Məqalələr

Dilini qoru- Söymək barədə

Ramil Soltanov

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allahın bizə verdiyi ən böyük və ən üstün nemət olan «Lə İləhə İlləllah»ı onun vasitəsi ilə ifadə etdiyimiz kiçik bir bədən üzvü olan dildir. İnsanların biri-biri ilə ünsiyyət qurmalarında ən mühüm vasitə olan dil ilə biz fikirlərimizi paylaşır, bu və ya digər mülahizələrimizin mübadiləsində mövqeyimizi bildirməyə nail oluruq.

Məhz dilin danışıq üçün nə dərəcədə əhəmiyyətli olduğunu bildirmək üçün Uca Allah Quranda belə buyurur: “Məgər Biz ona iki göz vermədikmi? Bir dil və iki dodaq (vermədikmi?)”əl-Bələd surəsi, 8-9

Başqa bir ayədə isə belə buyurur: “İnsanı yaratdı, ona danışmağı öyrətdi”ər-Rəhman surəsi, 3-4

Uca Allah bu neməti bizə verməklə yanaşı, ondan düzgün şəkildə istifadə etməyi də əmr edərək buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar”, əl-Əhzab surəsi, 70-71

Hər kəs bilməlidir ki, dilinə gətirdiyi hər bir kəlməyə görə Allah qarşısında məsuliyyət daşıyır və sonda, yəni haqq-hesab günündə işlətdiyi hər kəlməyə görə cavab verəcəkdir. Uca Allahın və Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) buyurduğu kimi dil nemətindən istifadə etməyən kimsələr Qiyamət günü xəsarət çəkənlərdən olacaqlar.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) “İnsanları ən çox Cənnətə salan nədir?”– deyə soruşduqda o: “Allahdan qorxmaq və gözəl əxlaq sahibi olmaq” – dedi. “Bəs insanların çoxunu Cəhənnəmə salan nədir?”– deyə soruşduq­da: “Dilləri və övrət yerləri”– deyə buyurdu. Sunən ət-Tirmizi, 2004

Süfyan ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) müraciət edərək dedim: “Ey Allahın Rəsulu! Mənə bir əməl tövsiyə et, ona əməl edim. O (Allahın ona salavat və salamı olsun): “Rəbbim Allahdır»- de. Sonra doğru ol!”– deyə cavab verdi. Sonra yenə soruşdum: “Ey Allahın Rəsulu, mənim üçün ən çox qorxduğun şey nədir?” Əli ilə dilini göstərərəkBu!” — deyə buyurdu. Tirmizi, “Zuhd” kitabı, 2412

Bu hədis bir daha sübut edir ki, Uca Allahın insanlara verdiyi bu kiçik bədən üzvü olan dil insan üçün ünsiyyət baxımından nə qədər mühümdürsə, cavabdehlik baxımından da bir o qədər təhlükəlidir.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Qul bəzən içində nə olduğu bəlli olmayan bir söz söylər və o söz səbəbi ilə atəşin içində, günəşin doğduğu və batdığı yer arasından daha uzaq bir dərinliyə yuvarlanıb gedər” Tirmizi, “Zuhd”  kitabı, 2412

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan digər bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Həqiqətən, adam Allahı razı salan, özünün də fərqinə varmadığı elə bir söz danışa bilər ki, Allah onun sayəsində həmin adamı dərəcələrə yüksəldər. Həmçinin, adam Allahın qəzəbinə səbəb olan, özünün də fərqinə varmadığı elə bir söz danışa bilər ki, Allah buna görə həmin adamı Cəhənnəmə vasil edər»Səhih əl-Buxari 6478

İnsan işlətdiyi hər bir sözə qarşı nə qədər məsuliyyətli olarsa, həm bu dünyanın, həm də axirətin təhlükələrindən bir o qədər uzaq olmuş olar.

Muhəmməd ibn Vasi (Allah ona rəhmət eləsin) demişdir: “İnsanlara dillərini qorumaq dinar və dirhəmi qorumaqdan daha çətindir”. Buna görə də Allah və Rəsulu (Allahın ona salavat və salamı olsun) bizə ya xeyir söyləməyi, ya da susmağı əmr edir.

