Məqalələr

Ad günü qeyd etməyin hökmü

Dində sonradan çıxarılan hər bir yenilik bidətdir. Hər bidət zəlalətdir. Hər zəlalət (sahibi) oddadır.” (Hədisi İbn Məcə rəvayət etmişdir)

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Bundan sonra:

Ad gününü qeyd etməyin tarixi barədə dəqiq məlumat olmasa da, tarixdə bu haqda iki fikir mövcuddur. Birinci fikir odur ki, «qara magiya» ilə məşqul olan insanlar hesab edirdilər ki, doğum günündə insanların qəlbi daha çox kövrək olur. Ad günündə dostları yığmaq adəti də məhz burdan qalmışdır. Dostların əhatəsində düşmənlərdən qorunmaq mümkün idi. Və həmin gün edilən arzu dua şəklində deyil magiya gücünə malik olan musiqi və ya söz şəklində edilirdi.

Digər fikir odur ki, Romalılar bu adəti günəş tanrısı olan mitranın ad gününün qeyd etməklə gətirmişdilər . e.ə 400-cü ildə Roma imperatorları ad günü qeyd etmişdilər. Tarixi məlumatlardan görünür ki, ad günü qeyd etmək kafirlərin adəti olmaqla yanaşı, tədbirdə edilən əməllər də insanı küfrə aparır. Quran və sünnədən olan şəri dəlillər də, doğum gününü qeyd etmənin dində sonradan meydana gələn yeniliklərdən olduğuna və islam cəmiyyətində bunun heç bir əsası olmadığına dəlalət edir. Belə tədbirlərə edilən dəvəti qəbul etmək də olmaz. Çünki tədbirdə iştirak etməklə bidətlərə şərik olmuş olursan. Bu barədə Uca Allah buyurur: “Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edən bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.” (əş-Şura, 21) Başqa bir ayədə buyurur: “Sonra sənə də dində şəriət yolu göstərdik. Sən ona tabe ol və haqqı bilməyənlərin istəklərinə tabe olma!” (əl- Casiyə, 18) Həmçinin , “Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.” (əl-Əraf, 3) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Hər kim dində olmayan bir işi edərsə o əməl rədd olunmuşdur.” (Hədisi Muslim rəvayət etmişdir) Başqa bir hədisdə : “Şübhəsiz sözlərin ən doğrusu Allahın kitabındadır. Yolların ən gözəli Muhəmmədin (Allahın ona salavat və salamı olsun) yoludur. İşlərin ən şərlisi (dində əsli olmayıb) sonradan çıxarılan yeniliklərdir. Dində sonradan çıxarılan hər bir yenilik bidətdir. Hər bidət zəlalətdir. Hər zəlalət (sahibi) oddadır.” (Hədisi İbn Məcə rəvayət etmişdir) Bu barədə hədislər çoxdur. Şübhə yoxdur ki, ad gününü qeyd etmək, dində əsli olmayan çirkin bidət olmaqla yanaşı, yəhudi və xristiyanların doğum günü qeyd etməsində onlara bənzəməklə də izah oluna bilər. Peyğəmbərimiz bizi (Allahın ona salavat və salamı olsun) onların yoluna uymaqdan şiddətli çəkindirmiş və buyurmuşdur: “Şübhəsiz ki sizdən öncəkilərin yoluna qarış-qarış , arşın-arşın uyacaqsınız. Hətta onlar bir kərtənkələ deşiyinə girsələr siz də onların ardınca girəcəksiniz” Səhəbələrdən biri: “Ey Allahın elçisi onlar yəhudi və xristiyanlarmıdı?”-deyə soruşduqda, -“Əlbəttə ki, onlardır” –buyurdu. (Hədisi Buxari və Muslim rəvayət etmişdir) Digər bir hədisdə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Hər kim bir topluluğa (qövmə) bənzərsə, (onların geyindiyi kimi geyinərsə, getdiyi yolda gedərsə onların etdiyi əməlləri edərsə), günah və savab baxımından o da onlardandır.” (Hədisi İmam Əhməd rəvayət etmişdir)

Muhəmməd Salih əl-Munəccid-in mövzusundan istifadə olunmuşdur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: fəqih.com heyəti

Leave a Comment