Məqalələr

Bilirdinizmi? — Günəş və kölgə arasında dayanmaq qadağandır

İnsan orqanizminin bir tərəfdən qızıb, digər tərəfdən isə soyumasının ziyanlı olması

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İslam dini ən kiçik və ən qlobal məsələlərin, faydası dərhal gözə çarpan və özündə hamıya məlum olmayan gizlin hikmətlər saxlayan əmr və qadağaların cəmləndiyi, müfəssəl kamil bir dindir. İnsan həyatının ən ali tərəflərini əhatə etdiyi kimi, kiçik, primitiv görünən sahələri barədə insanları maarifləndirir.

Təsadüfi deyil ki, Salman əl-Farisiyə (Allah ondan razı olsun) İslamla istehza etmək üçün: ”Peyğəmbəriniz hətta ayaqyolunu da sizə öyrədib ki” dedikdə, o bundan utanmadığını, əksinə bunun fəxr olduğunu vurğulamaq üçün cavabında qürurla belə demişdi: ”Əlbəttə! O, hələ bizə hətta ehtiyacıları ödədiyimiz zaman Kəbə istiqamətinə dönməyi də qadağan edib”. (Muslim).

Eləcə də Əbu Zərr (Allah ondan razı olsun) demişdir: ”Göydə qanad çalan elə bir quş yoxdur ki, onun haqqında Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bizə məlumat qoyub getməmiş olsun. O (Allahın ona salavatı və salamı olsun), deyərdi: ”Sizi Cənnətə yaxınlaşdıra bilən və oddan uzaqlaşdıran elə bir məsələ yoxdur ki, mən sizə onu xəbər verməyim”.” (Tabərani. Şeyx Albani səhihləmişdir.).

Bəzən Qurani-Kərimdə və ya Səhih Sünnədə elə bir məsələ varid ola bilər ki, ondakı hikmət müsəlmana gizli qalsın və hətta daha da qəribəsi hansısa məsələnin əmr və ya qadağan olması onun nöqteyi-nəzərindən mənasız, lazımsız bir şey kimi görünsün. Bu, əslində müsəlmanın imanının sınağıdır. Öz ağlına, nəfsinə qəribə gələn məsələdə Rəbbinin iradəsinə etimad edib-etməyəcəyinin imtahanıdır.

Belə ki, həqiqi möminin Şəriətlə gələn əmr və qadağalara münasibəti onlardan öz mənafeyinə gələn fayda və ya zərərə görə yox, Allah və Rəsuluna olan tam təslimiyyətdən asılı olmalıdır. Hətta mənasını dərk etməsə də onu Yaradanın Alim, Hakim, Rəhman olduğunu xatırlamalı, etiqad etməlidir ki, naqis insan ağlına görə lüzumsuz görünə bilən hansısa məsələ Müdrik Yaradanın hüzurunda çox qiymətli, böyük bir məsələ ola bilər.

Bu barədə şeyx İbn Useymin (Allah ona rəhmət etsin) belə demişdir: ”Əgər Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) səhih olaraq gələn hədisdə hər hansı əmr varid olubsa, onun arxasındakı hikməti araşdırıb bilmək bizlərdən tələb olunmur. Çünki həqiqi hikmət əmrin arxasında gizlənən faydanı tapmaq deyil, həqiqi hikmət mənasını bilməsən belə Allah və Rəsuluna qeyd-şərtsiz tabeçilikdir.” “Nurun alə-dərb” 22 ci kasset.

Şəriətin buyurduğu və bəlkə də zahirən çoxlarına qəribə gələn belə məsələlərdən biri də kölgə və günəş arasında dayanmağa dair olan qadağadır.

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdir: “Əgər sizlərdən biri günəş və kölgə arasında dayanarsa, qoy yerini elə dəyişsin ki, bədəni ya bütövlüklə günəş altında, ya da bütövlüklə kölgədə qalsın” Əbu Davud, şeyx Albani səhihləmişdir.

Başqa bir hədisdə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) günəş və kölgə arasında oturuşun şeytanın oturuşu olduğunu bildirmişdir. (İmam Əhməd. Şeyx Albani səhihləmişdir).

Əl-Mənəvi (Allah ona rəhmət etsin) demişdir: ”Bu (qadağa) Allah və Rəsulunun (Allahın ona salavatı və salamı olsun) möminlərə olan qayğısından irəli gəlir” (“Feydul Qadir”, 9525).

Şeyx Useymindən (Allah ona rəhmət etsin) bu hədis haqqlnda soruşduqda bildirmişdir:”Alimlər bu qadağada iki hikmətin gizləndiyini xəbər vermişlər:
1) İnsan orqanizminin bir tərəfdən qızıb, digər tərəfdən isə soyumasının ziyanlı olması;
2) yaddaş və dərrakənin zəifləməsi.” («Nurun alə-dərb», 22ci kasset).

Şeyx Useymin (Allah ona rəhmət etsin) nəinki günəş və kölgə arasında təkcə oturmağın, eləcə də bu şəkildə yatmağın yaxud namaz qılmağın da qadağan olmasını bildirmiş, qeyd etmişdir ki, insan bu sadalanan davranışlar üçün elə yer seçməlidir ki, ya bədəni tam günəş altına düşsün, yaxud da təmamilə kölgəyə. (Liqa əl-Bəb əl-Məftuh, 201/18).

Şeyx AbdulMuhsin əlAbbad (Allah onu qorusun) Əbu Davudun (Allah ona rəhmət etsin) “Sünən”ində keçən bu hədisi şərh edərkən qadağanın hökmünün məkruh(bəyənilməyən) yaxud haram olduğu soruşulduqda “şeytan oturuşu” olduğu üçün bunu haram hesab etdiyini bildirmişdir. Həmçinin Cümə xütbəsi əsnasında bədənin yarısına günəş (və ya kölgə) düşməyə başlayırsa imkan daxilində müsəlmanın ya tam kölgəyə, ya tam günəş düşən tərəfə çəkilməyə çalışmasının düzgün olduğunu xəbər vermişdir.“Şərh Sunən Əbi Davud”, 347`ci dərs.

Şeyx Abbad (Allah onu qorusun) Tirmizinin (Allah ona rəhmət etsin) “Sünən”indəki eyni məzmunlu hədislərin şərhində isə kögə altında oturan kəsin üzərinə hər hansı yarıqdan və ya yarpaqların arasından süzülən günəş şüasının düşməsinin isə bu qadağaya aid olmadığını bildirmişdir. (“Şərh Sunən Tirmizi”, 198`ci dərs).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti