Hər bir sağlam düşüncəli müsəlmanın inancına görə istər Qurani-Kərimdə, istərsə də hədislərdə keçən hər bir hökmün arxasında bir hikmət vardır. Çünki, İslam şəriətinin təyin etdiyi hər bir əmr yaxud qadağa insanların ümumi məsləhəti və mənfəəti üçündür. Buna istər Qurani-Kərimdə, istərsə də hədislərdə kifayət qədər bir çox nümunələr vardır.
Lakin, bu yazımızda çalağan quşunun öldürülməsində hikmətlərdən birinin nə olması barəsində danışacağıq.
Mövzuya keçmədən öncə qeyd edək ki, biz müsəlmanlar İslam şəriətinin hökümlərində hansısa hikmət axtarmırıq. Çünki, əsl iman edənlər Allahdan gələn hər bir hökmə «eşitdik və itaət» etdik demişdir. Müsəlmanlardan da tələb olunan məhz budur.
Bəzi hökümlərin hikmətini uca Allah bəyan etmiş, bəzilərini isə etməmişdir. Lakin, bəzi hallarda sonrakı illərdə həmən hökmdə olan hikmət insanlara təcrübə ilə bəyan olunmuşdur.
Buna görə də hədis inkarçılarının xüsusilə hikməti bəyan olunmayan hədislərlə müsəlmanlar arasında çaşqınlıq yaratması, məhz bu kimi məsələlərin hikmətinin insanlara bəyan edilməsi zərurətini yaradır. Əksi halda isə qeyd etdiyimiz kimi həqiqi Allaha təslim olan kəs bu kimi şeylərdə hikmət axtarışında deyildir.
İslam dini insanların həyatının və malının tələf olmasından qorumuş, insanlara əziyyət və zərər verən bəzi heyvanların yaxud quşların öldürülməsini əmr etmişdir.
Bu hədislərin birində Allah elçisi (Allahın salamı və salavatı onun üzərinə olsun) belə buyurmuşdur: «Beş növ ziyanverici heyvan vardır ki, onlar Haram bölgəsində və xaricində öldürülər: çalağan quşu, qarğa, siçan, əqrəb və quduz it» [Buxari: 3315, Muslim: 1199].
Bu hədisdə keçən çalağan quşunun öldürülməsinin əmr edilməsində olan hikmətlərdən biri onun meşə yanğınlarına səbəb olmasıdır.
Məlumat üçün qeyd edək ki, bu quşların bir neçə növü vardır. Avropanın əksər hissələrində, həmçinin Afrikada yayılmışdır. Azərbaycanda da Kiçik Qafqaz ərazisində (qara və qırmızı növləri) az sayda rast gəlinir.
Bu quşların yayıldığı ərazilərdən biri də Avstraliya qitəsidir. Avstraliyada son illərdə baş verən güclü meşə yanğınları bir çox yaşayış evlərinin yanmasına, flora və fauna aləminin məhv olmasına gətirib çıxarmışdır. Bu qitənin şimalında yaşayan yerli xalq — aborigenlərin apardıqları müşahidələr nəticəsində bu quşların qeyri-adi davranışları kəşf olunub. Bu xalqın «atəş quşları» adını verdiyi quşların yanğınlara səbəb olduğu bəlli olub. Bu quşlar yanğın olan bölgələrdə qatar-qatar uçuşur, od tutmuş ağac budaqlarını dimdikləri ilə uzaq məsafələrə — yanğın olmayan ərazilərə daşıyırlar, nəticədə isə böyük ölçülü yanğınların baş verməsinə səbəb olurlar.
Məhz 14 əsr bundan öncə meşələrin rast gəlinmədiyi, quraq iqlim tipinə malik Ərəb yarımadasından kənara çıxmayan Allah Rəsulunun (Allahın salamı və salavatı onun üzərinə olsun) bu quşların bizlərə yeni bəlli olan təhlükəsi barəsində xəbər verməsi, hökümdəki hikmətin nədən ibarət olmasını bizə bəyan etmişdir.
Sonda isə qeyd etmək yerinə düşər ki, bu hədis heç də heyvanların öldürülməsi, canlıların məhv edilməsi anlamına gəlmir. Əksinə, dinimiz səbəbsiz yerə canlıların öldürülməsi, onlara əziyyət verilməsini qadağan etmiş, onlara mərhəmətli davranmağı əmr etmişdir ki, bu haqda kifayət qədər hədislər sabit olmuşdur.
Peyğəmbərimiz bizə heyvanı kəsərkən belə gözəl şəkildə, ona əziyyət vermədən, başqa bir heyvanın gözü qarşısında kəsməməyi əmr etmişdir. Bütün bunlar İslam dininin şiddət, zülm yox, əksinə, son dərəcə rəhmət dini olmasının bariz nümunəsidir.
Hazırladı: Nail Paşayev.