Əqidə Məqalələr

Ateistlərin “İnsanlar öz ölkəsinin dinini mənimsəyir” — şübhəsinə cavab

Şübhə belədir: Deməli, ateistlər tez-tez bu şübhəni səsləndirir və belə deyirlər: “Sən Azərbaycanda doğulduğun üçün müsəlman olmusan, məsələn; əgər Çində doğulsaydın, bütpərəst olardın. Ona görə də dinlər doğru deyil.

Bu şübhənin cavabı: Bu şübhəyə iki nahiyədən yanaşmaq olar. Birinci nahiyə birbaşa şübhənin cavabıdır ki, buna üç aspektdən cavab verəcəyik. İkinci nahiyə isə bəzilərinin eyni sualı bir qədər fərqli verməsilə əlaqədardır. Bu sualın fərqli və şaxəli formasına isə artıq başqa bir yazımızda bundan əvvəl cavab vermişdik. Həmin cavabı bu keçiddən oxuya bilərsiniz:

Keçid linki

Bu linkdəki məqalədə suala uyğun olaraq daha çox İslamı tanımadan, İslam barədə xəbər tutmadan  bu dünyada yaşayıb sonra vəfat etmiş şəxslərin aqibəti müzakirə edilmişdir.

Konkret olaraq yuxarıda verilən şübhənin cavabına gəldikdə isə bu ən saçma şübhələrdən biridir.

Birincisi: Ona görə ki, bu etiraz əsl etibarilə yanlışdır. Bunun mənası odur ki, məsələn; kimsə sənə hansısa fikir ifadə edir, sən də ona deyirsən ki, “yox, bilirsizmi, bu fikir filan yerdən və ya filan şəxsdən və ya filan camaatdan və ya filan kitabdan gəlib, deməli doğru deyil.” Amma, həmin fikirin nə olduğu barədə düşünmürsən.

Bu etiraz və ya bu üslub heç cürə nəyinsə doğru olub olmadığını isbat etməyin yolu deyil. Bu məsələdə yeganə məntiqi yol isə həmin fikrin həqiqətə və ya reallığa nə qədər uyğun olmasıyla ölçməklədir. Lakin, burada məsələnin əslinə baxılmalıdır. Bir misal verək; Məsələn, mən əgər hansısa bir şey satıram, tutalım ki, bir kitab satıram. Satdığım kitabı tərifləyərək desəm ki, əgər bu kitabı oxusan, faydalanacaqsan, əqlini inkişaf etdirəcəksən. Eləcə də bu kitabı satmaq hal-hazırda mənim xeyrimədir ki, onu sataraq pul qazanım. Məgər bu o deməkdir ki, bu satdığım kitabın içindəkilər pis və çirkin şeylərdir?

Həmçinin, bu məsələ ona oxşayır ki, bir insan çıxıb digərinə deyir ki: “günahsız insanların öldürülməsinə gətirib çıxaran döyüşlər pis və çirkindir.” O da (ateist və ya qeyrisi) cavabında deyir ki: “Sənin sözün batidir. Çünki, sən hal-hazırda elə bir cəmiyyətdə yaşayırsan ki, bu mühitdəki fərdlər insana, insanlığa böyük qiymət verirlər. Əgər sən qədim zamanda yaşasaydın, sən başqa fikirdə olardın. Sən bunu ona görə deyirsən ki, sən yaşadığın cəmiyyətin  mədəniyyətindən təsirlənmisən. O cəmiyyət ki, insanın azad olduğunu və onun şəxsiyyətinin hörmət və şərəfi olduğunu deyir. (1) Onda biz deyə bilərikmi “hər kimsə fərdə, insana yüksək qiymət verirsə, insanlara hörmətlə yanaşırsa, deməli, onun bu sözü batildir? Əlbəttə ki, yox!

Həmçinin, bu iddia, o uşağın sözünə oxşayır ki, o digər uşağa belə deyir:

  • “Sənin öyrəndiyin riyaziyyat fənni doğru deyil. Çünki, mənim sənin müəlliməndən xoşum gəlmir və ya sənin müəllimən sənə riyaziyyatı ona görə öyrədib ki, bunun qarşılığında qazanc əldə etsin və s.”

Bu cür danışmağın isə ümumiyyətlə riyaziyyat fənninin doğru və ya yanlış olmasıyla heç bir əlaqəsi yoxdur. Həmçinin, belə sözlərin riyaziyyatın əsası ilə də bir əlaqəsi yoxdur ki, hətta, onun doğru və ya yanlış olduğuna dəlalət etsin. Əksinə, bir fikrin doğru-düzgün olması onun doğru şəkildə öyrənilməsindən keçir ki, bu fikir həqiqətə uyğun, məntiqi, yerli-yerində və gerçəkliyə uyğun olmalıdır.

Ona görə də bu şübhəni yayan ateistlərin bu düşüncə adamı Richard Darwinksin düşdüyü problem də budur ki, o, əsas etibarilə yanlış olan bir şeyi dəlil hesab edir. Yəni, onun dediyinə əsasən “əgər sən müsəlmanların çox olduğu yerdə doğulmusansa, onda sənin İslama nisbət olunmağın doğru deyil, onda deməli, bu doğru deyilsə, deməli İslam da doğru deyil.” Ona görə də deyirik ki,  məntiqi nəticə tamamilə yanlış və absurddur. Ona görə də əvvəldə dedik ki, bu etiraz əsl (əsas) etibarilə yanlışdır. Hətta, biz müsəlmanlar belə, məsələn, xristianları İslama dəvət edərkən bu üslubdan istifadə edərək demirik ki, “sən Avropada doğulduğun üçün xristian olmusan.” Çünki, bu nisbi bir məsələdir. Mütləq həqiqət deyildir. Əksinə, biz xristianların içində olduqları şirk, xurafat, küfr və təhrifləri göstərərək onları islah etməyə çalışacağıq. Bu isə tam məntiqi üslubdur.

 

İkincisi: Bu saçma iddianın özü tənqidə məruz qalır. Biz bu iddianı edən Richard Dawinks’ə deyə bilərik ki, sən bu məsələdə bir iddia gətirirsən də, özün bir yox iki nisbətə görə ateist olmusan.

Birincisi, coğrafi nisbətə görə, ikincisi, zaman nisbətinə görə.

 Coğrafi nisbətə görə ona görə ateist olmusan ki, çünki, sənin doğulduğun yer Britaniyadır və sən ateistlərin çox olduğu bir ölkədənsən. Öz iddia etdiyin məntiqə görə də sənin ateist olmağın da doğru deyil. Çünki, əgər sən Pakistanda doğulsaydın, ola bilərdi ki, sən indi Quranın heyrətamiz cəhətləri barəsində hansısa bir elmi iş yazırdın. Deməli, sən, Cənubi Koreya və sabiq Sovet ittifaqı dövlətlərində olan ateistlər də coğrafi nisbətə görə ateist olmusunuz.

 Zaman nisbətinə gəldikdə isə, sən ateizmin yayıldığı bir əsrdə yaşamısan, yəni, 20-ci əsrin sonlarında və 21-ci əsrin əvvəllərində yaşamısan. Beləcə, sizin öz sözünüzü özünüzə qaytarmaq çox asandır. Deməli, dinlərin coğrafi nisbətlə olması barədə etiraz yersiz etirazdır. Ona görə ki, bunun nə məntiq, nə də səbəb aspektindən dinin doğru və ya yanlış olması ilə heç bir əlaqəsi yoxdur. İkinci tərəfdən isə ateistlər də eyni etiraza və ya tənqidə məruz qala bilir, özü də təkcə coğrafi nisbət baxımından deyil,  zaman nisbəti baxımından da bu baş verir. Artıq bunun izahını yuxarıda verdik.

 

Üçüncüsü: Dünyanın şərqində və qərbində ateistlərə sonradan rədd verən neçə alimlər olmuşdur ki, onlar vaxtilə ateizmi qəbul edən şəxslər olmuşlar. Onlar sonradan ateizm fikrindən döndülər.

20-ci əsrdə ateizmə dəvət edən, kitabları ən çox yayılan şəxslərdən biri C.S.Lewis olmuşdur. O Kambric universitetində müəllim idi, özü də ateist idi. Onun «Şər problemi» və başqa mövzularda əsərləri vardır. Lakin, o tam bir fikir mədrəsəsini təmsil edir. Onun əsasını qoyduğu bu fikir mədrəsəinin mübahisə və dialoq məsələlərinə yanaşmasından bu gün də istifadə edənlər var.

Antony Flew: 20-ci əsrin ortalarında ən məşhur ateist idi. Sonra 21-ci əsrin əvvəllərində Allaha iman gətirdi və yazdıqlarını inkar etdi. Təsəvvür edin ki, o ateizmin müdafiəsi üçün onlarla kitablar yazmışdı. 50 illik ateist həyatından sonra bütün o fikirlərdən tövbə edir və Allahın var olduğunu, özünün əvvəlki fikirlərinin yanlış olduğunu elan edir. Beləcə, ateizm təbliğatına böyük bir zərbə vurmuş olur.

Həmçinin,  McGrath da vaxtilə ateist olan şəxslərdən biridir. Lakin, sonradan Ateizmə qarşı mübarizə aparmış və bu yolda çoxlu kitablar yazmışdır. O, hal-hazırda ateistlərin lideri R.Dawinksə ən güclü rəddiyyə verənlərdən biridir.

Ərəb ölkələrində isə Mustafa Mahmud da əvvəllər ateist idi. Sonradan Ateistlikdən tövbə edir ateistlərə qarşı ciddi şəkildə mübarizə aparır. O, «Allah və insan», «Ateist dostum» və başqa bir çox kitabların müəllifidir.

Aqqad da vaxtilə ateist olan şəxslərdən biri idi və vaxtilə ateizmdən və marksizmdən yazmışdı.

Abdullah əl-Məsiri də azadlıq və başqa ateizm şüarları barədə yazmışdı. O, ateizm etiqadını iqtisadi, siyasi və ictimai aspektlərdən incələmişdir. O da vaxtilə ateist olmuşdur. Belə şəxslər çoxdur.

Xülasə, görəsən Richard Dawinks  bütün bu şəxslərin “coğrafi nisbət” halını nəzərə alaraq ateizmdən çıxmasını necə izah edir? Bax bu yerdə Dawinks çıxılmaz vəziyyətə düşücəkdir. Ona görə də ”coğrafi nisbəti” irəli çəkərək imana qarşı etiraz kimi qoymaq nə məntiqi, nə də elmi bir üslub deyildir. Bu, məntiqi tərtib olan müqəddimə və nəticə tərtibindən də uzaqdır.

 

Hazırladı: Sahib Əsədov

Mənbə: dr. Səmi Amirinin bu mövzuda videoçıxışından ixtisar və əlavələrlə istifadə edilmişdir. (Bu mövzuya yaxın mövzuda sərbəst araşdırmamızın linki isə məqalənin əvvəlində verilmişdir)