Məqalələr

Bir saatınız qaldı…

Əslində hər birimizin, ölümə bir saat yaxınlaşacağı an gəlməyəcəkmi?

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Təcili xidmətdəydim. Peşəyə yeni başlamanın həyəcan və zövqünü yaşayır, ‘həkim’ xitabına alışmağa çalışırdım. Hər bir böyük xəstəxananın təcili xidmətində olduğu kimi, burada da növbə hissəsi canlı keçirdi. Təcrübəli mütəxəssis həkimlərin yanında mənə çox məsuliyyət düşmürdü. Mən yalnız olub bitənləri diqqətlə izləyərək təcrübə qazanmağa çalışırdım.

Gecə saat birin yarısı idi. İki qadın, qollarından tutduqları 16-17 yaşlarında bir cavanı xəstəxanaya gətirirdi. Cavanın atası olduğu aydın olan bir kişi arxalarından tənginəfəs gəlir, bir tərəfdən də belə səslənirdi:
-Qurtarın balamı, qurtarın uşağımı!

Növbətçi həkim, gecənin yorğunluğuyla söykəndiyi kreslosundan qalxdı. Bu vaxt tibb bacıları yeni gələnləri qarşılayırdı. Mən həkimin yanında ayaqda üstə gözləyirdim. Adam danışmağa davam edirdi:

— Ey həkim, oğlum intihar niyyətilə dərman atıb. Anası bilən kimi biz dərhal onu bura gətirdik.
-Atdığı dərmanlar yanınızdamı?
Kişi, pencəyinin ciblərindən həb qutularını çıxarıb həkimə göstərdi.
-Bu həbdən on beş-iyirmi dənə, bundan on dənə, bundan da üç-beş dənə atıb.
-Nə vaxt atdığını bilirsinizmi?
-İki saata yaxın.

Həkim həb qutularını uzun müddət araşdırdıqdan sonra, bir cavana, bir də qutulara baxdı. Ardından başını sağa sola yelləyib üzünü büzdürərək:
-Hmm! Təəssüf, çox təəssüf!

Ailə narahatlıq və maraq içində, həkimin bir şeylər söyləməsini gözləyir, amma həkimdən səs çıxmırdı. Mən isə, gəncin mədəsini yuyacağımızı düşünürdüm. Qısa sürən bir səssizlik, atanın sualı ilə pozuldu:
-Nə edəcəyik, ay həkim?

Həkimin üzü gərginləşdi. Baxışlarını ümidsizcə qaldırdı. Dodaqlarını dişlədi. Başını çarəsizcə sağa-sola yellədi. Əlləriylə də çarəsizlik işarəsi etdi. Ağızından tökülən son sözlər, xəstə və yaxınları üçün qəlpə kimi idi.

-Təəssüf edirəm! Ediləcək bir şey yox. Həm bu dərmanlarla… Üstəlik də gecikmisiniz.

Mən göz ucuyla ailəyə baxdım. Hamısının başları yerə dikilmişdi, ümidsüzliyə düçar olmuşdu. Cavanın üzü qorxudan gərilmişdi. Anası və bacısının dəstəyilə ayaqda çətin dayanan cavan, birdən dikəlib diqqətlə həkimə baxdı. Həkimin ifadələrindəki qətiliyi və üzündəki ciddiliyi görüncə sarsıldı. Dizlərinin bağı boşalmışcasına özünü yerə buraxdı. Ailə fərdlərinin ayaqda dayanmağa gücləri qalmamış olacaqdı ki, hər biri bir kənara yıxıldı. Ata və ana, bir şeylər zümzümə edirdilər. Uzun sürən bir susqunluq və qarışıqlıqdan sonra:
-Nə olacaq, ey həkim? Heç bir şey edə bilməzsinizmi?
-Artıq çox gecdi. Bu vəziyyətdə təəssüf ki, bir şey edə bilmərik. Etsək də faydası da olmaz. Hər halda bir saata qədər xəstəni itirərik. Yenə də xəstəni müşahidə altına alaq.

Mən də ən az ailə qədər çaşmışdım. Cavanın üzünə baxırdım. Ölüm narahatlığı və ümidsizlik iliklərinə qədər işləmiş kimi idi. Öz-özümə onun nələr hiss etdiyini düşündüm. Ölümə bu qədər yaxınlaşmaq, həqiqətən çətin bir vəziyyət olmalı idi. Həm insan bir saat sonra öləcəyini bilsə nələr düşünər, nələr hiss edər, nələr edərdi? Əslində hər birimizin, ölümə bir saat yaxınlaşacağı an gəlməyəcəkmi? Həyatın qarışıqlıq arasında, ölüm həqiqətini necə də keçirir və ya özümüzdən uzaq görürdük. İndi bu cavan, keçmişini, yoldaşlarını, ailəsini düşünür olmalı idi. Və ya ölümdən sonrakı həyatı; yəni bir saat sonrasını… Bəlkə də arxasından nələr düşünüləcəyini, danışılacağını… Halbuki nə qədər çox planı vardı. İndi isə o planları düşünmək bir tərəfə, son saatını necə keçirəcəyinə dair doğru düşünmə bacarığını belə itirmiş kimi idi.

Ata özünü topladı. Yalvaran bir əda ilə sualını təkrarladı:
-Heç bir şey edə bilməzsinizmi, ay həkim? Heç ümid yoxdurmu?

İçəri yeni girən həkim, qaş-göz işarəsiylə nə olduğunu soruşdu. Həkim ayağa qalxıb qəti bir ifadə ilə cavab verdi:
-İntihar cəhdi, həkim!. Gecikmişlər təəssüf ki. Vəziyyət də ciddi. Ediləcək bir şey qalmamış. Sonra hesabatını yoluna qoyarıq.

Deyilənləri diqqətlə dinləyən cavanı ölüm gerçəyi ilə üzləşmək ürkütmüşdü. Peşmanlıq duyğusu içərisində və titrək bir səslə həkimə: ‘Xilas olmaq üçün nə etmək lazımdırsa etməyə hazıram. Nə olar həkim! Məni qurtarın, ölmək istəmirəm!» dedi. Həkim isə ona heç fikir vermədi. Ölümə bu qədər yaxın bir kimsəni daha əvvəl heç görməmişdim. Üstəlik çox da gənc idi. Xəyalımda meyitxanaya gedib, gəncin yarılmasını düşünürdüm. Demək, qarşımda dayanan bu diri bədən bir azdan öləcək, yarılma üçün açılacaq və biz bir hesabat tənzimləyib buraxacağıq! … Bir çox düşüncə beynimə dolaşırdı.

Həkim oradan uzaqlaşdı. Mən də arxasından getdim. Bir az naşılıq iy verən bir rəftarla soruşdum:
-Ay həkim! Serumla bol maye verib, bir tərəfdən də sidik çıxarıcılarla qanını təmizləyə bilməzdikmi?

Həkim dönüb, gözlərimin içinə baxdı:
-Qardaşım, görürsən, burada ayaqda çətin dayanan yaşlılar belə bir az daha həyatda qalmaq üçün mübarizə edərkən, bu cavan daha on yeddi yaşındadır və intihara cəhd edir. Ölmək istəyirsə, niyə ona mane olaq? Bir az istəyi ilə baş-başa qalsın baxaq. Ölüm nə imiş, həyat nə imiş düşünsün! Həyatının dəyərini, ailəsinə nə qədər acı çəkdirdiyini hiss etsin! Doğrusu Allahı xatırlasın; qul olmağı… Ölümü və sonrasını da təbii ki…

Arxasından, məni bir dəfə daha çaşdıran bir qəhqəhə çəkib belə dedi:
-Yoxsa səndəmi inandın öləcəyinə? həkim dedi.
-Necə yəni, cavan ölməyəcəkmi? mən dedim.

Gülərək, dərman qutularını göstərdi. Əlindəkilər vitamin həbi, öskürək kəsici və bəlğəm təmizləyicilər idi.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha