Əqidə

Adəmlə Həvvanın nəsli necə çoxalıb? — Ateistlərin insest şübhəsinə cavab

Mərhəmətli və Rəhmli Allahın adı ilə.

Dəyərli oxucu! Bu yazıda Adəm və Həvvanın nəslinin dünyada necə çoxalıb yayılmasından, o cümlədən də bu mövzuda olan yanlış təsəvvürlər haqqında bəhs edəcəyik.

1 — Adəmin özü nədən yaranmışdır?

Adəm (əleyhissəlam) özü torpaqdan yaranmışdır. Adəm ilk insan və bəşər övladının atası hesab olunur. Uca Allah Quranda buyurmuşdur: «O, insanı ilk olaraq palçıqdan xəlq etdi.» (əs-Səcdə, 7)

Adəm (ilk insan) yarandıqdan sonra Allah ondan Həvvanı yaratmış, ikisindən (Adəm və Həvva dan) isə bütün insanları yaratmışdır. Uca Allah Quranda buyurmuşdur:

«Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!» (ən-Nisa, 1)

Həmçinin, buyurmuşdur: «Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq.» (əl-Hucurat, 13)

Qurani-Kərimdə ilk insanın torpaqdan yarandığı bəyan edilməklə yanaşı Adəmin nəslinin də sudan (atanın mənisindən) yarandığı qeyd olunmuşdur. Bu həqiqət Quranda belə bəyan olunur:

«Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!» (əl-Muminun, 12-14)

2 — Bəs görəsən Adəmlə Həvvanın nəsli necə çoxalmışdır?

Cavab: Qurani-Kərim ərəb dilinin üslubuna əsasən açıq-aydın insanın Adəm və Həvvadan  yarandığını bəyan edir. İnsan nəslinin də Adəm və Həvvadan  çoxaldığını bildirir. (ən-Nisa, 1-ci ayə yuxarıda keçdi)

Bu barədə təfsilatlı məlumatlar isə Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) bəzi səhabələrindən nəql edilmişdir. Bu mövzuya aid olub Qurana müvafiq olan Bəni-İsrail xəbərləri də bu şəriətdə qəbul hökmündədir. Bu rəvayətlərə əsasən Adəmin yoldaşı Həvva hər hamiləlikdə qız və oğlan uşaqları dünyaya gətirirdi. Beləcə hər doğuşdan olan qız və oğlanlar bir-birilə evlənə bilməzdilər. Amma, başqa doğuşdan olan qız və oğlanlar bir-birilə evlənə bilərdilər.

Dahi İslam alimi İbn Cərir ət-Tabəri Suddidən rəvayət edir:

«Əbu Malikdən, o da Əbu Salehdən, o da ibn Abbasdan, o da Murrədən, o da ibn Məsuddan və peyğəmbərin bəzi səhabələrindən rəvayət olunur ki: «Hər oğlan uşağı doğulanda onunla birgə bir qız uşağı da doğulurdu. Beləcə, bir qarından (doğuşdan) olan oğlan digər qarından (doğuşdan) olan qızla evlənirdi. Həmçinin, bir qarından (doğuşdan) olan qız digər qarından (doğuşdan) olan oğlanla evlənirdi…» (İbn Cərir ət-Tabəri təfsiri, 8/322)

Məhz bu rəy İslam alimləri arasında məşhurdur.

Alimlər qeyd edirlər ki, ilk insanların bu cür çoxalması İslamdan əvvəlki şəriətlərə əsasəndir və bu tarixdə bəşər övladının artması üçün olan bir zərurət idi.

Həmçinin, Allahın bir haramı bir dövrə görə halal, digər dövrə görə haram etməsinin hikməti qullarını əmrə tabe olmada imtahan etməsi, müəyyən hallarda olan zərurət, qullara asanlıq gətirməsi və s. səbəblərə görədir.

Haqqında danışdığımız ilk insanın evliliyi, çoxalması da bu qəbildən olub, insanların çoxalması üçün zəruri olduğundan ilk dövrdə qeyd olunan şərtlərlə halal, zərurət aradan qalxdıqdan sonra isə haram edilmişdir. Bu da bacı-qardaş arasında qohumluq bağlarının boşanma ilə qırılmamasına, ailədən kənar digər insanlarla qohumluq əlaqələrinin qurulmasıyla insanlar arasında məhəbbətin yaranmasına və digər hikmətlərə görə haram edilmişdir.

