Müxtəlif

Bu dua xəzinəniz olsun – Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) tövsiyəsi

Aləmlərin rəbbi olan Allaha həmd olsun. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və əshabələrinə Allahın salavatı və salamı olsun.

Sabitqədəm olmaq olduqca önəmli məsələdir. Elə buna görə uca Rəbbimiz əshabələri belə vəsf etmişdir:

“23. Möminlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki, 24 — Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!” (əl-Əhzab: 23-24).

Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) də həmişə dua edərkən “Allahım mənim qəlbimi dinində sabit et!” – deyərdi.

Dində sabitqədəm olmaq önəmli olduğu üçün istərdik ki, hər bir müsəlman bacı və qardaşımız dində sabitqədəm olsun və bu haqda Şəddad bin Ovs (Allah ondan razı olsun) adlı səhabənin bizə çatdırdığı gözəl dua vardır. Bu duanı ona Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öyrətmiş və bunu XƏZİNƏ adlandırmışdır.

Hər kəs özünə belə bir xəzinə hazırlasın. Həmin hədis belədir:

Şəddad bin Ovs (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm:

“İnsanlar qızıl və gümüşü xəzinə edəndə, siz bu sözləri xəzinə edin: “Allahım Səndən məni işlərimdə sabitqədəm və doğru əməldə əzmkar etməyini diləyirəm. Səndən istəyirəm ki, məni Sənin nemətinə şükr edənlərdən et. Səndən istəyirəm ki, məni Sənə gözəl ibadət edənlərdən et. Səndən istəyirəm ki, mənim qəlbimi sağlam, dilimi doğru et. Səndən Sənin bildiyin xeyirləri istəyi, Sənin bildiyin şərdən Sənə sığınıram. Sənin mənim barəmdə bildiklərindən bağışlanma diləyirəm. Sən həqiqətən qeybi bilənsən.”

(Ərəbcəsi: Allahummə inni əsəlukə əs-səbətə fil əmri, vəl əzimətə fir-r-ruşdi, və əsəlukə şukrə nimətikə, və əsəlukə husnə ibadətikə, və əsəlukə qalbən səlimən, və əsəlukə lisənən sadiqən, və əsəlukə min xeyri mə tələmu və əuzu bikə min şərri mə tələmu və əstəğfirukə limə tələmu. İnnəkə əntə alləmul ğuyub.) (Silsilə əs-Səhihə: 3228).

İbnul Qeyyim (Allah ona rəhmət etsin) “Uddətus Sabirin” adlı kitabında bu hədisi şərh edərkən belə deyir: “Din əzmkarlıq və sabitqədəmlik üzərində qurulmuşdur. Əgər bir insana əzmkarlıq və sabitqədəmlik bəxş edilmişdirsə, o Allahın birliyi və müvəffəqiyyətinə nail olmuşdur. ”

Allahım bizi də dinində sabitqədəm et.

 

Hörmətlə, Feqih.com