Müxtəlif

Dilimizin xərçəngi — Qeybət

Dilin bizə gətirdiyi ən böyük və ən çox ehtiyat etməli olduğumuz günah qeybətdir.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Dilin bizə gətirdiyi ən böyük və bizim də ən çox ehtiyat etməli olduğumuz günahlardan biri də qeybətdir. Qeybət müasir dövrümüzdə demək olar ki, az qala qaçılmaz olan və həddindən çox yayılmış günahlardan biridir. Bu pis əməlin hüdudları o qədər genişlənib ki, hətta istəməsək belə bəzən qeybətin şahidi olmuş oluruq. Artıq bəzilərində vərdiş halını almış bu əməldən yaxa qurtarmağı təəssüf ki, çox az insan bacarır. Qeybət böyük günahlardan hesab olunur. Bütün günahlar, bir qayda olaraq, yayıldığı yerdə və cənginə aldığı insanlar arasında bir sıra fəsadlar törədir ki, sonradan bu fəsadların nəticələrini aradan qaldırmaq, demək olar ki, mümkün olmur. Məsələn, zina yayılan cəmiyyətlərdə insan artımı azalır və ya belə artım olursa da həmin cəmiyyətdə atasız uşaqların sayı çox olur. Müxtəlif xəstəliklər həmin ərazidə böyük problemə çevrilir və s. Qeybət də bir böyük günah olmaqla cismən olmasa da mənəvi problemlərin və qarşıdurmaların ortaya çıxmasına səbəb olur. Elə bu səbəbdən də qeybət, başqalarının haqqını pozmaq bir yana qalsın, insanlar arasında əmələ gətirdiyi fitnə-fəsad sayının çoxluğu ilə tez nəzərə çarpır. Qeybətin yayılmış olduğu sosial qruplar və insanlar arasında onun təsirini demək olar ki, hamı hiss edir və onun acı nəticələrini yaşayır. Həmçinin qeybət insanın qazandığı savabları dəmir pasını tökdüyü kimi tökür. Qeybət edənin məsəli bir adamın yığdığı pulları səpələyib dağıtmasına bənzəyir. Qeybət, Allahın rəhm etdiyi kəslər istisna olmaqla, insanların savablarını bu cür aparır. Uca Allah buyurur: «Onlar həm öz (günah) yüklərini və həm də onlarla yanaşı neçə-neçə yükləri daşıyacaqlar». (əl-Ənkəbut surəsi, 13)

Yaxşı bəs qeybət nədir? Hansı fikirlər qeybət hesab oluna bilər? Əziz oxucu, gəlin İslam dini prizmasından bu sualların cavablarına nəzər yetirək.

Qeybət; bir və ya bir neçə şəxsin müsəlman qardaşının iştirakı olmadan onun haqqında xoşuna gəlmədiyi şeyləri danışmaqdır. Deyilən sözlərin insanın dininə, dünyasına, bədəninə, əxlaqına, həyat yoldaşına, uşağına, xadiməsinə və ya hərəkətlərinə aid olmasının heç bir fərqi yoxdur, əgər arxasınca danışılırsa, qeybət sayılır. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrindən:“Qeybət nədir?”– deyə soruşdu. Səhabələr: “Allah və Rəsulu daha yaxşı bilər”– deyə cavab verdilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Qardaşınızın xoşuna gəlmədiyi şeyi onun arxasınca söyləməkdir”. Səhabələrdən biri: “Əgər söylədiklərim onda varsa, bəs necə?”– deyə soruşduqda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Əgər söylədiklərin həqiqətən onda varsa qeybət etmiş, yoxdursa böhtan atmış olursan”. (Səhih Muslim, hədis 2589)

Bununla da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə bəyan edir ki, hər hansı bir müsəlmanın arxasınca onun xoşlamadığı şeyləri danışmaq qeybət sayılır. Deməli danışılan söhbətin qeybət olması üçün şərtlər bizə məlum oldu. Belə olan təqdirdə haqlı olaraq soruşula bilər ki, bəs sözlə deyilməyən, amma deyiləcək fikri (tələffüz etmədən) kiçik bir işarə ilə bildirmək, yəni, onunla müsəlmanın xoşlamadığı bir şeyi onun xəbəri olmadan kiməsə çatdırmaq – bu da qeybət sayılacaqmı? Cavab belədir ki, qeybət təkcə dillə yox, həmçinin hərəkət, işarə, yazı və ya qeybət edənin məqsədini çatdıran hər bir yolla ola biləcəyinə görə bəli, bu işarə və ona oxşar ünsiyyət forması da qeybət sayılacaqdır. Həsən əl-Basri (Allah ona rəhmət eləsin) buyurmuşdur: «İnsanın arxasında danışmaq üç növdür. Qeybət, böhtan və ifk. Qeybət; dediklərinin həqiqətən (danışdığın) şəxsdə olmasıdır. Böhtan; barəsində danışdığın adamda olmayan şeyi danışmaqdır. İfk (iftira) isə sənə çatan (yalanı) danışmaqdır».

Hazırladı: Ramil Soltanov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment