Məqalələr

Allahın sevgisini qazanmağın yolları

Özünə sual ver, axırıncı dəfə Allahın kitabını nə zaman açmısan?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allahın sevgisini qazanmaq istəyirsən?
Allahın sevgisini qazanmağın ən əsas yollarından biri Qurani Kərim oxumaqdır.
Abdullah bin Məsuddan rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə dediyi rəvayət olunur:  «Kimi sevindirirsə ki, Allah və Rəsulu onu sevsin, o zaman mushafdan oxusun (yəni Qurani Kərim).»

Özünə sual ver, axırıncı dəfə Allahın kitabını nə zaman açmısan?
«Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da”. (Qiyamət surəsi, 14-15-ci ayələr)

Rəbinin səni sevməsini istəyirsənsə nafilə ibadətlərini çoxalt!
Bir düşün ki, Rəbbin sənə səni sevdiyini deyir… Qüdsi hədisdə qeyd edildiyi kimi: “Qulumun mənə sevimli olan və onun vasitəsi ilə mənə yaxınlaşdığı ən gözəl əməl, ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətlərini yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, MƏN ONU SEVƏRƏM.  Əgər mən onu sevsəm, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram.  Məndən diləsə, ona dilədiyini verərəm.  Sığınacaq istəsə ona sığınacaq verərəm.” (Buxari)
Əgər Rəbbin sənin eşidən qulağın olsa, qulağın xeyirdən başqa bir şey eşitməz…
Görən gözun olsa, gözün xeyirdən başqa bir şey görməz…
Tutan əlin olsa, o əlin haram tutmaz, yalnız halal tutar, xeyir işlər görər…
Yeriyən ayağın olsa, o ayaqların yalnız xeyir üçün addım atar.

QEYD: Şeyx İbn Useyminin (Allah ona rəhmət etsin) şərhinə əsasən: «Hədisdə Uca Allahın «onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram…» deməsinin mənası odur ki, əgər Allah bir kəsin eşidən qulağı olarsa, o qulaq haram eşitməz, əgər Allah bir kəsin görən gözü olarsa, o göz harama baxmaz, əgər Allah bir kəsin tutan əli olarsa, o əl haramı tutmaz, əgər Allah bir kəsin yeriyən ayağı olarsa, o ayaq harama getməz…» (Qavaidul Muslə)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti