Əqidə Məqalələr

«Dəvətin xüsusiyyətləri»

Həmd olsun İslamı seçib bütün dinlərdən üstün edən Allaha və Onun hidayət və haqq din ilə göndərdiyi elçisi Muhəmmədə Allahın salavat və salamı olsun.

Həqiqətən, Allahu Təalə dəvət etməyi özünə nisbət edərək onu şərəfləndirmiş və digər əməllərdən üstün etmişdir. Həmçinin, haqq dəvətinin məhz islam dəvəti olduğunu öz qullarına bəlli etmiş və ona müyyən xüsusiyyətlər vermişdir ki, bu xüsusiyyətlərin köməyi ilə onu digər batil dəvətlərdən ayırmaq mümkün olur.

Öncə, xüsusiyyətin lüğəvi və istilahi mənasını anlayaq.

Xüsusiyyət lüğəvi mənada, özünə məxsus olma, fərdi səciyyə daşıma anlamına gəlir.

İstilahi mənada isə, hər-hansı bir şeyi digərindən ayıran, fərqləndirən səciyyəvi cəhət, əlamət, keyfiyyət və ya xassədir.

Dəvət etmək digər əməllərdən hansı səciyyəvi cəhətlərinə görə fərqlənir?

1-ci xüsusiyyət, dəvət etməyin rəbbani bir iş olmasıdır: Çünki, Allahu Təalə dəvət etməyi özünə nisbət edərək insanları Cənnətə çağırır:

{وَاللَّهُ يَدْعُو إِلَىٰ دَارِ السَّلَامِ وَيَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ}

«Allah əmin-amanlıq yurduna (cənnətə) çağırır və istədiyini doğru yola yönəldir» (Yunus surəsi, 25)

Başqa ayədə isə Uca Allah insanları iman gətirməyə çağırır:

{يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى}

«O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi iman gətirməyə çağırır.» (İbrahim surəsi, 10)

Qeyd edək ki, çağırmaq dəvətin lüğəvi mənalarandadır.

2- ci xüsusiyyət, İslam dəvətinin hər şeyi özündə şamil etməsidir. İslam dini şamil və kamil dindir. İnsanı doğulan andan vəfat edən ana qədər öz hökümləri ilə əhatə edir və ona tam şəkildə diqqət yetirir, habelə həyati (ictimai, iqtisadi, siyasi, mədəni və s.) mənfəətlərini də öz dairəsinə alır.

Necəki, Allahu Təala buyurur:

{مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ}

Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. (əl-Ənam surəsi, 38)

Başqa ayədə:

{وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلًا}

Biz hər şeyi təfsilatı ilə izah etdik. (əl-İsra surəsi, 12)

Digər ayədə isə:

{وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ}

«Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik.» (ən-Nəhl surəsi, 89)

3- cü xüsusiyyət, İslam dəvətinin ümumbəşər olmasıdır. Çünki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) risaləsi zamanından və məkanından asılı olmayaraq qiyamətə qədər bütün bəşəriyyətə göndərilmişdir. Əvvəllər peyğəmbərlər yalnız öz qövmləri üçün göndərilərdilər, lakin peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) bütün bəşəriyyət üçün göndərilmişdir.

Necəki, Uca Allah buyurur:

{قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ جَمِيعًا}

«De: Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allah elçisiyəm.» (əl-Əraf surəsi, 108)

Başqa ayədə isə Uca Allah belə buyurur:

{وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ}

«Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların əksəriyyəti bunu bilmir.» (Səba surəsi, 28)

Digər ayədə:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

{تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَىٰ عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا}

Mərhəmətli və Rəhimli Allahın adı ilə

«Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!» (əl-Furqan surəsi, 1)

aləmlər; yəni insan və cinlər.