O ki, qaldı bəşər övladının dünyada çoxalması məsələsini başqa cür izah etmək istəyənlərin “vaxtilə bir yox, bir çox Adəmlərin mövcud olması” və s. kimi iddialarına, bu iddialar Qurana ziddir və heç bir sabit elmi əsası yoxdur. Quran isə bir çox Adəmlər fikrinin batil olduğunu göstərir. Ortada bir Adəm və bir Həvva olmuşdur. Uca Allah Qurani-Kərimdə buyurur:

«Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur. Adəm övladı zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə oldu) və bir müddət onu bətnində gəzdirdi. Zövcəsi ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq”– deyə dua etdilər.» (əl-Əraf, 189)

Bu ayə də bir daha Adəm və Həvvanın övladlarının yuxarıda qeyd olan şəkildə evlənmələrinə və insan nəslinin Adəm və Həvvadan, sonra isə onların övladlarından çoxalmasına dəlildir.

Əslində isə “çoxlu adəmlər” fikri bəzi batini firqələrindən gəlmə fikirdir ki, bu fikir əksər İslam alimlərinin qəbul etdiyi görüşə tam müxalifdir.

3 — İslam dinində məhrəmlər (evlənilməsi haram olan yaxın qohumlar) bəyan edilmişdir:

Uca Allah Qurani-Kərimdə həqiqi məhrəm (yaxın) qohumları bəyan edərək buyurmuşdur:

«Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, – öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.» (ən-Nisa, 23)

Onu da qeyd etmək istərdik ki, xristian və yəhudilərin kitablarındakı bəzi İslama zidd insest rəvayətləri ateistləri sevindirsə də biz onları İslamla yaxşı tanış olmağa, İslamı düzgün öyrənməyə çağırırıq. Bilsinlər ki, təhrif olunmuş kitablarla Quran eyni deyildir. Zatən elə Quran kitabının özündə həmin kitabların təhrif olunduğu qeyd olunmuşdur. Zatən insanlar Tövrat və incil kitablarını təhrif etməsəydilər, Allah yeni bir  müqəddəs kitab göndərməzdi.

Sonda bir daha qeyd etmək lazımdır ki, ilk insanların çoxalması heç də ateistlərin icazəli saydıqları insest növlərinə dəlil ola bilməz. Artıq bu barədə yuxarıda ətraflı məlumat verilmişdir. Ateistlərin nəzərdə tutduqları insest növləri onların hədsiz ehtiras və ifrat azadlıq istəklərindən qaynaqlanır. Yoxsa, sağlam fitrətli və sağlam düşüncəli bir insanın “ana-oğul, ata-qız və ya bacı-qardaş evliliyinə” bəhanə axtarılmasının Adəm və Həvva ilə əlaqəsi olmamasının, bunun sırf ifrat azadlıq tərəfdarlarının və “əxlaqın nisbi olduğunu” deyənlərin başının altından çıxmasını anlaması elə də çətin bir məsələ deyildir.

Yuxarıdakı dəlilə (Quran ayəsinə) əsasən bacı ilə evlənmək haramdır. Ayə belə başlayır və evliliyin haramlığı ilə tamamlanır:

«Sizə analarınız, qızlarınız, bacılarınız… ilə evlənmək haram edilmişdir.» (ən n-Nisə, 23)

Onda görəsən yuxarıda Adəmlə Həvvanın nəslinin çoxalması barəsində qeyd etdiyimiz rəvayət bu ayə ilə ziddiyyət təşkil edirmi?

Cavab: Xeyr. Ziddiyyət təşkil etmir. Buna cavabımız iki aspektdən olacaqdır:

Birincisi: Biz yəqinliklə inanırıq ki, İslam dini Allahın bütün peyğəmbərlərə göndərdiyi yeganə dindir. Allah buyurmuşdur: «Həqiqətən də Allah qatında din yalnız İslamdır.» (Ali İmran, 19)

Baxmayaraq ki, peyğəmbərlərin müştərək dinləri İslam dinidir və dinin əsli eynidir, lakin, bu onların şəriət qanunları arasında Allahın bildiyi hikmətlərə görə bəzi əməli fərqlərin olmasına maneçilik törətmir. Ona görə də Allah buyurmuşdur: «Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür.» (əl-Maidə, 48)

Əbul-Abbas Əhməd əl-Hərrani demişdir: «Allahın nazil etdiyi eyni dindir. Kitablar və peyğəmbərlər bu söz üzərində ittifaq etmişlər. Onlar yol və şəriətin, nəsix və mənsuxun (köhnə hökmü silən yeni qanun və hökmü silinmiş qanun) fərqli olmasına baxmayaraq, dinin qaydaları və dinin əsasları üzərində ittifaq etmişlər. Bu hal, eyni kitabın müxtəlif növlərinə bənzəyir. Çünki, müsəlmanlar ilk vaxtlar Qüds şəhərinə tərəf namaz qılmaqla əmr olunmuşdular. Sonra isə onlara Məkkəyə tərəf namaz qılmaq əmr olundu. Hər iki halda da Allahdan nazil olana tabe olmuşdular.» (əl-Cavab əs-Sahih, 2/438)

O zaman bir daha yəqin oluruq ki, Adəmin şəriətinə görə belə bir halın olması (başqa doğuşdan doğulan və əkiz olmayan bacısı ilə evlənmək) bəşər nəslinin artması üçün zəruri bir şey olduğundan və ya Allahın bildiyi başqa hikmətlərdən dolayı icazəli olmuşdur. Lakin, sonrakı peyğəmbərlərin şəriətlərində və İslam şəriətində bəşər nəslinin məsləhətinə uyğun belə bir zərurət və ya ehtiyac olmadığı üçün bu cür evlilik qadağan edilmişdir.

əl-Ayni demişdir: «Şəriət hökmləri bəndələrin yaxşılığı üçün təyin olunur, zamanın dəyişməsinə görə də dəyişilir. Heç bir şəkk yoxdur ki, (ayrı-ayrı doğuşlardan dünyaya gələn) bacılarla evlilik Adəm əleyhissalamın şəriətində icazəli idi, bununla da insanların nəsli artıb çoxaldı. Bunu (bu hökmün faydasını) heç kim inkar etmir. Sonra isə başqa (peyğəmbərin) dövründə bu hökm qüvvədən düşdü.» (Şərhu Sunəni Əbu Davud, 4/356)

İkincisi: Alimlər şəriətin dəlillərini və əsaslarını izləmişlər, bu ümumi dəlilləri oxuyub izləməkdən bu nəticəyə gəlmişlər ki, həqiqətən də şəriət hökmləri bəndələrin islahı, məsləhəti üçündür. Bu, eyni zamanda da fəsadı onlardan uzaqlaşdırmaq üçündür. Elə isə Allah bir şeyi onun daha çox fəsadı özündə daşıdığı üçün haram edir və Allah bir şeyi yalnız onun bu fəsaddan uzaq olduğu üçün halal edir.

Əbul-Abbas Əhməd əl-Hərrani demişdir:

«Allahu Təala bəndələrin məsləhətini təmin etmək və kamilləşdirmək, fəsadları aradan qaldırmaq və ya azaltmaq üçün elçilər göndərmişdir. Allah və Elçisinin əmr etdiyi hər bir şey insanlar xoşlamasalar belə bu əmrin məsləhəti məfsədəsinə (zərərinə), xeyiri isə zərərinə üstün gəlmişdir. (Məcmuul-Fətəva, 24/278)

İbnul-Qeyyim demişdir: «Şəriətin kökü və əsası hikmətlər üzərindədir ki, bu, dünya və axirətdə  qulların yaxşılığı üçündür. Bunların hamısı adillik, rəhmət, məsləhət və hikmətdir. Elə isə, hər bir iş ki, adillikdən zülmə, rəhmətdən əksinə, məsləhətdən məfsədəyə (zərərə), hikmətdən əbəs işə çevrilirsə, o şəriətdən deyildir. Hətta bu iş şəriətə yozularaq daxil edilsə belə…»

(İləmul-Muvaqqi’in, 4/337)

Adəm əleyhissəlamın şəriətindəki oğlanın başqa qarından (doğuşdan) olan əkiz olmayan bacısıyla evlənməsi bəşər nəslinin artması və yox olub getməkdən qorunmaq kimi mühüm və zəruri bir məsləhəti gerçəkləşdirirdi. Çünki, qeyd olunan şərtlərlə  birgə belə bir evlilik olmasaydı, bəşər cinsinin bu günə gəlib çıxması mümkün olmazdı. Amma, bu evliliyin zərərləri qeyd olunan böyük məsləhətin (xeyirin) önündə qeyd olunacaq bir şey deyildir.

İbn Allən isə demişdir:

«Həvva hər dəfə doğuş etdikdə eyni doğuşdan olan uşaqlarla digər doğuşlardan olan uşaqlar bir-birinə uzaq qohum sayılırdılar. Bunun hikməti də onların evlənməsinin üzürlü (zəruri) olması idi. Beləcə, (insan) nəslinin davam etməsi zərurəti bunu icazəli etmişdi.» (Dəlilul-Fəlihin, 2/448)

Bugünki gündə insan nəslinin say azlığından dolayı davam etməməsi təhlükəsi mövcud deyildir. Ona görə də ateizmdəki İnsest (yaxın qohumların evliliyi) tərəfdarlarının Adəmlə Həvvanın nəslinin artması halını bəhanə gətirmələri əslində onların əleyhinə dəlildir. Çünki, bugünki gündə bacı və qardaşın evliliyinin mümkünlüyünü irəli sürən ateistləri nə din dəstəkləyir, nə adət, nə də sağlam ağıl.

4 — Bəs ateistləri insest yanlışına salan nədir?

Əvvəla deyək ki, “insest” yaxın (qan) qohumlarının evliliyi və ya cinsi münasibətinə deyilir.

Ateistləri insest bataqlığına salan onların bitmək tükənmək bilməyən ifrat azadlıq şüarlarıdır ki, bu şüar onları ifrat ehtiras yollarına sürükləyir, beləcə bir ateist (bütün ateistlər bunu qəbul etməsələr də) öz bacısı və s. yaxın qohumlarıyla, hətta, nəfsi çəkəndə heyvanlarla da evlənmək və ya yaxınlıq etməklə öz çılğın nəfsinə xidmət etməkdə problem görmürlər. İş bununla da qurtarmır. Ateist üçün əxlaq nisbi olduğu üçün o cəmiyyətdəki əxlaq normalarını asanlıqla poza bilir, bir ateist ifrat azadlıq şüarlarına meyilli olduğundan dolayı onun üçün kişi ilə kişinin evlənməsi, yaxınlıq etməsi də çox normal bir hal hesab olunur. Hansısa ateist əgər etiraz edib desə ki, “şəxsən mən bu fikirlə razı deyiləm” biz ona deyəcəyik ki, ateizm inancı sənin dediyinin əksini deyir, deməli sən tam mənada ateist deyilsən. Çünki, bu gün dünyada ateizmin böyük təbliğatçıları hesab olunan “ateist alimləri” bacı qardaş evliliyini və cinsi əlaqəsini normal görür, kişinin kişiylə yaxınlıq etməsini, hətta heyvanla yaxınlıq etməsini normal görürlər. Bu barədə onların öz sözlərindən olan nəqlləri gətirib nə dindarların, nə də oxucuların ürəyini bulandırmaq istəmirik. Biz bu nəqlləri ayrıca bir  yazıda qeyd edəcəyik. Ona görərə də deyirik ki, ateistlərin Adəm və Həvvanın nəslinin çoxalmasını sitat gətirmələri dəlil deyil, bəhanədir. Ateizmin həqiqi üzü ilə tanış olan insan çox asanlıqla onların fikirlərindəki ziddiyyətlərin şahidi ola bilər.

O ki, qaldı ki, ateistlərin İslamda və başqa bir çox dinlərdə də icazəli olan əmiqızı, dayıqızı, xalaqızı və s. ilə evlənməyin icazəli olmasını bacı qardaş evliliyi ilə eyni tutmalarına, bu da onların elm iddia edib elmsiz danışmalarına dəlalət edir. Çünki, birincisi biz bu yazıda artıq elmdə sübut olunmuş yaxın qohumların evliliyi nəticəsində qanla nəsildən nəsilə (genetik) keçən xəstəliklərin daha aydın və daha təhlükəli biruzə verməsindən, xüsusən də bacı-qardaşın birinci dərəcəli yaxın qan qohumu olduğundan, həmçinin, bacı-qardaşın əmiqızı, dayıqızı və xalaqızı və s- dən daha yaxın qan qohumu olmasından, həmçinin, ikincilərlə evliliyinin xəstəliklərdən daha uzaq olması və s. mövzularda ətraflı danışmayacağıq. O cümlədən də, tibb alimlərinin bu barədə, belə münasibətlərin zərərləri barədə gətirdikləri şiddətli sözləri qeyd edərək mövzunu uzatmaq niyyətimiz də yoxdur.

İkincisi isə, Allahın birincilərin (bacı-qardaş) evliliyini haram edib ikincilərlə evliliyi (əmiqızı, dayıqızı, xalaqızı) halal etməsində bizim bildiyimiz və bilmədiyimiz hikmətlər vardır.

İstifadə edilmiş mənbələr:

  1. Qurani-Kərim.
  2. Təbiətinin təfsiri. İbn Cərir.
  3. əl-Cavab əs-Sahih. İbn Teymiyyə.
  4. Şərhu Sunəni Əbi Davud. əl-Ayni.
  5. Məcmuul-Fətəva, ibn Teymiyyə.
  6. İləmul-Muvaqqi’in, İbnul-Qeyyim.
  7. Dəlilul-Fəlihin, ibn Allən.
  8. Bu mövzuda bəzi videolardan iqtibaslar.

Yazdı: Sahib Əsədov