Məqalələr Müxtəlif

Bəla və müsibətlərə qarşı səbr etmək

Rəhimli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

Bundan sonra:
Hər bir müsəlmanın bilməsi gərəkən şeylərdən biri də odur ki, bəla və imtahan mömin üçün qaçınılmaz bir şeydir. Çünki, bura imtahan dünyası axirət isə cəza (qarşılıq) yeridir. Elə isə müsəlman ona üz vermiş bəla və müsibətlərə səbr etməli və imtahanın ona gətirdiyi çətinliklərə (məşəqqətlərə) dözmək məcburiyyətindədir. Bu isə səbrlə olur. Səbrsizlik edib başına bir müsibət gəldiyində imanında fitnəyə düşüb və ya dinindən dönən kəs Allahın qəzəbinə düçar olmuşdur.
Uca Allah buyurur: “İnsanların arasında: “Allaha iman gətirdik!”– deyənləri də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”– deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi? Allah iman gətirənləri də, münafiqləri də aşkar edəcəkdir.” {əl-Ənkəbut surəsi, 10-11}.
Şübhəsiz ki, Allah qatında məxluqatın ən üstünü, ən fəzilətlisi Peyğəmbərimiz Muhamməddir (sallallahu aleyhi və səlləm). O, Allah yolunda haqqıyla cihad edib, onun üzərinə vacib olan dəvəti gecə gündüz insanlara çatdırmış və heç bir qınayıcının qınağından çəkinmədən insanları Allahın dininə çağırmışdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Allahın əmrini icra edərək açıq aydın öz qövmünü tövhidə dəvət edib və tağutlardan çəkindirdiyi üçün, özü və onun dəvətinə icabət edən əshabı müşriklər tərəfindən böyük bəla və müsibətlərə məruz qalmış və onlara işgəncələrin hər cür növü verilmişdir. Bu da Allahın yer üzərində sünnəsidir ki, peyğəmbərlər Allaha dəvət etdikdə kafirlər tərəfindən yalanlanır, təhqir edilir və hər cürə müsibət və bəlaların ən şiddətlisinə məruz qalırlar. Necə ki, uca Allah buyurur: “Sənə ancaq səndən əvvəlki elçilərə deyilənlər deyilir. Həqiqətən, sənin Rəbbin bağışlayandır, ağrılı-acılı cəza verəndir.” {Fussilət surəsi, 43}.
Həmçinin uca Rəbbimiz başqa bir surədə buyurur: “Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik…” {əl-Ənam surəsi, 112}.
Uca Allah buyurur: “Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.” {əz-Zəriyət surəsi, 52}.
Uca Allah bunları Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bildirərək ondan əvvəl göndərilən peyğəmbərlərin də bəla və müsibətlərə düçar olduqlarını (məruz qaldıqlarını) bildirmişdir. Onları bir örnək olaraq zikr etmiş və bu cür sanki Peyğəmbəri təsəlli etmişdir.
Peyğəmbər də (sallallahu aleyhi və səlləm) ona tabe olanları təsəlli etmiş və bu ayəni onlara oxumuşdur. Uca Allah buyurur: “Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.” {əl-Bəqərə surəsi, 214}.
Hər kim peyğəmbərlərə iman edib itaət edərsə, peyğəmbərlərin düşmənləri ona da düşmənlik edib əzab-əziyyət edərlər. Necə ki, bunu Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) əshabına etdilər. Buna baxmayaraq onlar imanlarında zərrə qədər belə olsun şəkkə düşüb öz dinlərindən dönmədilər, Allahdan qeyrisinə boyun əymədilər. Bu cür bəlalar hər bir kəsə müxtəlif şəkildə baş verir. Lakin, bilməliyik ki, möminin dünyada yaşadığı çətinliklər yolun əvvəlində gəlir, sonra isə dünyada xeyirli həyat, axirətdə isə qurtuluş onun olur.
Təbbi ki, bunlara dözmək də səbrlə olur. Uca Allahın Öz əzəmətli Kitabında insanları sövq etdiyi və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) də öz pak sünnəsində əmr etdiyi ən yüksək xeyirxahlıq sifətlərindən biri səbrli olmaqdır. Səbr sözü Quranda yüz dörd yerdə müxtəlif səbəb və məqamlarda varid olmuşdur.
Uca Allah Öz peyğəmbərinə səbrli olmağı əmr etmiş və buyurmuşdur:
Uca Allah buyurur: “Səbr et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma.” {ən-Nəhl,127}.
Həmçinin Uca Rəbbimiz buyurur: “Elçilərdən möhkəm iradə sahiblərinin səbr etdiyi kimi, sən də səbr et!…” {əl-Əhqaf surəsi, 35}.
Uca Allah möminlərə səbr etməyi əmr edərək belə buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” {Ali İmran surəsi, 200}.
Həsən əl-Basri (Allah ondan razı olsun) buyurur: “Uca Allah qullarına, razı qaldığı İslam dinində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə səbr etməyi əmr edir. Qul yalnız müsəlman olduğu halda yaxşı və pis gündə, darlıqda və bolluqda Allaha dua etməli, Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibədə üz verən müsibət və çətinliklərə dözməlidir”.
Başqa bir ayədə uca Allah buyurur: “Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, (görək) səbr edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir.?” {əl-Furqan, 20}. Yəni, Allah taala xeyiri şərlə, faydanı ziyanla, möminləri kafirlərlə sınağa çəkir. Bununla Uca Allah öz əzəli hökmü ilə onlara verdiyi qismətə razı olub-olmadıqlarını ayırd edir. Bütün bunlar dünya tarixində baş vermiş gerçəkliklərdir. Haqq yolunu tutan insanları yaxşı işlər görməyə çağıran və pis işlərdən çəkindirən hər bir kəsin əziyyət çəkməsi labüddür. Onun əlacı yalnız Allah üçün səbr etmək, Ona sığınmaq və ona dönməkdir. Müsibətlərə səbr, Allahın əmrinə təslim olmaq, hökmünə və yazmış olduğu qədərə tabe olmaq deməkdir. Səid bin Cübeyr (Allah ona rəhm etsin) qeyd edir ki, səbr qulun üz vermiş bəlaları etiraf etməsi və onun savabını Allahdan istəməsidir.
Bilməliyik ki, səbr etmək iman edənlər üçün xeyirdən başqa bir şey deyildir necə ki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) səhih hədisdə buyurmuşdur: “Möminin işi və əməlləri necə də qəribədir! Allah ona bir nemət bəxş etdikdə, o şükür edər və bu, onun xeyrinə olar. Allah tərəfindən sınağa məruz qaldıqda isə bütün çətinliklərə səbr edər və bu da, onun xeyrinə olar! Bu hal ancaq möminə xasdır!” (Muslim 7425).
Bəlalara, müsibətlərə və qəlb sıxıntılarına dözmək üçün ən gözəl Allaha sığınmaq metodu səbr və namazdır: Uca Rəbbimiz buyurur: “Ey iman gətirənlər! Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir!” {əl-Bəqərə, 153}. Həmçinin Uca Rəbbimiz başqa bir surədə belə buyurur: “Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir.” {ət-Təğabun, 11}.
İbn Kəsir (Allah ona rəhm etsin) ayənin təfsirində deyir: “Yəni, kim müsibət üz verdiyi zaman bunun Allahın qəzavü-qədəri olduğunu qəbul edib səbr edərsə, mükafatını Allahdan gözləyərək Onun hökmünə təslim olarsa, Allah ona dünyada itirdiyindən daha xeyirlisini verər, qəlbinə hidayət, əminlik və doğruluq bəxş edər. Allah ən gözəl biləndir.
Həmçinin Uca Allah bəla və müsibətlərə səbr edənləri müjdələyərək belə buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfin-dən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.”{əl-Bəqərə,155,156,157}.
Allahın köməyi ilə bu qısa məqalə tamamlandı. Allahdan bu məqaləni bizlər üçün faydalı etməsini istəyirəm. Allah bizləri onun qəza və qədərinə səbr edən qullarından etsin. Bütün gözəlliklər Rəbbimizdən, xətalar isə nəfsimizdəndir. Aləmlərin Rəbbi olan Allaha həmd-sənalar olsun. Peyğəmbərimizə və onun ailəsinə Allahın salavatı və salamı olsun.

Yazdı: Sənan İsbəndiyarov (Ebu Haris).