Uşaqlar üçün

Biz niyə namaz qılırıq?

Namaz — Rəbbimizin əmridir!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Balaca müsəlman, yəqin ki, valideynlərin və yaxınların səni tez-tez öz sıralarına dəvət edərək, onlarla birlikdə ən şərəfli ibadətlərdən olan namaz qılmağa alışdırır, təharətin, dəstəmaz almağın ədəblərini öyrədirlər. Onlar sənin layiqli bir övlad olman üçün, Allahın səni sevməsi üçün sənin də namazı sevməyini çox istəyirlər. Axı artıq körpə deyilsən, yaxşını pisdən, təmizi natəmizdən ayıra bilirsən.

Bəs bilirsənmi, biz niyə namaz qılırıq?

Namaz — Rəbbimizin əmridir. Allah bizə çoxlu gözəlliklər bəxş edib. Ətrafımızda hara baxsaq Rəbbimizin nemətlərini görə bilərik. Əllərimiz, ayaqlarımız, gözlərimiz, ailəmiz, dostlarımız, sevdiklərimiz… saymaqla qurtarmaz. Bütün bunların müqabilində isə gün ərzində cəmi bir neçə dəqiqəmizi ayıraraq, namazla Ona öz təşəkkürümüzü bildirmək bizlərə əmr olunub. Axı sevimli kitabımız Quranda deyilir: “Rəbbin üçün namaz qıl” (Quran, Kövsər, 2).

Namaz — bizi pis işlərdən çəkindirir.  Bütün diqqətimizi namazda oxuduğumuz ayə və zikrləri düşünməyə sərf etsək, növbəti namazın vaxtı yetişənədək sanki batareyanın enerji ilə dolduğu kimi bədənimiz yaxşılıq enerjisi ilə dolur. Ona görə də əksər hallarda namazlarını necə gəldi yox, səmimi qəlbdən qılan insanları daim həyatın bütün sahələrində yaxşı əməllər edərkən görmək mümkündür. Quranda deyildiyi kimi: “Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir.” (Quran, Ənkəbut, 45).

Namaz — ilk soruşulan əməldir. Qiyamət  günü bütün yaxşı və pis insanlar etdikləri əməllərə görə Allahın hüzurunda sorğu-sual olunacaqlar. İnsanın yaxşılardan olmasının ən birinci göstəricisi namazlarıdır. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “Qiyamət günü hər bir bəndədən soruşulacaq ilk əməl namaz olacaq. Namazına doğru-düzgün əməl etmişsə nicat tapacaq.” Tabərani.

Namaz — dinimizin dirəyidir. İslam dini ən kamil və sonuncu dindir. İnsanın İslamda olmasını onun davamlı namaz qılması təsdiqləyir. Möhkəm bir dayaqdan yapışan adam necə yıxılmaqdan özünü qoruyursa, namazlarından yapışan insan da eləcə İslam dininə bağlılığını göstərmiş olur. Sevimli peyğəmbərimiz Muhəmməd (Allahın ona salavat və salamı olsun) demişdir: “Hər bir işin əsası İslam, dayağı namaz və zirvəsi isə cihaddır”.  Tirmizi.

Namaz — Peyğəmbərimizin yoludur.  Muhəmməd peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) namaz qılmağı o qədər çox sevərdi ki, ayaqları şişənədək bütün gecəni bu ibadətdən əl çəkməzdi.  Yorulmaq bilmədən qıldığı namazlarını “gözümün nuru” adlandırardı. (Nəsai)

Namaz — Cənnətə girməyimiz üçün səbəbdir. Namazlarını ancaq Allahın razılığını qazanmaq üçün qılanlar bütün gözəlliklərin toplandığı Cənnətə daxil olacaq, mükafatlanacaqlar. Qurani Kərimdə Cənnətə daxil ola bilməyənlərdən bunun səbəbi soruşulduqda onların belə dediyi bildirilir: “Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar –günahkarlar barəsində.  Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.” (Quran, Müddəsir 40-43).

Namaz qılanın günahları silinir. Bütün adamlar xəta edə bilər. Əsas olan insanın səhvini başa düşüb, Allahdan onu bağışlamasını istəmək, sonra isə yaxşı əməllər görməkdir. Yaxşı əməllərdən ən vacibi namazdır. Namaz qılan insan Allahın sonsuz mərhəməti sayəsində nəinki savab əldə edir, həm də günahları silinmiş olur. Elə buna görə də sevimli Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir:Bir deyin görüm, sizlərdən birinin qapısının önündən çay axsa, o da hər gün bu çayda beş dəfə yuyunsa, onun bədənində olan çirkabdan bir şey qalarmı? Beş vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah bu namazlarla günahları silib aparır!”  Buxari.

Namaz qılanlardan Allah razı qalar. Allahın sevgisini qazanmaq çox vacib məsələdir.  Namazlarını kim gözəl qılarsa, Uca Rəbbimiz onu daha çox sevər. Quranda İsmayıl peyğəmbəri tərifləyərkən Allah belə buyurur: “O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı.” (Quran, Məryəm, 55).

Namaz — nurdur. Bir şeyi tərtəmiz yuyub sildikdə, o parıldayar, işıq saçar. Namaz qılan insanın halı da buna bənzəyir. Muhəmməd Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: Kim namazlarını vaxtlı-vaxtında qılsa, Qiyamət günü bu namazlar onun üçün bir nur, bir dəlil-sübut olar, həm də ona uğur qazandırar.” İmam Əhməd.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Ummu AbdulAziz