Qadınlar üçün

Cənnətdə mömin qadınların halları

Cənnətdəki səadət ancaq kişilərlə məhdud deyildir. O səadət kişi və qadınlar üçündür.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Qadınların onları cənnətdə nələrin gözlədiyi haqda və ya cənnətdəki mömin qadınların durumları haqda sualların çoxaldığını gördüyüm zaman istədim ki, bu mövzuda bir çox faydaları əhatə edən məqaləni səhih dəlillər və alimlərin kəlamlarıyla gücləndirərək cəm edim. Allahdan müvəffəq olmağı diləyərək mövzunu təqdim edirik:

Birinci fayda: Qadınların onları Cənnətdə mükafat və nemət növlərindən nələrin gözlədiyi haqda sualları inkar olunmur. Çünki, bəşər övladının nəfsi onun taleyi və gələcəyi haqda düşüncələrlə alışır. Allahın elçisi (Allahın ona salavat və salamı olsun) də səhabələrin cənnət və oranın necəliyi haqda suallarını inkar etməmişdir. Buna onların cənnətin binası haqda peyğəmbərdən  (Allahın ona salavat və salamı olsun) soruşmalarını aid etmək olar. Peyğəmbər  (Allahın ona salavat və salamı olsun) (bu suala) belə cavab vermişdir: «Bir qat qızıldan, bir qat da gümüşdəndir». (Əhməd və Tirmizi.əl-Əlbani isə hədisi səhihləşdirmişdir (əl-Mişkat-563)) Bir dəfə ona  (Allahın ona salavat və salamı olsun)  dedilər: «Ey Allahın elçisi! Biz cənnətdə öz qadınlarımıza qovuşacağıqmı?» Peyğəmbər  (Allahın ona salavat və salamı olsun)  də onlara bunun baş verəcəyini xəbər verdi». (Əbu Nueym/Cənnətin vəsfi/ əl-Əlbani “səhih hədislər silsiləsi”ndə səhihləşdirmişdir.367)

İkinci fayda: Kişi və qadın olmasından asılı olmayaraq, bəşər övladının nəfsi cənnəti əhatə edən müxtəlif  ləzzətlərin xatırlandığı zaman nəşələnir və (cənnət üçün) darıxır. Bu yaxşı bir şeydir. Bir şərtlə ki, biz saleh əməl etmədən batil bir arxayınçılığa tabe olmayaq. Çünki, Allahu təala möminlərə buyurur. «Xeyirxah əməllərinizin nəticəsi olaraq varis olduğunuz cənnət budur». (Zuxruf, 72)

Beləcə nəfslərini cənnət xəbərlərinə həvəsləndirdilər və bunu əməl ilə təsdiqlədilər.

Üçüncü fayda: Cənnət və onun xoşbəxtliyi qadınlarsız və yalnız kişilərə xas deyildir. «O yalnız Allahdan qorxan qullar üçün hazırlanmışdır». (Ali İmran, 133)

(Cənnətdə) hər iki cinsin nümayəndələrindən olacaqdır. Necə ki, bu haqda Allahu təala buyurmuşdur: «Həm kişilərdən, həm də qadınlardan yaxşı işlər görənlər cənnətə girərlər». (Nisa, 124)

Dördüncü fayda: Qadına gərəkdir ki, cənnətə girəcəyi haqda çoxlu suallar və incə detalları araşdıraraq təfsilata varmaqla – orada onunla necə rəftar ediləcək? – haralara gedəcək? və s. suallarla sanki o (kimsəsiz) öldürücü səhraya qədəm qoyacaqmış kimi özünü məşğul etməsin. Ona yalnız cənnətə girməsiylə başına gəlmiş bütün məyusluq və bədbəxtçiliyinin yox olacağını, bunun daimi və əbədi xoşbəxtçiliyə çevriləcəyini bilməsi kifayətdir. Cənnət haqqında Allahın bu ayəsi ona bəs edər: «Onlara orada heç bir yorğunçuluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar!» (əl-Hicr: 48) Həmçinin, «Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız». (Zuxruf,71)

Ona bütün bunlardan əvvəl Allahın cənnət əhli haqqındakı bu kəlamı bəs edir: «Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar». (Maidə, 119)

Beşinci fayda: Allahın cənnətdəki təəccübləndirici meyvə növləri, gözəl mənzərələri, məskənləri, paltarları (və s) xatırlatması hər iki cinsə də (qadın və kişi olmaqla) şamildir. Onların hamısı bu qeyd olunanlardan yararlanacaqlar. Sonra isə: Allahu təala kişiləri cənnətdə olan hurilər və gözəl qadınları xatırlatmaqla təəccübləndirmiş və cənnətə rəğbətləndirmişdir. Qadınlar haqqında isə bunun mislində bir şey varid etməmişdir. Ola bilsin ki, qadın bunun səbəbi haqqında soruşsun.  Buna,

Birinci cavab odur ki, Həqiqətən də Allah «Allah gördüyü işlərdən sorğu sual olunmaz, onlar isə soruşulacaqlar». (əl-Ənbiya, 23) buyurmuşdur. Lakin, İslamın əsasları və şəriətin dəlilləri baxımından bundakı hikməti ifadə etməkdə bir zərər yoxdur.

İkinci cavab odur ki, məlum olduğu kimi həya qadınların təbiətindəndir. Buna görə də Əziz və Cəlil olan Allah qadınları utanacaqları şeylərə rəğbətləndirməmişdir.

Üçüncü cavab odur ki, məlumdur ki, qadınların kişilərə olan rəğbəti kişilərin qadınlara olan rəğbəti kimi deyildir. Ona görə də Allau təala cənnət qadınlarını xatırladaraq kişiləri (cənnətə) rəğbətləndirmişdir. Bu da peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu sözünü təsdiqləyir: «Özümdən sonra kişilərə qadınlaradan daha zərərli bir şey buraxmadım». (Buxari və Müslim)

Qadınlar isə paltar və qızıl-gümüşlə bəzənməyə olan şövqləriylə kişiləri üstələyirlər. Çünki, bu onların fitrətlərinə qoyulmuş bir şeydir. Necə ki, Allahu təala buyurmuşdur: «Yoxsa onlar ziynət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyən qızlarınımı Allaha nisbət edirlər?» (Zuxruf, 18)

Dördüncü cavab olaraq isə Şeyx ibn Useyminin (Allah ona rəhmət etsin) bu lüğəvi izahını qeyd etmək olar: «Əziz və Cəlil olan Allah ayədə gəlmiş “zövcə`ti” (yəni, qadın zövcələri, yoldaşları) “Əzva`c” üçün (yəni, kişi zövcələr, yoldaşlar üçün) qeyd etmişdir. Çünki, “zövc” (yəni, kişi yoldaş) qadını istəyən və ona rəğbət bəsləyəndir. Buna görə də cənnətdə kişilər üçün qadın zövcələrin olacağı qeyd olunmuş (quranda), qadınlar üçünsə, (ərəbcəsinə “əzva`c” deyilən kişi yoldaşlar qeyd olunmamış,) bu haqda susulmuşdur. Lakin, bunun mənası o demək deyil ki, qadınların cənnətdə yoldaşları olmayacaqdır. Əksinə, onların adəm övladlarından olan zövcələri olacaqdır».(əl-Məcmuus-Səmiyn: 1/175) (Amma bunun sayı haqda inşəallah qarşıda söhbət açılacaqdır)

Altıncı fayda: Qadın (indi qeyd edəcəyimiz) bu hallardan heç cür kənara çıxa bilməz. O da:

Birincisi : Ya evlənməmişdən əvvəl ölür.

İkincisi:Ya boşandıqdan sonra və başqasına ərə getməmiş dünyasını dəyişir.

Üçüncüsü:Ya da evli qadın olur, lakin yoldaşı onunla bərabər cənnətə daxil olmur – bundan Allaha sığınırıq.

Dördüncüsü:Və ya evləndikdən sonra dünyasını dəyişir.

Beşincisi:Ya da o qadının yoldaşı ölür, o da ondan sonra ölənə qədər evlənmir.

Altıncısı:Ya da onun yoldaşı öldükdən sonra bir başqası ilə ailə həyatı qurur.

Bu qeyd edilən hallar qadının dünyadakı hallarıdır. Bu sadaladığımız altı halın hər birinə uyğun cənnətdə xüsusi rəftar olacaqdır.

Birinci misal çəkdiyimizqadın ki, o evlənməmişdən əvvəl ölmüşdür; Allahu — cəllə və Alə — onu cənnətdə dünya əhlindən olan bir kişiylə evləndirəcəkdir. Bu, peyğəmbərin (Allahın ona salavat və salamı olsun) , «Cənnətdə heç bir subay kimsə yoxdur» və ya “Cənnətdə subaylıq yoxdur” kimi anladığımız hədisdir. (Muslim 4382) Şeyx ibn Useymin  (Allah ona rəhmət etsin) demişdir: “Əgər qadın dünyada ikən evlənməmişdirsə, Allah onu cənnətdə gözlərinin ağı-qarası olacaq biriylə evləndirər. Cənnətdəki səadət ancaq kişilərlə məhdud deyildir. O səadət kişi və qadınlar üçündür. Cənnət səadətindən biri də “evlilik”dir». (Məcmu1us-Səmiyn: 1/175)

İkincimisal çəkdiyimizqadın ki, boşanmış halda vəfat etmişdir.(Biz bu haqda təfsilata yol vermədən sadəcə bu halı qeyd etməklə kifayətlənirik)

Üçüncü misal çəkdiyimizqadın ki, onun əri cənnətə daxil olmayacaqdır. Şeyx ibn Useymin  (Allah ona rəhmət etsin) (bu haqda) demişdir: “Əgər qadın cənnət əhlindən olarsa və evlənməzsə və ya onun yoldaşı cənnət əhlindən olmazsa, o qadın cənnətə daxil olduqda cənnətdə cənnətin əhlindən olan evlənməmiş kişilər vardır. Yəni, onlardan biriylə evlənər.” (əl-Məcmu1us-Səmiyn: 1/173)

Dördüncü misal çəkdiyimizqadın ki, o evləndikdən sonra dünyasını dəyişmişdir,o cənnətdə dünyada onun yoldaşı ikən ölən əri ilə birlikdə olacaqdır.

Beşincimisal çəkdiyimizqadın ki, həyat yoldaşı öldükdən sonra heç evlənməmiş və ölənə kimi bu cür qalmışdır; o da cənnətdə həmin əri ilə birlikdə olacaqdır. Altıncımisal çəkdiyimiz qadın ki, onun əri dünyasını dəyişdikdən sonra başqa biriylə evlənmişdir; o qadının birinci ərindən sonra nəqədər evliliyi olsa belə cənnətdə sonuncu yoldaşıyla birlikdə olacaqdır. Bu, peyğəmbərin  (Allahın ona salavat və salamı olsun) bu hədisinə görədir: «Qadın yoldaşlarından sonuncusu ilə birlikdə olacaqdır». (şeyx əl-Əlbaninin “Səhih hədislər silsiləsi”ndən: 1821) və Hüzeyfənin  (Allah ondan razı olsun) öz həyat yoldaşına dediyi sözlərə görədir: «Əgər cənnətdə mənim zövcəm olmaq istəyirsənsə, mən öldükdən sonra evlənmə. Çünki, qadın cənnətdə bu dünyadakı sonuncu yoldaşıyla birlikdə olacaqdır. Buna görə də Allahu təala peyğəmbərin  (Allahın ona salavat və salamı olsun) zövcələrinə ondan sonra (başqasıyla) evlənməyi haram etmişdir. Çünki, o xanımlar peyğəmbərin cənnətdəki xanımlarıdırlar». (eyni mənbə)

Qeyd: Ola bilsin ki, bir kimsə desin: Axı cənazə namazının duasında varid olmuşdur ki; «O qadının həyat yoldaşını (cənnətdə) ondan daha xeyirlisi ilə əvəz et!» (Müslim: 963) Əgər o evli bir qadındırsa, əgər biz onun dünyadakı ərinin cənnətdəki əri olacağını da biliriksə, necə ona bu cür dua edə bilərik? Bəs əgər o evlənməyibsə, onun əri harada olacaq?

Buna cavab: Necə ki, şeyx ibn Useymin  (Allah ona rəhmət etsin) demişdir: «Əgər qadın evli deyilsə, bundan məqsəd əgər o qalarsa (əgər yaşayarsa, qədərinə yazılmış yoldaşından), ona təqdir edilmiş həyat yoldaşından daha xeyirlisidir: Yəni, onun dünyadakı sifətlərindən daha xeyirlisidir. Çünki, Bu dəyişdirmə (birbaşa onların) özlərinin dəyişdirilməsiylə olur. Dəvəni qoyunla dəyişib satmaq məsəli kimi. Həmçinin bu, vəsflərin dəyişdirilməsiylə olur. Necə ki, “Əgər desən ki: «Allah bu insanın küfrünü imanla əvəz etdi». Allahın ayəsində də buyurulduğu kimi: «O gün yer başqa bir yerlə, göylər də başqa bir göylə əvəz olunacaq».(İbrahim: 48) (Ayədəki) Yer elə həmin yerdir lakin, uzanmışdır. Göy də elə həmin göydür, lakin parçalanmışdır». (Bəbul-Məftuh: 3/23-24)

Yeddinci fayda: Qadınlar haqqında peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) varid olan səhih hədisdə buyurulmuşdur: «Mən siz qadınları cəhənnəmin əksər əhli olaraq gördüm». (Buxari;Müslim) Başqa bir hədisdə isə buyurmuşdur: «Cənnətin ən az sakinləri qadınlar olacaqlar». (Buxari,Müslim)

Başqa bir səhih hədisdə varid olmuşdur ki; «Hər bir kişiyə dünya əhlindən olan “iki zövcə” vardır». (Buxari;Müslim) – yəni, dünya qadınlarından.

Bu səbəbdən, alimlər keçən iki hədisin uyğunluğu barədə ixtilaf etmişlər. (Görəsən) Qadınlar cənnətdə, ya cəhənnəmdə daha çoxdurlar? Onların bəziləri demişlər: «Qadınlar çoxluqlarına görə həm cənnətdə, həm də cəhənnəmdə əksəriyyəti təşkil edəcəklər». Qazi İyad demişdir: «Qadınlar adəm övladının əksəriyyətini təşkil edir». (Tarh ət-Təsriyb: 4/270)  Onların bəziləri isə belə demişlər: «Qadınlar keçən hədislərə görə cəhənnəmin əksəriyyətini təşkil edəcəklər. Həmçinin, onlar cənnət huriləriylə bərabər orada cəm olunsalar, cənnət əhlinin əksəriyyətini təşkil edərlər. Beləcə, hurilərlə cənnət qadınlarının birgə sayı cənnətdəki kişilərin sayından çox olar».(ət-Təzkirah: 2/148)

Bir qism alimlər isə belə demişlər: «Əksinə, onlar bu işin başlanğıcında cəhənnəmin əksəriyyətini təşkil edəcəklər. Sonra cəhənnəmdə günahları yanıb təmizlənərək cənnətə qayıdacaq möminə qadınların artmasıyla cənnət əhlinin əksəriyyətinə çevriləcəklər. İmam Qurtubi (rahiməhullah) bu haqda danışarkən, peyğəmbərin (Allahın ona salavat və salamı olsun) “Qadınları Cəhənnəm əhlinin əksəriyyəti gördüm” – ləfzini belə əlaqələndirir: «Ehtimal olunur ki, bu qadınların cəhənnəmdə olduqları vaxta aid edilsin. Amma, onların Allahın şəfaəti və rəhmətiylə cəhənnəmdən çıxmalarından sonra orada heç bir “Lə iləhə illəllah” deyən kimsə qalmayacaq və beləcə qadınlar (say çoxluğuna görə) cənnətin əksəriyyətini təşkil edəcəklər». (Hədiyil-Ərvah – İbn Qeyyimin əsəridir: səh 144)

Hasil olan budur ki, «Qadın gərək çalışsın ki, cəhənnəm əhlindən olmasın».

Səkkizinci fayda: Qadın cənnətə daxil olduqda Allah ona cavanlığını və bəkarətini geri qaytaracaqdır. Bu da peyğəmbərin  (Allahın ona salavat və salamı olsun)  bu hədisinə əsasəndir: «Heç bir qadın qoca olduğu halda cənnətə daxil olmaz…..Həqiqətən, Allah onları cənnətə daxil etdikdə bakirə (qızlar) olaraq daxil edər». (Əbu Nueym/Cənnətin vəsfi: 193/şeyx əl-Əlbani hədisi səhihləşdirmişdir: “İrva`ul-Ğalil” əsəri: 375)

Doqquzuncu fayda: Bəzi əsərlərdə varid olmuşdur ki, onların ibadət etmələrini də nəzərə alarıqsa, Cənnətdə dünya qadınları (yəni, möminə xanımlar) bir neçə dəfə hurilərdən daha gözəl olacaqlar!(Allah daha düzünü bilir) (Hədiyil-Ərvah: 223 və Qurtubinin təfsiri: 16/154 və cənnətin sifəti/ İbn Əbid-Dunyə: 87)

Onuncu fayda: İbn əl-Qeyyim demişdir: «Cənnətdə hər bir kəsin digərlərinin yaxınlığında ola bilsinlər deyə otaqları olacaqdır».(Hədiyil –Ərvah: 75)

Bundan sonra: Bu, o cənnətdir ki, kişilərə də olduğu kimi qadınlara bəzədilmişdir.«Onlar Qadir hökmdarın hüzurunda haqq məclisində olacaqlar!» (Qəmər: 55) buna görə də gərək Allahın razılığını istəyərək heç kəs bu fürsəti itirməsin! Bu qısa ömürdən sonra bizə qalacaq o əbədi həyata hazırlaşmalıyıq! Qoy onda siz qadınların o əbədi həyatı cənnətdə olsun! İnşəallah! Bilin ki, cənnətin mehri iman və saleh əməldir. Bu hədisi daim xatırlayın: «Əgər qadın ona fərz olan beş vaxt namazı qılar, Ramazan orucunu tutar, özünü zinadan qoruyar və ərinə itaət edərsə, ona deyilər: “Cənnətə onun hansı qapısından istəyirsənsə, daxil ol!” (“Səhihul-Cami” əl-Əlbani: 660)

Allahdan istəyirik ki, müsəlman qadınları cənnət səadətinə qovuşdursun! Onları doğru yolda olan və doğru yola çəkilmişlərdən etsin! Onları insan və cindən olan şeytanların çağırış və fəsadlarından qorusun! Amin! Və səllallahummə alə nəbiyyinə Muhəmməd və alə ə`lihi və sahbihi və səlləm!

Qeyd: Bu məqalənin hazırlanmasında ibn Qeyyimin «Hədiyil-Ərvah» əsərindən geniş istifadə olunmuşdur.

Hazırladı: Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment