Firqələr

Ateistin sualı: Nə üçün bu uşaqlardan biri rahat, digəri isə səfil həyat yaşayır?!

Sual: Deməli, bizə bir şəkil göndərdilər. Şəkildə iki uşaq təsvir olunur. Biri yumşaq yorğan-döşəkdə, təmiz bir yerdə oyuncağını qucaqlayıb yatır, ikincisi isə, çöldə, torpağın üstündə başını yerdəki iki daşların üstünə qoyub yatır. Sonra isə bu şəkili göndərən ateist və ya deist bu iki şəkil arasındakı fərqi qəsd edərək belə bir sual verir: *Niyə? Gəl sən de ki, imtahan dünyasıdır! Həddi büluga qədər nə imtahan? Hansı imtahan?»

 

Cavab:

 

Birincisi: Siz İslamdakı *Dünya imtahandır* deməkdən məqsədin nə olduğunu anlamamısınız. Elə «dünya imtahandır» demək o deməkdir ki, dünya rahatlıq yeri deyil, nə də cənnət kimi rahat bir yer deyil. Dünyaya gələn, istər uşaq olsun, istər böyük olsun, dünyadakı çətinliklərlə qarşılaşacaqdır. Siz birinci İslamdakı «imtahan» məqsədini doğru anlamağa çalışın, yoxsa ədalət prinsipi ilə bu mövzuya yanaşmış olmazsınız. Gəlin Qurandakı imtahan ayəsini birlikdə oxuyaq:

 

«Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.» (Mülk, 2)

 

Bu ayədə deyilmir ki, uşaqlar valideynlərinin həyat tərzindən kənarda qalacaqlar və ya deyilmir ki, uşaqlar insanların dünyadakı ədalətsiz maddi bölgüsündən təsirlənməyəcəklər. Unutmayın ki, kasıbların haqqını varlı insanlar yeyir. Yoxsa, bu şəkildəki iki fərq ortaya çıxmazdı. Siz bu iki fərqə görə Allahı deyil, insanları ittiham etməlisiniz! Əmin, olun ki, sizi aldadıblar. Çünki, Allah Quranda varlılara əmr edib ki, kasıblara zəkat və sədəqə versinlər. Sizin etdiyiniz ittiham o vaxt doğru ola bilərdi ki, Allah zəkat və sədəqə verməyi əmr etməsin, pulu ədalətli bölməyi buyurmasın. Siz məntiqlə danışmaq istəyirsinizsə, bunu da məntiqlə düşünün. Bunu düşünsəniz biləcəksiniz ki, bu iki şəkildəki fərqin günahkarı Allah deyil, zalım insanlardır.

 

İkincisi: Hətta, yumşaq döşəkdə yatanlar belə həyatın acı tərəfindən qurtula bilmirlər. Kimisinə görə yumşaq döşəkdə yatmaq xoşbəxtlik sayıla bilər. Amma, minlərlə yumşaq döşəkdə yatan xəstə uşaqlar da var ki, onlardan kimisinə həftədə qan köçürülməzsə, həyatını itirə bilər. Kimisi isə, başqa bir xəstəlikdən əziyyət çəkir. Yumşaq döşək onu həmin sıxıntıdan qurtarmır. Siz əslində bu etirazı etməklə “dünyada nəyə görə problemlər var?” demək istəyirsiniz. Xoşbəxtliyin nisbi bir şey olduğunu bildiyimiz halda bu «qəribə müqayisəni» edirsiniz.

 

Əslində biz sizə yüzlərlə bizə nisbi olaraq şər görünən şeyləri misal gətirə bilərik. Cavabın sonunda “şər problemini” başa düşməyiniz üçün bir məqaləmizi oxumağı tövsiyə edəcəyik.

 

Məsələn, bu iki uşağın imtahanı onlar böyüdükdə ola bilər. Fərz et ki, onlar böyüyüb və bu hal davam edir. Biri kasıb, digəri varlıdır. Allah bu varlı və kasıb uşağın imtahanını yaxşı və pis əməllərinə görə edəcək, necə ki, yuxarıdakı imtahan ayəsi buna işarət edir. Varlı və ya kasıb olmaq insanın ləyaqətli olmasına maneə deyil. Varlı və kasıb olmaq insanın yaxşı və pis olmasına maneə deyil. Əksinə, varlı olanlar bu dünyada bütün zülmlərin ən çox törədiciləri hesab olunur. O yumşaq yataqda yatan necə uşaqlar böyüyüb pula pul deməyən, barlara pul tökən və ən çox pis əməlləri edənlərə də çevrilə bilirlər. Təbii ki, bu da nisbi bir misaldır. İmtahan barədə başqa bir misal verək; varlı və kasıb uşağın valideynlərinə qayğısı məsələsi; Necə varlılar var ki, valideynini «qocalar evinə» atıblar. Halbuki, o varlı övladların imtahanı valideynləri idi. Neçə-neçə kasıb uşaqlar var ki, kasıb olsa da valideynlərinə yaxşı qayğı göstərmişlər, valideynləri də onlardan razı olmuşdur. Belə kasıb övladlar belə varlı övladlardan üstün olur və İslamdakı imtahan qayəsini uğurla keçmiş olurlar. Bu misallardan məqsəd odur ki, kasıb və ya varlı olmaq nisbi bir şeydir və insanın bu dünyada Allahın qəsd etdiyi imtahana tabe edilməsinə maneə deyildir.

 

Üçüncüsü: Əslində sizin bu şəkili atmağınız və bu cür sual verməyiniz elmi baxımdan doğru mühakimə yürütmək deyil. O baxımdan ki, siz dünyadakı şər problemini (the problem of evil)  düzgün anlamamısınız. Dünyada heç bir şər olmasın demək, “bu dünya cənnət olsun” deməkdir. Halbuki, biz müsəlmanlar da onu deyirik ki, bu dünyada hər kəsin axtardığı iki mühüm şey *xoşbəxtlik və əbədi həyat* yalnız cənnətdə mümkündür. Siz isə onu bu dünyada axtarmaqla yanlışa yol verirsiniz. Əslində hər kəsin axtardığı bu iki şeydə qayələr eyni olsa da axtarış yeri səhv salınıb. Axirət isə doğru ünvandır. Qaldı ki, bu mühakimənin doğru olmamasının izahına; Sizin deməyinizdən belə çıxır ki, “niyə bu dünyada şər var?” Sonra da demək istəyirsiniz ki, şər varsa, qeyri bərabərlik varsa, deməli Allah yoxdur. Əksinə, şərin varlığı Allahın varlığına dəlildir. Xeyirin olmasıyla bərabər şərin olması, acı ilə şirin, qaranlıq ilə işıq, gecə ilə gündüz, yaxşı ilə pis, axmaq ilə ağıllı, mənfi ilə müsbət, isti ilə soyuq, alçaq ilə yüksək, dərman ilə zəhərin olması təbiidir. Bunlar bir birinə əks olduğu kimi biri digərini tamamlayır. Buna aid siz özünüz yüzlərlə misallar çəkə bilərsiniz. Allah isə xeyir və şər ilə imtahana çəkir, yalnız şər ilə deyil.

Məsələn; Allah Quranda buyurur: «Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!» (Ənbiya, 35) Bunu daha yaxşı anlamaq üçün, həmçinin, xeyir, şər mövzusunda ateistlərin yanlış təsəvvürlərinin və bir çox şübhələrinin cavabını isə bu linki aşağıda qeyd olunmuş məqaləmizdə oxuya bilərsiniz: http://senxatirlat.com/ateizmde-serr-problemi-anlayisina-munasibet-problem-evil/