməyin qadağan olması və bəyənilən adlar.” bölümü, № 2132.

[4] Əhməd № 6684; Nəsai: “Təharət” kitabı, “Dəstəmazda həddi aşmaq” bölümü, № 140; İbn Macə: “Təharət və onun sünənləri” kitabı, “Dəstəmazda məqsəd və həddi aşmağın məkruh olması” bölümü.

[5] Dünya işlərindən əl çəkib bəlli günlərdə, müəyyən yerdə ibadətə qapanmaq. Bu adətən ramazan ayının son on günündə edilir.

[6] Müslim: “Ov etmək” kitabı, “Ev eşşəyinin ətinin yeyilməsinin haram edilməsi” bölümü, 1№ 941.

[7] Müslim: “Ov etmək” kitabı, “Vəhşi heyvanlardan yırtıcı dişləri olanları yeməyin haram olması” bölümü, № 1932.