Məqalələr

Aşura günü nədir?

«Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!» (Duxan 24)

Rəhmli və Mərhəmətli Allahin adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Musa peyğəmbər (Allahın ona salamı olsun) Allahın bir çox peyğəmbərlərdən üstün etdiyi elçisidir. Uca Allah buyurur: «Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir.» (Bəqərə 253)

Ayədə qeyd olunan Allahla danışmış peyğəmbər də məhz Musadır (Allahın ona salamı olsun). Musa (Allahın ona salamı olsun) Allahla birbaşa, arada vasitəçi olmadan danışırdı. Bu da Musanın (Allahın ona salamı olsun) böyük fəzilətindən xəbər verir. Həmçinin, Musanın fəzilətinə dəlalət edən başqa bir əlamətdə say baxımından bizim ümmətdən sonra ən böyük ümmət Musanın ümmətidir. Musa peyğəmbərin (Allahın ona salamı olsun) fəzilətini bildirən daha bir əlamət də Qurani Kərimdə adının ən çox çəkilməsidir. Qurani Kərimdə Musa peyğəmbərin adı 125 dəfə zikr olunur. Demək olar ki, Musa (Allahın ona salamı olsun) barədə bütün ayələr Məkkə dövründə Muhəmməd peyğəmbərin çətin anlarında ona təsəlli olsun deyə nazil olurdu.

Həyatı

Musa peyğəmbər (Allahın ona salamı olsun) özünün ilah olduğunu iddia edən Fironun zamanında yaşamışdır. Firon özünün ilah olduğunu idda edir və Yaqubun nəslindən olan israil övladlarına zülm edir, doğulan oğlan uşaqlarını öldürürdü. Oğlan uşaqlarını öldürməsinə səbəb isə İsrail övladlarından bir nəfərin onu (fironu) məhv edəcəyi xəbərinin yayılması idi. Beləliklə, Firon xüsusi dəstə ayırmışdı ki, hamilə qadınları nəzarətdə saxlayaraq, uşaqları  dünayaya gələn kimi onları öldürsünlər. Musa peyğəmbərin (Allahın ona salamı olsun) anası hamilə olduğu dövrlərdə hamiləliyini gizli saxlaya bilmişdi. Uşaq dünyaya gəldikdə isə Allah Təala Musanın (Allahın ona salamı olsun) anasına ilham edərək buyurur: «Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik”.» (Qasas 7)

Bundan sonra Musanın (Allahın ona salamı olsun) anası onu zənbilə qoyub Nil çayına buraxır. Çay Fironun sarayının önündən keçdikdə xidmətçilər onu götürüb, açmadan, Fironun zövcəsi olan Asiya bintu Muzahimin yanına aparırlar. Asiya zənbili açdıqda Musanı (Allahın ona salamı olsun) görür və ona qarşı özündə güclü sevgi hiss edir. Firon uşağı gördükdə onu öldürmək istəyir. Asiya isə onun qarşısını alaraq deyir:  «(Bu)(uşaq) həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, o bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Onlar (bu işin sonunu) bilmirdilər». (Qasas 9)

Allah Təala da Asiyanın istədiyi faydanı ona nəsib edir. Belə ki, Ona Musa (Allahın ona salamı olsun) vasitəsi  ilə bu dünyada hidayət, Cənnətdə isə  yüksək məqamı verir.

Bununla da, övladı olmayan  Firon və Asiya Musanı (Allahın ona salamı olsun) oğulluğa götürürlər. Ancaq Allah Təala Musaya (Allahın ona salamı olsun) başqa qadınlardan süd əmməyi qadağan etdiyinə görə Musa heç bir qadının südünü əmmək istəmirdi. Bunu gördükdə, uşağı götürüb camaat toplaşan bir bazara aparırlar. Yenə də Musa (Allahın ona salamı olsun) heç bir qadından süd əmmək istəmir. Musanı (Allahın ona salamı olsun) tanıyan bacısı hiss etdirmədən onlara belə deyir:  «Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?» (Qasas 12)

Beləliklə, Musa (Allahın ona salamı olsun) bacısı ilə birlikdə  doğma anasıgilə gedirlər. Anası onu əmizdirir. Bu barədə gəlib Asiyaya xəbər verdikdə  o, Musanın (Allahın ona salamı olsun)  anasını çağırtdırır. Ona sarayda qalmağı təklif edir. Musanın anası isə yoldaşını və başqa uşaqlarını bəhanə gətirərək razılaşmır. Asiya uşağı onunla göndərib əmizdirmək müqabilində ona haqq təyin edir. Beləliklə, anası Musanı evində əmizdirib sonra saraya gətirirdi. Allah hər bir vədini yerinə yetirdiyi kimi bu vədini də yerinə yetirib, Musanı  öz anasına qaytarır. Ancaq qafil, azmış insanlar bunu anlamırlar. Necə ki, Allah Təala buyurur: «Beləliklə, Biz onu öz anasına qaytardıq ki, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu (bunu) bilmir.» (Qasas 13)

Musa (Allahın ona salamı olsun) böyüyüb boya-başa çatır. Bir gün Musa dolaşarkən iki nəfərin vuruşduğunu görür. Onlardan biri Misirli, digəri isə İsrail oğullarından olur. İsrail oğullarından olan kömək istədikdə Musa Qibtini (Fironun adamı) (Misirlini) vurur. Qibti də yıxılaraq vəfat edir. Əslində Musanın niyyəti onu öldürmək deyil,  qorxutmaq olsa da zərbəsi ölüm ilə nəticələnir. O, təlaş keçirməyə başlayır. Çünki hadisədən sonra hər yerdə firon dəstəsi Qibtini öldürəni axtarırlar. Ertəsi gün Musa dünən Qibti ilə vuruşan yəhudinin başqa bir Qibti ilə vuruşduğunu görür. O imdad istədikdə Musa (Allahın ona salamı olsun) onu qınayaraq üzərinə gedir. Həmin yəhudi qorxaraq deyir: «Dünən Qibtini vurub öldürdüyün kimi məni də öldürmək istəyirsən?!».  Ətrafdakılar bu sözü eşidib, firona çatdırdıqda o, Musanı gətirmək üçün dəstəsini göndərir. Dəstədəkilərdən Musanın xeyirini istəyən bir nəfər gələrək, bu barədə  Musaya xəbər verir. Musa şəhərdən çıxaraq qaçır. Musa Mədyən adlanan şəhərin kənarına gəlib çatdıqda quyudan heyvanlarına su verən bir dəstə adam və kənara çəkilən iki qız görür. Onlardan heyvanlarına niyə vermdiklərini soruşduqda, onlar çobanlar ordan uzaqlaşmamış heyvanlarını suvara bilməmələrini, nə üçün su götürməyə özlərinin gəldiyini soruşduqda isə atalarının çox qoca olduğu barədə xəbər verirlər. Musa onların heyvanlarını götürüb su verməyə aparır. Geri qayıtdıqda qızlar bu barədə atalarına xəbər verirlər. Ata Musanı yanına çağırıb, səkkiz il ona çabanlıq edəcəyi təqdirdə qızlarından birini ona verəcəyini bildirir. Musa on il onun qoyunlarını otardıqdan sonra ailəsini və azuqəsini götürərək gizlicə Misirə qayidır ki, valideynlərini görsün.

Musa soyuq və qaranlıq bir havada gedərkən yolu səhv salır. Bu zaman o, Tur dağının ətəyində od görür. Od əslində bir nur idi ki, onu Musadan başqa heç kim görmürdü. Musa ailəsini orda saxlayaraq özü tək Tur dağına doğru gedir. Ora çatdıqda ona belə bir səs gəlir: «Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir! Ey Musa! Qüdrətli, Müdrik Allah Mənəm!» (Nəml 7-9) Sonra Allah Təala yenə buyurur: «“Sağ əlindəki nədir, ey Musa?” (Musa) dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”.»  Digər  ayədə isə buyurur: «‘Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını görüb, geriyə belə baxmadan dönüb qaçmağa başladı.( Allah dedi:) “Ey Musa! Yaxın gəl, qorxma! Sən əmin-amanlıqda olanlardansan!”» (Qasas 31) Həmçinin: «(Allah) buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq”» (Ta Hə 21) Sonra isə Allah Təala Musaya əlini sinəsinə qoymağı əmr edir. Sinəsindən çəkdikdə əlinin nur kimi yandığını görür. Bu Allahın Musaya verdiyi 9 möcüzədən ikisi olur.

Allah Təala Musaya dəvət üçün Fironun yanın getməsini əmr edir. Bu işdə qardaşı Harunu da ona köməkçi edir. Allah Musanı göndərdikdə onu belə buyurur: «Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!» (Ta Hə 43-44)

Musa Fironu təkAllahlığa dəvət edir. Həmçinin, İsrail övladlarını da azad etməsini ondan tələb edir. Firon isə təkəbbürlük göstərərək onun dediklərini inkar edir və deyir: «(Firon:) “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” – dedi. (Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?” (Firon) dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”  (Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi. Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.» (Şuəra 29-33) Ətrafda bu mözücələri görənlər çox heyrətlənirlər. Firon isə bunun sehr olduğunu iddia edir və buna sehrbazlarla cavab vermək qərarına gəlir.

Təyin edilmiş gün gəldikdə dövrün ən məşhur sehrbazları toplaşır. Ətrafa da çoxlu insanlar seyr edir. Sehrbazlar iplərini və əsalarını yerə atırlar. Onlar yerə düşən kimi yerdə sürünməyə başlayırlar. Musa sağ əlindəki əsasını yerə atır. Əsa ilana çevrilərək onların sehrlərini udmağa başlayır. Sehrbazlar bunun doğrudan da möcüzə olduğunu anladıqda iman gətirib səcdəyə qapanırlar. Firon hirslənərək onların əl — ayaqlarını çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağını söyləyir. Təfsir alimləri deyirlər ki, sehrbazlar səcdə etdikdə Allah Təala onlara Cənnətdəki məqamlarını göstərir ona görə də Fironun hədə qorxularına məhəl qoymurlar. Firon onları əzabla öldürür və onlar şəhid olurlar.

Allah Təala Firona cürbəcür bəlalar göndərməyə başlayır. Belə ki, əkinlərini çəyirtkələr məhv edir, hər yerlərini hətta yeməklərini belə qurbağa basır, Nil çayı belə qana boyanır. Bəlalar isə yalnız Fironun tərəfdarlarının başına gəlir. Firon isə iman gətirmək əvəzinə, iman gətirənlərə əzab verir. Bu bəlalara dözmədikdə isə Musadan dua etməsini tələb edib iman gətirəcəklərini söyləsələr də, dua qəbul olub, bəlalar sovuşduqda iman gətirmirdilər.

Beləliklə, Musa iman gətirənləri özü ilə götürüb, Şama tərəf yollanır. Firon bunu eşidəndə çox hirslənir və qoşununu götürərək onların arxasınca gedir. Bir qədər getdikdən sonra Musa və tərəfdarlarının qarşısına bir dəniz çıxır, arxada isə Fironun qoşunu gəlir. Allah Təala Musaya əmr edərək deyir: «“Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.» (Şura 63) Dəniz aralandıqda hər iki tərəfdə su dağ kimi dayanmış, yer isə qup-quru olmuşdu. Musanın camaatının hamısı daxil olduqdan sonra Musa əsasını vurub dənizi bağlamaq istəyir. Allah Təala buyurur: «Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!» (Duxan 24)

Firon və qoşunu tələsik onların arxasınca dənizə girirlər. Allah Təala Musaya əsası ilə dənizə vurmağa əmr edir və Musa vuran kimi dəniz əvvəlki vəziyyətinə qayıdır. Onlardan bir nəfər də olsun xilas olmur.

Bu  hadisə isə Aşura günü baş vermişdir. Aşuranın tarixi də bu günlə bağlıdır.

Hazırladı: Ramil Soltanov
10.11.2013

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha