Hədislər toplusu

Bütün əməllərin açarı olan möhtəşəm hədis: “Əməllər niyyətlərə görədir”

Şeyx Muhəmməd bin Saleh əl-Useymin

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Möminlərin əmiri Əbu Həfsə Ömər ibn əl-Xəttab  (Allah ondan razı olsun) demişdir: Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu eşitdim: “Həqiqətən əməllər niyyətlərə görədir. Hər bir insana onun niyyət etdiyi verilər. Kimin hicrəti Allaha və Onun Peyğəmbərinə tərəfdirsə, onun hicrəti Allaha və Onun Peyğəmbərinə tərəf olar. Kimin də hicrəti dünya, onun əldə edilməsi və ya qadınla nikahlanmaqdırsa, o hicrət etdiyinə tərəf yönələr”. [1]

Rəvayəti iki hədis alimi Əbu Abdulla Muhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Muğira ibn Bərdizbəh əl-Buxari və Əbul Hüseyn Müslim ibn əl-Həccac ibn Müslim əl-Quşeyri ən-Neysəburi öz “Səhih” adlı əsərlərində nəql etmişlər. Həmin əsərlər ən mötəbər kitablar sayılır.

Hədisin şərhi

“Möminlərin əmiri” – Əbu Həfsə Ömər ibn əl-Xəttabdır (Allah ondan razı olsun) Əbu Bəkr əs-Siddiqin (Allah ondan razı olsun) təyini ilə xəlifəlik ona keçmişdir. Bu, Əbu Bəkrin gördüyü gözəl işlərdən biri idi. Ömərin (Allah ondan razı olsun) xəlifəliyə təyini şəriətə uyğun idi. Çünki onu Əbu Bəkr təyin etmişdir. Əbu Bəkrin özü isə, əshabələrin ona Səqifədə sədaqət andı içməsi (beyəti) ilə təyin olunmuşdur. Ömərin xəlifəliyi Əbu Bəkrin xəlifəliyi kimi şəriətə uyğun idi. Əbu Bəkr Öməri (Allah onların hər ikisindən razı olsun) seçməklə çox yaxşı seçim etmişdir.

“Eşitdim” – sözü Ömərin vasitəçi olmadan birbaşa Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) qəbul etməsinə sübutdur. Təəccüblüdür ki, bu hədisin mühümlüyü ilə yanaşı onu Ömərdən başqa heç kim Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) nəql etməmişdir. Lakin onun Quran və Sünnədən də təsdiqi vardır. Uca Allah Quranda buyurur: “…Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz.” (əl-Bəqərə, 272). Bu, niyyətdir.

Uca Allah buyurur: “Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən…” (əl-Fəth, 29). Bu da niyyətdir.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Səd ibn Əbu Vaqqasa (Allah ondan razı olsun) buyurmuşdu: “Bil ki, Allah üçün nə xərcləsən, hətta yoldaşının ağzına qoyduğun yeməyə görə də savab qazanacaqsan.”[2] Hədisdə buyurulan “Allah üçün” ifadəsi niyyətdir.

Mühüm olanı budur ki, hədis Quran və Sünnədə öz təsdiqini tapıb. Hədisi yalnız Ömərin rəvayət etməsinə baxmayaraq alimlər onu tam məqbul saymışlar. Hətta Buxari “Səhih” adlı əsərini onunla başlamışdır.

“Əməllər” – əməl sözünün cəm formasıdır. O, qəlb, nitq və əzaların yerinə yetirdiyi bütün əməlləri ehtiva edir. Bu cümlə də hər bir əməl növünü əhatə edir.

Qəlb əməlləri dedikdə qəlbdə edilən əməllər nəzərdə tutulur. Məsələn, Allaha təvəkkül, Ona üz tutmaq, Ondan qorxmaq və s.

Nitq əməlləri dedikdə dilin tələffüz etdikləri qəsd olunur. Dil isə çox sözlər danışır. Mən, göz və qulaq istisna olmaqla ondan (yəni, dildən) çox əməl edən digər bir əza tanımıram.

Əllərin, ayaqların və s. etdikləri isə əzaların əməlləri sayılır.

“Əməllər niyyətlərlədir” – ifadəsində niyyətlər sözü cəm formadadır. Onun lüğəvi mənası məqsəd, şəriətdə isə Uca Allaha yaxınlıq üçün ibadətin icrasını planlaşdırmaqdır. Niyyətin yeri qəlbdir. O, qəlb əməllərindən sayılır.

Hədisdə buyurulan niyyət sözündən məqsəd adətləri ibadətlərdən və hətta ibadətlərin özlərini biri-birindən fərqləndirməkdir.

Adətlərin ibadətlərdən fərqləndirilməsinin misalı:

  1. Bir insan yeməyi yalnız şəxsi tələbatına görə yeyir, digəri isə Allahın: “…yeyin-için…” (əl-Əraf, 31) əmrinə itaət edərək yeyir. İkincinin yeməsi ibadət, birincinin yeməsi isə adətdir;
  2. Bir insan sərinləmək üçün su ilə yuyunur. İkinci isə cənabət qüslünə görə su ilə yuyunur. Birinci adət, ikinci isə ibadət sayılır. Buna görə də cənabət qüslü boynunda olan şəxs sərinləmək üçün dənizə girib çıxdıqdan sonra namaz qılarsa bu kifayət etməz. Çünki niyyətin olması zəruridir. Həmin adamın niyyəti ibadət deyil, sərinləmək idi.

Bu səbəbdən də bəzi alimlər demişlər: «Qafillərin ibadətləri adətdir. Ayıq-sayıqların adətləri ibadətdir».

“Qafillərin ibadətləri adətdir” ifadəsinin misalı, bir nəfərin durub adəti üzrə dəstəmaz alaraq namaz qılmasına bənzəyir.

“Ayıq-sayıq olanların adətləri ibadətdir” ifadəsinin misalı, bir adamın Allahın əmrinə itaət göstərərək yemək yeməsidir. O bununla özünün həyatda qalmasını istəyir və insanlardan nə isə təmənna etmir. Bu, ibadət sayılır.

Digəri isə təzə paltar geyinərək bununla özünü yüksək tutmaq istəyir. Belə kəs savab qazanmır. Bir başqası da təzə paltar geyinərək Allahın ona verdiyi nemətləri və imkanlı olmasını insanlara bildirmək istəyir. Bu şəxs savab qazanır.

Bir nəfər cümə günü ən gözəl paltarını geyinir. Çünki həmin gün cümədir. Bu adətdir.

İkinci adam Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) nümunə götürərək ən gözəl paltarını geyinir. Bu ibadət sayılır.

İbadətlərin bir-birindən fərqlənməsinin misalı, bir şəxsin nafilə[3] niyyəti ilə iki rükət namaz qılmasıdır. Digər bir şəxs isə iki rükəti fərz namazı niyyəti ilə qılır. Bu iki əməl niyyətə görə bir-birindən fərqlənir. Biri nafilə, digəri isə vacibdir. Uyğun müqayisələr et.

Deməli, niyyətlə məqsəd ibadətləri bir-birindən, məsələn, nafiləni fərzdən və ya ibadətləri adətlərdən fərqləndirməkdir.

Bil ki, niyyət qəlbdə olur. O, mütləq şəkildə tələffüz edilməz. Çünki sən xain gözləri və qəlblərdə gizlədilənləri bilənə ibadət edirsən. Uca Allah qullarının qəlblərində olanlardan agahdır. Axı sənin məqsədin bilməyən birinin qarşısında dayanmaq deyildir. Ona görə demək olmaz ki, Allah niyyətimi bilsin deyə mən onu dil ilə tələffüz edirəm. Bir halda ki, sən nəfsinin nə vəsvəsə etdiyini bilənin, sənin keçmişini və indini bilənin qarşısında dayanırsan, o zaman niyyəti dil ilə demə. Bu səbəbdən də Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) və Onun əshabələrindən niyyəti dil ilə tələffüz etmələri barədə heç bir dəlil varid olmayıbdır. Niyyətin istər alçaq, istərsə də yüksək səslə dil ilə deyilməsi bidətdir və bu qadağandır. Bəzi elm adamları niyyətin səslə, bəziləri isə səssiz deyilməsinin icazəli olduğunu demişlər. Onlar dediklərini təsdiq etmək üçün qəlbin dilə müvafiq gəlməsini səbəb göstərmişlər.

Amma bu səhv fikirdir. Allah pak və nöqsansızdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə əməl edibmi? Əgər bu, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) şəriətində olsaydı, özü edər və insanlar üçün də açıqlayardı.

Belə rəvayət edirlər ki, Nəcd bölgəsindən olan bədəvi bir ərəb Məscidül-haramda Zöhr namazını qılmaq  istəyir. O, yanında dayanmış tanımadığı bir adamın niyyətini ucadan dediyini eşidir. Zöhr namazına iqamə verildikdə həmin kişi deyir: “Allahım, mən Zöhr namazını qılmağa niyyət etdim. Allah təala üçün dörd rükəti Məscidül-haram imamının arxasında qılıram.” O, təkbir etmək istədikdə bədəvi ona deyir: “Ay kişi səbirli ol. Sən bu günün tarixini, ayını və ilini də deməli idin.” Adam təəccüblənir.

Burada bir məsələ də var. Sual verilə bilər ki, təlbiyə[4] edənin: “Ləbbeykə Allahummə umratən» (Allahın Sənin çağırışınla ümrə edirəm), «Ləbbeykə həccən» (Allahın Sənin çağırışınla həcc edirəm), «Ləbbeykə Allahummə umratən və həccən” (Allahın Sənin çağırışınla ümrə və həcc edirəm) – sözləri niyyətin tələffüz olunması deyilmi?

Cavab: Xeyr. Bu, həccin nişanələrini izhar etməkdir. Buna görə də bəzi alimlər həcc vaxtı deyilən təlbiyənin namazda deyilən təkbiratul-ihram (namazın əvvəlində söylənilən Allahu-əkbər) kimi olduğunu bildirmişlər. Əgər sən təlbiyəni deməsən həccinə başlaya bilməzsən. Necə ki, təkbiratul-ihramı söyləmədən namaza başlaya bilməzsən. Təlbiyə etmək də zikrdir. Zikrlər isə şəriət dəlilləri ilə sübuta yetirilməlidir. Buna görə də bəzi insanların dedikləri aşağıdakı sözlər sünnədən sayılmır. Onlar deyirlər: “Allahım mən ümrə ziyarəti etmək istəyirəm və ya həcc etmək istəyirəm. Onu mənim üçün asanlaşdır.” Çünki belə bir sözü sübuta yetirmək üçün dəlil yoxdur. Deməli, onu deyənlərə etiraz edərkən nəzakətlə: «Qardaşım bunu nə Peyğəmbər r, nə də onun əshabələri demişlər. Elə isə sən də bu ifadələri tərk et.» – sözləri ilə müraciət edə bilərik.

Həmin şəxs desə ki, axı bunu filankəs filan kitabında demişdir. Ona de ki, (haqq) söz Allahın və Onun Peyğəmbərinin  (ona Allahın salavatı və salamı olsun) söylədiyidir.

“Hər bir insana onun niyyət etdiyidir.” – Bu, niyyət edilən işdir. Həmin məsələdə insanlar arasında böyük fərq var. Belə ki, namaz qılan iki nəfər savab baxımından bir-birindən günçıxanla günbatan və ya yerlə göy arasındakı məsafə qədər uzaq ola bilər. Çünki onlardan biri səmimi (ixlaslı yəni, sidq ürəklə Allah üçün namaz qılan), ikincisi isə qeyri-səmimidir.

Tövhid, fiqh, təfsir və ya hədis sahəsində elm öyrənən iki şəxsdən biri Cənnətdən uzaq, digəri isə Cənnətə yaxın ola bilər. Onlar eyni kitabı oxuyur, eyni müəllimin yanında dərs alırlar. Lakin biri fiqh dərsini hakim olmaq üçün öyrənir. Çünki hakimin böyük səlahiyyətləri və nüfuzu var. İkinci isə, fiqhi Muhəmməd (ona Allahın salavatı və salamı olsun) ümmətinin biləni və öyrədəni olmaq üçün öyrənir. Onlar arasında böyük fərq var. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdu: “Kim dünya malını əldə etmək üçün elm öyrənərsə, Cənnətin iyini duymaz.” [5] Elə isə niyyətini izzət sahibi Allaha məxsus edərək ixlaslı ol.

Sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) mühaciri misal çəkərək buyurmuşdur:

Kimin hicrəti…” – Hicrət dilçilikdə hicr, yəni tərk etmək sözündən götürülüb.

Şəriətdə isə, küfr ölkəsindən İslam ölkəsinə köçməyə deyilir.

Burada bir məsələ var. Hicrət vacibdir yoxsa müstəhəbdir?

Cavab budur ki, küfr ölkəsində dinini izhar edə bilməyən hər bir müsəlmana hicrət etmək vacibdir. Onun İslamı hicrət etməsi ilə tamamlanır. Çünki vacibin tamamlanması üçün zəruri olanın özü də vacib sayılır. Necə ki, müsəlmanlar Məkkədən Həbəşistana yaxud da Məkkədən Mədinəyə hicrət etmişdilər.

“Kimin hicrəti Allaha və Onun Peyğəmbərinə tərəfdirsə, onun hicrəti Allaha və Onun Peyğəmbərinə tərəf olar.” – Necə ki, bir kişi Allahı və Onun Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun) istəyərək yəni, Allahdan savab diləyərək və Allaha qovuşmaq istəyərək fəthdən əvvəl Məkkədən Mədinəyə köçmüşdü. Uca Allah buyurur: “Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır. (əl-Əhzab, 29). Deməli, o, Allahı istəyir. Yəni, Allahın razılığını qazanmaq və Onun dininə kömək etmək istəyir. Bu, gözəl istəkdir.

Allahın Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun) istəyir ki, onun tərəfdarı olsun. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə uyğun əməl etsin, müdafiəsində dayansın, ona tərəf çağırsın və qorusun. Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) dininə kömək etsin. Bütün bunlar Allaha və Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun) tərəf hicrət sayılır. Uca Allah qüdsi hədisdə buyurur: “Kim mənə bir qarış yaxınlaşarsa, Mən ona bir dirsək yaxınlaşaram.” [6] Əgər Allahı istəyərsə, Uca Allah buna görə ona əməl etdiyindən də böyük mükafat verər.

Burada bir məsələ var. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vəfatından sonra Ona tərəf hicrət edə bilərikmi?

Cavab: Şəxsən özünə (yəni, cəsədinə) tərəf yox. Bu səbəbdən də Mədinəyə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) şəxsən özünə görə hicrət etmirik. Çünki O, torpağın altındadır. Lakin Onun sünnəsinə və şəriətinə hicrət etmək olar. Buna təşviq edən rəvayətlər varid olmuşdur. Allaha tərəf hicrət hər zaman mümkündür. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) şəxsən özünə və şəriətinə tərəf hicrət onun sağlığında olur. Onun vəfatından sonra isə yalnız şəriətinə tərəf hicrət etmək olar.

Buna misal Uca Allahın ayəsidir: “Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!” (ən-Nisa, 59). Allaha həmişə, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) özünə sağlığında, vəfatından sonra isə sünnəsinə həvalə edilməlidir. Kim bir ölkədən digərinə hədis öyrənmək üçün gedərsə, bu onun Allaha və Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun) tərəf hicrəti sayılar. Kim də bir ölkədən digərinə evlənmək üçün gedərsə və almaq istədiyi qadın, ölkəsinə gəlməyincə ona ərə getməyəcəyini söyləyərsə, o hicrət etdiyinə tərəf yönələr.

“Kimin də hicrəti dünya, onun əldə edilməsi…” – O, filan ölkədə ticarətin gəlirli olduğunu öyrənərək oraya qazanc dalınca gedir. Belə adam dünya malına görə hicrət etmişdir. Ona yalnız istədiyi verilər. Allah da istəsə ki, o, bir şey əldə edə bilməsin, əldə edə bilməyəcək.

(Sonra) Nəvəvi aşağıdakı sözləri demişdir: “Rəvayəti iki hədis alimi Əbu Abdulla Muhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Muğira ibn Bərdizbəh əl-Buxari və Əbul Hüseyn Müslim ibn əl-Həccac ibn Müslim əl-Quşeyri ən-Neysəburi öz “Səhih” adlı əsərlərində nəql etmişlər. Həmin əsərlər ən mötəbər kitablar sayılır.” Yəni, Səhih əl-Buxari və Səhih Müslim. Bu iki kitab hədis elmində ən mötəbər əsərlərdir. Buna görə də bəzi hədis alimləri demişlər: «Onların hər ikisinin yekdilliklə qərar verdikləri hədislər zənnə əsaslanmır, əksinə elmi faydalar daşıyırlar».

Səhih əl-Buxari Müslimdən daha etibarlıdır. Çünki əl-Buxari bir rəvayətçinin digəri ilə görüşməsini şərt qoymuşdur. Amma Müslim onların eyni əsrdə yaşaması ilə kifayətlənərək görüşmə sübuta yetməsə də bunun mümkünlüyünü ehtimal etmişdir. O, Səhihin əvvəlində görüşməni şərt qoyanlara çox qəribə bir etiraz bildirmişdir. Lakin əl-Buxarinin qeyd etdiyi “görüşmənin sübuta yetməsinin zəruriliyi” şərti daha doğru rəydir. Buna baxmayaraq alimlər Müslimin tərtibatının əl-Buxarinin tərtibatından daha yaxşı olduğunu söyləmişlər. Çünki o, hədisi rəvayət etdikdən sonra onun (isnad və mətninin[7]) şahidi və davamı olan rəvayətləri eyni bir yerdə qeyd etmişdir. Lakin əl-Buxari isə hədisi  bölmüşdür. Nəticə olaraq quruluş baxımından “Səhih Müslim”, rəvayət və səhihlik cəhətdən isə “Səhih əl-Buxari” üstündür.

Bəzi alimlər demişlər ki, əl-Buxari olmasaydı Müslim heç nə edə bilməzdi. Çünki əl-Buxari onun şeyxi olmuşdu.

Deməli, hədis səhihdir və yəqinlik ifadə edir. Hədisin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) aid olması nəzəri baxımdan sübuta yetdiyi üçün əqli deyil, nəzəri baxımdan yəqinlik ifadə edir.

Hədisdən çıxan faydalar:

1 – Bu hədis, İslamın əsasını təşkil edən hədislərdən biridir. Buna görə də bəzi alimlər demişlər: “İslamın əsası iki hədisin üzərində qurulmuşdur. Onlardan biri bu, ikincisi isə Aişənin: “Kim bizim etmədiyimiz bir əməli edərsə, o rədd olunar.” – hədisidir.” [8]

Bu hədis qəlb əməllərinin əsasıdır. O, daxilən yerinə yetirilən əməllərin tərəzisidir. Aişənin hədisi isə zahiri əzaların əsasıdır. Məsələn, Allahdan savab və Cənnət istəyən ixlaslı bir kişi çoxlu bidətlər edir. Onun niyyətinə baxdıqda yaxşı niyyət olduğunu, əməllərinə baxdıqda isə şəriətə uyğun olmadığına görə pis və rədd edilən əməllər olduğunu görürük.

Digər bir misala baxaq. İnsan qalxıb lazımi qaydada namazı qılır. Lakin o bunu atasından qorxduğuna görə riyakarcasına edir. Bu cür insan ixlasını itirmişdir. Ona savab yazılmır. Əgər onun niyyətində özünü atasına göstərmək yoxdursa, sadəcə namaz qılmadığı təqdirdə döyüləcəyindən qorxaraq namazı qılarsa ibadəti keçərlidir. Çünki o, namazla Allaha ibadət etmiş olur.

2 – İbadətlərin bir-birindən, həmçinin ibadətlərin davranışlardan fərqləndirilməsinin vacibliyi də bu hədisin daşıdığı faydalardandı. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdu: “Həqiqətən əməllər niyyətlərə görədir.“ Buna namazdan bir misal çəkək. İnsan Zöhr namazını qılmaq istəyir. Bunun üçün o, Zöhrü niyyət etməlidir ki, onu başqasından fərqləndirsin. Əgər o, iki Zöhr namazını qılmalıdırsa, dünənki ilə bugünkü Zöhrü bir-birindən fərqləndirməlidir. Çünki hər namazın (müstəqil) niyyəti var.

Əgər günəş zeniti keçdikdən sonra dəstəmazlı şəkildə evindən çıxan və məscidə gələn bir şəxs, nə Zöhrü, nə Əsri, nə də İşanı qəlbində tutmayıbsa, lakin vaxtın fərz olmasını niyyət edibsə, bu kifayət edər ya yox?

Cavab: İrəlidə qeyd etdiyimiz qaydaya əsasən, kifayət etməz. Çünki o, Zöhrü müəyyənləşdirməyib və bu Hənbəlilərin məzhəbidir.

Bəziləri isə: “kifayət edər və müəyyənləşdirmə şərt deyil” – demişlər. Onlar həmin insanın namaza niyyətini kifayət hesab edərək, namazın vaxtının müəyyənləşməsi ilə namazın özünün də müəyyənləşməsini söyləmişlər. Bu, imam Əhməddən nəql olunan rəvayətdir. Əgər vaxtın vacibliyini niyyət edərsə, kifayət edər. Bu, insanların çətinlik çəkmədən əməl etdikləri doğru (hesab etdiyimiz) rəydir. Çünki hərdən insan tələsik gələrək təkbir edir. O, bunun Zöhr namazı olduğunu düşünmədən imama qoşulur. Lakin o, vaxtın vacibliyini fikirləşmiş və evindən yalnız bu səbəbdən çıxmışdı. Məzhəb[9] rəyinə əsasən deyirik ki, namazı təzədən qılır. Doğru (hesab etdiyimiz) rəyə görə deyirik ki, yenidən qılmır. Bu, ürəyi sakitləşdirir. Çünki belə hallar çox olur. Hətta imam özü bəzən unudaraq vaxtın vacibliyi əsasında təkbir edir. Məzhəb rəyinə görə onun namazı təzədən qılması labüddür. Üstün (hesab etdiyimiz) rəyə əsasən yenidən qılmayır.

3 – İzzət sahibi Allah qarşısında ixlaslı olmağa təşviq də bu hədisin daşıdığı faydalardandır. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) insanları iki qrupa bölmüşdür:

Birinci qrup, əməli ilə Allahın razılığını və axirət yurdunu (Cənnəti) istəyənlərdir.

İkinci qrup birinciyə əks olanlardır.

Bu, izzət sahibi Allah qarşısında ixlaslı olmağa təşviqdir.

İxlasa diqqət vermək və təşviq etmək lazımdır. Çünki birinci və önəmli əsasdır. İnsanlar məhz bu səbəbdən yaradılmışlar. Allah təalə buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat, 56).

4 – Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) gözəl şəkildə öyrətməsi də hədisin faydalarındandır. Belə ki, o, hədisi hissələrə ayıraraq buyurmuşdu: “Həqiqətən əməllər niyyətlərə görədir.” cümləsi əmələ aiddir. “Hər bir insana onun niyyət etdiyi verilər.” cümləsi isə, əməli kimin üçün görməyə aiddir.

Hicrətin iki qismə: dini və qeyri-dini növlərə – ayrılması da gözəl təlim üsulundan sayılır. Bu, gözəl təlim qaydasıdır. Müəllim məsələləri şagirdə birbaşa öyrətməli deyil. Çünki bu halda onlar unudulur. Əksinə, əsaslara, qaydalara və haşiyələrə yer verməlidir. Bu, tələbənin qəlbində elmin qərar tutmasına ən yaxın yoldur. Amma birbaşa çatdırılan məsələlər tez bir zamanda da unudulur.

5 – Hədisin faydalarından biri də Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) sözünün Allah kəlməsinə “və” ilə bağlanmasıdır. Belə ki, hədisdə buyurulmuşdu: “Allaha və Onun Peyğəmbərinə tərəfdirsə…” Burada: “sonra Peyğəmbərinə” deyilmədi. Baxmayaraq ki, bir kişi Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) demişdi: “Allah istəsə və sən istəsən”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona buyurmuşdu: “Əksinə, təkcə Allah istəsə.” [10] Elə isə fərq nədir?

Cavab budur ki, şəriətə aid olan işlərdə “və” işlədilir. Çünki Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) söylədiyi dini iş, Allah təalənin buyurduğu kimidir. Uca Allah buyurur: “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olar.” (ən-Nisa, 80)

Lakin yaradılışa aid olan işlərə gəlincə, heç kim Allahla bərabər tutulmaz. Çünki yaradılışa aid hər şey Allahın iradəsi və istəyindən asılıdır.

“Sabah yağış yağacaq?” sualını verənə “Allah və Peyğəmbəri bilir” deyə cavab verilsə, səhv sayılar. Çünki, hətta Peyğəmbərdə (ona Allahın salavatı və salamı olsun) bu haqda elm yoxdur.

Lakin “Bu haramdır yoxsa halaldır?” sualına cavab verilsə ki: “Allah və Peyğəmbəri bilir”, düzgün sayılacaq. Çünki şəriət məsələlərində Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) verdiyi hökm Allahın verdiyi hökmdür. İzzət sahibi buyurur: “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olar.” (ən-Nisa, 80)

Məsələ: Elm üstündür, yoxsa Allah yolunda cihad?

Cavab budur ki, elm bilik olduğuna görə Allah yolunda cihaddan üstündür. Çünki bütün insanların biliyə ehtiyacları var. İmam Əhməd demişdir: “Saf niyyətli elmə heç nə bərabər tutula bilməz.” Döyüş hər bir fərdə vacib (ərəbcə: fərzu-ayn) ola bilməz. Çünki Allah təala buyurur: “Möminlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır.” (ət-Tövbə, 122) Əgər hər kəsin öhdəsinə düşsəydi, onda bütün müsəlmanlara vacib olardı. Ayədə buyurulur: “Barı, hər tayfadan bir dəstə” yəni, bir dəstə otursun, (ayənin davamında buyurulur:) “elm öyrənmək (sonra da onu dindaşlarına öyrətmək) üçün qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!” (ət-Tövbə, 122).

Lakin müəyyən bir şəxsə: “Sənin vəziyyətində döyüşmək daha üstündür”, digərinə isə: “Sənin üçün elm öyrənmək daha üstündür” deyilə bilər. Əgər insan yüksək zəkaya deyil, şücaətə, gücə və çevikliyə malikdirsə onun üçün döyüş daha üstündür. Çünki o buna daha çox layiqdir. Yox əgər zəkalı, hafizəli və güclü sübuta yetirmə qabiliyyətinə malikdirsə, onun üçün daha üstün elm öyrənməsidir. Bu işin icraçısı baxımından idi. Amma zaman etibarı ilə biz alimlərin çox olduğu bir dövrdə yaşasaq və səngərlərdə döyüşçülərə ehtiyac duyulsa, döyüş daha üstün sayılacaq. Lakin cəmiyyətdə cəhalətin yayıldığı və bidətlərin baş alıb getdiyi bir zamanda yaşasaq, elm daha üstün sayılacaq. Bu gün elm öyrənməyi zəruri edən üç əsas səbəb vardır. Onlar aşağıdakılardır:

  1. Bidətlərin daşıdığı şərlərin zühuru;
  2. Elmsiz fitvaların verilməsi;
  3. Məsələlərdə elmsiz mübahisələrin çoxalması.

Əgər cihad zərurəti yoxdursa, elm öyrənmək daha üstündür.

6 — Hədisin faydalarından biri də hicrətin saleh əməllərdən sayılmasıdır. Çünki bu işdə məqsəd Allah və Peyğəmbəridir. Bu isə öz növbəsində saleh əməllərdən sayılır. Axı sən bu işlə Allaha yaxınlığı nəzərdə tutursan. Allaha yaxınlıq da ibadətdir.

Məsələ: Hicrət vacibdir[11] yoxsa müstəhəb[12]?

Cavab: Məsələnin təfsilatı var. Əgər insan dinini izhar və elan edə bilirsə və buna maneçilik törədən yoxdursa bu halda hicrət müstəhəb sayılır. Əgər bacarmırsa hicrət vacib olur. Bu, müstəhəbin və vacibin qaydasıdır. Buna qeyri-müsəlman ölkələrində riayət edilir. Amma itaətsizlikləri elan və izhar edən fasiq bir məmləkətə gəlincə, biz deyirik ki, əgər insan həmin ölkənin əhalisinin azdığı kimi özünün də azmasından qorxursa, hicrət vacibdir. Əgər qorxmursa, hicrət vacib deyil. Əksinə deyirik ki, əgər onun qalmasında islah (xeyir, fayda) varsa, qalması vacib sayılır. Çünki ölkənin islah, yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək məsələlərində ona ehtiyacı var.

Təəccüblüdür ki, bəziləri İslam ölkəsindən küfr ölkəsinə hicrət edirlər. Əgər islah edən insanlar İslam ölkəsindən çıxıb getsələr, fasiqlərə kim narazılıq bildirəcək? İslah edənlərin azlığı və fitnə-fəsad törədənlərin, fasiqlik edənlərin çoxluğu bir çox ölkələri uçuruma aparmışdı. Əgər o (yəni, adam həmin ölkədə) qalarsa və vəziyyətdən asılı olaraq Allaha tərəf dəvət edərsə, gələcəkdə digərini, digəri isə bir başqasını və bununla da ölkəni islah etmiş olar. İnsanların əksəriyyəti islah olsa, əlində hökm olan da istəməsə belə islah olar. Lakin təəssüflər olsun ki, bu işi korlayanlar elə salehlərin özləridir. Görürsən ki, ixtilafı bağışlanan (və ya üzrlü sayılan) müəyyən dini məsələdə əks mövqedə olduqlarına görə həmin salehlərin sözləri bir olmur. Nəticə etibarı ilə dəstələrə və qruplara bölünürlər. Hal-hazırda, xüsusən də İslamın tam qərar tutmadığı ölkələrdə vəziyyət belədir. Çox vaxt onlar bir-biri ilə, məsələn, namazda əlləri qaldırmaq kimi bir məsələnin üstündə düşmənçilik edir, nifrət yağdırır və az qala döyüşürlər. Mən sizə şəxsən öz başıma gələn bir hadisəni danışacağam.

Bu, Minada olmuşdu. Bir dəfə məsul şəxslərdən biri mənim yanıma Afrika əsilli iki dəstəni gətirdi. Onlar bir-birini küfr etməkdə ittiham edirdilər. Nəyin üstündə?! Bir tərəf deyirdi ki, namaz qılanın (rükudan) qalxdıqda əllərini sinəsinin üzərinə qoyması sünnədir. Qarşı tərəf deyirdi ki, əllərin açıq saxlanılması sünnədir. Baxmayaraq ki, bu, üsul (yəni, əqidə) məsələlərindən deyil, asan bir furu (fiqhi) məsələsi idi. Onlar isə deyirdilər: Xeyr, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurub: “Kim mənim sünnəmdən üz çevirərsə, məndən deyil.”[13] Bu küfrdür və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ondan uzaqlaşmışdır.

Onlar bu fəsadlı düşüncələrinə əsaslanaraq bir-birlərini küfrdə ittiham edirdilər.

Mühüm olan budur ki, İslamın güclü olmadığı ölkələrdə bəzi əhli-islah tərəfdarları bir-birini bidətdə və fasiqlikdə ittiham edirlər. Kaş ki, onlar bir olardılar. İcazəli sayılan ixtilafa düşəndə də qəlbləri genişlənər və beləliklə də bir yumruğa bənzəyərdilər. Ümmət də islah olunardı. Lakin ümmət gördükdə ki, islah və düzgünlük tərəfdarları arasında bir-birinə qarşı dini məsələlərdə bu cür kin-küdurət və söz ayrılıqları var, onların özlərindən və daşıdıqları xeyir və hidayətdən üz çevirəcəklər. Hətta bununla hər şey dəyişə də bilər. Bundan Allaha sığınırıq.

Görürsən ki, dinin xeyir, hidayət, köks genişliyi və qəlb rahatlığı olduğuna rəğmən doğru-düzgünlük tərəfdarlarına qoşulmuş gənc, sonradan bu insanların çox kəskin kin-küdurət və nifrət doğuran ixtilaflarını gördükdə həmin yolu tərk edir. Çünki o, axtardığını burada tapmamışdı.

Son olaraq küfr ölkəsindən hicrət etmək, fasiqlik olan ölkədən hicrət etməklə bir deyildir. Burada insana deyilir ki, səbirli ol və savab qazanmağa niyyətlən. Əgər islah edənsənsə, buna məxsusi olaraq diqqət et. Hətta deyilə də bilər ki, sənə hicrət etmək haramdır.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şeyx Muhəmməd bin Saleh əl-Useymin


[1] əl-Buxari: “Vəhyin başlanması” fəsli, “Peyğəmbərə vəhy gəlməsi necə başlamışdır” bölümü, 1-ci hədisdə; Müslim: “Əmirlik” fəsli, “Peyğəmbərin “Həqiqətən də əməllər niyyətlədir” kəlamı və bu hədisin döyüş və s. əməlləri şamil etməsi” bölümü, 155 və 1907 rəqəmli hədislərdə rəvayət etmişdir.

[2] Buxari: İman kitabı, “Əməllərin niyyətə və məqsədə görə olması, hər insana niyyət etdiyidir” bölümü, hədis № 57; Müslim: “Vəsiyyət üçdə birlədir” kitabı, hədis № 1628 (5).

[3] Nafilə: Heç bir səbəb olmadan könüllü qılınan namaz (i.r.).

[4] Təlbiyə: Həcc və ümrəyə niyyət etdiyini dilə gətirmək (i.r.).

[5] İmam Əhməd (2/338) aşağıdakı mətnlə rəvayət etmişdir: “Kim Allah üçün öyrəniləsi elmi, yalnız dünya mənfəətinin əldə edilməsinə görə öyrənərsə, Cənnətin iyini hiss etməz.” Hədisi həmçinin İbn Məcə “Elm” kitabı, “Elmlə faydalanmaq və ona uyğun əməl etmək” bölümü, 252-ci hədisdə və Əbu Davud “Elm” kitabı, “Elmi Allah təaladan qeyrisi üçün öyrənmək” bölümü, 3664-cü hədisdə nəql etmişlər.

[6] əl-Buxari: “Tövhid” kitabı, Uca Allahın “Allah sizi Öz əzabından çəkindirir.” bölümü, № 6970-ci hədis; Müslim: “Zikr və dua” kitabı, “Allah təalanı zikr etməyə həvəsləndirmək ” bölümü, № 2675-ci hədis.

[7] İsnad: hədis toplayan alimdən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) qədər olan rəvayətçilərin adlarının silsiləvi qeydi.

Mətn: hədisin mətni.

[8] Müslim, “Hökmlər” kitabı, “Saxta hökmlərin pozulması və bidət əməllərin rədd edilməsi” bölümü, 1718-ci hədis.

[9] Yəni hənbəli məzhəbinə görə. (i.r.)

[10] İmam Əhməd (1/214), İbn Macə “Kəffarələr” kitabı, “Allah və sən istəsən deyilməsinin qadağan olması” bölümü, 2117-ci hədisdə rəvayət etmişlər.

[11] Vacib: yerinə yetirmək savab, tərk etmək isə günahdır. (i.r.)

[12] Müstəhəb: yerinə yetirmək savabdır, tərk etmək isə günah deyil. (i.r.)

[13] əl-Buxari: “Nikah” kitabı, “Nikaha rəğbətləndirmək” bölümü, № 4776-cı hədis; Müslim: “Nikah” kitabı, “Gücü çatana evlənməyin müstəhəbliyi” bölümü, № 1401-ci hədis.