Əqidə Məqalələr

Allah sevgisi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Hər birimiz Uca Allahı sevdiyimizi iddia edirik. Həqiqətən də Allah sevgisi, qəlbə nur saçan bir hisdir. Bu, elə bir nurdur ki, zülmətləri aydınladar, kədərləri sevincə, üzüntülü həyatı xoşbəxtliyə çevirər. Niyə? — Çünki biz Allahı, bizi yaradan Uca Rəbbimizi sevirik. Əgər bizdən «Allahı niyə sevirsiniz?» deyə soruşacaq olsalar, «çünki O bizi yaradıb», «çünki bizi nemətləndirir», «çünki o öldürür və dirildir» və s. cavablar — həqiqətən yetərsiz qalar.. Bu sualın ən gözəl cavabı budur — ÇÜNKİ, ALLAH DA BİZİ SEVİR!.. Bəli! Uca Allah, Öz mömin bəndələrini sevər.. Bəs biz necə bilirik ki Allahı sevirik? Ümumiyyətlə Allah sevgisi necə olmalıdır? Bunun əlamətləri nədir?

Böyük alim əl-Leys b. Sad (vəf. h. 175) (Allah ondan razı olsun) Allahu Təalənin «(onlar) heç nəyi Mənə şərik qoşmurlar» sözləri haqqında Mucahid b. Cəbr`in (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “(Mənası budur ki) Məndən başqasını sevməyin!”

əl-Hakim “Sahih” əsərində Aişə vasitəsi ilə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) belə rəvayət edir: «Şirk, zülmət gecədə daş üstündə (yeriyən) kiçik qarışqanın addımlarından da gizlidir. Bunun ən gizli dərəcəsi, zülmdən bir şeyi sevmək və ya adillikdən bir şeyə nifrət etməkdir. Məgər din, sevgi və nifrətdən ibarət deyilmi?!» (əl-Mustədrək, 2/291. Daraqutni hədisə «həsən» demişdir.)

Uca Allah buyurur: «De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın!”» (Əli-İmran, 31) Bu,açıq-aşkar dəlildir ki, Allahın bəyənmədiyi bir şeyi sevmək və Onun sevdiyi bir şeyə nifrət etmək, nəfsin istəyinə tabe olmaqdır və buna görə dostluq etmək, bunun üzərində düşmənçilik etmək — gizli şirkin bir növüdür..

Həsən əl-Basri (Allah ondan razı olsun) demişdir: «Bil ki, Allaha itaət etməyi sevməyincə, Allahı heç zaman sevməyəcəksən!»

Zun-Nun’dan (Səvbən b. İbrahim) soruşdular: «Nə zaman Rəbbimi sevmiş oluram?» Dedi: «Onun nifrət etdiyi bir şey, sənin üçün səbr edilə bilinməyəcək qədər acı olduqda!»

Bişr b. əs-Sirri (Allah ondan razı olsun) demişdir: «Sevgilinin nifrət etdiyi bir şeyi sevmək, məhəbbətin əlamətlərindən deyildir!»

Əbu Yaqub ən-Nəhracuri demişdir: «Allahı sevdiyini iddia edən, lakin Allahın əmrində ona tabe olmayan hər bir kəsin iddiası batildir.»

Yəhya b. Muaz isə demişdir: «Allahı sevdiyini iddia edən, lakin Onun qanunlarını qorumayan kimsə, doğru sözlü deyildir..»

Ruveym b. Əhməd (Allah ondan razı olsun) belə dedi: Məhəbbət və razılıq bütün hallarda olmalıdır” və bu şeri oxudu:

“Əgər “öl!” desən, eşidərək, itaət edərək ölərəm,
Ölüm dəvətçisinə isə “xoş gəlmisən” deyərəm!
Bu mənaya həm də Allahu Təalənin bu sözləri də şahidlik edir: «De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin..»

Həsən əl-Basri buyurur: «Peyğəmbərin (ona Allahın salavat və salamı olsun) səhabələri dedilər:

— Ey Allahın elçisi! Biz Rəbbimizi çox şiddətli sevirik..

Allah da sevgisi üçün bir əlamət qoymaq istədi və beləliklə bu ayə nazil oldu: «(Ey Peyğəmbər, insanlara) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin..”» (Əli İmran, 31) (əd-Durrul-Mənsur, 2/177-178, Fəthul-Qadir, 1/503)

Buradan öyrənirik ki, “lə iləhə illə Allah” şahidliyi, yalnız və yalnız Muhammədin Allahın Elçisi olmasına şahidlik etməklə tamamlanmış olur və əgər Allah sevgisinin yalnız Onun sevdiyini sevməklə və bəyənmədiyini bəyənməməklə tamamlandığı bilinərsə, o zaman Allahın nəyi sevdiyini və nəyi bəyənmədiyini yalnız — Allahın nəyi sevdiyini və nəyi bəyənmədiyini təbliğ edən — Muhamməd vasitəsilə bilmək olar. Bununla da Allahı sevmək, Onun elçisini də (Allahın ona salavat və salamı olsun) sevməyi, onu təsdiq etməyi və onun yolunu izləməyi tələb edir.

Buna görə də Allah Öz sevgisi ilə elçisinin sevgisini yan-yana qeyd edərək demişdir: «De:»Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz..» (ət-Tövbə, 24) Eynilə Özünə itaət etmək ilə elçisinə (Allahın ona salavat və salamı olsun) itaət etməyi bir çox yerdə yan-yana qeyd etmişdir.

Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) deyir: «Üç şey var ki, bunlar kimdə olarsa imanın şirinliyini hiss etmiş olar: Allah və elçisinin, ona başqalarından daha sevimli olması; bir kimsənin sevdiyini yalnız Allah üçün sevməsi; bir kimsənin, Allah onu küfrdən qurtardıqdan sonra atəşə atılmaqdan qorxduğu kimi, küfrə geri dönməkdən qorxması..» (Buxari 1/9 və Muslim 67, 68)

Bu yazının hazırlanmasında böyük İslam alimi İbn Rəcəb əl-Hənbəli`nin əsərlərindən istifadə olunmuşdur.

Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment