Məqalələr

Azalıb-artan imanımız – səbəb və əlac

İmanımızı artırmaq üçün, nələrə diqqət etməliyik?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allah bütün bəşəriyyəti öz qüdrəti ilə yaratdı. İnsanı ən gözəl şəkildə xəlq edib yaratdıqlarından üstün etdi. Bu gün də onları hər növ nemətlər və rəhmətiylə bəsləməkdədir. Uca Allaha layiq olduğu qədər sonsuz həmd-sənalar olsun. Həqiqətən, Onun şükrünü əda etməkdə bütün bəşəriyyət aciz qalır.

Bu nemətləri anarkən, bir daha anlayırıq ki, uca Allah müsəlman olan hər kəsi seçib sevmiş, onları ən gözəl nemət olan iman neməti ilə bəsləmişdir. Hədisdə keçdiyi kimi uca Allah dünya malını sevdiyinə də verir, sevmədiyinə də. Ancaq iman nemətini yalnız və yalnız sevdiyi qullarına verir. Biz insanlara baxdıqda, onların içərisində Allaha və axirət gününə iman edənləri, eləcə də Allaha və axirət gününə şübhə ilə yanaşan, küfr edən, iman nemətindən məhrum kimsələri görə bilərik.

Çoxlarımız öz üzərimizdə dəfələrlə imanımızın artıb azaldığını müşahidə etmişik.
Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub : “Həqiqətən, hər birinizin qəlbindəki iman paltar köhnəldiyi kimi köhnəlir. Elə isə Allahdan qəlbinizdə olan imanı təzələməyi istəyin.” (əl-Hakim: 5. Albani » Əhədisis-Sahiha»da səhih olduğunu bildirmişdir.)

Çevrəmizə nəzər salsaq görərik ki, insanlar zaman-zaman imanlarının zəifliyindən şikayət etmişlər. Kimisi, qəlbinin sərtliyindən, kimisi ibadətlərindən həzz ala bilməməsindən, kimisi Qurandan təsirlənmədiyindən gileyləniblər. Kimisi də günaha asanlıqla batdığını dilə gətirmiş, bunun çarə yollarını axtarmışdır.

Qəlb tez çevrilən olduğu üçün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qəlb mövzusunu həssas və əhəmiyyətli xarakterizə etmişdir. Qəlb sürətlə dəyişdiyi və çevrildiyi üçün, Qəlb adlanmışdır. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) buyurur: «Həqiqətən, qəlb dəyişkən olduğuna görə belə adlanır. Qəlb ağacın budağından sallanan bir yarpaq kimidir, külək onu o tərəf bu tərəfə çevirir». (Əhməd, 4/408; «Səhih əl-Cami», 2365).
İnsanın qəlbi fikirlərlə coşub-daşdığı vaxt daha da dəyişkən olur.
Rəvayətlərin birində deyilir: «Qəlbdə həddən artıq çevriliş onun coşub-daşdığı vaxt olur». (Əhməd, 6/4; «Səhih əl-Cami», № 5147).

Uca Allah qəlbləri çevirən, dəyişdirəndir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur: «Adəm övladlarının hamısının qəlbi tək bir qəlb kimi ər-Rəhmanın barmaqlarının ikisinin arasındadır. Onu necə istəsə, elə də çevirir.”

Həqiqətən, Allah insanla onun qəlbi arasına girər. Yalnız, Allahın hüzuruna sağlam qəlblə gedənlərdən başqa, heç kəs qiyamət günü nicat tapmaz… Vay o kəslərin halına ki, qəlbləri Allahı zikr etmədiyi üçün paslanıb. Mömin kimsə qəlbini dərindən hiss etməli, nələrinsə qəlbinə hakim kəsilib onu məhv edə biləcəyindən ehtiyat etməlidir. Çünki Allah bizi sərt, qıfıllanmış, xəstə, kobud, tərs və möhürlənmiş qəlbli olmaqdan çəkindirmişdir.
Mömin olan kəs qəlbini gözdən keçirməli imanından nəyin azalıb, nəyin artdığına fikir verməlidir. Eyni zamanda tez-tez baxmalıdır görək, imanı artmağa doğru gedir, yoxsa azalmağa…
İmanımızın zəifləməsi bizim üçün bir dərd olmalıdır. Axı, bizi məhşər günü Allahın izni ilə imanımız qurtaracaq.

Bəs, biz İmanımızın zəiflədiyini necə bilə bilərik?
Gəlin, bərabər iman zəifliyinin bir neçə əlamətini gözdən keçirək.

— Əgər qəlbin sərtliyini, kobudluğunu hiss ediriksə;
— İbadətlərdə zəiflik, tənbəllik baş verirsə; Qeyd etmək lazımdır ki, bu vəziyyətdə edilən ibadətlər vərdişə çevrilir, nəfsə ağır gəlir, namazı könülsüz qılır və sairə. Uca Allah Quranda münafiqləri vəsf edərkən buyurur: «Onlar namaza durduqda yerlərindən tənbəlliklə qalxarlar.» (Nisa142).
— İman zəifliyinə düşmüş insanlar nafilə ibadətləri tərk etdikdə təsirlənmirlər.
— Quran oxumaqda tənbəllik etmək;
— Müjdə verən və ya əzabla qorxudan ayələrdən təsirlənməmək;
— Allah Təalanı zikr etməkdən, Ona dua etməkdən qafil olmaq; Bu zaman zikr etmək zikr edən üçün ağır gəlir. Dua etməyə həris olmur. Uca Allah münafiqlər barədə deyir: «Onlar Allahı olduqca az yad edərlər.» (Nisa 142)
— Dünyaya bağlılıq və ona aludə olmaq; Bəzən insan dünyaya elə bağlanır, var dövlət gözünü elə tutur ki, malına zərər gəlsə, pərişan olar, üstəlik özündən zəngin qardaş gördükdə ona həsəd aparar. Bu məqamda hədisi xatırlatmaq yerinə düşərdi: “İmanla, həsəd bir qəlbə sığmaz”.
— Dəbdəbəli həyat tərzinə, yeməyə, içməyə, minik və digər bu kimi şeylərə qarşı həddindən artıq həvəs göstərmək.

Bu sadaladıqlarımız iman zəifliyinin bir neçə əlamətləri idi.

İmanı zəiflədən bir neçə səbəb ola bilər

— Uzun müddət iman ab-havasından uzaq olmaq. Bu, insanın iman zəifliyinə düçar olmasının ən güclü səbəblərindəndir. Həsən əl-Basri rahiməhullah demişdir: “Mənim üçün (din) qardaşlarım, doğmalarımdan daha əzizdir. Doğmalarım mənə dünyanı, qardaşlarım isə mənə axirəti xatırladır.”

— Qəlbi canlandıran şəriət elmini öyrənməmək. Sələf alimlərinin tərcümeyi halını oxumamaq, xüsusən də imana dair kitablardan uzaq durmaq. Əslində, bu kitabları oxuyan hər kəs qəlbindəki iman hissinin oyandığini hiss edir, əməllərində də bunun bəhrəsini görür.

İman zəifliyinin əsas səbəblərindən biri də insanın dünyaya meylli olması, imanı zəif insanlarla bir mühitdə yaşamasıdır.

Çünki insan nəfsi təbiətinə görə təsirlənməyə və təsir etməyə meyillidir. Ona görə də insanın öz ətrafında olanlardan təsirlənməsi təbii haldır. İnsan tək başına deyildir. Baş verən hər bir kiçik və böyük amil onda iz buraxa bilir. Uca Allah buyurur : «Muttəqilər müstəsna olmaqla, o gün dostlar bir birinə düşmən kəsiləcəkdir « (Zuxruf: 67).

Ona görə də dost seçərkən elə dost seçmək lazımdır ki, o, sənə haqq yolda sabit qalmağında yardımçı olsun.

İmanın zəifləməsinin səbəblərindən biri də, insanın öz baxışlarına hakim ola bilməməsidir. Belə ki, məhrəm olmayanlara baxdıqca, baxmağa davam etdikcə, tədricən qəlbdəki iman nuru zəifliyər… nəhayət sahibini zillət bürüyər.

Çağdaş günümüzdə gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilən internet, ağıllı telefon, sosial şəbəkələr, komputer oyunları və s. kimi texniki yeniliklər düzgün məqsədlə istifadə edilmədiyindən çoxlarının qəlbi əsl həzzdən, iman şirinliyi həzzindən uzaq düşmüşdür. Halbuki, heç Quranı oxumağa bu qədər hərislik göstərmirlər. Təəssüf olsun, elələri də var ki, illərdir bir dəfə Quranı xətm etməyə nail ola bilməyib, gecəni səhərə qədər kompyuter oyunlarıyla keçirib, amma heç qiyamul-leyl haqqında düşünməyib. Allah, qəlblərimizi qəflətə düşməkdən qorusun.

Əziz oxucu, hər nə olursa olsun, mömin ruhdan düşməməlidir. Bilməlidir ki, İman azaldığı kimi, arta da bilir.
Peyğəmbərimizin sallallahu aleyhi və səlləm zamanında yaşayan müsəlmanlar da imanın zəifləməsindən ehtiyat edərdilər.
Bir gün Ömər (Allah ondan razı olsun) dostlarına «Gəlin, imanımızı artıraq deyər və Uca Allahı zikr edərdilər.»
Bu, bizdən əvvəl yaşamış bütün müsəlmanları düşündürən mövzu olub, bu gün də biz müsəlmanları düşündürür.

Dünya bər bəzəyinin artdığı, azğinliqlarin yayıldığı bir vaxtda imanımızı artırmaq mövzusu ilk sıralarda yer almalıdır.

İmanımızı artırmaq üçün, nələrə diqqət etməliyik?

— Şəriət elmlərini öyrənmək, öyrətmək və şəriət alimlərinin dərslərinə qatılmaq; Uca Allah buyurur: «Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar…» (Fatir: 28). Şəriət elmləri imanın qüvvətlənməsində ən güclü amillərdəndir. Bu elm səbəbi ilə müsəlmanın Allahın ad və sifətləri, qanunları, fərzləri, haramları, sevdiyi və sevmədiyi məsələlər haqqındakı elmi artar.
Elmin nə qədər önəmli olduğunu aşağıdakı hədisdə aydın görə bilərik: «Kim bir elm öyrənmək üçün yola çıxarsa, uca Allah bu səbəblə onun cənnətə girməsinin yolunu asanlaşdırar.» (Muslim).

— Mənasını düşünərək Quran oxumaq;
Uca Allah Quranı bir hidayət olaraq və hər şeyi açıqlamaq üçün nazil etmişdir. Belə olan halda kim Qurana bağlı olarsa, o, doğru yoldan sapmaz. Quran möminlər üçün rəhmətdir. Biz də gərək Quran ayələrini oxuyarkən, ibrət almaq və həyatimizda tətbiq etmək üçün düşünərək oxuyaq.

— Uca Allahı çox zikr etmək; Zikr etmək, imanın yenilənməsində və artmasında çox güclü amildir.
Zikr həm də qəlbdən sixintini və kədəri aparır, üzü və qəlbi nurlandirir, qəlbi və bədəni qüvvətləndirir və s. Uca Allahı zikr edərkən, mənalarını düşünərək zikr etmək qəlbin kirini və pasını təmizləyir, qulu Allaha yaxınlaşdırır, Allah qorxusunu çoxaldır və beləcə, qul günahlardan uzaqlaşır.
Uca Allah buyurur: “Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rad: 28).

— Vaxtı, uca Allaha itaətlə, Ona yaxınlaşmaqla və Onun fərz qıldığı əməlləri etməklə keçirmək; Bəzən biz “vaxtım yoxdur” yerinə, “vaxtımı düzgün bölə bilmirəm”, “vaxtımı israf edirəm” desək daha doğru olardı.

Hər birimiz vaxtımızı dəyərləndirməliyik. İlk fürsətdə saleh əməlləri etməliyik. Tədbirli mömin əsla saleh əməlləri təxirə salmaz. Çünki ölümün nə zaman gələcəyi kimsəyə məlum deyil.

— Qəlbi təmizləyən və onu yumşaldan Quran və sünnəyə nəzər yetirmək; Uca Allah buyurur: «Onların mallarından sədəqə al. Bununla onları təmizləmiş olarsan.» (Tövbə: 103).

— Uca Allaha acizanə şəkildə zəlil görkəm alaraq dua etmək;
— Dünya sevgisindən və bəzəyindən uzaq olmaq; Mömin kimsə bilsin ki, dünyanın Allah qatında bir milçək qədər də, dəyəri yoxdur. Mömin dünyanın fani və keçici olduğunu, axirətin isə əbədi olduğunu daim düşünməlidir.

— Qəlbdəki imanı zəiflədən, Allaha itaətdən uzaqlaşdıran məkanlardan və məşğul edən əməllərdən uzaq olmaq;
— Allah Rəsulu sallallahu aleyhi və səlləmin, səhabələrin və örnək sələflərin həyat tarixçəsini oxumaq;
— Və nəhayət, ölümü çox xatırlamaq. Ölümü düşünən insan, daim tövbəyə tələsər, gedəcəyi yerə azuqə toplayar, xeyir əməllərini çoxaldar, insanları əhv etmək onun üçün asan olar.

İman ən qiymətli nemətdir. O əldən gedərsə, məhv olduq deməkdir. Biz, İman nemətini haqqıyla anlamış olsaq, dünyada, həyatımız boyunca itirdiyimiz maddiyyatlara çox da üzülməzdik. Elə insanlar var ki, heç imanının zəiflədiyini belə hiss etmir, hiss etsə də, buna görə sıxıntı çəkmir. Bu isə qəlbin xəstələndiyindən xəbər verir. İbn Qeyyim rahiməhillah deyir ki, “əsl mömin odur ki, imanında, yaxud ibadətlərində bir əksiklik görsə, qəlbi sıxılar, kədərlənər. Amma dünyaya aid bir şeyi itirdikdə, bu qədər üzülməz.”

Xülasə, İmanımız mövzusunda həssas olmalıyıq. Bu, bizim həyatımızın əsas qayəsi olmalıdır.

Hədisdə keçdiyi kimi, insan hansı hal üzrə yaşayarsa, o halı üzrə ölər. Hansı hal üzrə ölərsə, o hal üzrə də dirilər.

Ancaq, bu o demək deyildir ki, özümüzü dünyadan təcrid edək! Əsla!!!

Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub: “Heç vaxt ölməyəcəksənmiş kimi dünyan üçün yaşa, sabah öləcəksənmiş kimi axirətin üçün yaşa!”

Yaxşı olar ki, işlərimizi nizama salaq, planlı şəkildə yerinə yetirək. Bu isə hər kəsin öz iradə və istəyindən asılıdır.
Uca Allah əməllərimizə, zamanımıza bərəkət versin! Ömrümüzü Özünə itaətdə keçirməkdə yardımçı olsun! Amin!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti