Əqidə

Ateistlərin ziddiyyətləri

Allahın adı ilə.

Birincisi: Ateist kimsə Yaradan (Xaliq) bir ilahın olmasını inkar edir. Bununla yanaşı o, kainatın müxtəlif hissələrinin yaradan olmasını qəbul edir. Yəni, “kainat özü-özünü yaradıb” — deyir. Deməli, ateistə görə “qarışıqlıq” (xaos) yaradan ola bilir, “təbiət” yaradan ola bilir, “təsadüf” yaradan ola bilir, amma, tək olan Allah Yaradan ola bilmir!?

  • Ateist iddia edir ki, var olmayan şey var olan şeyi yaratdı. “İlk hüceyrə də var olmayan şeydən yarandı”. Gəl indi bir şey başa düş!
  • Ateist özünü ağıllı hesab edir. O, ağılı ilə də kar və ağılsız maddənin ağıllı bir məxluq yaratdığını (yəni, təbiətin insanı yaratdığını) iddia edir. Məgər bu ağıllı fikirdirmi, ey ağıllı bəndə?

İkincisi: Əgər Allah bir zalımdan intiqam alarsa, ateist deyər: «Mən belə bir intiqam alan Allaha ibadət edə bilmərəm. Çünki, haqq olan ilah gərək Rəhmli olsun.»

Əgər Allah hansısa bir zalıma möhlət verərsə, bu zaman ateist deyər ki: «Bəs sizin Allahınız bu zalıma niyə heç cəza vermir?»

Üçüncüsü: Ateist iddia edir ki, “mərifətə (həqiqəti tapmağa) gedən yol yalnız təcrübədədir.” Hər şey ki, təcrübəyə ziddir, o boş söz və safsatadır. Lakin, o özü də bilmir ki, təcrübə yoluyla indiyə kimi təkamül fikrini təsdiq edən bir sabit nəzəriyyə belə yoxdur. Hətta, onun bu iddiası təcrübəyə də uyğun deyil. Bu sadəcə əqli iddiadan başqa bir şey deyil. Məsələn;  Ateist iddia edir ki, əsli-kökü bir balıqdan gəlir, onun əmisi oğlu da meymundan törəyib. Lakin, sübut edə bilmir ki, bunu haradan çıxarıb? Hətta, bu ikisi (balıqla meymun) arasındakı müştərək mərhələ də qondarmadır. Bu iddia nə elmi təsdiqini tapıb, nə də əqli fərziyyə olmaqdan o yana keçmir. Yəni, ateistlər sərf edəndə əqli fərziyyələri qəbul edirlər, amma, ağılın dəlalət etdiyi ən böyük həqiqət olan və ağılla inanmağa ən çox layiq olan Allah barəsində ağıllı mövqe sərgiləmirlər.

Dördüncüsü: Ateist dinin zənni bir şey olduğunu, dəlillərinin isə yəqinlik üzrə olmadığını iddia edir. Lakin, özü ateist fikrinə bir yəqin, sabit dəlil gətirə bilmir.

Beşincisi: Ateistə desən ki, ateizmi tərk et və Allaha iman gətir! İnkarçı şəklində deyəcək ki: «Dünyada İslamdan başqa 5000 din var, mən hansına inanım?» Yaxşı, onda ey ateist, İslamı niyə təhqir edirsən? Sənə görə 5000 din yoxdurmu? Yoxsa, gözlərin İslamdan başqa din görmürmü? Bəlkə bunu bilə-bilə özünü aldadırsan?!

Altıncısı: Ateist deyir ki, əxlaqın əsli din deyil və əxlaq hərəyə görə dəyişir. Yəni, kimə nə xoş gəlirsə, o əxlaq sayılır. Buna baxmayaraq, əxlaqdan danışdıqda gətirdiklərinin 90%-i dindən götürülmüş olacaq. Elə isə bu iddia haradan çıxdı?

Yeddincisi:  Ateist deyir ki, heç nə haram deyil və ya haram anlayışı yoxdur. Lakin, kimsə desə ki, ey ateist, ananla, bacınla və ya qızınla yaxınlıq et, onda haramı qəbul edir. Lakin, təəssüflər olsun ki, bizim cəmiyyətdə də bacı-qardaşı ilə yaxınlıq etməyə normal baxan ateistlər peyda olub.

Səkkizincisi: Ateist deyir ki: İslam oğurluğu, zinanı və yalanı haram edib. Amma, bu şeylər onun özünə qarşı törədilərsə, deyir ki, əxlaq hanı bəs?

Doqquzuncusu: Ateist deyir ki: “Allah yoxdur və kainatın idarə edicisi yoxdur.” Baxmayaraq ki, o etiraf edir ki, onun bədənini idarə edən ağılı var. Yəni, kainatda zərrə qədər kiçik olan insan möhtəşəm bir ağılla idarə edilməyə möhtacdır, amma, bu böyüklükdə kainat nizamı ilə alimləri heyrətə salan bu böyüklükdə kainatın ağıla ehtiyacı yoxdur?! Kainatı idarə edənə də heç bir nizam-intizam işarə etmir?

Onuncusu: Ateist deyir ki, mən bütün azadlıqları istəyirəm, amma, İslamın təqdim etdiyi azadlıqları istəmirəm. Amma, unudur ki, onun azadlığı başqalarının azadlığı ilə yanaşı durur. Yəni, öz azadlığını istəyən başqalarının azadlıqlarına da hörmətlə yanaşmalıdır.

On birincisi: Ateistlər “yadplanetlilərə” inanırlar, baxmayaraq ki, “onları görməyiblər”. Buna maddi dəlil də yoxdur. Axı onlar görmədiklərinə inanmırdılar!…Nə oldu görəsən, bəs bu nağıllara necə inanırlar!?

On ikincisi: Ateist Quranın elmə müxalif olduğunu iddia edir. Əgər ona Quranın elmi ecazkarlığından danışsan, elmin dəyişkən olduğunu deyərək bunu bütünlüklə inkar edəcək.

On üçüncüsü: Ateist özünə ünvanlanan: “Birdən öldükdən sonra Allahı görsən nə olacaq?” sualına fitrətinin tələbi ilə “ölümdən sonra yoxluğu” inkar etməklə cavab verir. Eyni zamanda da “ölümdən sonra həyat yoxdur” — deyir.

On dördüncüsü: Ateist İslamdakı çoxarvadlılığı inkar edir. Lakin, eyni zamanda bir çox qadınla zina etməyi inkar etmir. Bu əsil ziddiyyətdir.

On beşincisi: Ateistlər gah deyirlər ki, dinlər ancaq İbrahimin dinindən bir neçə il əvvəl meydana çıxıb, ondan əvvəl isə guya ateizm olubmuş, gah da deyirlər ki, din ilk insanın yaranmasından bəri mövcud olmuşdur. O baxımdan ki, insanlar təbiət hadisələrini izah edə bilməyəndə qeybdəki böyük gücə sığınırdılar. İslamda isə bu məsələdə ixtilaf yoxdur. İslama görə bəşərin dini ilk insandan bu yana mövcuddur.

On altıncısı: Əqidəsi yalnız maddə üzərində olduğu halda ateistlərin «islamı kin-küdurət dini» kimi vəsf etmələri əsil ziddiyyətdir. Çünki, onlarda mənəviyyat meyarı yoxdur. Ona görə də mənəviyyat meyarı baxımından etdikləri bu iradlar ilk öncə özlərinin mənəviyyatsız maddi ateizm nəzəriyyələrini inkar etməyə səbəb olmalı idi.

On yeddincisi: Ateist deyir ki, elm Yaradanın olub olmadığını isbat edəcək. Daha çoxu isə deyir ki, isbat edib. Bunda ixtilaf ediblər. Ateist bilmir ki, bu qeybi imandır. Bu, nə maddi və təcrübi elmin həll edəcəyi iş deyil, nə də o elmlərə aid məsələ deyil. Biri var Allahın isbatı, biri də var Allahın kəşfi. Biz Allahın varlığını əqli dəlillərlə isbat edirik. O dəlillərlə ki, hər biri Allahın varlığına işarət edir. Lakin, Allahın kəşfi dedikdə onu gözlə görmək və ya maddi (təcrübi) elmlə (məsələn; Fizika elmiylə) göstərmək nəzərdə tutulur. Bu, doğru deyil və yanlış metoddur. Çünki, Fizika elminin qayda-qanunlarını qoyan Allahın özüdür, belə olduqda Fizika elmi ilə Allahı kəşf etmək mümkün deyil. Üstəlik də, Allah Fizika elmiylə məhdud deyildir. Allah bu dünyada bizə özünü göstərmək istəməyib, belə olduğu halda Fizika elmiylə Allahı kəşf etmək istəmək doğru deyildir. Çünki, sənin bu elminin alətləri kəşf etmək istədiyinin qarşısında çox cılızdır.

On səkkizincisi: Ey ateist! Sən insan həyatının öz-özünə yaranmasını qəbul etməyə çalışırsan və heç bir dəlilin, isbatın olmadan sən bu ehtimalı qəbul edirsən. Halbuki, Allahın varlığı iki ehtimalla məhduddur. Yəni, ya Allah var, ya da Allah yoxdur. İnsanın ağılının qəbul etdiyi dəlillər isə Allahın olması ehtimalını yəqinliklə qəbul edir. Belə olduğu halda 50 faiz yəqinliklə qəbul edə biləcəyin bir ehtimalı trilyonda bir qədər kiçik olan və sübutu üçün heç bir dəlil olmayan ehtimalın qarşısında inkar etməyin əsil ziddiyyətdir.

On doqquzuncusu: Ateist mömini tənqid edib deyir ki: Quran bizi kafir adlandırır və dördayaqlı heyvanlardan betər olduğumuzu deyir. Sonra da “Bu radikallıqdır” — deyir.

Bəs necə olur ki, ateistlər özləri dini, dinin müqəddəs şüarlarını təhqir edir, dindarları alçardırlar? Məgər bu radikallıq deyilmi? Sən ey ateist! Necə özün bir şeyi deyib, sonra onun əksinə əməl edirsən?

Həmçinin, ateist Qurandakı: «Onlar dördayaqlı heyvan kimidirlər.» ayəsinə etiraz edir, lakin, Darvinin təkamül nəzəriyyəsində insanın heyvandan əmələ gəldiyi deyiləndə bunu qəbul edir. Nəyə görə Darvin sizə heyvan deyəndə qəbul edirsiniz, amma, Allah «onlar dördayaqlı heyvan kimidirlər» deyəndə qəbul etmirsiniz? Ən azından Quranda çəkilən misal (əti, südü, dərisi) faydalı heyvanlardır. Darvin isə sizi həqir meymunlara oxşadıb. Onda Darvinə də qəzəblənin! Üstəlik Quranda bir xüsusi tayfaya bu xitab edilməyib, sadəcə Allaha inanmayanlar qəsd olunub!

İyirmincisi: Ateist Quranda Allaha inanmayan, inadkar və təkəbbürlü imansızların «dördayaqlı heyvanlar» kimi olduqları vəsfinə qarşı çıxır, lakin, eyni zamanda əsil-kökünün balıqdan başladığını və insanın meymundan əmələ gəldiyini, donuzun insandan daha üstün olduğunu, insanın da mikrob, bakteriya, virus kimi başqa canlı varlıqlar kimi bir canlı olduğunu deyir.

İyirmi birincisi: Ateist iddia edir ki, Quran asan dildədir və onu hər kəs oxuyub başa düşə bilir. “Ona görə də bu Allah kəlamı ola bilməz.” Sonra isə deyir ki, əgər Quran Allah kəlamı olsaydı, o daha qəliz, daha çətin anlaşılan olardı. Bu yerdə birinci sualı veririk: Nəyə görə Allah bizə anlaşılmayan kəlam göndərsin və sonra bizə ona tabe olmağı əmr etsin?! Bu adillik olardımı heç? Lakin, həqiqətdə problem bu deyil. Problem odur ki, bu sözləri deyən ateistlər Qurandakı bəzi surələrin əvvəlində gələn rəmzi həriflər (Əlif, lam, mim. Ya sin və s.) haqqında: “Allah bu anlaşılmaz hərfləri niyə göndərib?” — deyərək ziddiyyətə düşürlər. Qeyd edək ki, həmin həriflərini hamısının izahı vardır.

 İyirmi ikincisi: Ateist iddia edir ki, şərin mövcud olması Allahın inkar edilməsinə ən böyük dəlildir. Bəs ateist necə unudur ki, felin (şərin) mövcudluğu faili (işi görəni) lazımlı edir. Yəni (iş) varsa, fail (işi görən, təsir edən) də olmalıdır. Belə olduğu halda biz fail (işi görən) olmadan feli (görülən işi) necə təsdiqləyə bilərik?!

İyirmi üçüncüsü: Ateistlərin qəribə ziddiyyətli sözlərindən biri də Muhəmməd Peyğəmbər haqqındadır. Onlar gah Onun oğurluq etdiyini, gah adam öldürdüyünü və s. işlər gördüyünü iftira edir, sonra isə bir müsəlman onun cavabını verəndə deyirlər: «Əslində tarixdə adı Muhəmməd olan şəxs heç mövcud olmayıb».

Həmçinin, ateist Peyğəmbərə sehr edilməsi və Onun Aişə (Allah ondan razı olsun) ilə evliliyi barəsində danışır. O zaman ki, biz ona cavab verərək bəzi peyğəmbərlik dəlillərini göstəririk, başlayır belə deməyə: “Tarixi dəlil hesab etmirəm. Çünki, tarixi qalib gələnlər yazırlar.”

İyirmi dördüncüsü: Ateist sənə İslamda ixtilaf gördüyü şeyləri gətirməyə çalışar, halbuki, İslamın əslində ixtilaf yoxdur. Lakin, özü isə ateist alimlərin belə ittifaq etmədiyi fəlsəfəni irəli sürməkdən çəkinmir.

İyirmi beşincisi: Ateistlər deyirlər ki: dinlərin batil olmasına əsas dəlil dinlərin çox olması və ixtilaf etmələridir. Baxmayaraq ki, din inkarçıları özləri bir çox firqələrə bölünürlər.

İyirmi altıncısı: Ateistlər Allahın varlığına çoxsaylı aydın dəlillər olmasına baxmayaraq, Onu inkar edirlər. Lakin, varlığına bir aydın dəlil belə olmayan çoxlu varlıqları və yadplanetliləri qəbul edirlər. Bu əsil ziddiyyətdir.

İyirmi yeddincisi: Ateist deyir ki: İslamın batil olmasına ən böyük dəlil İslam barədə şübhələrin olmasıdır və sanki, heç ateizm barədə şübhələr yox imiş kimi danışır.

Şübhələr isə özü-özlüyündə həmişə bir şeyin batil olmasına dəlalət etmir.

İslam barəsində olan bütün şübhələrin elmi və əqli cavabı vardır. Əgər bu din bəşər övladının ixtirası olsaydı, onda bu qədər qüvvətli cavabların olması mümkünsüz olardı. Bir də ki, bu şübhələrin çoxusu pis anlayış və dini cahillik səbəbindəndir. Ona görə də hər kəsin düz anlamadığı bir şeyə etiraz etməsi və “bu şübhədir” deməsi asandır. Doğru olan isə budur ki, heç bir iddia sağlam dəlil-sübut olmadan qəbul edilmir.

İyirmi səkkizincisi: Ateist iddia edəndə ki, filankəs fizika üzrə alimdir və ateistdir. Biz də deyirik ki, təbiət alimlərinin çoxusu inanclı insanlardır və ateistlər inanclılardan azdır. O da deyir ki, ateizm fikirdir, nə şəxslərə, nə də çoxluğa görə deyil. Filan alim bizi maraqlandırmır, hətta, bütün dünya iman gətirsə belə “no problem”…

İyirmi doqquzuncusu: Ateist iddia edir ki, ağıla hörmətlə yanaşır və öz sözünün məntiqə uyğun olduğunu deyir. Amma, həqiqətdə isə ateistin sözlərinin çoxu bunun əksini göstərir; məsələn, elə “bu aləm təsadüfən yaranmışdır” demək kimi və yaxud da hər hadisənin bir səbəbinin olmasını inkar etmələri kimi. Baxmayaraq ki, balaca uşağın əlindəki oyuncağı onun arxasından gəlib gizlicə götürsən, o balaca uşaq arxaya boylanacaq ki, görəsən mənim oyuncağımı kim götürdü?! Balaca uşaq da hər hadisənin bir səbəbinin olduğunu fitrətilə dərk etdiyi halda, ateist bu boyda aləmin, dünyanın təsadüfən, səbəbsiz yarandığını iddia edir.

Otuzuncusu: Ateist səmimi görsənməyə çalışıb “haqqı axtarıram və ədalətliyəm” deyir, lakin, qeyri səmimiliyinə dəlalət edən əsassız fəlsəfi sualları verməklə (o suallar ki, əslən sual kimi qoyulması doğru deyil; məsələn; Allahı kim yaradıb? Bilir ki, “Yaradanı yaratmaq” sözü doğru söz deyil və ilk yaradan özü yaradılmır.) bir daha öz niyyətini ifşa edir.

Çünki, səmimiyyət yaradılanlardakı əlamətləri görüb Yaradanı qəbul etməyi tələb edir. Onların “yaradanı kim yaradıb” sualı isə artıq birbaşa ondan əvvəlki mərtəbəni həll etməmiş növbəti mərtəbəyə keçmək cəhdidir, bu isə səmimiyyətdən xəbər vermir. Yaradanın yaradılmasına isə ehtiyac yoxdur. Çünki, biz tək yaradandan danışırıq. Tək Yaradanın isə yaradanı olmur.

 

Topladı və tərtib etdi: Sahib Əsədov