Məqalələr

Dəvət etməyin fəziləti və əhəmiyyəti!

Quran Kərimdən və Pak Sünnədən dəlillər:

(1-ci hissə)

Həqiqətən, Allaha dəvət etmək mühüm işlərdəndir. Bəşəriyyətin ta qədimdən bu günə qədər dəvətə ehtiyacı olmuşdur. Ona görə Allahu Təala insanlara kitablar nazil etmiş və Elçilər göndərmişdir ki, onları küfrün zülmətindən imanın nuruna çıxarsın. Bütün Elçilərin isə əsas dəvəti tövhidə: Allaha ibadət edib ondan başqa ibadət olunanları inkar etməyə olmuşdur.

Uca Allah buyurur:

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ ۖ فَمِنْهُمْ مَنْ هَدَى اللَّهُ وَمِنْهُمْ مَنْ حَقَّتْ عَلَيْهِ الضَّلَالَةُ ۚ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

«Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan (Allahdan qeyri ibadət olunanlar) uzaq olun”– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün, haqqı yalan sayanların aqibəti necə oldu!» (ən-Nəhl surəsi, 36).

Başqa ayədə isə Elçilərin göndərilməsinin əhəmiyyətini və gəliş səbəblərini açıqlayır:

رُسُلًا مُبَشِّرِينَ وَمُنْذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى اللَّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ ۚ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا

“Biz müjdə verən və qorxudan Elçilər göndərdik ki, insanların Elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.” (ən-Nisa surəsi, 165).

İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində deyir: «(Peyğəmbərlər) Allaha itaət edənləri və onun razılığını umanları xeyirlə müjdələyir, Allahın əmrinə müxalif olanları və Elçilərini yalançı sayanları isə əzabla qorxudurlar ki, «insanların Elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın». Yəni Allahu Təala Elçilərini müjdələyən və qorxudan kimi göndərib ki, sevdiyi və razı qaldığı, qəzəbləndiyi və razı qalmadığı şeyləri onlara bildirsinlər. Beləliklə insanların bundan sonra Allaha qarşı bir bəhanəsi olmasın.”

Artıq Allahu Təala Peyğəmbərimiz Muhəmmədi (Sallahu aleyhi və Səlləm) insanlara, doğru yola yönəldən və aləmlərə rəhmət olaraq göndərmişdir.

Uca Rəbbimiz buyurur:

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ شَهِيدًا

«İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir.» (əl-fəth surəsi, 28).

يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا

«Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik.» (əl-Əhzab 45).

وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ

«Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.» (əl-Ənbiyə surəsi, 107).

Peyğəmbərimizin (Sallahu aleyhi və Səlləm) ümməti bütün səmavi kitabların varisləridir. Həmçinin, Peyğəmbərimiz Muhamməd (Sallahu aleyhi və Səlləm) Elçilərin sonuncusudur. Ondan sonra bir daha elçi göndərilməyəcək.

Allahu Təala buyurur:

مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَٰكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ ۗ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا

«Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir.» (əl-Əhzab surəsi, 40).

Qurani Kərim isə özündən əvvəlki bütün səmavi kitabları təsdiqləyir və qoruyur.

Allahu Təala buyurur:

وَأَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ

«(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik.» (əl-Maidə surəsi, 48).

Sonra Allahu Təala Qurani-kərimi bu ümmətə bir miras etmişdir.

Allahu Təala buyurur:

ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا

«Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik.» (Fatir surəsi, 32).

 

Məqalədən çıxan ümumi nəticə:

1) Bütün elçilər dəvət üçün göndərilmişlər. Allaha dəvət etmək çox mühüm tapşırıqdır və insanların dəvət olunmağa çox böyük ehtiyacı vardır;

2) Allahın izni ilə insanları dəvət edərək küfrün zülmətindən imanın nuruna çıxarmaq mümkündür;

3) Allahın sonuncu Peyğəmbəri Muhammədin (Sallahu aleyhi və Səlləm) göndəriş səbəbi bizə məlumdur.

 

Elvin Movlayev

Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi