Məqalələr Müxtəlif

Cənnəti qazandıran əməllər

Rəhimli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Şübhəsiz ki, hər bir müsəlmanın, möminin əsas qayəsi Allahın razılığı olmalı, Onun əmr və qadağasına əməl edib, Rəbbimizin bizlərə vəd etdiyi Cənnətə can atmaqdır və şəkk yoxdur ki, qul Allahın rəhməti sayəsində Cənnətə girəcək. Lakin, Rəbbimiz bizlərə öz kitabında və Rəsulullahın ﷺ sünnətində Cənnəti qazandıran əməlləri bildirmişdir. Mən də bu məqalədə Allahın izni ilə onlardan bir neçəsini qısa olaraq zikr edəcəyəm:
1İman və saleh əməl:
Məhz düzgün iman sayəsində həm bu dünyada, həm də axirətdə xeyir qazanmaq olar. Belə ki, iman tələb olunan ən mühüm məsələ, qarşıya qoyulan ən ali məqsəd və ən böyük hədəf sayılır. Məhz onun sayəsində insan xoşbəxt və firavan həyat sürür, xoşagəlməz hadisələrdən, şərdən və bədbəxtçilikdən canını qurtarır, üstəlik heç vaxt yoxa çıxmayacaq və puç olmayacaq axirət savabına, əbədi nemətlərə və tükənməz xeyir-bərəkətə nail olur. Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq” {ən-Nəhl, 97}.
Uca Allah buyurur: “Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar” {Ta ha, 75}. Uca Allah həmçinin buyurur: “İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır. Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər”{əl-Kəhf, 107-108}.
Uca Allah Öz kitabında belə buyurur: “İman gətirib saleh əməl işləyənləri altından çaylar axan cənnətlərlə müjdələ! Onlara hər dəfə oradan bir ruzi verildikdə: “Bu, daha əvvəl bizim (dünyada) yediyimiz ruzidir”, — deyəcəklər. Halbuki (dünyada) onlara bunun bənzəri verilmişdi. Orada onlar üçün tərtəmiz zövcələr də var. Onlar orada əbədi qalacaqlar.” {əl-Bəqərə, 25}.
Həmçinin Rəbbimiz başqa bir surədə belə buyurur: “Allah mömin kişilərə və mömin qadınlara (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.”{ət-Tovbə, 72}.

2Səbir və təvəkkül:
Qurani-Kərimdə mömini səbirli və təmkinli olmağa səsləyən, onun əhəmiyyətini və təsir qüvvəsini bəyan edən bir çox ayələr mövcuddur. Həmçinin, Qurani-Kərimdə və səhih hədislərdə təvəkkülə xüsusi yer verilmişdir. Təvəkkül imanın vacib şərti olub, kamil bir müsəlmanın ən önəmli vəsflərindən biridir.
Uca Allah buyurur: “Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənləri içində əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnət köşklərinə yerləşdirəcəyik. Yaxşı əməl edənlərin mükafatı necə də gözəldir!O kəslər ki, səbir edər və Rəbbinə təvəkkül edərlər!”{əl-Ənkəbut, 58-59}.
“– Və onlara səbr etdiklərinə görə Cənnəti bəxş edər.” {İnsan, 12}.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir:
“Mənə ümmətlər göstərildi. Mən elə peyğəmbər gördüm ki, onunla kiçik bir dəstə var idi. Elə peyğəmbər gördüm ki, onunla bir və ya iki kişi var idi. Elə peyğəmbər də gördüm ki, onunla bir nəfər belə yox idi. Birdən mənə böyük kütlə göründü. Mən elə hesab etdim ki, onlar mənim ümmətimdir, sonra mənə deyildi ki, bu, Musa və onun qövmüdür. Sonradan böyük bir kütlə gördüm və mənə deyildi ki, budur sənin ümmətin. Onların içində yetmiş min nəfər vardır ki, onlar haqq-hesabsız və əzabsız Cənnətə girəcəklər. Sonra o qalxdı və evinə daxil oldu. İnsanlar isə o kəslər haqqında fikirlər söyləməyə başladılar. Onlardan bəziləri dedi ki, ola bilsin onlar Allahın elçisi (sallallahu aleyhi və səlləm) ilə yoldaşlıq edən kəslərdir. Bəziləri isə dedi ki, ola bilsin ki, onlar İslamda doğulublar və Allaha heç nəyi şərik qoşmayıblar. Və başqa şeylər də söylədilər. Allahın elçisi (sallallahu aleyhi və səlləm) çıxdıqda, onlar bu haqda ona xəbər verdilər. O isə dedi:
“Onlar o kəslərdir ki, özlərinə ruqyə etməyi başqasından istəməzlər; özlərinə damğa vurmaqla müalicə etməyi başqasından istəməzlər; “tətayyur” etməzlər (bəd əlamətlərə inanmazlar) və yalnız öz rəbblərinə təvəkkül edərlər.”
Ukkaşə ibn Mihsan qalxdı və dedi:
“Allaha dua et ki, məni o kəslərdən etsin.”
O, dedi: “Sən onlardansan.”
Sonra başqa bir kişi qalxdı və dedi ki, Allaha dua et, məni də onlardan etsin.
O (sallallahu aleyhi və səlləm), dedi:
“Bunda Ukkaşə səni qabaqladı.”” (Buxari 3410. Muslim 220).

3Doğruluq:
Doğruluq Möminin vəsflərindəndir, insan nə qədər doğru sözlü olarsa və əməlləri ilə sözlərini təsdiqləyərsə, Allaha bir o qədər yaxın olar. Peyğəmbər ﷺ demişdir: “Doğru söz danışın! Çünki doğruluq (adamı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə (adamı) Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət, Allah yanında doğruçu sayılır. Yalan danışmaqdan çəkinin! Çünki yalan (adamı) günah işlərə yönəldir. Günah işlər isə (adamı) Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, nəhayət, Allah yanında yalançı sayılır”. (əl-Buxari “Ədəbul-Mufrad” 386).
Peyğəmbər belə buyurur: “Altı şeyi (yerinə yetirəcəyinizə dair) mənə zəmanət verin, Cənnətə girəcəyinizə dair sizə zəmanət verim: danışdığınız zaman düz danışın, vəd verdikdə onu yerinə yetirin, sizə əmanət verilərsə, onu yiyəsinə qaytarın, ayıb yerlərinizi zinadan qoruyun, gözünüzü (haram buyurlanlardan) çevirin və bir də əlinizlə heç kəsə əziyyət verməyin” (İbn Hibban, 107).
Doğru danışanlar haqda Uca Allah Quranda buyurur: “Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur” {əl-Maidə, 119}.
Həmçinin Allah buyurur: “Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.Onlar Cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar”. {əl-Əhqaf,13-14}.

4Peyğəmbərə ﷺ itaət etmək:
Uca Allah Peyğəmbərə ﷺ itaət etməyi emr edib və bununla insanın dünya və axirətdə nicat tapmasını bildirib.
Pak və Uca Allah belə buyurur: “Bunlar Allahın hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, (Allah) onu (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur”. {ən-Nisa, 13}.
Həmçinin Rəbbimiz başqa bir surədə buyurur: “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” {Əli İmran, 31}.
Əbu Hureyrə (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbərﷺ buyurdu: “Mənim ümmətimdən hamı Cənnətə daxil olacaqdır. Yalnız üz döndərənlərdən başqa”. Səhabələr: “Ya Rəsulullah! Üz döndərənlər kimlərdi?” deyə soruşdular. Peyğəmbər ﷺ: “Kim mənə itaət edərsə o Cənnətə daxil olar.Kim də mənə asi olarsa o, üz döndərmişdir” deyə buyurdu (Buxari).

5Gözəl əxlaq:
Gözəl əxlaq insana həm bu dünyada həm də axirətdə fayda verəcək Rəbbi yanında onun dərəcəsini qaldıracaq səbəb və məxluqatın qəlbində sevgidir, insan üçün rahatlıq və köksün genişliyidir,işlərin asanlığı, dünyada xoş xatirə, axirətdə isə gözəl aqibətdir.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Peyğəmbərdən ﷺ soruşdum: İnsanların ən çox Cənnətə girməsinə səbəb olan əməl hansıdır? Peyğəmbər ﷺ buyurdu:
تقوى الله وحسن الخلق.
“Təqva, yəni, Allah qorxusu və gözəl əxlaq”.
“İnsanların Cənnətə girmələrinə ən çox yardımçı olan, təqva (Allah qorxusu) və gözəl əxlaqdır. Cəhənnəmə səbəb olan isə dil və şəhvətidir”. (Tirmizi, Birr 62).
Gözəl əxlaqlı olmaq tərəzidə ağır gələr, necə ki, Allah Rəsulu ﷺ buyurmuşdur:
«Qiyamət günü mömin qulun tərəzisində gözəl əxlaqdan daha ağır bir şey olmaz. Uca Allah çirkin hərəkətlər edən, çirkin sözlər söyləyən kimsəni sevməz.» (Tirmizi, Birr, 62/2002).

6Elm tələb etmək:
Şübhəsiz ki, ixlasla Allah üçün elm tələb etmək xeyir üzərində olmağın əlamətlərindən və cənnətə gedən yolu asanlaşdıran bir vəsilədir. Necə ki, Peyğəmbərﷺ demişdir:
“Allah kimə xeyir istəyərsə, onu dində fəqih edər (yəni onu dində anlayış sahibi edər)“. (Buxari və Muslim).
İnsanın xeyir üzərində olması onu cənnətə götürən vəsilələrdəndir.
Peyğəmbər ﷺ demişdir:
“Kim elm tələb etmək yolunu tutarsa, Allah onun üçün Cənnətə gedən yolu asanlaşdırar”. (Muslim).

7Valideyinlərə yaxşılıq etmək:
Həqiqətən İslam dinində valideyn haqları barədə, onlara yaxşılıq etməyin fəziləti barədə çoxlu ayə və hədislər var. Onlardan bəzilərini zikr edəcəyəm.
Uca Allah buyurur:
“Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!
Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.
Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır!” {əl-İsra, 23-24-25}.
“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin!” {Nisa, 36} .
Həmçinin Əbu Hureyradan (radiyallahu anhu) rəvayət olunan hədisdə Allah Rəsulu ﷺ belə buyurdu: “Burnu yerlə sürünsün, burnu yerlə sürünsün, burnu yerlə sürünsün.” Dedilər: Kimin ey Allahın Rəsulu? Allah Rəsulu buyurdu: Valideynlərinin hər ikisi vəya biri, onun yanında qocalıq yaşına çatıb, onların səbəbiylə cənnətə girməyənin.” (Muslim 2552. Tirmizi 3545.)
Əbu Dərda buyurur ki,(radiyallahu anhu) Allah Rəsulunun ﷺ belə dediyini eşitdim: “Valideyn Cənnətin orta qapısıdır. Bu qapını itirə də bilərsən, qoruya da bilərsən.” (Tirmizi 1900. Albani, Səhih Tərğib 2486).

Sonda Allahdan bu kiçik məqaləni bizlər üçün faydalı etməsini istəyirəm. Allah bizləri faydalı elmə və saleh əmələ müvəffəq etsin. Aləmlərin Rəbbi olan Allaha həmd və sənalar olsun, Peyğəmbərinə, ailəsinə, əshabına və onlara gözəl şəkildə tabe olanlara Allahın xeyir duası olsun.

Hazırladı: Sənan İsbəndiyarov (Ebu Haris).