Beləcə Allaha dəvət etmək tək bir ölkəyə, soya, cinsə, rəngə və ya müəyyən əsirə aid deyil, əksinə soyundan, rəngindən və ya cinsindən asılı olmayaraq hər bir kəsə aiddir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

《وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّار》

«Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən kimsə: istər yahudi olsun, istərsə də nəsrani — mənim haqqımda eşidib, sonra mənim gətirdiyim risaləyə iman gətirmədən ölərsə, mütləq cəhənnəm sakini olacaqdır.» (Muslim, 153)

4- cü xüsusiyyət, İslam dəvətinin ifratçılıq və səhlənkarlıq arasında orta yol tutmasıdır: İslam dini hər bir məsələdə; ibadətlərdə, əqidə məsələlərində, həmçinin əxlaq və davranışlarda, o cümlədən hər bir məsələdə insanları ifratçılıqdan və səhlənkarlıqdan uzaq olub, bu ikisinin arasında olan orta yolu tutmağa çağırır.

Necəki, Allahu Təalə İslam ümməti haqda buyurur:

{وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا}

«Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun.» (əl-Bəqərə surəsi, 143)

Peyğəmbər (sallallahu aleyhi və səlləmə) buyurumuşdur: «Bu din asanlıq dinidir. Dini çətinləşdirən elə bir kəs yoxdur ki, din ona qalib gəlməsin» (Buxari, 39/Muslim, 2816)

5- ci xüsusiyyət, İslam dəvətinin davamlı və hər bir zamana və məkana münasib olmasıdır:

İslam dəvəti bu xüsusiyyətinə görə qiyamətə qədər davam edəcəkdir. Bu barədə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə xəbər verir:

«Ümmətimdən qiyamət saatına qədər haqq üzərində davamlı bir toplum olacaqdır. Onlara qarşı çıxanlar onlara zərər verə bilməyəcəklər.» (Buxari, 71)

Bu dəvət nə üçün davamlıdır?

Cavabı belədir:

A) Çünki, Allahu Təalə onu təhrif olunmaqdan (dəyişilməkdən) qorumuşdur. Buna əsas aşağıdakı ayədir. Allahu Təalə buyurur:

{إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ}

Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (əl-Hicr surəsi, 9)

B) Çünki, bu din kamil və əhatəli dindir. İslam dini, əlavə olunmağı, artırılmağı, yenilənməyi və dəyişdirlməyi qəbul etmir, necəki, Allahu Təalə buyurur:

{الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا}

«Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.» (əl-Maidə surəsi,

Həmçinin Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurmuşdur: «Kim bir əməl edər və o əməl bizim əmrimizə müvafiq olmazsa, o əməl rədd edilər.» (Muslim, 2132)

C) Çünki, Nə önündən, nə arxasından ona batil girişə bilməz. Necəki, Allahu Təalə buyurur:

{لَا يَأْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ ۖ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ}

Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Hikmətli, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. (Fusilət surəsi, 42)

Bu dəvət nə üçün hər bir zamana və məkana yararlı və münasibdir?

Cavab: Bu, keçən xüsusiyyətlərin səmərəsidir; yəni İslamın davamlı olması, orta yol tutması, ümum bəşər və şamil din olması onun hər bir zamana və məkana yararlı və ya münasib olmasını gərəkdirir.

İslam fitrət dinidir. İnsanların vətənlərinin, dillərinin, soylarının, mədəniyyətlərinin müxtəlif olmasına baxmayaraq bu din bütün bəşəriyyəti əhatə edir.

Beləcə; İslam dəvətinin rəbbani bir iş olması, hər şeyi özündə şamil etməsi, ümumbəşər olması, ifratçılıq və səhlənkarlıq arasında orta yol tutması, davamlı olması, hər bir zamana və məkana yararlı və münasib olması həm bu əməli digər əməllərdən seçib üstün edir, həm də məhz islam dəvətinin haqq dəvət olmasını hər kəsə sübüt edir.

Sonda: Bu məqaləni yazmağa müvəffəq edən Allaha həmd və səna edir və Peyğəmbərimiz Məhəmmədə salavat və salam deyirəm.

(Abdul-Lətif ibn həmud ət-Tuveyciri, Ömər Səlim əl-Amrin müzəkkirələrindən və digər etibarlı mənbələrdən; Səhih Buxari, Səhih Müslim və İbn Kəsirin təfsirindən istifadə edildi)