Əqidə

Allah niyə kafirləri və zalımları dərhal cəzalandırmır? — ŞÜBHƏNİN CAVABI

 

Bəzi insanlar sual verirlər ki, görəsən, Allah kafirləri niyə dərhal cəzalandırmır? Axı onlar müsəlmanları öldürür, zalımlıq edir, yer üzündə fitnə-fəsad yayırlar! Görəsən, bu zülmlərin qarşısını alan olacaqmı? O zalımların bəlası dərhal gəlsə, olmazmı?

İnsanlar buna bənzər bir çox suallar verirlər.

Əvvəlcə bildirək ki, sualın qısa cavabı aşağıdakı ayədədir:

«Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır.» (İbrahim, 42).

Əgər Allah hər zalıma dərhal cəza versəydi, yer üzündə insan qalmazdı. Allah insanları bu dünyada sınağa çəkdiyi üçün, zalımlar da öz zülmlərini artırırlar.

Lakin, yuxarıda qeyd etdiyimiz ayədə işarə edildiyi kimi nə üçün Allah onların cəzasını gecikdirir? — sualına gəldikdə isə, bunun bir neçə hikməti vardır. Bunlardan:

Birincisi: Allah Bağışlayan və Rəhimli olduğu üçün cəzanı gecikdirir ki, bəlkə qullar tövbə edib Allaha qayıdalar. Uca Allah Quranda buyurur:

«Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər Allah onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. Əzab gələcəyi vaxt onlar heç bir sığınacaq tapa bilməyəcəklər.» (ək-Kəhf, 58).

İmam ət-Təbəri demişdir:
Allah öz peyğəmbərinə deyir ki, ey Muhəmməd, qulları günahlarına tövbə etdikləri təqdirdə Rəbbi onları öz əfvi ilə örtəcəkdir. «….Mərhəmət sahibidir. Əgər Allah onları qazandıqları günahlara görə cəzalandırsaydı…» Bu Allahın ayələrindən üz döndərənlər əgər bununla öz günahları onlara xəbər verilsəydi (xatırladılsaydı), «Onların əzabları tezləşərdi» Lakin, Allah öz yaratdıqlarına qarşı Rəhmli olduğu üçün onlar ölənədək və son mənzilə gedənədək bunu etmir.» (Cəəmiul-Bəyən an tə’vili əəy əl-Quran, 18/52)

İkincisi: Allahın Uca sifətlərindən biri də Həlimlikdir. Onun ismlərindən biri də əl-Həlimdir. Ona görə də O cəza verməyə tələsmir. Əksinə, qullarını ehmal etmədən onlara möhlət verir. O istəyərsə, onları cəzalandırmağı bəşər övladının etdiyi kimi dərhal edər. Lakin, Allah yaratdıqlarına bənzəməz.

a) Muhəmməd əl-Əmin əş-Şinqiti deyir: «Əgər Allah onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi.» ayəsində bəyan edilir ki, əgər Allah insanları küfr və asiliklər kimi qazandıqları günahlara görə dərhal cəzalandırsaydı, onların törətdikləri əməllərinin çirkinliyinə görə əzablarını tezləşdirərdi. Lakin, O Həlim olduğu üçün əzab verməkdə tələsmir. O, möhlət versə də ehmal etmir.» (Ədvaul-Bəyan, 4/164)

b) Həmçinin, o Allahın bu ayəsi «Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin, Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər.» (ən-Nəhl, 61) barədə demişdir:

Uca Allah bu ayəti-şərifdə deyir ki, əgər O, yaratdıqlarına əzab verməyə tələssəydi, yer üzündə olanların hamısını həlak edərdi. Lakin, O Həlim olduğu üçün əzab verməyə tələsmir. Çünki, tələsmək fürsəti əldən verməkdən qorxan birinin halıdır. Göylərin və yerin Rəbbi isə bir şeyi etmək istədikdə onu fövtə verməz (əldən çıxarmaz).

Allah bu mənanı bu ayədən qeyri yerlərdə də qeyd etmişdir. Necə ki, Fatir surəsinin sonunda buyurur: «Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı.» (Fatir, 45)

Bu ayədə isə: «Lakin, Allah onlara müəyyən vaxtadək möhlət verir.» — deyə işarə edərək bildirmişdir ki, Allah möhlət verir, lakin unutmur.

Üçüncüsü: Heç bir şəkk yoxdur ki, Axirətdə kafirlərin əzabı baş verəcəkdir. Lakin, bu cəzanın gecikməsi o deməkdir ki, hələ Allahın onlara təyin etdiyi cəzanın vaxtı gəlməmişdir, hansı ki, bu Qiyamət günü baş verəcəkdir. Uca Allah buyurmuşdur:

«Əgər Rəbbin tərəfindən əzəldən bir Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, onlar Quran barəsində də şübhə doğuran şəkk içindədirlər.» (Hud, 110).

Həmçinin, buyurmuşdur: «Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş Söz və müəyyən edilmiş bir vaxt olmasaydı, əzab onları dərhal yaxalayardı.» (Ta-ha, 129).

Başqa bir ayədə: «Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər Allah onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin, onların öz vaxtı vardır. Əzab gələcəyi vaxt onlar heç bir sığınacaq tapa bilməyəcəklər.» (əl-Kəhf, 58).

Həmçinin: «Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır.» (İbrahim, 42).

a) Bəğavi təfsirində demişdir:

«Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş Söz və müəyyən edilmiş bir vaxt olmasaydı…», Buradakı «Söz» — ün mənası: Onlara əzabın gecikməsi barədə hökmdür. Yəni, əgər onlara əzabın gecikməsi barədə hökm və müəyyən edilmiş bir vaxt olmasaydı… Bu (müəyyən edilmiş vaxt) isə Qiyamətdir.

«Bu dərhal baş verərdi» : Yəni, keçmiş əsrlərdə yaşayan kafirlərə dərhal əzab gəldiyi kimi bu əzab onlara dərhal gələrdi.
(Təfsirul-Bəğavi, 5/302)

b) İbn Kəsir (Allah ona rəhmət etsin) demişdir:

«Əgər Rəbbindən, müəyyən bir vaxtadək Söz verilmiş olmasaydı» Yəni, əgər Allah tərəfindən qullara onların haqq-hesabının diriliş gününə gecikdirilməsi olmasaydı, dünyada ikən onların əzabı dərhal verilərdi.» (Təfsiru ibn Kəsir, 7/195)

c) Abdur-Rahmən əs-Si’di demişdir:

«Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş Söz olmasaydı…» bu, onların gecikdirilməsi və onlara əzab verilməsində tələsilməməsilədir.

«Aralarında dərhal hökm verilərdi.» ləfzi zalımın cəzanı haqq etməsilədir, lakin, Uca Allahın hikməti onların arasında veriləsi hökmü Qiyamət gününə qədər gecikdirilməsini gərəkdirmişdir. (Təfsirus-Si’di, səh 390)

d) Əmin əş-Şinqiti demişdir: Uca Allah «Əzab gələcəyi vaxt onlar heç bir sığınacaq tapa bilməyəcəklər.» ayəsində:

bəyan etmişdir ki, hazırkı halda onlara əzab verməsə də onlardan qafil deyil və nə də onlara əzabını tərk etmir, əksinə, onların nə gecikəcək, nə də önə çəkiləcək əzabı dadacaqları bir vaxtı təyin edir.» (Ədvaul-Bəyan, 4/164-165)

Dördüncüsü: O kəs ki, Rəbbinin nemətinə qarşı nankorluq edər, onun Rəhmətinə nail olmaq istəməz, küfründə və inadında israr edərsə, o zaman onun əzabının gecikməsi onun üçün əzabın artırılması olar ki, o bu halda günahları çoxalmış, (günahları) onu əhatə etmiş, üzürxahlıq edə bilməyəcəyi, hüccətinin aradan qalxdığı halda əl-Muntəqim və əl-Aziz olan Rəbbiylə qarşılaşar. Uca Allah buyurmuşdur:

«Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa Qadirdir.» (İbrahim, 47).

Həmçinin, O buyurmuşdur:
«Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.» (Ali İmran, 178).

Həmçinin: «Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə. Biz onların günlərini bir-bir sayırıq.» (Məryəm, 84) — deyə buyurmuşdur.

a) İmam ət-Təbəri demişdir: bu ayənin təfsiri «Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar.» (Ali İmran, 178)

Biz onların əcəllərini gecikdirir, ömrünü uzadırıq ki, günahları çoxalsın. Onlar asiliklər edirlər, beləcə günahları daha da çoxalır.

«Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.» yəni, deyir ki: O kəslər ki, Allaha və Elçisinə qarşı küfr etdilər, onlara axirətdə alçaldıcı, zəlil edici bir əzab vardır. (Cə’miul-Bəyən an tə’ vili əəy əl-Qurən, Təbəri, 7/423)

İbn Cərir ət-Tabəri həmçinin demişdir:

b) O cümlədən də bu ayə: «Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə. Biz onların günlərini bir-bir sayırıq.» (Məryəm, 84)

barəsində deyir ki: Ey Muhəmməd, sən bu kafirlərin əzaba düçar olması və həlak olmasını istəməkdə tələsmə!

«Biz onların günlərini bir-bir sayırıq.» yəni, deyir ki: Biz yalnız onların günahlarının çoxalması üçün onların həlaka uğramasını gecikdiririk. Biz onların bütün əməllərini hesablayır və sayırıq. Hətta, onların nəfəslərini belə, onların bütün əməllərinin qarşılığının verilməsi üçün sayırıq. Biz onların həlak edilmələrinin gecikdirilməsini onlar üçün bir xeyir istədiyimizdən dolayı tərk etmirik.» (Eyni mənbə: 18/252)

Elə isə ey bu qorxulu vədi alan kimsə! Ey bu qədər zülmlərin şahidi olan, qəlbi sıxıntıda olan və zalımlardan intiqam almaq hissi ilə coşub daşan kimsə! Bil ki, qaçmağa bir yer olmadığı halda Uca Allah (haqdan) qaçan günahkara günahına görə haqq etdiyi cəzanı verəcək və onun bir qaçış yolu qalmayacaq!

Buxari (4686) və Muslimdə (2583) Əbi Musə’dən rəvayət olunur ki: Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu:

«Allah zalımın ömrünü uzadar, əgər onu hesaba çəkərsə, Allahdan qurtula bilməzlər.»

Bir şübhəyə cavab:

Allah niyə kafirləri küfr üzərində davamlı edir? Allah niyə onları hidayət etmir

Hər kəsə öz tutduğu yolun əməli asanlaşdırılar, möminə İslam, kafirə isə küfr yolu.

Allah heç kimə haqsız şəkildə meyl etməz, heç kimi zülm ilə axirətdə digərindən üstün tutmaz. Allah kafirlərlə etdiyi ədalətli müamiləni müsəlmanlarla da edir. O, heç kimə zülm etmir. İslamda cəza əməlin cinsinə görədir. Hidayətə layiq olmayan hidayət olunmur. Haqq yoluna yönəlməyə layiq olanı Allah hidayət edər. Uca Allah buyurur: «Doğru yolla gedənlərə gəldikdə isə, Allah onların hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər.» (Muhəmməd, 17)

Allah möminlərin doğru yol olaraq seçdikləri eyni yolda hidayətlərini, doğruluqlarını artırar. Həmçinin, Allah elçilərin xəbərləri gəlmiş, sonra isə təkəbbür və inadkarlıq göstərib azmış kimsələr barəsində buyurmuşdur:
«İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz.» (Ali İmran, 86)

Bu o deməkdir ki, bütün qeyri müsəlmanlar özləri küfr yolunu seçirlər. Sadəcə onlar buna layiq olduqları üçün bu Allahın iradəsi və icazəsiylə baş verir. Buna görə də belə bir şər Allaha nisbət olunmur O kəslər ki, onlara haqq gəlib çatdı və İslamın haqq olduğunu dəlilləriylə bildilər, bundan sonra bilə-bilə yollarını azdılar, Allah onlar barəsində deyir: «Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər.» (əl-Bəqərə, 10)

Həmçinin, Allah buyurmuşdur: «Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.» (əl-Həşr, 19)

Həmçinin, buyurmuşdur: «Əgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə, onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də üz çevirərək dönərdilər.» (əl-Ənfal, 23)

Məhz elə bu məqamda, bu dəlillərdən sonra biz bu ayəni daha yaxşı anlaya bilərik: «Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir.» (əl-Muddəssir, 31)

Ona görə də hidayət olunan hər bir kəsin mütləq şəkildə Allahın hidayəti ilə doğru yola yönəlməsi labüddür. Bu ayə də həmin mənaya dəlalət edir: «Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.» (əl-Leyl, 12)

O cümlədən də, qulun hidayət üzərində sabit qalması, hidayətinin artması da Allahın qulu buna müvəffəq etməsi və qulun Allaha dua etməsilədir.

Bunun əksi isə: elə bir azdırılma yoxdur ki, onda Allahın istəyi və ədaləti olmasın. Əgər Allah istəsəydi ki, insanlar azmasın, bunu edərdi. Lakin, bu zaman ona iman etməyin heç bir qiyməti olmazdı. Eləcə də onların iradə (seçim, ixtiyar) azadlığı və imtahan hikməti aradan qalxmış olardı.

Bəzi insanlarda bu şübhələrin əmələ gəlmə amillərindən:

— Bilərəkdən, öz iradəsi və öz azad seçimiylə küfrə düşənlər (dindən çıxanlar) barəsində həddən artıq nümunəvilik fikriylə yaxşı zəndə olmaq.

— Kafirlərə cəhənnəm əzabı verilməsinə həddən artıq «ürəyiyananlıq etmək» və «kövrəklik» etmək.

— Allahın Ədalətinin mənasını bilməmək və bu məsələdə həqiqi iman güvənliyinin olmaması.

— Şəriət elminin azlığı, Quranı, ayələrini az tədəbbür etmək və ayələr barədə düşünmək.

— Duanın faydası haqqında az düşünmək.

İstifadə edilmiş mənbələr:

1 — Qurani-Kərim.
2 — Cəəmiul-Bəyən an tə’vili əəy əl-Quran, ibn Cərir ət-Tabəri.
3 — Təfsirul-Quranil-Azim, İbn Kəsir.
4 — Məalimut-Tənzil fi təfsiril-Quran, Bəğavi.
5 — Ədvaul-Bəyən fi İydaahil-Qur’əni bil-Qur’ ən, Muhəmməd əl-Əmin əş-Şinqiti.
6 — Teysirul-Kərimur-Rahmən fi təfsiri Kələmil-Mənnən, Abdur-Rahmən əs-Si’di.
7 — Səhih əl-Buxari, Muhəmməd ibn İsməil əl-Buxari.
8 — Səhihi Muslim, Muslim ibn əl-Həccac ən-Niysaburi.
9 — Usus Ğaibəh, 25 məs’ələh fi muşkilətiş-Şərr. Əhməd Həsən.
10 — Şərhu əl-Aqidətut-Tahaviyyə, ibn Əbil-İzz əd-Diməşqi. Təhqiq: Şueyb əl-Arnavut və Abdullah ət-Turki.