Məqalələr

Allaha tövbə edib ondan bağışlanma diləməyin fəziləti — (2-ci hissə)

Ey mənim Rəbbim! Mənim günahlarımı bağışlayıb tövbələrimi qəbul et!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

6. Allahdan bağışlanma diləyib Onu təsbih etmək
(subhanallah deyərək onu bütün nöqsanlardan təqdis etmək)

Allahu təalə buyurur:   «(Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın  vədi haqdır. Günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et»  (Ğafir-55 ).

Sən də ey Allahın qulu,  Allahın elçisi Muhamməd (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) etdiyi kimi  səhər və axşam Allahdan bağışlanma diləyib onu bütün nöqsanlardan təqdis et. Beləcə də, hər oturduğun məclisdə Allahın elçisi Muhamməd (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) etdiyi kimi bu sözləri de: «Rabbiğfirli zəmbi  və tub aləyyə innəkə əntə Ət-Tövvəbu Ər-Rahim.»

Necə ki, Abdullah bin Ömər (Allah onlardan razı olsun) buyurur: «Biz hər bir məclisdə Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) istixfarını (Allahdan bağışlanma diləməsini) saydıqda onun yuzə çatdığını görərdik. O,  (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) belə deyərdi: Rabbiğfirli zəmbi  və tub aləyyə innəkə əntə Ət-Tövvəbu Ər-Rahim. (Ey mənim Rəbbim! Mənim günahlarımı bağışlayıb tövbələrimi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul Edən və Mərhəmətlisən) (Əbu Davud və Ət-Tirmizi).

7. İstixfar dualarının ağası
Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) buyurur:  «Qulun: » Allahummə əntə Rabbi lə iləhə illə ənt. Xaləqtəni və ənə abduk və ənə alə ahdikə və vədikə məstədatu. Əuzu bikə min şərri mə sanatu. Əbuu ləkə binimətikə aləyyə və əbuu bizəmbi fəğfirli!  Fəinnəhu lə yəğfiruzzunubə illə ənt.» (Ey Allahım, sən mənim Rəbbimsən, Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Məni yaratdın və mən sənin qulunam. Mən gücüm yetdiyi qədər Sənin əhdinin və vədinin üzərindəyəm. Etdiklərimin şərindən Sənə sığınır, Sənin mənə olan nemətini və öz günahlarımı etiraf ediram. Məni bagışla! Həqiqətən günahları səndən başqa heç kəs bagışlamır)  deməsi, istixfarların ağasıdır. Kim onu yəqinliklə səhər çağı desə, axşama çıxmazdan  qabaq ölərsə, Cənnət əhlindən olar.Və kim onu yəqinliklə axşam çağı deyib səhərə çıxmazdan qabaq ölərsə, Cənnət əhlindən olar» əl-Buxari.

Allah sənə rəhm etsin! Sən də bu sözləri səhər-axşam deməyə həris ol ki, Cənnət əhlindən olarsan!

Başqa bir hədisdə Peyğəmbər  (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) buyurur: «Kim: “Əstəğfirullahəlləzi lə iləhə illə huvə əl-Hayy əl-Qayyum və ətubu ileyhi.”» (Özündən başqa ibadətə layyiq  haqq məbud olmayan,  həmişə diri və əbədi olan Allahdan bağışlanma diləyib, ona tövbə edirəm) deyərsə, döyüş meydanından qaçsa belə onun günahları bağışlanar.» (Əbu Dəvud) Albani həsən demişdir.

Bu dualara sadiqliklə və yəqinliklə həris olmaq lazımdır ki, çox Bağışlayan və Mərhəmətli  Allah da bizi bağişlayıb tövbələrimizi qəbul etsin.

8. Səmimi qəlbdən edilən tövbə
Allahu təalə buyurur: «Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin.» (Ət-Təhrim 8).

Səmimi qəlbdən edilən tövbənin şərtləri:

1. Günahı tərk etmək.
2. Etdiyi günah üçün peşmanlıq çəkmək.
3. Bir daha həmin günaha qayıtmamağı əzm etmək.
4. Əgər etdiyi günah Adəm övladlarının haqqı ilə bağlıdırsa, (kiməsə  əziyyət vermış, kiminsə qeybətini etmiş və umumiliklə, kiməsə hər hansı bir zülm etmişsə)  onda həmin insanın haqqını qaytarmalıdır. (onun haqqını qaytarmalı, ondan hallalliq almalı və əgər bu mümkün deyilsə onunçun Allaha dua edib bağışlanma diləməlidir).

Əgər tövbə etdikdə bu şərtlər cəm olarsa, tövbə səmimi qəlbdən edilmiş olar, Allah da sənin günahını bağışlayar.

Allahdan istəyirəm ki, bizim və bütün müsəlmənların günahlarını bağışlasın, bizi nemət  verildikdə  şükr, başına bir müsübət  gəldikdə səbir  və günah işlədikdə  tövbə edən  qullarından etsin! Allah bizi və bütün müsəlmanları fitnədən və fitnə əhlindən qorusun! Və sallallahu alə nəbiyyinə Muhammadin və alə əlihi və sahbihi əcməin!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mədinə şəhərindəki Beynəlxalaq İslam Universitetinin tələbəsi: Fərman İsayev