Məqalələr Müxtəlif

Cənnət əhlinin danışacağı dil hansıdır?

Nə Qurani-Kərimdə, nə də səhih sünnədə cənnət əhlinin danışacağı dilin ərəb dili olması barəsində səhih nəql varid olmamışdır.
Lakin, Təbəraninin «Əvsat» əsərində, Hakim və Beyhəqinin «Şuəbul-İman» əsərlərində və qeyrilərində ibn Abbas -radiyallahu anhu-dən rəvayət olunan hədisdə Rəsulullah ﷺ demişdir: «Ərəbi üç şeyə görə sevin; çünki mən ərəbəm, Quran ərəbcədir və cənnət əhlinin dili ərəbcədir», bu hədis zəifdir, necə ki şeyx Albani öz zəif hədislər silsiləsində həmin hədisin «zəif» olduğunu demişdir. (Hədisin nömrəsi. 160).

Eyni zamanda Təbəraninin «Əvsat» əsərində Əbu Hureyrə — radiyallahu anhu-dan rəvayət etdiyi hədisdə, Rəsulullah ﷺ demişdir: «Mən ərəbəm, Quran ərəbcədir və cənnət əhlinin dili ərəbcədir».

Şeyx Albani «Zəif hədislər silsiləsi»ndə bu hədisə də «zəif» demişdir. (Hədisin nömrəsi. 160).

Şeyxülislam ibn Teymiyədən (rahimahullah) bir sualda soruşulur: «Qiyamət günü insanlar hansı dildə danışacaqlar? Uca Allah insanlara ərəb dilindəmi xitab edəcək? Cəhənnəm əhlinin dilinin fars dilində, cənnət əhlinin dilinin isə ərəb dilində olması nə dərəcədə doğrudur?»

Şeyxülislam ibn Teymiyə (rahimahullah) cavabında deyir:
«Aləmlərin Rəbbi olan Allaha həmd olsun. O gün insanların hansı dildə danışacaqları məlum deyil və Uca Rəbbin xitabını hansı dildə eşidəcəkləri də məlum deyil; Çünki, nə Uca Allah, nə də Onun Rəsulu ﷺ bu barədə bizə heç bir xəbər verməmişdir. Cəhənnəm əhlinin dilinin farsca olması, cənnət əhlinin dilinin isə ərəbcə olması səhih deyildir…» (Məcmu’ul-Fətava, 4/299).

Hasil olan odur ki, cənnət əhlinin danışacağı dil barədə səhih dəlil varid olmamışdır.

Daha doğrusunu bilən Allahdır!

Hazırladı: Nail Paşayev