Sufyan ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Kim Allaha və Axirət gününə inanırsa, ya xeyir söyləsin, ya da ki, sussun”. Sunən ət-Tirmizi 1967, Sunənu İbn Məcah, 3972.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Həqiqətən, Cənnətdə otaqlar vardır ki, içindən çölü, çölündən də içi görünür». Bir nəfər qalxaraq «Onlar kimin üçündür?» – deyə soruşdu. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «Onlar gözəl danışan, kasıbı yedirən, davamlı oruc tutan və insanlar yatdıqda Allah üçün namaz qılan bəndələr üçündür». Sunən ət-Tirmizi, 2718. Albani hədisin “Həsən» olduğunu bəyan etmişdir

Pis sözlər danışmaq insanı həlaka aparan böyük bir vasitədir.

İbrahim ən-Nəxəi (Allah ona rəhmət eləsin) demişdir: «İnsanı iki şey məhv edir; mal və faydasız danışmaq». 

Ömər ibn Abdul-Əziz (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Sözlərini əməli kimi dəyərləndirən şəxs ancaq faydalı sözlər danışar”.

“Ey iman gətirənlər! Bir qövm digərini məsxərəyə qoymasın! Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın! İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Tövbə etməyənlər – məhz onlar zalımlardır”. əl-Hucurat surəsi, 11

Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəm­bər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür”. Səhih əl-Buxari 48, Səhih əl-Muslim 30. Musnədu Əhməd 3903.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “İki nəfər söyüşərsə, ilk olaraq söyü­lən kəs həddi aşmadığı təqdirdə hər ikisinin günahı başlayan kəsə yazı­lar”. Sunənu Əbu Davud 4/274.

Hədisdən bu nəticə çıxır ki, iki nəfər biri-birini söyməyə başlayar­sa, ilk olaraq söyülən şəxs söymədiyi təqdirdə, hər ikisinin söydüklərinin günahı söyüşə ilk başlayan kəsə yazılar. Hər ikisi həddi aşdıqda isə, hərənin günahı özünə yazılar.

İmam Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir: “İnsanların mübahisə etdikləri zaman adətləri üzrə dedikləri sözlərdən eşşək, keçi, it, qoyun, öküz, və s. kimi sözlər işlətməyin iki eybi vardır. Birincisi yalan, ikincisi isə əziyyət verməkdir”. əl-Əzkər, 1/86.

Nəinki insanı, hətta, heyvanı belə söymək qadağan edilmişdir.

Zeyd ibn Xalid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Xoruzu söyməyin! Həqiqətən, o, namaza çağırır”. Sunənu Əbu Davud, 5103.

İnsanın söyüş söyməklə qazandığı böyük günahlardan biri də öz valideynlərini söyməsidir.

Abdullah ibn Amr ibn As (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir nəfərin öz valideynlərini söyməsi ən böyük günahlardandır». Səhabələr: “Kim öz valideynlərini söyər?”– deyə soruşduqda, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Bəli, bir nəfər o birinin atasını söyür, o da qayıdıb həmin şəxsin atasını söyür, anasını söyür o da qayıdıb həmin şəxsin anasını söyür”. Səhuh əl-Buxari 7/69, Səhihu Muslim 1/92

Adi insanları söymək haramdırsa, sağlığında Cənnətlə müjdələ­nən, Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) pis və yaxşı gündə dayaq olan, Allahın razı qaldığı şəxsləri söymək daha şiddətlidir.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Səhabələrimi söyməyin! Nəfsim əlində olana and olsun ki, sizlərdən biriniz Uhud dağı boyda qızılı Allah yolunda xərcləsə belə, onların verdiyi bir ovuca, yaxud yarısına belə çata bilməz”. Səhih əl-Buxari, 3673, Səhih Muslim, 6651

İmam Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir: “Bilin ki, səhabələri söymək haram olan ən böyük günahlardandır”. Şərhu-Muslim ,16/93.

Həmçinin ölmüş kimsəni söymək olmaz.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ölüləri söyməyin”. Sunənu Tirmizi, 1982

Bu da çox müşahidə etdiyimiz bir hal olmaqla bərabər, onu edənlərin ya heç, ya da lazımınca iman gətirmədiyindən xəbər verir. Hədisdəki “söyməyin» sözündə məqsəd, ölünün xoşa gəlməyən əməllərini sayıb tökərək xeyirsiz bir kimsə olduğunu ortaya qoymaqdır. Ölüləri bu cür anmaq, bu hədislə qadağan olunmuşdur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: Ramil Soltanov