Məqalələr

Alimlərin fəziləti

“Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bütün elmlərin ən gözəl biliciləri öz sahəsində saç-saqqal ağartmış, elmin bütün açarlarına yiyələnmiş alimlərdir.

Dünyəvi elmləri araşdıran alimlər insanların təkcə dünya həyatındakı rifahını təmin etsələr də, İslami elmlərə kamil yiyələnmiş həqiqi Rəbbani alimlər həm dünya, həm də Axirət rifahına nail olmağa vasitə olurlar.

İslam dininin ilkin saflığını qorumasında, ona bidətlərin, zəlil fikirlərin sırınmasının qarşının alınmasında, Allah və Rəsulunun şəninin uca tutulmasında, ayə və hədislərin müsəlmanlar tərəfindən bütün zaman və məkanlarda düzgün qavranmasında şübhəsiz ki, elm əhlinin rolu olduqca böyükdür.

“İslam alimi” olmaq şərəfli bir məqamdır və bu məqam insanın özünü hesab etməsi ilə deyil, həqiqətən Allah Təalanın ucaltdğı kəslərə şamil edilir. Bu məqama yalnız həqiqətən Allahın razılığını qazanmaq üçün elm tələb etmək yolunda nəfsi istəklərini tərk edərək ixlasla, səmimiyyətlə, illərini sərf edən, öyrəndikləri elmi ilk öncə öz əməlləri ilə zahir edən, sonra buna ən düzgün fəhmlə dəvət edən, çətinliklərə səbrlə sinə gərən ən şərəfli insanlar nail olurlar.

Uca Allah da onların fəzilətini daha da ucaldaraq Öz Kitabında belə buyurur: “Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.” (Quran, Nəml, 43).

Böyük müfəssirlərdən olan şeyx AbdurRahmən əs-Səədi (Allah ona rəhmət etsin) ayəni belə təfsir edərək demişdir: “Bu ayə alimlərin ünvanına gözəl bir tərif daşıyır və göstərir ki, bütün elmlər içərisində ən fəzilətlisi Allah Kitabına dair olan elmlərdir. Rəbbimiz elmi olmayan insanların bütün məsələlərdə alimlərə müraciət etməsini əmr etmişdir. Bu da ona görədir ki, alimlər malik olduqları elmə görə ən ədalətli və fəzilətli insanlardır. Bu ayə eləcə də dəlildir ki, cahil insanlara tabe olmaq olmaz. Allah Öz dini barədə elmi alimlərə etibar etmiş, onun gözəlliyini, kamil xüsusiyyətlərini insanlara çatdırmağı onlara etimad etmişdir.” (“Təfsir əs-Səədi”)

Eləcə də alimlərin fəzilətini Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) öz hədislərində dəfələrlə vurğulamışdır.

AbduLLah ibn Amr ibn əl-Asdan (Allah ondan razı olsun)Muhəmmədin (Allahın ona salavatı və salamı olsun) belə dediyi rəvayət edilir:”Həqiqətən Allah Öz elmini insanları ondan məhrum etməklə almır. Əksinə, O elmi bu dünyadan alimləri almaqla aradan qadırır. İnsanlar arasında bir nəfər də alim qalmadığı zaman adamlar özlərinə cahil başçılar seçməyə başlayacaqlar. Onlar sual verildikdə, heç bir elmə malik olmadan fətvalar verəcək, nəticədə isə digərlərini zəlalətə sürükləyəcəklər.” Buxari, Muslim.

Əbu Üməmədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir:”Elm təmamilə aradan qalxmamışdan əvvəl elmi tələb edin”. Bədəvilərdən bir nəfər soruşdu:”Bəz o (elm) necə aradan qalxacaq?” Cavabında Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) belə dedi:”Elmin aradan qalxması onun əhlinin aradan qalxması ilə olur”. Əhməd, Tabərani.

Məhz bu səbəbdən saleh sələflərimiz müsəlmanları daima İslam alimlərinin yanında durmağa, onların elmindən faydalanmağa səsləmişdir.

İmam İbn Mubarək (Allah ona rəhmət etsin) demişdir:”Kim alimlərə qarşı səhlənkar yanaşarsa, Axirətini itirər” İbn Əsakir 32/344.

Imam Əcurri (Allah ona rəhmət etsin) belə söyləmişdir:”Təhlükələrlə dolu qaranlıq yolda azmamaq üçün işığa olan ehtiyacı təsəvvür edin. Allah onlara yollarını azmadan sağ-salamat mənzilə çatacaqları bir işıq bəxş edir. Lakin sonra bir qrup insan gələrək həmin işığı onların əlindən alır və onları işıqsız buraxır. Alimlərin insanlar arasında vəziyyəti də belədir. Adamların çoxu fərz olanları necə yerinə yetirməli olduqlarını, qadağlardan necə çəkinməyi, necə ibadət etməyi bilmirlər və alimlərə ehtiyacları var. Alimlər vəfat etdikdə isə insanlar zülmətlərdə dolanarlar. Onların ölümü ilə cahillik yayılıb çoxalar. Həqiqətən biz Allaha məxsusuq, və qayıdış da Onadır. Məgər alimlərin ölümündən daha böyük faciə varmı?!” “Əhləkul uləmə”, 28-29

Səhl ibn Abdullah (Allah ona rəhmət etsin) belə demişdir: ”İnsanlar ancaq müsəlman hakimlərinə və alimlərinə ehtiram göstərdikləri müddətcə səadət içərisində olacaqlar. Əgər bunu etsələr dünya və Axirət işlərini Allah yoluna qoyacaq, etməsələr həm dünyalarını, həm də Axirətlərini məhv edəcəklər.” “Təfsirul kubra”,5/260.

Imam Ibn Cəmaa (Allah ondan razı olsun) bildirmişdir: ”Özünü qüsursuz görməkdən və alimlərə ehtiyacın olmadığını düşünməkdən həzər et. Həqiqətən ancaq itirdiyinin qazandığından çox olduğundan bixəbər bir cahil belə düşünə bilər!” “Təzkiratus-Sami”, 116.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti