Ailə və Uşaq tərbiyəsi Məqalələr

Balaca muvahhidlərə

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Muhəmməd ət-Təmiminin (Allah ona rəhmət etsin) «Uşaqlar üçün Tövhid» əsəri əsasında

Məktəblilər üçün, 6-7 yaşdan etibarən

1. Sual: Balacan, səndən soruşsalar ki, «Rəbbin kimdir?», nə cavab verərsən?

Cavab: Deyərəm ki: «Rəbbim Allahdır.»

2. Sual: Bəs Rəbb nə deməkdir? Kimə deyilir?

Cavab: Rəbb sözü sahib, ağa, itaət edilən, kömək istənilən, işləri yoluna qoyan deməkdir. «ər-Rabb» Allahın adlarından biridir. Allah bütün məxluqatın ağasıdır. İnsanların daim ehtiyacı olan, kömək istəməli, itaət və ibadət etməli olduqları yeganə varlıq Odur.

3. Sual: Bəs sən Rəbbini necə tanıyırsan?

Cavab: Rəbbimi Onun yaratdığı nişanələri ilə — gecə və gündüz, yer və göy üzü arasında hər nə varsa onunla da tanıyıram. Bütün məxluqat düşünən, nəticə çıxaran ağıllı, müdrik insanlara Allahın böyüklüyünü, ucalığını xatırladır

4. Sual: Bilirsənmi, nə üçün yaradılmısan?

Cavab: Allaha heç kəsi və heç nəyi, nə qəlbdə, nə sözdə, nə əməldə şirk qoşmadan ibadət və itaət üçün, yəni Tövhid üçün yaradılmışam.

5. Sual: İbadət dedikdə nəyi nəzərdə tutursan?

Cavab: İbadət — Gizli, açıq, sözlə yaxud əməllə Allahın sevdiyi və razı qaldığı bütün əməllərdir.

6. Sual: Bəs Tövhid nədir?

Cavab: Tövhid — bir, tək olan mənasına gəlir. Yəni heç bir naqislik və əskikliyin olmadığı, bütün kamil və gözəl xüsusiyyətləri özündə daşıyan, ən mükəmməl ad və sifətlərə malik olan tək yaradıcı olan Allahın varlığını bilmək, tanımaq, təsdiq etmək və buna səmimi qəlbdən inanmaq, həyatını bunun üstündə qurmaq deməkdir. Bu prinsiplə yaşayan insan müvahhid adlanır və Allahın ən sevdiyi kəsdir.

Bir cümlə ilə tərif etməyim istənilsə, deyərəm ki, Tövhid — «Lə iləhə illəllah»dır.

7. Sual: Elə isə «Lə iləhə illAllah» nə mənaya gəlir?

Cavab: «Lə iləhə illəllah» bir insanın tam yəqinliklə iqrar edib, sevib, səmimi şəkildə inana, deyə, əməl edə biləcəyi ən gözəl, ən qiymətli sözdür, Cənnətin açarıdır. Mənası isə, Allahdan başqa ibadətə layiq olan haqq məbudun olmamasını ifadə edir.

8. Sual: Şirk nədir, bilirsənmi?

Cavab: Şirk Allaha kimisə ya da nəyisə bərabər ya da üstün tutmaq, Ona şərik qoşmaq deməkdir. Bu, bir insanın Tövhidini pozan, onun öz-özünə edə biləcəyi ən pis əməldir. Allaha şərik qoşan insan müşrik adlanır.

Şirk iki yerə bölünür:

1) Böyük şirk — İnsanı İslamdan çıxarır. Məsələn, Allahdan qeyrisinə dua etmək buna misaldır.
2) Kiçik şirk — İslamdan çıxarmasa da, böyük şirkə aparır. Allahdan başqasına and içmək buna misaldır.

9. Sual: Dinin nədir?

Cavab: Mənim dinim Tövhid dini olan İslamdır. İslam tək Allaha ibadət edib, Onun buyurduqlarına heç bir bəhanə gətirmədən təslim olmaq, möminlərə dost olub, müşriklərdən uzaq olmaq deməkdir.

10. Sual: Peyğəmbərin kimdir?

Cavab: Peyğəmbərim Muhəmməd ibn Abdullahdır (Allahın ona salavat və salamı olsun). O, Allah tərəfindən İslam dinini insanlara çatdırmaq üçün göndərilmişdir. Buna görə də onun dediklərinə iman və itaət etmək hər bir insan üçün vacibdir. Kitabımız olan Qurani Kərim məhz peyğəmbərlərin sonuncusu olan Muhəmmədə (Allahın ona salavat və salamı olsun) vəhy formasında nazil edilmişdir.

Hazırladı: Umm Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment