Aktual Fiqh Elmi Müxtəlif Önəmli günlər Oruc

Bayram günü əməllər -Ramazan

İslamda Ramazan və Qurban olmaqla iki bayram vardır. Bu bayramların hər biri əzəmətli ibadətlərdən; oruc və həcc ibadətindən sonra gəlir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə ilk gəldiyi zaman Mədinə əhlinin iki bayramı var idi. Bu bayramda oynayır və şənlənirdilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Allah bu iki günü sizin üçün daha xeyirli olan iki günlə Fitr (Ramazan) və Qurban bayramı ilə əvəz etdi”. (Əbu Davud 1134, ən-Nəsai 1556)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) iki əyləncə gününü Allahı zikr, Allaha şükr etmək və Allahın məğfirəti və əfvini diləmək ilə əvəz etdi. Bu iki gün yeyib-içib Allahı zikr etmək günləridir. Bu günlərdə oruc tutmaq haramdır. Çünki oruc tutan sanki Allahın ziyafətindən imtina etmiş olur. Digər günlərdən fərqli günlər olduqları üçün bu günlərdə bir çox ədəblərə riayət etmək lazımdır.

 

Bayram günü edilməli əməllər:

 

  1. Yuyunmaq, ətirlənmək və gözəl paltar geyinmək. Müsəlman bayram günlərində təzə və ya ən yaxşı paltarını geyinərək zahiri görünüşü ilə də o gün bayram olduğunu hiss etdirməlidir.

İbn Əl-Qeyyim (Allahın ona rəhməti olsun) demişdir: “Abdullah ibn Ömər (Allah onlardan razı olsun) sünnəyə son dərəcə çox əməl etdiyi üçün bayram günü  namaza çıxmazdan öncə qüsl alardı”. («Zəd-ul məad» 1/442) Həmçinin o, hər iki bayrama ən yaxşı paltarını geyinərdi.

  1. Zikri çoxaltmaq. Vacib ibadətlərin bir çoxunu bitirdikdən sonra Allahı zikr etmək sünnədir. Nəfi (Allahın ona rəhməti olsun) rəvayət edir ki, Abdullah ibn Ömər (Allah onlardan razı olsun) bayram günləri evindən çıxdığı andan ibadətgaha gələnədək təkbir gətirərdi. Bəzi rəvayətlərdə isə bildirilir ki, təkbir gətirdikdə səsini qaldırardı. (Şərh Mişkəl əl-Əsər 5428)

Qeyd etmək lazımdır ki, nə Peyğəmbər (Allahın ona salavat və salamı olsun), nə də səhabələri etmədikləri üçün camaat şəklində zikr etmək sünnəyə ziddir.

  1. Fitrə zəkatını çıxarmaq. Rəvayət edilir ki, Abdullah ibn Ömər (Allah onlardan razı olsun) demişdir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) fitrə zəkatı olaraq kiçiyə və böyüyə, azad insana və köləyə bir saa ((Saa – ölçü vahididir və dörd mudda bərabərdir ) arpa və ya bir saa xurma verməyi vacib buyurmuşdur”. Yalnız Ramazan bayramına aid olan bu əməl Ramazanın sonuncu günündə orucu açdıqdan sonra “fitr” (yəni, orucu açma, ondan azad olma) adlandırılan zaman müddəti ərzində edilir. Fitrə zəkatının verilməsində məqsəd onu verən kəsin nəfsinin təmiz­lənməsi, orucunun mükəmməl­ləşməsi, oruc tutduğu zaman yol vermiş olduğu nöqsan və çatışmazlıqların aradan qaldırılmasıdır.

Fitrə zəkatı cinsindən asılı olmayaraq azad, kölə, kəndli, şəhərli olan hər bir kasıb müsəlmana verilə bilər. Fitrə zəkatı bayram günündən bir və ya iki gün əvvəl bayram namazına qədər çıxarıl­malıdır. Abdullah ibn Ömərin (Allah onlardan razı olsun)  köməkçisi olan Nafiidən belə dediyi rəvayət olunur: «(Fitrə zəkatını) Bayram günündən bir və ya iki gün qabaq çıxarardılar».( əl-Buxari 1511)

Fitrə zəkatı vermək istəyən şəxs bayram günü və gecəsi üçün özünün və himayəsində olanların zəruri ehtiyaclarını ödəyə bilərsə, bundan sonra fitrə zəkatını verə bilər. Kasıblara gəlincə, onlar özlərinə verilmiş fitrə zəkatı ilə bayram günü və gecəsi üçün öz zəruri ehtiyaclarını ödəyə bilərlərsə verilmiş fitrə zəkatının qalan hissəsindən fitrə zəkatı çıxara bilərlər. Əgər müsəlman olan kəs Ramazan bayramının səhəri günü günəş çıxanadək özünün və ailəsinin ehtiyaclarını ödəyə bilməzsə və bu xərcləri ödəyəcək puldan artıq imkana sahib deyilsə, fitrə zəkatı ona vacib deyildir. Uca Allah buyurur:

 “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər”. (əl-Bəqərə surəsi 286)

Rəvayət edilir ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) demişdir: “Biz Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) döv­ründə Ramazan bayramında adambaşı bir saa yemək zəkat çıxarardıq. O vaxt bizim yediyimiz arpa, kişmiş, qurut  və xurma idi”.( əl-Buxari 1510)

Hədisdən də göründüyü kimi Rəsulullah (Allahın ona salavat və salamı olsun) fitrə zəkatını pul şəklində deyil xurma, buğda və s. şəklində çıxarmağı buyurmuşdur. Əgər fitrə zəkatı pul şəklində çıxarılarsa bu, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əm­ri­nə və əshabının etdiyi əmələ müxalif olar. Halbuki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə, o rədd olunur».( əl-Buxari 2550)

  1. Bayram günü tək sayda xurma yemək. Ramazan bayramı günü namaza getməzdən əvvəl xurma yemək bəyənilən olduğu halda, Qurban bayramı günü namaza qədər heç bir şey yeməmək sünnədən hesab edilir. Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) orucluq bayramında bir neçə xurma yemədən (bayram namazına) getməzdi. Başqa hədisdə Ənəs (Allah ondan razı olsun) demişdir: “…onları tək sayda yeyərdi”. (əl-Buxari 953)

Qeyd etmək lazımdır ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bayram günlərində oruc tutmağı qadağan etmişdir. Bu barədə rəvayət edilir ki, Ömər ibn Xəttab  (Allah ondan razı olsun) Qurban bay­ra­mında xütbədən qabaq namaz qıldı, sonra (camaata) xitab edib dedi: “Ey insanlar! Həqiqətən, Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun) sizə bu iki bayramda  oruc tutmağı qadağan etmişdir. Bunlardan biri orucunuzu tamam­ladığınız günün səhəri, digəri isə kəsdiyiniz qurban­dan yediyiniz gündür”. (əl-Buxari 5571)

  1. Qadınların bayram namazına getməsinə icazə vermək. Ummu Atiyyə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bayram günü bizə çıxmağı əmr etmişdi, heyzli olan qadınlar namaz qılmadan müsəlmanların dualarını müşahidə edərdilər. Mən Peyğəmbərə (Allahın ona salavat və salamı olsun): “Ey Allahın elçisi! Bizdən birimizin baş örtüyü olmasa, necə etsin?”-deyə soruşdum. O, “Bacısının örtüyünü geyinsin”,– deyə buyurdu”. (əl-Buxari 5571)

Hədisdən məlum olur ki, qadınlar hətta heyzli olsalar belə, bayram namazgahına getməli, namaz qılmasalar da kənardan müşahidə etməklə bu xeyirdə müsəl­manlarla birlikdə olmalıdırlar.

  1. Bayram namazına piyada getmək və qayıdarkən başqa yolla qayıtmaq. Əli (Allah ondan razı olsun) buyurmuşdur: “Bayram namazına piyada getmək sün­nədir”. (ət-Tirmizi 530) Həmçinin bayram namazına bir yolla gedib, başqa yolla qayıtmaq da sünnədir. Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bayram günü (namazdan sonra evə) qayıtdıqda gəldiyi yolla qayıtmazdı. (əl-Buxari 986)

Bayram namazına piyada gedib başqa yolla qayıtmağın hikməti isə daha çox müsəlmanlarla qarşılaşmaq və daha çox insanların bayramını təbrik etməklə İslamın bu şüarını izhar etməkdir.

  1. Bayram cümə gününə düşərsə cümə namazı qılmağı tərk etmək. Bayram günü Cümə günü ilə eyni günə düşərsə, bayram namazı qılana cümə namazı vacıb olmaz. Bu barədə Abdullah ibn Abbasdan (Allah onlardan razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Bu gün iki bayramınız cəm olub, kim Cümə namazını qılmaq istəmirsə, onu azad edirəm, mən isə hər ikisini qılacağam”. (Əbu Davud 1073)
  2. Bayram namazını azan və iqaməsiz qılmaq. Bayram namazı günəş doğub yüksəldikdən sonra azan və iqaməsiz olaraq qılınır. Abdullah ibn Abbas (Allah onlardan razı olsun) demişdir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bayram namazını azan və iqaməsiz qılardı». (Əbu Davud 1147)

Bu namaz birinci rükətdə yeddi, ikinci rükətdə isə beş təkbir edilməklə iki rükət qılınır. İmamın bu iki rükətdə səslə əl-Əla və əl-Ğaşiyə və ya Qaf və əl-Qəmər surələrini oxuması müstəhəbdir.

  1. Xütbəni namazdan sonra vermək. Cümə namazından fərqli olaraq bayram namazında imam xütbəni namazdan sonra verməlidir. Rəvayət edilir ki, Abdullah ibn Abbas (Allah onlardan razı olsun) demişdir: “Mən Peyğəmbər (Allahın ona salavat və salamı olsun) , Əbu Bəkr, Ömər və Os­man­la (Allah onlardan razı olsun) birlikdə bayram namazlarında iştirak etmişəm. Onların hamısı namazı xütbədən qabaq qılardı”. (Əbu Davud 1147)
  2. Bayram namazından sonra coşqu və oynamaqla bayramı qeyd etmək. Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, Minada olarkən onun yanında iki qız uşağı dəf çalırdı, Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun)  də əbasına bürünüb (uzanmışdı). Bu vaxt Əbu Bəkr  (Allah ondan razı olsun) onun yanına daxil oldu və (uşaqların çalıb-oynadığını görüb) onlara acıq­landı. Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun)  üzünü açıb buyurdu: “Dəymə onlara, ey Əbu Bəkr, çünki bu gün­lər bayram günləridir. Bu günlər Minada (qalma) günləridir”.( Əbu Davud 1147)

Bayram gününü müsəlmanlar haramdan uzaq olmaq şərti ilə coşqu və sevinclə qeyd edə bilərlər. Bu zaman hər kəsin bir-birini “Allah bizlərdən və sizlərdən qəbul etsin” (“TəqabbəlAllahu minnə və minkum”), – deyərək təbrik etməsi sünnədir.

  1. Bayram günü sədəqələri çoxaltmaq, qohum və qardaşları ziyarət etmək. Nəfsi çirkinliklərdən, paxıllıq kimi pis əxlaqdan təmizləməklə yanaşı, saleh əməlləri artırmaq, kasıbların, imkan­sızların halına şərik olmaq və bayram günü onların ehtiyaclarını ödəmək baxımından sədəqə verməyi çoxaltmaq çox zəruridir.

Abdullah ibn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, Rəsulullah (Allahın ona salavat və salamı olsun) Qurban və ya Ramazan bayramları günü məscidə çıxdı və iki rükət namaz qıldı. Nə ondan öncə, nə də sonra başqa bir namaz qılmadı. Sonra Bilal da yanında olmaqla qadınların yanına gəldi və onlara sədəqə vermələrini əmr etdi. Qadınlar qızıl və gümüşdən olan bilərzik və boyunbağılarını atmağa başladılar”.

İnsanların qəlblərinin yumşalması, sevgi və qardaşlığın daha da artması üçün Ramazan bayramı günü qohumları ziyarət etmək bəyənilən əməllərdəndir. Abdullah ibn Amr (Allah onlardan razı olsun) rəvayət edir ki, Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Qohum­luq əlaqə­lərini qarşılıqlı olaraq saxlayan adam əlaqə quran kimsə sayıla bilməz. Həqiqi əlaqə quran o kimsədir ki, qohumu onunla əlaqələri kəssə də, onu yenidən qursun”.( əl-Buxari 5991)

Bayram günü bu sözləri zikr etmək yaxşı olardı: “Allahu Akbər Allahu Akbər, Lə İləhə İllallah , Allahu Akbə , Allhu Akbər və Lilləhil Həmd”.

 

Müəllif: Ramil Soltanov (Ədəb kitabından)

 

 

 

[1]