Uşaqlar üçün

Aşura günü niyə oruc tuturuq?

Gəlin bu günü uşaqlarımıza planlı şəkildə yadda qalan etməyə çalışaq!

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Gəlin bu günü uşaqlarımıza planlı şəkildə yadda qalan etməyə çalışaq!

◆ Birinci onlara bu gün əksər müsəlmanların oruc tutduğunu deyin. Sonra bu orucun necə fəzilətli olduğunu Peyğəmbər sallallahu aleyhi və səlləmin aşağıdakı sözlərilə ifadə edin. Bu hədisi onlara anlayacaqları dildə izah edin.

Əbu Qatədə Əl-Ənsarinin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilir:“Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ərafa gününün orucu barədə soruşuldu və dedi: “Keçən və gələn ilin günahlarına kəffarədir”. Və aşura gününün orucu barədə soruşuldu və dedi: “Keçən ilin günahlarına kəffarədir”. (Muslim, 2804).

SubhənAllah diqqət etdinizmi bir gün oruc tutmaqla, bir neçə saat Allah üçün ac-susuz qalmaqla Kərim olan Allah necə böyük əcr verir…

◆ Sonra onlara sual verin və bilməsələr cavabı da özünüz verin. Sual-cavab şəklində öyrədilən elm daha yaddaqalan olur.

◆ Birinci sual: «Biz niyə aşura günü oruc tuturuq?» Çünki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə etmişdir və bizi də buna həvəsləndirmişdir.

◆İkinci sualı verin: «Bəs Peyğəmbər (Allahın ona salavat və salamı olsun) niyə aşura günü oruc tutub?» Bunun cavabını da aşağıdakı hədislə izah edin.

İbn Abbas rəvayət edir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə gəldi və yəhudilərin aşura günü oruc tutduğunu gördü və onlara dedi: “Oruc tutduğunuz bu gün nədir?” Dedilər: «Bu, əzəmətli bir gündür, Allah bu gündə Musanı (Allahın ona salamı olsun) və qövmünü xilas etmiş, fironu və qövmünü isə, batırmışdır, Musa (Allahın ona salamı olsun) da bu günü (Allaha) şükür olaraq oruc tutmuşdur, biz də bu gündə oruc tuturuq”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Biz Musaya (Allahın ona salamı olsun) sizdən daha haqlı və daha yaxınıq”. Və Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu günü oruc tutdu və bunu əmr etdi”. (Buxari, 2004; Muslim, 1130).

Deməli bu günü oruc tutmaq, həmçinin Allaha şükür əlamətidir.

◆İndi mövzunu dəyişək və onlara maraqlı şəkildə Musa Peyğəmbərin (Allahın ona salamı olsun) qissəsini danışaq. O qissə ki, Quranda ən çox zikr olunan qissələrdən biridir. Çünki, bu qissədə o qədər böyük və ibrətli hikmətlər var ki, insan oğlu onu dərk etsə dünyanı dərd etməz.

Lap əvvəldən danışın qissəni. Fironun yuxusundan, oğlan uşaqlarını öldürtməyindən, Musa Peyğəmbəri (Allahın ona salamı olsun) Allahın necə qorumağından, Peyğəmbərliyin gəlməsindən, əsanın ilana çevrilməsi möcüzəsindən və s. Və aşura günü olan hadisədə dayanaq. Musa (əleyhissələm) öz qövmü ilə Misirdən hicrət edirdi. Arxadan isə başda firon olmaqla düşmən ordusu onları təqib edirdi. O qədər zalım düşmən ki, əllərinə keçən möminləri elə-belə adi ölümlə də öldürmürdülər. İşgəncə və zülmlə öldürürdülər.

◆ Aşura günü idi. Fironun zülmündən qaçan Musa Peyğəmbər (Allahın ona salamı olsun) və qövmü dənizə qədər gəldilər və beləcə yol qurtardı. Onların halını izah edin uşaqlara. Necə qorxulu, necə çarəsiz bir vəziyyət… Düşmən ordusu üzərlərinə gəlir və qaçacaq yer yoxdur. Dənizə çatıb dayandılar…

Heç Uca və Mərhəmətli olan Rəbbimiz Ona təvəkkül edən qullarını çarəsiz qoyarmı? Bu hadisəni Allah Quranda bizə belə xəbər verir:

وَلَقَدْ أَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَا تَخَافُ دَرَكًا وَلَا تَخْشَىٰ

“Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru yol aç. Düşmənin sizə çatmasından qorxma, çəkinmə!”– deyə vəhy etdik.

فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِ فَغَشِيَهُمْ مِنَ الْيَمِّ مَا غَشِيَهُمْ

Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı.” (Ta Hə surəsi, 77-78)

◆Bu qissədə bizim üçün nə faydalar olduğunu soruşun. Onlara təvəkkül ibadəti haqqında da danışın. Bir sıxıntıya düşəndə, bütün qapılar üzümüzə bağlananda bu qissəni yada salıb, ibrət götürüb Allaha tam təvəkkül etməyi öyrənməliyik. Çünki Allah bir quluna yol açmaq istəsə, ona dənizin içindən belə quru yol açmağa qadirdir. Allah Ona təvəkkül edən, ondan qorxan təqva sahibi qullarını heç vaxt darda qoymaz. Buna dəlil olan aşağıdakı ayələri də uşaqlara anlayacaqları şəkildə izah edin.

وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا◇ وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ

“Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir.” (ət-Taləq surəsi, 2-3)

Beləcə Aşura günü baş vermiş bu hadisəni xatırlamaqla bu günün əzəmətini bir daha anlamış oluruq.

Müəllif: Ummu Muhəmməd

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha