Məqalələr

8 Mart — qadınlar günü?!

“Bayram”la dolu mart ayı gəldi

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

“Bayram”la dolu mart ayı gəldi. Bildiymiz kimi Allahın insanlar üçün təyin etdiyi yalnız iki bayram vardır: Ramazan və Qurban bayramı. Bu iki bayramdan başqa heç bir münasibəti bayram etmək olmaz. İslam dini sevgi, məhəbbət, istək, mərhəmət, alicənablıq, hörmət, mehribanlıq, birlik və xeyir dinidir. Kim ki, bu dini layiqincə yaşayarsa onun üçün hər bir günü bayrama çevrilmiş olar.

Əgər təqvimdə hər hansı bir günü ayırmaqla həmin günə “bayram” adı verilmişsə, demək ki, bu gün hansısa bir özəlliyi ilə fərqlənməkdədir. Mart ayında qeyd edilən ilk “bayram”  — 8 mart da bu qisim günlərdəndir. Məlumdur ki, bu günü insanların gözündə fərqləndirən əsas cəhət, məhz bu gündə qadınlara hörmət edilməsi, onlara hədiyyələrin bağışlanmasıdır. Bu qadınlara isə ilk öncə analarımız, nənələrimiz və ya müəllimələrimiz aid edilir.Əgər ağıllı insan düşünsə ki, ildə bir dəfə qeyd edilən bu gün, yalnız ildə bir dəfə dəyərli qadınlarımıza hörmətə çağırır, bu günü “bayram” hesab etməz. Bizə tarixi mənbəələrdə “8 mart bayramının” tarixi ilə bağlı verilən məlumatlar belə söyləməyə əsas verir. Gəlin bu tarixə nəzər salaq.

Hələ Qədim Romada  matronlar qadınlar gününü qeyd etmişdirlər. Həmin gün roma qadınlarına ərləri hədiyyələr verir, diqqət və sevgi ilə əhatə edirdilər. Həmçinin qulluqçu qadınlara da hədiyyələr və həmin gün üçün istirahət verilərdi. Roma qadınları təzə paltarlarını geyinib, vestı ilahəsinin  məbədinə gedərdilər.

Az müddət keçdikdən sonra qadınlar həyatlarını dəyişdilər, kişilərlə eyni hüquqlu olmaları uğrunda mübarizə etmək qərarına gəldilər.

1857 –ci il mart ayının 8-də Nyu-Yorkda işçi qadınlar az məvacib aldıqlarına və ağır iş rejiminə  görə  marşlarla küçələrdə yürüş etdilər.

1908-ci ildə artıq onların nəvələri fabriklərdə uşaqların əməyindən istifadəyə qadağa qoyulması və qaydaların yaxşılaşdırılmasını, qadınlara səsvermə hüququnun verilməsini tələb etdilər. Növbəti il Amerika sosialist partiyası fevralın sonuncu istirahət gününü  Milli qadınlar günü elan etdi.

1910-cu ildə Kopenhagendə Beynəlxalq qadınlar konfransında Klara Çetkin hər il mart ayının 8-də Nyu-yorkda baş vermiş hadisələrin şərəfinə beynəlxalq qadınlar günü qeyd edilməsini təklif etdi.

Rusiyada isə bu günü 1913-cü ildən qeyd etməyə başlamışdırlar.

Məlumumuz oldu ki, “ 8 mart bayramı” cəmiyyətdə qadınlara hörmət edilməsi ehtiyacından yaranmışdır. Quran və Sünnəyə nəzər salmaq bizə kifayətdir ki, dinimizin  qadınlara daima hörmət edilməsini tələb etdiyini görə bilək.

Belə ki, tarixə nəzər saldıqda islamaqədərki sivilizasiyalarda qadınların vəziyyətinin çox аcınacaqlı bir şəkil almış olduğunu görmək mümkündür. Cəmiyyətimizdə “Avropa mədəniyyəti” adlanan, qərbdən şərqə ixrac olunan bu mədəniyyətin ixracatçıları olan  qərb dövlətlərinin bu günə qədər qadınların bir çoxunun əyləncə aləti оlması hamımıza məlumdur.

Lakin təmiz bir din olan İslam gəlişi ilə zərif məxluq olan qadınların mənəvi və fiziki cəhətdən əzilməsinin üstündən xətt çəkmiş, qadını öz layiq olduğu zirvəyə qaldırmışdır.

İslamın qadınlara verdiyi üstünlüklərdən bəzilərinə  nəzər salaq:

İslamdan öncə, insanlar qız uşaqlarını özlərinə ayıb və ar hesab edər, doğulmuş qız uşaqlarını diri-diri basdırırdılar. Bu hissiyat bəzi yerlərdə, başqa üsullarla, hələ də davam etməkdədir. İslam dini isə qız uşaqlarına qarşı olan bu münasibəti qəti şəkildə rədd etmişdir. Bunun əksinə olaraq isə valideynlərə savab qazandırmaq  baxımından qız uşağının oğlan uşağından daha üstün olması ilə bağlı ayə və hədislər vardır. Peyğəmbər( Allahın ona salavat və salamı olsun) :«Kim iki qız uşağını böyüdüb başa çatdırarsa qiyamət günü mənimlə belə olar» deyərək (şəhadət və orta) bar­maq­larını birləşdirdi». (Muslim, 2631)

İslam, qadını ibadət əhli və şəriət qanunlarının icraçısı olaraq əməllərinin qarşılığında alacaqları mükafat baxımından kişilərdən ayırmamış,kişilərə müraciət etdiyi kimi onlara da müraciət etmişdir.

«Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxartmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir)(Ali İmran, 195)

İslam qadına sahiblik hüququ, öz şəxsi mülkiyyətini istədiyi kimi istifadə etməsinə icazə vermişdir. Bu haqda Allah taala buyurur:«Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır…» (ən-Nisa: 32).

İslam qadının varislik hüququnu da qorumuşdur. Qız, oğulun qızı, ana, nənə, bacı və azad edilmiş kölə qadın üçün, şəriətin vərəsədə nəzərdə tutduğu miqdarda pay vardır. Allah taala buyurur: «Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir.» (ən-Nisa: 7).

«… Əgər sizin öv­ladınız yox­dursa, vəsiyyə­tiniz yerinə yetiril­dikdən və ya bor­cunuz ödənildikdən sonra, qo­yub get­diyiniz malın dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın sək­kizdə bir his­səsi onlara çatır.…» (ən-Nisa 12)

İslam, evlənmək istəyən kişiyə nikah bağlayacağı qadına mehr verməsini vacib etmişdir. Bu mehr, qadının maddi hüququdur. Bu mal onun özünə məxsus olur. Heç kəsin bunda payı ola bilməz. Mehrin sahibkarı da odur. Allah taala buyurur:

«İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz….» (ən-Nisa,24)

«Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbdən, öz razılıqları ilə bundan sizə bir şey bağışlamış olarlarsa, onu halal olaraq nuşcanlıqla yeyin». (ən-Nisa 4)

İslamdan əvvəlki dövrdə qadın ər seçməkdən məhrum idi. İslam dini gəldikdən sonra qadına ər seçmək üçün tam ixtiyar vermişdir. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət edərək deyir:

«Dul qadınla onun (dili ilə dediyi) icazəsindən sonra nikah edilir, bakirə qızla ondan icazə aldıqdan sonra nikah bağlanır» Səhabələr dedilər: Ey Allahın Rəsulu, ondan icazə necə alınır? (yəni, bakirə qız utandığından danışmadığı üçün səhabələr bu sualı verirlər!) Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: «Onun susması – icazəsi deməkdir». (Buxari, 191)

İslamda qadına münasibətdən danışılarkən diqqətinizi daha vacib bir məqama çəkmək istərdim.

Bu gün cəmiyyətimizdə  əri vəfat etmiş və ya hansısa səbəbdən ərindən ayrılmış qadınların növbəti dəfə ərə getmək istəyi ortaya çıxdıqda onun müxtəlif təzyiqlərə məruz qaldığının şahidi oluruq.Qadınların hüquqlarını müdafiə edən müqəddəs kitabımızda isə buyurulur:

«Sizlərdən ölənlərin qo­yub get­diyi zövcələr dörd ay on gün gözləmə­lidirlər. Onla­rın gözləmə müddəti­ bi­tərkən şəriətə müvafiq qayda üzrə öz­ləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xə­bər­dardır.» (əl-Bəqərə 234)

Həmçinin İslama görə qızları qaçırdaraq onlarla evlənmənin haram olması da qadınların hüquqlarının müdafiəsindən xəbər verir.

Bütün bu sadaladığımız şəriət qanunları qadınların hüquqlarının necə həssaslıqla qorunduğuna açıq – aydın sübutdur.

Əgər diqqət etsəniz görərsiniz ki, “8 mart bayramının” yaranmasına tarixdə əsas səbəb qadınların kişilərlə eyni hüquqlu olmalarını tələb etmələri olmuşdur. Halbuki, Allah-təala buyurur:

«… Kişilərin qadınlar üzərində şə­ri­ətə müvafiq haqları olduğu kimi on­la­rın da kişilər üzərin­də haqları vardır. Ki­şilərin on­lar üzə­rində olan haqları isə bir dərəcə üstündür…» (Bəqərə 228)

Sonra diqqət etsək görərik ki, bu “ bayram” kişilərin qadınlara gözəl rəftarını və onlara hədiyyə verməsini özündə cəm edir. İslam dini qadınlarla hər zaman gözəl rəftarı, müsəlmanların daima bir-birlərini sevmələrini tələb edir.

Bu barədə kifayət qədər ayələr vardır.

Uca Allah buyurur:

«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir.» (ən-Nisa 34)

«Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.»  (ən-Nisa 19)

İslam dinində mehribançılıq yaradan xüsusi münasibətlərə qadağa yoxdur.Lakin qərbdən gəlmiş və qərbə xas olan, yaranma tarixinə nəzər saldıqa dinimizlə heç bir uyğunluğu olmayan xüsusi tarixlər, hadisələr və bayramlar bizdə qeyd olunmamalıdır.

Çox xırdalıqlara varmadan açıq-aydın görmək olar ki, bu bayram əslində xristian əqidəli insanların bayramı olub. Bizlər isə utanmadan öz əqidəmizə yaraşmayan bir günü qeyd edirik.

Halbuki, Əbi Səid Əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbərimiz (Allahın salavat və salamı olsun) belə buyurmuşdur: “Sizdən əvvəlkilərin yolunu (etdiklərini) qarış-qarış, arşın-arşın davam etdirəcəksiniz. Hətta kərtənkələ dəliyinə girsələr də onların arxasınca gedəcəksiniz. Biz dedik: Ya Rəsulullah, yəhidilər və xristianlarmı? O: Başqa kimlər?! — dedi.”

Bu xüsusda Uca Allah buyurur: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şüddətlidir».(əl-Həşr 7)

«Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərlərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa , 115)

Əziz və dəyərli müsəlmanlar, sonunda bir şeyi xatırlatmaq istərdim. İslam dinində olmayan, əsassız olaraq qərbdən bizim mədəniyyətimizə və adətlərimizə sonradan əlavə olunan bayramları heç bir şəkildə qeyd etməməliyik. Bu istər yemək-içməklə, istər gül-çiçəklə və yaxud da adi bir təbriklə olsun. Gəlin Uca Allahın dediklərinə, dinimizin bizə buyurduqlarına və Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) göstərişlərinə hörmətlə yanaşaq.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: fəqih.com heyəti