Əxlaq Məqalələr

Dilimizdəki sözlər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allaha sonsuz həmd və sənalar olsun ki, bizləri müsəlman olaraq yaratdı, haqq olan İslamı bizə tanıtdı və sevdirdi. Nə çox, bu dünyaya insan olaraq gəlib, lakin bu nemətlərdən xəbərsiz olaraq dünyadan köçənlər… Nə xoş bizlərə ki, İslamın gözəlliklərindən və bu gözəllikləri yaşamaqdan məhrum qalmadıq. Bizlər, müsəlman olmamızın, Uca Allaha dini yalnız, Ona xas edərək qulluq etməyimizin necə böyük nemət olduğunu heç bir sözlə dəyərləndirə bilmərik.

Uca Allah, bizləri bir çox nemətlərlə izzətləndirib, həmd də, ən böyük tərif də yalnız Onadır. Bu nemətlərdən biri də, Uca Allahın bizə bəxş etdiyi dil nemətidir. O nemət ki, fikirlərimizi onunla ifadə edir, onun vasitəsi ilə bir — birimizlə ünsiyyətdə oluruq.

Gəlin, hər birimiz bu dil nemətini necə dəyərləndirdiyimizi bir gözdən keçirək.

Bildiyimiz kimi, insan dilindən çıxan hər söz ya onun leyhinə, ya da onun əleyhinədir. Axı, adəmoğlunun başına gələn ən böyük bəlalar çox vaxt dilinin səbəbiylə olur. İnsan, dilinə sahib olmadığı üçün bəzən dünyasına, bəzən də axirətinə zərər verə bilir.

Sevimli peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Müsəlman, dilindən və əlindən digər müsəlmanların əmin olduğu kəsdir. Mühacir də Allahın haramlarını tərk edəndir.» (Buxari)

Əgər, müsəlmanlar bizim vurmaq, döymək kimi əlimizlə meydana gələn zərərlərdən və qeybət, yalan, iftira kimi dilimizlə ortaya çıxacaq pisliklərdən əmin deyillərsə, o zaman bizim İslamımız, Allahın razı qaldığı İslam ola bilərmi?

Dilin insan üzərində bir çox zərərləri olduğu üçündürki İslam, dilə sahib çıxmağı və onu dini çərçivədə qorumağı biz ümmətə fərz etmişdir.

Unutmayaq ki, bizlər, danışdığımız hər şeydən hesaba çəkiləcəyik. Xeyir və ya şərr naminə dilə gətirdiyimiz hər cümlə əməl dəftərinə qeyd edilməkdədir. Allahın hüzurunda durduğumuzda işlətdiyimiz ifadə və cümlələrin bir — bir hesabını verəcəyik. Danışdığımız şeylər xeyirlidirsə mükafatını, şərdirsə cəzasını görəcəyik. Təbii ki, Allahın bağışladığı, rəhm etdiyi kimsələrdən başqa.

Rəbbimiz, Quranda buyurur : «…Çünki onun sağında və solunda duran və hər davranışı yaxalayıb qeyd edən iki mələk vardır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.» (Qaf 17-18)

Bizdən əvvəlkilər, yəni sələflər boş və faydasız danışmağı çirkin görərlərdi. Allahın kitabı, peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) sünnəti, yaxşılığı əmr etmək, pislikdən çəkindirmək və ya zəruri bir ehtiyac haqqında danışmaq istisna, qalan söhbətləri faydasız bilərdilər.

Görəsən, bizlər günün sonunda doldurmuş olduğumuz səhifələri qiyamət günü önümüzdə açılmış və orada qeyd olunan sözlərin çoxusunun dinimiz və dünyamız sarıdan faydası olmadığını gördüyümuzdə, heç mi, utanmayacayıq? Bəs, gec olub fayda verməyən acı peşmançılıq?! Allah qorusun!

Elə isə, sabah peşman olacağımız, qarşımıza çıxarıldığında utanacağımız və hesabını verə bilməyəcəyimiz sözləri danışmamalıyıq.

Bir şeyi də bilməliyik ki, dili qorumaq bütün xeyirlərin başıdır! Dili qorumaq dedikdə ilk ağıla gələn söymək, yalan danışmaq kimi pisliyi aşkar olan əməllər olur. Lakin bunlarla bərabər üzərimizə düşən, dilimizi pis, faydasız və cənnətə götürməyən boş şeylərdən çəkinməklə də dilimizi qorumağımızdır!

Sələflərdən biri demişdir:

«Çox danışan çox xəta edər.
Çox xəta edənin utanma duyğusu azalar.
Utanma duyğusu azalanın təqvası azalar.
Təqvası azalanın da qəlbi qaralar.» Allah qorusun!

Gündəlik həyatımızda, ailə üzvləri arasında, iş yoldaşlarımızla və ya alış-veriş zamanı ola bilər ki, anlaşılmazlıq olsun, mübahisə yaransın. Belə olan halda bir-birimizə qarşı fikirlərimizi kobud, arqo ifadələrlə deyil, gözəl sözlərlə ifadə edək ki, qəlb qırıcı da olmayaq.

Unutmayaq, uca Allahın bizlərə bu buyruğunu: «Qullarıma söylə, sözün ən gözəlini söyləsinlər. Sonra şeytan aralarını pozar. Çünki şeytan insanın açıq – aşkar düşmənidir.» (əl-İsra 53)

Ancaq təəssüf ki, aramızda elə müsəlmanlara rast gəlirik ki, zahiri görkəmi bütünlüklə şəriətə uyğun olur… lakin danışmağa başlayınca, arqo kəlmələr, uyğunsuz, müsəlmana heç yaraşmayan bir danışıq tərzi ilə üz-üzə gəlmiş oluruq. Hətta, bəzən küfrlər…

Bəs, qıldığımız namazlar və digər ibadətlərimiz varkən, niyə bəzilərimizlə hələ də bu haldayıq?! Axı, Rəbbimiz buyurub: «(Ey Muhəmməd) kitabdan sənə vəhy olunanı oxu, namazı da dosdoğru qıl! Çünki namaz insanı həyasızlıqdan və pislikdən uzaqlaşdırır.» (əl-Ənkəbut 45)

Belə olan halda ey özünü sələfə nisbət edən, bacı və qardaşım! Nə qədər gec deyil, gəlin, özümüzə, əməllərimizə çəki düzən verək! Zahirimizi sünnəyə uyğunlaşdırdığımız kimi «dilimizi» də sünnəyə uyğunlaşdıraq. Dilimizi pis sözlərə alışmaqdan qoruyaq! Zövcələr, valideyn və övladlar, qohumlar, qonşular, dostlar bir sözlə, bütün insanlıq! Hamılıqla bir-birimizə qarşı gözəl sözlər söyləyək! Axı, gözəl söz söyləmək sədəqədir!

Və sonda, əziz müsəlmanlar! Sabahladığımız hər yeni günə Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) bu hədisini həyatımıza düstur edərək başlayaq!

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «Adəm övladı səhər qalxdıqda bütün əzaları dilə deyər: «Bizim haqqımıza girəcəyinə görə Allahdan qorx! Sən doğru olduqda biz də doğru oluruq, sən doğru olmadıqda biz də doğru olmuruq» (Sunən ət-Tirmizi, 2587. Albani hədisin «Həsən» olduğunu bəyan etmişdir).

Hazırladı: Ummu Yunus

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment