Məqalələr

Allaha tövbə edib ondan bağışlanma diləməyin fəziləti — (1-ci hissə)

Günahların silinməsinə səbəb olan bir-neçə yaxşı əməl!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

1. Allah tövbə edənləri sevir

Allahu təalə buyurur: «Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!» (əl- Bəqərə .222).

Əziz qardaşım tövbə edənlərdən olmağa həris ol ki, Allah da səni sevsin.

2. Allahu təalə tövbə edənlərin günahlarını bağışlayır

Allah buyurur: «Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!» (Taha-82).

Sən də Allaha tövbə edib yaxşı işlər gör ki, Allah səni bagışlayıb səndən razı qalsın.

3. Yaxşı əməllər günahları yuyub aparır

Allah buyurur: «Həqiqətən,  yaxşı əməllər pis işləri  yuyub aparar» . (Hud-114)   Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurur: «Harada olursansa ol,  Allahdan (Onun əmrlərini yerinə yetirib qadağalarından çəkinməklə ) qorx! Günah işlədikdən sonra yaxşı əməl et ki, onları yuyub aparsın və insanlarla gözəl rəftar et!» (ət-Tirmizi)

Əziz müsəlman, hər dəfə bir günah işlədikdə və yaxud pis iş gördükdə yaxşı, saleh əməllər etməyə həris ol ki, günahlarını yuyub aparsın. Həqiqətən saleh və yaxşı əməllər insanın (kiçik) günahlarının silinməsinin və dərəcələrinin yüksəlməsinin səbəbidir.

Günahların silinməsinə səbəb olan bir-neçə yaxşı əməl:

1. Dəstəmaz aldıqdan sonra edilən dua

Allahin elçisi   (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Hər hansı bir müsəlman dəstəmaz alarkən gözəl dəstəmaz alıb, əşhədu əllə iləhə illallahu vəhdəhu lə şərikə ləhu  və aşhədu ənnə Muhammədən abduhu və rasuluhu (Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. O, təkdir və Onun heç bir şəriki yoxdur və şəhadət edirəm ki, Muhamməd Onun qulu və elçisidir)  deyərsə, mütləq  Cənnətin  səkkiz qapısınin hamısı onun üzünə açılar və o, istədiyi qapıdan Cənnətə girər». (Müslüm, Əbu Davud, Ən-Nəsəi).

2. Müəzzinin dediklərini təkrarlamaq

Peyğəmbər  (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Müəzzini eşitdiyiniz zaman onun dediklərini təkrarlayın!» (Əl-Buxari və Müslüm).

Başqa bir hədisdə Allahın elçisi  (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Kim müəzzini eşitdiyi zaman: «və ənə əşhədu əllə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu və ənnə Muhammədən abduhu və rasuluhu radiytu billəhi rabbən və bil isləmi dinən və biMuhammədin sallallahu aleyhi və səlləmə rasulən.» (Məndə şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, təkdir Onun şəriki yoxdur və şəhadət edirəm ki, Məhəmməd  Allahın qulu və elçisidir. Allahdan  Rəbb,  İslamdan  din  və  Məhəmməddən (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun )  Peyğəmbər olaraq razı qaldım) deyərsə, Allah onun günahlarını bağışlayar.» (Müslüm).

3. Bazara girdikdə edilən dua

Allahın elçisi (Allahın ona salavat və salamı olsun)  belə buyurur: «Kim bazara girdikdə: «lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu. Ləhul mulku və ləhul hamdu yuhyi və yumitu və huvə hayyun lə yəmutu biyədihil xayru və huvə alə kulli şəy in qadir.» (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir və Onun şəriki yoxdur. Mülk onundur və həmd onadır. O, dirildib-öldürür və Özü ölməyən diridir, bütün xeyirlər Onun əlindədir və O, hər şeyə Qadirdir) deyərsə, Allah ona milyon həsənət (yaxşı iş) yazar və ondan milyon ədəd seyyiət (pis əməl) silər və onun dərəcələrini milyon qat yüksəldər.» (Ət-Tirmizi) Hədisə Albani həsən demişdir.

4. Allahın rəhmətindən ümüd üzməyin!

Allahu təalə buyurur: «De: “Ey Mənim (günah törətməklə) özlərinə  zülm etməkdə həddi  aşmış bəndələrim!  Allahın rəhmindən ümidsiz  olmayın.  Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!»  (Əz-Zumər   53). Sənin nə qədər böyük və çox günahların olsa da,  bil ki, Allahın rəhməti və bağışlaması daha genişdir. Elə isə Allaha tövbə edib  Ondan bagışlanma dilə!

5. Xəta edənlərin ən xeyirliləri tövbə edənlərdir

Allah buyurur: «Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan,  mərhəmətli olduğunu görər.» (Ən-nisa 110).

Rasulullah (Allahın ona salavat və salamı olsun ) buyurur: «Hər  Adəm övladı xətakardır,  (günah edəndir) yalnız xəta edənləırin ən xeyirliləri tövbə edənlərdir.» (Əhməd, Ət-tirmizi).

Ardı var…   

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mədinə şəhərindəki Beynəlxalaq İslam Universitetinin tələbəsi: Fərman İsayev