Məqalələr

Böyük imtahan günü

Müəllim və tələbənin dialoqu

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Böyük imtahan günü

Müəllim və tələbənin dialoqu

Tələbə: Müəllim siz dərsin bu ünvanı ilə sanki nəyəsə işarə edirsiniz.
Müəllim: Bəli.

Tələbə: Nəyə işarə edirsiniz?
Müəllim: Mən qorxunc imtahana işarə edirəm.

Tələbə: Universitet imtahanı, yoxsa orta məktəb?
Müəllim: Xeyr, mən axirət imtahanını nəzərdə tuturam.

Tələbə: Müəllim, bu başlığı seçməyinizin səbəbi nədir?!
Müəllim: Bu başlığı seçmək fikri universitet imtahanlarından birində nəzarətçi olarkən ağlıma gəlib. Mən tələbələrin həyəcandan necə tər tökdüklərini, necə dua etdiklərini, Allahdan yardım, müvəffəqiyyət dilədiklərini gördükdə belə bir başlıq ağlıma gəldi və dərhal əlimə qələm alıb qiyamətdə böyük imtahan günündə, qorxu və həyəcan anlarında necə hisslər keçirəcəyimizi yazdım.

Tələbə: Doğru deyirsiz. Əslində bu qorxunc imtahandır. Doğrudan da başlıqda yazdığınız kimi, bu böyük imtahandır. Həqiqi uğur bu imtahanda qazanılan uğurdur. Əsl qurtuluş, əsl qələbə odur. O gündə imtahandan kəsilmək, əsl xəsarət, rəzalətdir.
Müəllim: Doğrudur, həqiqətən də dediyin kimidir. Amma burada bir məsələ var!

Tələbə: Nədir o məsələ?
Müəllim: Dünya imtahanlarında, imtahandan kəsilmək və keçmək vardır. Axirət imtahanlarında da elədir. Lakin dünya imtahanında imtahana təkrar daxil olmaq, əvvəlki səhvlərini düzəltmək şansı vardır. Axirətin böyük imtahanında isə imtahanın təkrarı yoxdur. Bu imtahanın nəticəsi əbədi olaraq qalacaqdır.
Cəhənnəm əhli əbədi yaşayacaq, ölmək istəyəcəklər, amma ölə bilməyəcəklər – Allah bizi qorusun.
Cənnət əhli də cənnətdə əbədi yaşayacaq, heç vaxt ölməyəcəklər – Allah bizi oranına sakinlərindən etsin.
İmtahanda həqiqi uğur qazananlar sonunculardır.

Tələbə: Müəllim zəhmət olmasa daha çox məlumat verin!
Müəllim: O zaman dinlə.

Tələbə: buyurun.
Müəllim: Uca Allah buyurur: “Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!” (Qaf: 19).
“Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (əl-Ənam: 93).
“(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman” (əl-Vaqiə: 83).
“Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, (Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi. (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı. Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman.” (əl-Qiyamə: 26-29).

Ey gecəsini və gündüzünü imtahan hazırlığında keçirən, Müsəlman qardaşım və müsəlman bacım…
Yuxusuz gecələrini yorğun-arğın imtahana sərf edən bacım və qardaşım! Dünyan üçün bu qədər çalışırsan, bəs axirət günün üçün nə hazırlamısan?!

Əlbəttə biz bu dünya üçün də çalışmalı, əziyyət çəkməliyik. Dünya imtahanından keçəndə sevinməli, kəsiləndə kədərlənməliyik. Amma bilməliyik ki, ən böyük uğur axirətdə qazanılan uğurdur.

Müsəlman bacım, müsəlman qardaşım…

Böyük imtahandan sonra imtahan yoxdur. Bu imtahan, insanın əzalarının danışacağı, əməllərin ölçülməsi üçün tərəzilərin qurulacağı imtahandır. Bu imtahanda uğur qazanan kimsə əbədi səadətə nail olacaqdır. Kəsilən isə Rəbbinin əzabına tuş gələcəkdir.

Müsəlman bacım, müsəlman qardaşım…

Bir halda ki, biz bu həqiqəti bilirik gərək dünya imtahanından daha çox, böyük imtahan olan günə hazırlıq görək.
Qulaq as, diqqətini cəm et!!! Bax gör keçmiş və gələcək günahları bağışlanmış Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) nə deyir: “Əgər siz mən bilənləri bilsəydiniz, az gülər, çox ağlayardınız”. (səhih əl-Cami: 5263).

Həsən əl-Basri deyir: “Ölüm dünyanı rüsvay edib. Belə ki, aqil insan üçün orada sevinəcək heç nə yoxdur.”

Müsəlman qardaşım və müsəlman bacım…

Qəribəsi budur ki, biz sağlamlığımıza görə sevinir, amma xəstəliyin yaxınlaşdığını unuduruq. Sağlığımıza sevinir, ağrı-acını unuduruq. Aqil xoşbəxt insan, başqasından ibrət dərsi alandır. Sifətu-s-Safvə kitabının müəllifi ər-Rabii Bəzzədən belə rəvayət edir: “Mən insanların gözləri ilə gördükləri, Allah elçilərinin gətirdikləri haqqa qəlbləri ilə şahidlik etdikləri həqiqətə qafil qaldıqlarına, sanki sərxoş olmuş kimi qəflətdə oynadıqlarına TƏƏCCÜB EDİRƏM.”

Ey rəbbinə doğru gedən bəndə!!!

Sələflərimizdən biri dostundan “sənin neçə yaşına var?” deyə soruşur. Dostu, altmış yaşım var deyərək cavab verir. O deyir: “Altmış yaş sahibi olan adam mənzil başına çatmaq üzrədir. Sən altmış ildir ki, rəbbinə tərəf yol gedirsən.”
Hər birimiz, lehimizə və ya əleyhimizə olan əməllərlə Allahın hüzuruna gedirik. Bu gün qorxu içində olan mömin, sabah mütləq əmin-amanlıqda olacaqdır. O gün üçün hazırlıq görən kimsə, yaxşılıq edən kimsədir. Allah da yaxşılıq edənlərin savabını puç etməyəcəkdir.

Fürsəti boşa verənlər isə “Ey rəbbimiz bizi dünyaya qaytar” deyərək, haray çəkəcəklər.
Heç birlisən nə üçün dünyaya qayıtmaq istəyəcəklər?!

Səbəbini Uca Allah açıqlayır: “Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır.” (əl-Muminun: 100).

Müsəlman qardaşım və müsəlman bacım…

Bu, yaşadığımız mühitdə hər birimizin qarşılaşdığı hadisələr fonunda bir xatırlamadır. Hər dəfə dünya imtahanlarını eşitdikdə ən böyük imtahanı, axirət imtahanını da yada salmaq lazımdır.

Son duamız Allahın elçisi Muhəmmədə salavat və salam olsun deməkdir.

Fəqih.com saytı üçün hazırlanıb