Məqalələr

Aşura günü ilə əlaqədar maraqlı məlumatlar – Taasuə günü

Təəsuə günü də oruc tutmağın sünnə olduğunu bilirdinizmi?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əksər müsəlmanlar müqəddəs Məhərrəm ayının onuncu günü oruc tutmağın fəzilətli bir əməl olduğu barədə məlumata sahibdirlər.

Belə ki, İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə bildirilir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə gəldikdə yəhudilər arasında Aşura günü oruc tutulduğunu görüb soruşdu: “Bu nədir?” Onlar dedilər: “Bu gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmənlərindən xilas etdiyi gündür. Musa həmin günü oruc tutmuşdur”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Mən Musaya (onun etdiyini davam etməyə) sizdən daha haqlıyam”. Sonra həmin gün oruc tutdu və səhabələrinə də oruc tutmağı əmr etdi. Buxari.

Hədisin “Səhih Müslim”də keçən versiyasında “Musa da həmin gün oruc tutmuşdur” ifadəsinə müəllif (Allah ona rəhmət etsin) “buna minnətdar olmaq üçün biz də həmin gün oruc tutmalıyıq” şərhini vermişdir.

Bəs Aşuradan əvvəl Muhərrəm ayının doqquzuncu günü- Təəsuə günü də oruc tutmağın sünnə olduğunu bilirdinizmi?

AbduLLah ibn Abbas (Allah ondan da, atasından da razı olsun) rəvayət edir ki, Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) insanlara Aşura günü oruc tutmalarını buyurduğu zaman onlar dedilər: «Ey Allahın Rəsulu, (axı) bu günü yəhudi və nəsranilər xüsusi qeyd edirlər.» Peyğəmbər (Allahın ona salavat və salamı olsun) cavabında dedi: «Allahın izni ilə gələn il doqquzuncu gün oruc tutarıq». Amma gələn il Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) dünyasını dəyişdi. Müslim.

İmam əş-Şaafi və tərəfdarları, İmam Əhməd, İshaq və digərlər alimlər (Allah onların hamısına rəhmət etsin) doqquzuncu gün də oruc tutmağın bəyənilən əməl olduğunu bildirmişlər.

Bəs doqquzuncu gün (Təəsuə) oruc tutmağa edilən çağırışda hansı hikmətlər mövcuddur?

İmam əl-Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: “Alimlər Təəsuə günü oruc tutmağa çağırışda aşağıdakı hikmətlərin olduğu barədə üç rəy irəli sürüblər”:

1. Doqquzuncu gün də oruc tutmağa çağırış kafirlərdən fərqlənib ona bənzəməmək niyyətilə edilmişdir. Bu barədə İbn Abbas (Allah ondan razı olsun) bildirir.

2. İki gün ardıcıl oruc tutmaq nafilə orucu olan Aşuranın Cümə gününə düşdüyü zaman tərk edilməməsi üçün tövsiyyə olunmuşdur.

3. Ay (hicri) təqviminə əsasən Məhərrəm ayının doqquzuncu yaxud onuncu günü olduğu dəqiq müəyyən edilmədiyi təqdirdə daha salamat mövqedə dayanmaq üçün iki gün dalbadal oruc tutmaq nəsihət edilir.

Bütün bu rəylərdən ən güclüsü Təəsusə günündəki hikmətin Kitab Əhlindən fərqlənmək olduğu barədə gələn rəydir.

İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) Kitab Əhlinə bənzəməyin qadağan olduğunu bir çox hədislərdə bildirmişdir. Məsələn, Aşura ilə bağlı buyurmuşdur: “Əgər gələn ilə kimi yaşasam, doqquzuncu gün oruc tutacağam”.” Əl-Fətəva əl-Kübra, 6.

İbn Həcər (Allah ona rəhmət etsin) “Əgər gələn ilə kimi yaşasam, doqquzuncu gün oruc tutacağam” hədisini şərh edərək, belə demişdir: «Onun (Allahın ona salavat və salamı olsun) narahatlığının səbəbini belə izah etmək olar ki, təkcə onuncu günlə kifayətlənmək istməməyib buna daha salamat mövqedə olmaq yaxud yəhudi və xristianlardan fərqlənmək üçün (Müslimdə gələn bir çox rəvayətlərə əsasən bu daha çox ehtimal olunur) doqquzuncu günü də əlavə etmək kimi izah edilməlidir.»” Fəth əl-Bəri.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Ummu Abdul-Aziz