Məqalələr

Dəvət etməyin hökmü və insanların dəvət olunmağa çox ehtiyaclı olması

«Dəvət etməyin hökmü və insanların dəvət olunmağa çox ehtiyaclı olması»

 

Uca Allah buyurur:

قلْ هَٰذِهِ سَبِيلِي أَدعُو إِلَى اللَّهِ ۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِي ۖ وَسُبْحَانَ اللَّهِ وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ

«De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar mötəbər dəlillərə əsasən insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.» (Yusuf surəsi, 108)

Uca Rəbbimiz başqa ayədə buyurur:

ادْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ ۖ وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

«İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.» (ən-Nəhl, 125)

Peyğəmbərimiz (Sallahu aleyhi və Səlləm) buyurub: 《Sizlərdən kim bir münkər görərsə, qoy əli ilə dəyişsin, əgər bacarmazsa, dili ilə dəyişsin, əgər bunu da bacarmazsa, qəlbi ilə dəyişsin, bu da imanın ən aşağı mərtəbəsidir.》

Qeyd: Burada «münkər» deyildikdə Allah və Rəsulunun (Sallallahu aleyhi və Səlləm) qadağan etdiyi şeylər nəzərdə tutulur.

Həmçinin Peyğəmbər (Sallahu aleyhi və Səlləm) buyurmuşdur: 《Məndən bir ayə olsa belə, təbliğ edin (çatdırın)》.

Alimlər (Allah onlara rəhmət etsin) yuxarıda  keçən bu ayə və hədislərə əsaslanaraq dəvətin vacib olduğunu demişlər.

Alimlər həmçinin bu ayə və hədislərə əsasən qeyd etmişlər ki, bir qrup müsəlman dəvətlə məşğul olarsa, qalan müsəlmanlar əfv edilir, yəni dəvət etmədiklərinə görə günah daşımırlar.

Şeyx ibn Bəz (Allah ona rəhmət etsin) bu barədə demişdir: «Artıq alimlər bəyan etmişlər ki, ölkələrə və bölgələrə nisbətən Allaha dəvət etmək fərzi- kifəyədir (bir qurp müsəlmanın dəvət etməsinin kifayət etməsilə, digərlərindən günahın qaldırılması) və qalan müsəlmanlar üçün isə dəvət etmək böyük saleh əməl və təkid olunmuş sünnə olur. Amma, əgər ölkə və ya bölgə əhli özlərindən dəvətçilər təyin etməzlərsə, bu zaman hamısı günah daşıyır  və hər birinə bacardığı qədər dəvət etmək vacib olur. Ümumi ölkələrə gəldikdə isə vacibdir ki, dünyanın hər bir tərəfində Allaha dəvət edən bir dəstə olsun, mümkün yollarla Allahın risaləsini insanlara çatdırsınlar və Allahın əmrlərini onlara izah etsinlər. Necə ki, Peyğəmbərimiz (Sallahu aleyhi və Səlləm) insanlara və hökmdarlara (dəvət etmək üçün) kitablar və dəvətçilər göndərərdi.

Hal-hazırkı vaxtda isə Allah dəvət etməyin və insanlara hüccət çatdırmağın yollarını çox asanlaşdırmışdır; Bu da sosial şəbəkələr, radio, televiziya, qəzet və s. kimi vasitələrlə mümkün olur. Bizdən qabaqkılar üçün isə dəvət etməyi bu qədər asanlaşdırmamışdır».

 

Məqalədən çıxan ümumi nəticə:

1) Hər bir ölkə və ya bölgə əhlinin dəvəçilərə ehtiyacı vardır ki, Allahın dinini öyrənib onlara doğru-düzgün çatdırsınlar.

2) Ölkə və bölgə əhlinə vacibdir ki, özlərindən dəvətlə məşğul olacaq şəxslər təyin etsinlər.

3) Əgər bir toplumda Allaha dəvət edən olmazsa, buna görə hamısı günah daşıyır.