Məqalələr

Dəvət etməyin fəziləti və əhəmiyyəti (2-ci hissə)

Quran Kərimdən və Pak Sünnədən dəlillər:

 

(2-ci hissə)

 

1 — “Allah əmin-amanlıq yurduna (Cənnətə) dəvət edir” sözündə bu işin Allaha nisbət edilməsi, artıq bu işin nə qədər fəzilətli, əhəmiyyətli və şərəfli olmasına kifayət edir. Allahu Azzə və Cəllə buyurur:

{وَاللَّهُ يَدْعُو إِلَىٰ دَارِ السَّلَامِ وَيَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ}

“Allah əmin-amanlıq yurduna (Cənnətə) dəvət edir  və istədiyini doğru yola yönəldir.” (Yunus surəsi, 25).

 

2 — Peyğəmbərlərin (Allahın onlara salamı olsun) yolu ilə gedən dəvətçillərin Allah tərəfindən təriflənməsi, bu əməlin Allah dərgahında özəlliyini və əhəmiyyətini bildirir. Allahu Azzə və Cəllə buyurur:

{وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ}

 

“İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?” (Fussilət surəsi, 33).

 

3- Dəvətçilərin Allah tərəfindən «nicat tapanlar» sözləri ilə vəsf edilməsi də bir özəllikdir. Allahu Azzə və Cəllə buyurur:

{وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ ۚ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ}

 

“Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicat tapanlardır.” (Ali İmran surəsi, 104).

 

4 — Dəvətçilər Peyğəmbərlərin (Allahın onlara salamı olsun) davamçıları və varisləridir. Bütün Peyğəmbərlərin vəzifəsi Allaha dəvət etmək olduğu üçün, dəvət edənlər də bu mirasın daşıyıcısı hesab olunurlar. Allah Peyğəmbərləri məhz dəvət üçün göndərmişdir. Allahu Azzə və Cəllə buyurur:

{وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ ۖ فَمِنْهُمْ مَنْ هَدَى اللَّهُ وَمِنْهُمْ مَنْ حَقَّتْ عَلَيْهِ الضَّلَالَةُ ۚ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ}

“Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan (Allahdan qeyri ibadət olunanlardan) uzaq olun”– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu.” (ən-Nəhl surəsi, 36).

Peyğəmbər (Sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Həqiqətən alimlər Peyğəmbərlərin varisləridir. Peyğəmbərlər özlərindən sonra nə dinar, nə də dirhəm miras qoymurlar. Onlar özlərindən sonra ancaq elmi miras edirlər. Kim onu götürərsə, çoxlu pay sahibi olmuş olar.” (Sünən ət-Tirmizi 2682, Musnəd Əhməd 21715).

 

5 — Dəvət edilən insanın etdiyi bütün xeyirlərin savabı qədər, dəvət edənə də yazılır və heç birinin savabından bir şey azalmır.

Peyğəmbər (Sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Kim doğru yola çağırarsa, ona tabe olanın savabının mislində ona da savab vardır. Heç birinin savabından bir şey əskilməz. Kim də zəlalətə çağırarsa, ona tabe olanın günahının mislində ona da günah vardır və heç birinin günahından bir şey də əskilməz.” (Müslim, 6980).

 

Məqalədən çıxan ümumi nəticə:

1) Ayə və hədislər dəvətin çox fəzilətli və mühüm olmasına dəlalət edir;

2) Allahın dəvət etməyi özünə nisbət etməsi, dəvətçilləri tərifləyib alqışlaması və dəvətçilləri «nicat tapanlar» kimi vəsf etməsi, bu əməlin böyük savab;na dəlalət edir;

3) Dəvətçilər Peyğəmbərlərin davamçılarıdır və dəvət olunan adamın edəcəyi bütün xeyirlərdən dəvətçiyə də pay vardır.

 

 

Elvin Movlayev

Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi